"Kişisi olmayan bir qadın istənilən kişi ilə qarşılaşanda..." - Doris Lessinqdən sitatlar

"Kişisi olmayan bir qadın istənilən kişi ilə qarşılaşanda..." - Doris Lessinqdən sitatlar
17 noyabr 2026
# 15:00

Bu gün ingilis yazıçısı-fantast, ədəbiyyat üzrə Nobel mükafatçısı Doris Lessinqin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Nə etməli olduğunuzu düşünürsünüzsə, elə indi edin. Şərait həmişə mümkünsüzdür.

***

İdeal olan odur ki, hər bir uşağa məktəb həyatı boyunca dəfələrlə buna bənzər bir şey deyilsin: Siz hazırda təlqin prosesindən keçirsiniz. Biz hələ təlqin sistemi olmayan bir təhsil sistemi yaratmamışıq. Təəssüf edirik, amma bacardığımız ən yaxşısı budur. Burada sizə öyrədilənlər mövcud qərəzli yanaşmaların və bu konkret mədəniyyətin seçimlərinin qarışığıdır. Tarixə bircə dəfə ötəri nəzər salmaq bunların nə qədər müvəqqəti olduğunu göstərəcək. Sizə sələflərinin qoyduğu düşüncə rejiminə uyğunlaşa bilmiş insanlar dərs deyir. Bu, öz-özünü təkrarlayan bir sistemdir. Aranızda digərlərindən daha möhkəm və fərdi olanlar məktəbi tərk edib özünüzü öyrətməyin - öz mühakimələrinizi formalaşdırmağın yollarını tapmağa təşviq ediləcəksiniz. Qalanlar isə həmişə, hər zaman yadda saxlamalıdırlar ki, onlar bu konkret cəmiyyətin dar və spesifik ehtiyaclarına uyğunlaşmaq üçün qəlibə salınır və formalaşdırılırlar.

Ən dəhşətlisi ikinci dərəcəli olanı birinci dərəcəli kimi göstərməyə çalışmaqdır. Sevgiyə ehtiyacınız olduğu halda buna ehtiyacınız yoxmuş kimi davranmaq, yaxud daha yaxşısına qadir olduğunuzu yaxşı bildiyiniz halda işinizi bəyəndiyinizi iddia etmək...

***

Qüsursuz heç bir dosta etibar etmə, bir qadını sev, amma mələyi yox...

***

Şübhəsiz ki, bədii ədəbiyyat həqiqəti ifadə etməkdə daha yaxşı iş görür.

***

Oxumağın yalnız bir yolu var: kitabxanalarda və kitab mağazalarında gəzişmək, diqqətinizi çəkən kitabları götürmək, yalnız onları oxumaq, sizi sıxanda kənara qoymaq, uzanan hissələri ötürmək və heç vaxt, heç vaxt oxumalı olduğunuzu hiss etdiyiniz, yaxud hansısa dəbə və ya hərəkata aid olduğu üçün heç nə oxumamaq. Unutmayın ki, iyirmi və ya otuz yaşınızda sizi sıxan kitab qırx və ya əlli yaşınızda sizin üçün qapılar açacaq və ya əksinə. Bir kitabı sizin üçün doğru olmayan vaxtda oxumayın...

***

Öyrənmək məhz budur. Bütün ömrünüz boyu anladığınız bir şeyi qəfildən tamamilə yeni bir tərzdə anlayırsınız.

***

Bilirsinizmi insanlar əslində nə istəyir? Hamını nəzərdə tuturam. Dünyadakı hər kəs belə düşünür: Kaş ki, həqiqətən danışa biləcəyim, məni həqiqətən başa düşən, mənə qarşı mehriban olan bircə nəfər olaydı. İnsanlar doğru danışsalar, əslində, istədikləri budur.

İctimai kitabxana dünyadakı ən demokratik şeydir. Orada tapıla bilənlər diktatorları və tiranları devirib: demaqoqlar yazıçıları təqib edə və onlara nə yazacaqlarını istədikləri qədər diktə edə bilərlər, amma keçmişdə yazılanları yox edə bilməzlər, baxmayaraq ki, buna tez-tez cəhd edirlər... Ədəbiyyatı sevən insanların zehinlərinin ən azı bir hissəsi təlqinlərə qarşı toxunulmaz olur. Əgər oxuyursunuzsa, müstəqil düşünməyi öyrənə bilərsiniz.

***

Çox az insan azadlığa, hürriyyətə, həqiqətə həqiqətən dəyər verir, çox az. Çox az insanda cəsarət var, əsl demokratiyanın arxalanmalı olduğu o cür cəsarət. O cür cəsarətli insanlar olmasa, azad cəmiyyət ölər və ya heç doğula bilməz.

***

Mən indiki zamanda diqqətimi cəmləyə bildiyim alternativ baxış bucaqlarının çoxluğuna görə gələcəyin imkanlarını daim məhv edən bir insanam.

***

Yaşlandıqca müdrikləşmirsiniz, sadəcə əsəbi olursunuz.

***

İlk növbədə özünüzü məmnun etmək üçün yazmalısınız. Başqa heç kim vecinizə belə olmamalıdır. Amma yazmaq həyat tərzi ola bilməz - yazmağın əsas hissəsi yaşamaqdır. Elə yaşamalısınız ki, yazınız o həyatdan süzülüb gəlsin.

***

Bəzən qadınlardan xoşum gəlmir, hamımızdan xoşum gəlmir, çünki bizə sərf edəndə düşünməmək qabiliyyətimiz var, xoşbəxtliyə can atanda düşünməməyi seçirik.

***

Çünki intuisiyamla bilirdim ki, bu kişi eyni modeli təkrar-təkrar yaşayır: bir qadını ağlı və rəğbəti ilə tovlamağa çalışır, onu emosional olaraq özünə bağlayır; sonra qadın qarşılıq tələb etməyə başlayanda qaçıb uzaqlaşır. Və qadın nə qədər yaxşı olarsa, o, bir o qədər tez qaçmağa başlayar. Bunu intuisiyamla bilirdim, amma yenə də qaranlıq otağımda oturub bənövşəyi London gecəsi səmasının dumanlı, yaş parıltısına baxır və bütün varlığımla həsrət çəkirdim.

***

İncəsənət xəyanət etdiyimiz idealların güzgüsüdür.

Daim çaşqın, narazı, bədbəxt, natamamlıq hissi ilə əzab çəkən və istəklərlə hər cür mümkünsüz gələcəyə doğru sürüklənən biri olduğum üçün dözümlü və əylənən gözlər kimi təsvir edilən düşüncə tərzindən illərlə uzaq idim. Düşünmürəm ki, o vaxtlar insanları öz ehtiyaclarımın əlavələri olmaqdan başqa bir şəkildə görürdüm. Yalnız indi, geriyə baxanda başa düşürəm, amma o vaxt dəyişən arzularıma görə sayrışan və titrəyən parlaq işıqlı bir duman içində yaşayırdım. Əlbəttə, bu, sadəcə gənc olmağın təsviridir.

***

Biz ömrümüzü özümüzdən bir az daha axmaq insanlara böyük insanların min illərdir bildiyi həqiqətləri qəbul etdirmək üçün mübarizə aparmaqla keçiririk. Onlar min illərdir bilirlər ki, xəstə insanı təkadamlıq kameraya salmaq onu daha da pisləşdirir. Onlar min illərdir bilirlər ki, ev sahibindən və polisdən qorxan kasıb insan kölədir. Onlar bunu biliblər. Biz də bilirik. Bəs Britaniya xalqının o böyük, maariflənmiş kütləsi bunu bilirmi? Xeyr. Bunu onlara demək sənin və mənim vəzifəmizdir, Ella. Çünki böyük insanlar buna baş qoşmayacaq qədər böyükdürlər. Onlar artıq Veneranı necə müstəmləkəyə çevirməyi və Ayı necə suvarmağı kəşf edirlər. Dövrümüz üçün vacib olan budur. Sən və mən qaya itələyənlərik. Bütün ömrümüz boyu sən və mən bütün enerjimizi, bütün istedadımızı nəhəng bir qayanı dağın zirvəsinə itələməyə sərf edəcəyik. Qaya böyük insanların instinktiv olaraq bildiyi həqiqətdir, dağ isə bəşəriyyətin axmaqlığıdır.

***

İçində ilişib qaldığımız və nə qədər istəsək də xilas ola bilmədiyimiz bu duyğular necə də darıxdırıcıdır...

***

Gülüş təbiəti etibarilə sağlamdır.

***

Aşkar bir məqamı qeyd edəcəyəm: bəlkə də nevrotik sözü yüksək dərəcədə şüurlu və inkişaf etmiş olmaq vəziyyəti deməkdir. Nevrozun mahiyyəti ziddiyyətdir. Amma indi, baş verənlərə qapanmadan tam yaşamağın mahiyyəti də ziddiyyətdir. Əslində, elə bir mərhələyə çatmışam ki, insanlara baxıb deyirəm - onlar bu və ya digər mərhələdə özlərini qapamağı seçdikləri üçün bütöv deyillər. İnsanlar özlərini qapamaqla, özlərini məhdudlaşdırmaqla ağıllarını qoruyurlar.

***

O düşünürdü ki, tənhalıq başqa insanların ünsiyyətinə həsrət qalmaqdır. Amma bilmirdi ki, tənhalıq yoldaşlıq çatışmazlığından ruhun hiss olunmadan sıxılması da ola bilər.

***

Həqiqət və ya başqa bir mücərrəd anlayış naminə bir insanın özü haqqındakı təsəvvürünü məhv etmək dəhşətlidir.

***

Elə təhlükəli, dadlı bir sərxoşluqla dolmuşdum ki, pilləkənlərdən birbaşa havaya addımlaya, öz sərxoşluğumun gücü ilə ulduzlara dırmaşa bilərdim. Və bu sərxoşluq, hətta o vaxt da bildiyim kimi, sonsuz imkanların ehtiyatsızlığı idi.

***

Pişik necə də böyük bir lüksdür - gündəlik həyatdakı sarsıdıcı və heyrətamiz həzz anları, o heyvanın hissiyatı, ovcunun altındakı yumşaq hamarlıq, soyuq bir gecədə oyananda hiss etdiyin istilik, hətta tamamilə adi, gündəlik bir pişikdəki zəriflik və cazibə. Pişik otağın bir başından o biri başına yeriyir və o tənha yerişdə bəbir və ya hətta pantera görürsən, yaxud səni salamlamaq üçün başını çevirir və gözlərinin o sarı parıltısı sənə sığalladığın, çənəsini ovuşdurduğun və ya başını qaşıdığın zaman mırıldayan bu ev dostunun simasında nə qədər ekzotik bir qonağın olduğunu xatırladır.

***

Kişisi olmayan bir qadın istənilən yaşdakı istənilən kişi ilə qarşılaşanda, hətta yarım saniyəlik belə olsa, "bəlkə bu, o kişidir?" - deyə düşünmədən keçə bilmir.

***

Gənc yazıçılara məsləhət? Həmişə eyni məsləhət: öz mühakimənizə güvənməyi öyrənin, daxili müstəqilliyi öyrənin, zamanın yaxşını pisdən öz pis yazılarınız da daxil olmaqla, ayıracağına güvənməyi öyrənin.

Mənim kimi qadınlar üçün bütövlük ismət deyil, sədaqət deyil, köhnə sözlərin heç biri deyil. Bütövlük orqazmdır. Bu, üzərində heç bir nəzarətim olmayan bir şeydir.

***

Biz öz gözəl, mümkünsüz planlarımıza inanmalıyıq.

***

Sözlərin heç bir məna ifadə etmədiyi bir başgicəllənməyə getdikcə daha çox tutuluram.

***

...Biz hər iki tərəfi əldə saxlamağa çalışırıq. Həmişə qayda-qanunla və kitabla yaşamaqdan imtina etmişik, bəs onda dünya bizimlə qayda ilə davranmayanda niyə narahat olmağa başlayırıq?

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 26 dəfə oxunub

Oxşar xəbərlər

Atalar və oğullar - Rüstəm Dastanoğlunun hekayəsi

Atalar və oğullar - Rüstəm Dastanoğlunun hekayəsi

09:56 16 noyabr 2026
"İçimizdə düşmənimizin ölümünə sevinməyə imkan verməyən əxlaqi instinkt var..." - Henrik Senkeviç

"İçimizdə düşmənimizin ölümünə sevinməyə imkan verməyən əxlaqi instinkt var..." - Henrik Senkeviç

14:00 15 noyabr 2026
Ər-arvad təhlükəsizliyi ongünlüyü - Salam Qədirzadənin hekayəsi

Ər-arvad təhlükəsizliyi ongünlüyü - Salam Qədirzadənin hekayəsi

10:00 15 noyabr 2026
İşarələr və rəmzlər - Vladimir Nabokovun hekayəsi

İşarələr və rəmzlər - Vladimir Nabokovun hekayəsi

10:00 14 noyabr 2026
"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər