Qraffitidən hip-hop və "drum 'n' bass" musiqisinə qədər yeraltı küçə mədəniyyətinin 60 illik təkamülünü sənədləşdirən irimiqyaslı "BEYOND THE STREETS" sərgisi ziyarətçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgi Londonun nüfuzlu "Saatchi Gallery" məkanında təşkil edilib.
İki mərtəbəni əhatə edən ekspozisiya 5 may 2027-ci il tarixinədək davam edəcək.
Ziyarətçiləri girişdə qraffiti ilə örtülmüş Nyu-York metro vaqonunun maketi qarşılayır.
Bundan əlavə, Marta Kuper və Henri Şalfantın əfsanəvi "Subway Art" fotoları, Britaniya hip-hop səhnəsini 1980-ci illərdən lentə alan Normskinin arxivi və Estevan Oriolun Los-Anceles küçə mədəniyyətini əks etdirən işləri sərgidə yer alır.
Sərginin əsas mərkəzlərindən biri britaniyalı musiqiçi Qoldiyə həsr olunub.
Burada onun 1994-cü ildə təsis etdiyi əfsanəvi "Metalheadz" val mağazası yenidən qurulub və 30-dan çox vintaj televizorda sənətçinin otuz illik karyerasına aid kliplər nümayiş etdirilir.
Britaniyalı rəssam Lüsi Sparrou tərk edilmiş metro stansiyasında keçədən hazırlanmış qraffiti emalatxanası yaradıb.
Qeyd edək ki, ekspozisiyada həmçinin FUTURA 2000, Damien Hirst, Shepard Fairey, KAWS və Jenny Holzer kimi dünya şöhrətli sənətçilərin əsərləri də təqdim olunur.