Süni intellektin musiqi sənayesindəki təsiri daha bir mərhələyə çatıb.
Kulis.az xəbər verir ki, “Suno” şirkəti istifadəçilərə öz mahnıları əsasında videolar hazırlamağa imkan verən “Visuals” adlı yeni alətini təqdim edib.
Bu funksiya vasitəsilə mahnıya uyğun qısa video, sözlü klip və ya müxtəlif vizual səhnələr yaratmaq mümkündür.
İstifadəçi bunun üçün mətn təsvirindən və ya fotoşəkildən yararlana, hazırladığı görüntüləri redaktə edə, videonu uzada və müxtəlif formatlarda paylaşa bilər. Yeni alətin texnoloji bazasında Çinin “MiniMax” şirkətinin modeli dayanır. Bununla belə, “Suno”nun musiqi sənayesindəki fəaliyyəti mübahisələrdən kənarda deyil: şirkət müəllif hüquqları ilə bağlı iri səsyazma şirkətlərinin məhkəmə iddiaları ilə üzləşib.
Yeni texnologiyanın yaradıcılar üçün imkanları artıracağı, yoxsa müəllif hüquqları mübahisələrini daha da dərinləşdirəcəyi isə hələ açıq sualdır.