“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?
17 noyabr 2026
# 10:00

Bu gün Xalq artisti Gülşən Qurbanovanın anım günüdür.

Kulis.az onun haqqında məqaləni təqdim edir.

Gülşən Qurbanova yaxınlarına tez-tez zarafatla deyərmiş: “Mən ölümdən çox qorxuram, əgər ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim”. Kənardan bu, adi bir lətifəyə oxşayırdı. Amma qorxunun kökü, çox güman ki, 1965-ci ilə gedib çıxır.

Gülşən Ağadadaş qızı Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda, sənətkar ailəsində doğulub. 1989-cu ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Tamaşaçı onu şən və nikbin qadın obrazlarında tanıyırdı. Bioqrafiyasına baxanda isə görünür ki, onun yumoru və enerjisi həm də uşaqlıqdan qalan sarsıntıları kənar gözdən gizlətmək üsulu olub.

***

Əsas sarsıntı hələ yeniyetmə ikən yaşanıb. Gülşən tanınmış teatr və kino aktyoru Ağadadaş Qurbanovun qızı idi. 1965-ci ildə ata Salyana qastrola yollananda qızını da özü ilə aparıb. Qaldıqları mehmanxananın eyvanı qəfildən uçub. Ağadadaş Qurbanov həlak olub, Gülşənin isə qolu sınıb. Xəstəxanaya yerləşdirilən qızdan atasının ölümünü bir müddət gizlədiblər. Qəfil itki və onun gizlədilməsi aktrisanın ölüm qorxusunu formalaşdıran əsas hadisə kimi görünür.

Bu hadisə ailədəki başqa gərginlikləri də üzə çıxarıb. Gülşən atabir, anaayrı qardaşı, aktyor Hamlet Qurbanovla ilk dəfə atasının dəfn mərasimində tanış olub. Tanışlıq isti keçməyib: Hamlet Qurbanovun anası, tanınmış sənətkar Gülxar Həsənovanın hüzr yerində Gülşənin anasının ünvanına dediyi sərt sözlər qardaşla bacının münasibətinə elə ilk gündən xələl gətirib. Buna baxmayaraq, ailədəki incəsənət mühiti həm Gülşənin, həm də bacısı, rejissor və kino rəssamı Firəngiz Qurbanovanın peşə seçiminə həlledici təsir göstərib.

Gallery

***

Gülşən Qurbanova 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. 1979-cu ilin fevralından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasında çalışıb və 2006-cı ilə qədər bu teatrdan ayrılmayıb. İlk illərdə rejissor Cənnət Səlimovanın rəhbərliyi altında həm dramatik və lirik rolları, həm də mürəkkəb oğlan uşağı obrazlarını canlandırıb. Mərcan (“Mənim nəğməkar bibim”), Eyzəngül (“Şirinbala bal yığır”), Çiçək (“Ana laylası”), Nabat (“Tamahkar”), Almagül (“Fudzi dağında qonaqlıq”) onun Gənc Tamaşaçılar Teatrındakı bir-birindən fərqli rollarındandır.

Teatr fəaliyyətinin az bilinən səhifələrindən biri “Yuğ” Dövlət Teatrının yaranması ilə bağlıdır. Rejissor Vaqif İbrahimoğlu bu avanqard teatrı qurmazdan xeyli əvvəl Aktyor Evində Gülşən Qurbanova, Cəfər Namiq Kamal və Namiq Dadaşov kimi gənclərlə eksperimental studiya yaratmışdı. Gülşən Qurbanova bu qrupun ilk qurucularından biri kimi ölkədə qeyri-ənənəvi teatr estetikasının formalaşmasında iştirak edib. Ailə həyatı qurması isə onun bu layihədəki işini yarımçıq qoyub.

***

Kinoya 1977-ci ildə Rasim Ocaqovun “Ad günü” filmində Şeyda rolu ilə gəlib. Bir il sonra Cəmil Fərəcovun “Arvadım mənim, uşaqlarım mənim” qısametrajlı kinonovellasında 11 uşaq anası, kənd həyatının yükünü çiynində daşıyan evdar qadın Güldəstəni oynayıb. Çoxuşaqlı ailənin gündəlik çətinliklərindən bəhs edən bu işdə komediya ilə dram bir obrazda yan-yana dayanır.

Özünəməxsus səs tembri sayəsində “Qaynana” (1978) filmində Səfurə İbrahimovanın oynadığı Sədaqət obrazını da o dublyaj edib. Filmoqrafiyasında20-dən çox film var: “Yol əhvalatı”, “Anlamaq istəyirəm”, “Cin mikrorayonda” və başqaları. Son kino işi “Bir dəfə Qafqazda” (2007) komediyasındakı Fatimə xanım obrazı olub. Çəkilişlər bitən kimi, filmin səsləndirmə mərhələsindən əvvəl vəfat etdiyi üçün bu obrazı Sənubər İsgəndərli səsləndirib.

Son illərdə əsas diqqətini televiziyaya yönəldib və burada böyük populyarlıq qazanıb. AzTV-də uzun müddət yayımlanan “Gəlin birlikdə gülək” verilişi onu ekran ulduzuna çevirib. Xalq artisti Yasin Qarayev və Əməkdar artist Azər Mirzəyevlə tərəf müqabilliyi tamaşaçılar tərəfindən sevilib. ANS TV-də də eyni sərbəstlik və səmimiyyətlə çıxış edib, onun apardığı “Qaynar qazan” kulinariya-əyləncə verilişi ona yeni tamaşaçı kütləsi qazandırıb. Sonradan kanal rəhbərliyi ilə narazılıq üzündən ANS-dən incik ayrılıb. Fəaliyyətini Lider TV-nin “Mikser” proqramında davam etdirib.

Gallery

Çox az adam bilirdi ki, hər zaman gülümsəyən bu aktrisa ömrü boyu üç dəfə ağır infarkt keçirib.

***

Gülşən Qurbanova 2006-cı il noyabrın 17-də, televiziya çəkilişlərindən evə qayıdarkən üçüncü infarktdan 55 yaşında vəfat edib. Qohumlarının cəhdinə və sənətdəki xidmətlərinə baxmayaraq, Fəxri Xiyabanda deyil, Köhnə Yasamal qəbiristanlığında dəfn olunub. Nəvəsi Maqsud dünyaya gələli cəmi 20 gün olmuşdu.

Dəfnindən sonra ölümü ətrafında şayiələr yayılmağa başlayıb. Aktrisanın ölüm qorxusu haqqında zarafatları və vəfatının qəfil olması xalq arasında mistik ssenarilərə zəmin yaradıb, guya qəbri ailə tərəfindən açılıb, kəfən cırıq-cırıq tapılıb, Gülşən Qurbanova diri-diri basdırılıb, qəbirdə ayılıb və qorxudan ürəyi dayanıb. Qızı Kəmalə və bacısı Firəngiz Qurbanova bu iddiaları dəfələrlə təkzib edib. Onların sözlərinə görə, söz-söhbətin reallıqla əlaqəsi yoxdur və yalnız mərhumun xatirəsini incidir.

Bəzi mənbələrə və həmkarların verdiyi məlumata görə, aktrisanın adı həyatının son aylarında bəzi məsələlərdə hallanıb və hüquq-mühafizə orqanları onu axtarıb. İddiaya görə, canlı yayımların birində polis tərəfindən axtarıldığı barədə ona xəbər çatdırılıb və o, bir müddət məcburi köçkünlərin yaşadığı yataqxanada gizlənib. Bu versiyaya görə, ürəyi çəkilişdən qayıtdığı gün məhz orada dayanıb, yaxınları isə ictimai qınaqdan qorunmaq üçün cəsədi təcili oradan çıxarıb evə gətiriblər. Hadisələrin tez ört-basdır edilməsi ölüm saatı ətrafındakı söz-söhbətlərin əsas səbəbi kimi göstərilir. İddialar rəsmi istintaq sənədləri ilə təsdiqlənməyib və araşdırmaçıların topladığı xatirələrdə açıq sual olaraq qalır.

Gülşən Qurbanovadan teatrda onlarla rol, kinoda və dublyajda yadda qalan işlər, televiziyada isə təbii və səmimi aparıcılıq üslubu qalıb. Şəxsi itkilərini tamaşaçıya göstərməyən bu sənətçinin ölümündən sonra yaranan rəvayətlər çox güman ki, ona olan sevgini və belə canlı bir insanın qəfil getməsini qəbul edə bilməməyi əks etdirir. Özü isə bu qorxunu həmişə zarafatın arxasında saxlayırdı.

# 43 dəfə oxunub

Oxşar xəbərlər

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

09:57 17 noyabr 2026
Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər