Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyə Beynəlxalq Muzeyçilik Konqresindəki çıxışında İstanbulun tarixi Haydarpaşa və Sirkəci dəmir yolu vağzallarının ərazilərinin yenidən funksionallaşdırılaraq muzeylər, sərgi salonları, kitabxanalar və mədəniyyət-incəsənət məkanları kimi fəaliyyət göstərəcəyini açıqlayıb.
Kulis.az xəbər verir ki, nazir "Gələcəyə miras" layihəsi çərçivəsində 67 vilayətdə 261 arxeoloji qazıntı işinin aparıldığını, muzeylərdəki 1,2 milyon mədəniyyət nümunəsinin isə rəqəmsal inventara köçürüldüyünü deyib.
Bundan başqa, "Gecə muzeyçiliyi" layihəsindən 1 milyondan çox ziyarətçinin yararlandığı qeyd olunub.
2002–2026-cı illər ərzində qanunsuz yollarla xaricə çıxarılan 13 min 574 tarixi-mədəni sərvətin Türkiyəyə qaytarıldığı vurğulanıb.
Mehmet Nuri Ersoy həmçinin UNESCO Ümumdünya İrs Komitəsinin 49-cu sessiyasının 2027-ci ildə İstanbulda keçiriləcəyini xatırladıb.