"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə
17 noyabr 2026
# 16:22

Kulis.az tanınmış yazıçı, şair və publisist Seyran Səxavətin Maskomania.com-a müsahibəsini təqdim edir.

– Seyran müəllim, qədim yunan filosofu Sokratın müdafiə etdiyi fikirlərdən biri budur ki, haqsızlığa məruz qalmaq haqsızlıq etməkdən daha yaxşıdır. Ancaq həyatda çox vaxt bunun əksini görürük: haqsızlıq edən adam uğur qazanır, haqsızlığa məruz qalan isə həm itirir, həm də əziyyət çəkir. Sizcə, belə bir vəziyyətdə əslində kim uduzur? Başqasına haqsızlıq edib rahat yaşayan insan, yoxsa öz vicdanını qoruduğu üçün əziyyət çəkən adam? Bəs vicdan əzabı çəkməyən bir insanı mənəvi cəhətdən uduzmuş hesab etmək olarmı?

– Haqsızlıq edən adam bunun ağırlığını duysa, bəlkə də, etməz. Haqsızlıq onun üçün çox yüngül başa gəlir – bəzən də əyləncə səviyyəsində. Ona görə də hesab edirəm ki, haqsızlığa məruz qalmaq ağırdır!

– Təsəvvür edin ki, Amerikada Ernest Heminqueyə “Amerika Xalq Yazıçısı”, Maykl Ceksona “Amerika Xalq Artisti”, Nikol Kidmana isə “Amerika Əməkdar Artisti” adı verilsəydi, yəqin ki, amerikalılar buna təəccüblənərdilər. Azərbaycanda isə sovet dövründən qalan bu fəxri adlar sistemi hələ də yaşayır. Sizcə, dövlət sənətkara fəxri ad verəndə onun yaradıcılığını qiymətləndirir, yoxsa onu öz qarşısında mənəvi borclu qoyur? Bəlkə, bəziləri daxilən bu ada layiq olmadıqlarını bilir, həqiqətən xalqın sevgisini qazanmış sənətkarların yanında utanırlar, amma aldıqları addan da imtina edə bilmirlər? Belə bir fəxri ad sənətkarın söz azadlığına ömürlük iş kəsmək kimi deyilmi? Siz necə düşünürsünüz, Azərbaycan bu sistemi saxlamalıdır, yoxsa sənətkarın qiymətini onun yaradıcılığı və xalqın sevgisi müəyyən etməlidir?

– Fəxri adlar sovet dövründə xalq arasında böyük hörmət və söz sahibi olan şəxslərə verilmiş “rüşvətdir”, yəni “al bunu, ağzına gələni danışma”. Təəssüflər olsun ki, bu, indi də davam edir. Ədalət naminə onu da demək vacibdir ki, fəxri ad alanlar arasında son dərəcə böyük sənətkarlar və bu fəxri adı hökumətin nəzərində “doğrultmayanlar” da var – bu, reallıqdır, həqiqətdir.

– 2021-ci ildə mətbuata müsahibənizdə ermənilərlə birgə yaşamağa hazır olmadığınızı bildirmişdiniz. Bu gün isə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində addımlar atılır. Artıq XXI əsrdə yaşayırıq. Müharibənin ağrılarını yaşamış insanlardan keçmişi unutmağı gözləmək olmaz. Amma bu gün böyüyən uşaqların gələcəyə hansı düşüncə ilə baxacağı da mühüm məsələdir. Təsəvvür edin, bir azərbaycanlı uşaq atasından soruşur: “Ata, ermənilər bizim düşmənimizdir?” Sizcə, ata bu suala necə cavab verməlidir? Tarixi yaddaşı qorumaqla keçmişin düşmənçiliyini gələcək nəsillərə ötürmək arasında sərhəd haradan keçir? Uşaqlara Azərbaycan xalqının yaşadığı faciələri olduğu kimi öyrədib, eyni zamanda onları başqa xalqlara nifrət etmədən böyütmək mümkündürmü? Bu məsələdə ədəbiyyatın üzərinə hansı məsuliyyət düşür?

– Azərbaycan türkləri kinli deyil. Uzun illərdən sonra tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinə də bugünkü kimi yanaşmayacaq, əgər belə demək mümkündürsə, nisbətən “unudacaq”. Ancaq inanmıram ki, erməni xisləti tarix boyu özünəməxsus şəkildə (torpaq iddiası, dənizdən-dənizə böyük Ermənistan hülyası və s. sərsəmləmələri ilə) Xocalını təkrar-təkrar yadımıza salmasın – kaş yanılsaydım. Övladlarımıza isə sonradan-sonraya bizə qonşu gələn ermənilərlə düşmənçilik ruhunda deyil, son dərəcə ehtiyatlı olmağı tövsiyə etmək gərəkdir. Siyasətçilərin meydan suladığı məkanda isə ədəbiyyat köməksizdir və heç nə edə bilməz – ədəbiyyat 100-150 il bundan əvvəl kömək edə bilərdi və edirdi də!

– Azərbaycan ədəbiyyatının dünyada kifayət qədər tanınmamasını çox vaxt keyfiyyətli tərcümələrin azlığı və xarici nəşriyyatlarla əlaqələrin zəifliyi ilə izah edirik. Amma bəlkə, Azərbaycanda öz ədəbiyyatının dünya səviyyəsindəki yeri və imkanları olduğundan yüksək qiymətləndirilir? Yoxsa dəyərli hesab edilən əsərlər dünya oxucusu üçün eyni dərəcədə maraqlı olmaya bilər? Ümumiyyətlə, bir yazıçının dünyada tanınmaması onun yaradıcılığının zəifliyini göstərirmi? Təsəvvür edin ki, nüfuzlu bir xarici nəşriyyat sizdən dünya oxucusuna təqdim etmək üçün üç müasir Azərbaycan yazıçısı, üç şair və üç publisist seçməyi xahiş edir. Kimləri seçərdiniz və özünüzü bu doqquz nəfərlik siyahıya daxil edərdinizmi?

– Bizlər, ümumiyyətlə, xaricdə tanınmağa heç vaxt meylli olmamışıq. Belə olmasaydı, Nizami, Füzuli, Xaqani və onlarla klassikimizi dünyada tanıdardıq... Tanıtmamışıq. Rəssamlıqdan, musiqidən fərqli olaraq, ədəbiyyatın dünyəvi tanınması tərcümə kimi bir qıl körpüdən keçir. Keçə bilirmi? Yox, keçə bilmir və keçilməzliyin xeyli səbəbi var ki, bu, bizim daxili işimizdir. Burda yalnız özümüz özümüzə kömək edə bilərik. "Kimləri seçərdiniz?" sualınıza isə cavabım belədir:

Üç yazıçı:

  • İsi Məlikzadə

  • Yusif Səmədoğlu

  • Fərman Kərimzadə

Üç şair:

  • Məmməd Araz

  • Qulu Ağsəs

  • Əşrəf Veysəlli

Üç publisist:

  • Səyavuş Sərxanlı

  • Bahəddin Həzi

  • ?

Əlbəttə, bu mənim zövqümdür və heç kəs bunu məndən ala bilməz. Ədalət naminə onu da deməliyəm ki, bu “üçlüklər”dən başqa yetərincə istedadlı nasirlər, şairlər var. Sırf publisist yoxdur; yazıçılar, şairlər var ki, gözəl publisistik yazıları var. Qaldı sualınızın o tərəfinə ki, Seyran Səxavət olaraq özümü bu doqquzluqda görürəmmi? Bəli, şair kimi də, publisist kimi də, nasir kimi də... Və mən havayı danışmıram, ortada romanlar, şeirlər, poemalar, yeddi min beş yüzdən yuxarı müsahibə, yol qeydləri və digər publisistik yazılar var... Mən özümə də ədalətlə yanaşmalıyam və bunu bacarıram.

– Azərbaycanda hicab məsələsi uzun illərdir mübahisə doğurur. Bəziləri bunu qadının dini inancının və şəxsi azadlığının ifadəsi hesab edir, digərləri isə ailənin və cəmiyyətin təsiri altında verilən qərarın nə dərəcədə azad seçim olduğunu sorğulayırlar. Sizcə, bu seçim məsələsində əsas problem hicabın özüdür, yoxsa cəmiyyətin qadının həyatına və şəxsi qərarlarına nəzarət etmək istəyi? Hicab şəxsi seçimdir, yoxsa cəmiyyətin qadına qoyduğu tələb?

– Şəxsi seçim, yoxsa cəmiyyətin qadına qoyduğu tələb? – deyə soruşursunuz. Cavab birmənalıdır: İkisi də!

– Süni intellekt getdikcə insanların gördüyü işləri öz üzərinə götürür. Sizcə, bir gün yazıçıların və şairlərin də yerini tuta bilərmi? Təsəvvür edin ki, süni intellekt insan psixologiyasını təqlid edir və oxucuları heyran edən romanlar yazır. Hiss etmədən hisslər haqqında yazmaq həqiqi sənət sayıla bilərmi? İnsanlar öz yaratdıqlarının əsirinə çevriləcəklər, yoxsa onun sayəsində daha azad olacaqlar?

– Hələ süni intellekt ortalığa çıxıb bütün boy-buxunu ilə görünməzdən çox-çox əvvəl, insan süniliyin əsarətində idi – girov düşmüşdü. Bu süni intellekt heç vaxt, heç vaxt, heç vaxt nəinki əsl istedad sahibi olan yazıçıların yerini tutar, heç onların böyründən yel olub ötə də bilməz – bu, həqiqətdir.

– Təsəvvür edin ki, bir ziyalı illərlə hakimiyyəti sərt tənqid edir. Sonra ona ev, avtomobil, yüksək vəzifə və ailəsi üçün müəyyən imtiyazlar verilir. Bundan sonra həmin insan dünən tənqid etdiyi hakimiyyəti tərifləməyə başlayır. Sizcə, belə bir insan öz vicdanı ilə necə barışır? Bu, cəmiyyətin mənəvi dəyərlərini də tədricən dəyişə bilərmi? Ziyalının mövqe dəyişikliyində vicdan qalib gəlir, yoxsa şəxsi maraq?

– İnsanın yer üzünə ayağı dəyəndən bu günə qədər davam edən “Vicdan – Şəxsi Maraq” müharibəsi bundan sonra da davam edəcək. Orasını da deyim ki, bu, elə bir mürəkkəb seçimdir ki, onun başında nəfs dayanır – özü də çox möhkəm. Əslində, “Vicdan – Şəxsi Maraq” müharibəsini də, elə dünyanın özünü də nəfs idarə edir. Dünyanın idarə olunmasında böyük dövlət başçılarının rolu görüntü xarakteri daşıyır – siyasi butaforiyadır...

– Yazıçının vəzifələrindən biri cəmiyyətin görmək istəmədiyi həqiqətləri üzə çıxarmaqdır. Amma bəzən həmin həqiqətlər xalqın özü haqqında yaratdığı təsəvvürlərlə ziddiyyət təşkil edir. Xalqını sevmək onun səhvlərini gizlətmək deməkdir, yoxsa həmin səhvləri açıq göstərmək də vətənə xidmət sayıla bilər? Yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasında sərhəd haradan keçir?

– Yazıçının vicdanı ilə cəmiyyət qarşısındakı məsuliyyəti arasındakı sərhəd nəfsdən keçir – çox ağır olsa da, bu, həqiqətdir. "Bədii əsərdə həqiqətlə təxəyyülü bir-birindən ayırmaq nə dərəcədə vacibdir?" sualına isə cavabım belədir: bədii əsərdə təxəyyüllə həqiqəti bir-birindən ayırmaq Sözə xəyanətdir. Yazıçı yalnız və yalnız həqiqəti deməlidir, çünki xalqı qorumağın yeganə yolu da elə həqiqətdən keçir... Xalqın səhvlərini gizlətmək xəyanətdir. Bir dəfə Azərbaycan televiziyalarının birində bu barədə o qədər sərt danışdım ki, məni o qədər də dərindən anlamayan teleaparıcı soruşdu: – Seyran müəllim, xalqa qarşı bu qədər nifrət sizdə haradandır?! Cavab verdim: – Sevgidən!!!

– Alman filosofu Fridrix Nitşe “Şən elm” əsərində belə bir düşüncə təcrübəsi irəli sürür: təsəvvür edin ki, sizə bütün həyatınızı, yaşadığınız sevincləri, ağrıları, uğurları və etdiyiniz səhvləri heç nəyi dəyişmədən yenidən, özü də sonsuz dəfə yaşamaq təklif olunur. Sizə belə bir seçim verilsəydi, Seyran müəllim, öz həyatınızı olduğu kimi yenidən yaşamağa razı olardınızmı?

– Başqalarını deyə bilmərəm, ancaq söhbət məndən gedirsə: Mən heç vaxt!!! Çünki son dərəcə maraqsız olardı və birinci yaşamda gördüyüm yaxşı şeylər də burnumdan gələrdi... İstəmirəm...

– Seyran müəllim, 80 yaşınız var, arxada böyük və mənalı bir ömür qoymusunuz. Zəhmət olmasa, bu zəngin həyat təcrübəsinin işığında dünya və həyat haqqında gəldiyiniz əsas qənaətləri oxucularımızla bölüşərdiniz. 80 illik ömrün zirvəsindən baxanda həyat necə görünür?

– Bu yaşda mənim gəldiyim xeyli nəticələr var:

  • İnsan yalnız ölümə yaltaqlana bilmir.

  • Yalan yaltaqlığın lirikasıdır.

  • Təqsiri olan adamlar günahını zəmanənin boynuna atırlar və nəticədə zəmanə bəşəriyyətin günah ambarına çevrilir – bax, bir gün bu anbar partlayanda dünyanın axırı olacaq.

  • Baba ilə nəvə ona görə bir-birini çox istəyir ki, ikisi də bir ağılda olur.

  • İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar.

  • Mənə elə gəlir ki, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir – öləndə də ölməyi öyrənir.

  • Dünya Allahın çin olmuş yuxusudur.

  • Xalqın uğrunda ölməyə dəyməz, çünki xalq həqiqət deyil – həqiqətin yolunda ölmək lazımdır.

  • Körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir.

  • Cümlə qurmaq dövlət qurmaq qədər çətindir!

  • Ən asan şey dünyaya gəlməkdir, çünki burda sənin heç bir zəhmətin yoxdur.

  • “Salam verdim, rüşvət deyildir deyə almadılar” (Füzuli) – ancaq rüşvət verdim, salam deyildir deyə, o saat aldılar...

  • Qız uşağı sevinəndə Allah da gülümsəyir. Allahın dodaqlarına təbəssüm qonanda o, bəşəriyyətə qarşı daha mərhəmətli olur.

  • Yumruq boyda daş, milyon illər boyu sıxılmış Yer kürəsi boyda torpaqdır.

  • Mənə elə gəlir ki, Allah bütün dünyanı bizim kəndin üstündən idarə eləyir.

  • Yoooox!!! Sənin dediyin o həqiqət doğulmayacaq – Sən də, mən də, o da yığışıb o həqiqəti abort elətdirməliyik! (“Qızıl teşt” tamaşasından – 1988-ci il).

  • Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi.

  • Əgər Abdulla da davadan qayıtmasaydı, tarix kitabında yazacaqdılar ki, sovet xalqı İkinci Dünya müharibəsində iyirmi milyon bir nəfər adam itirib.

  • Qızlarının üzü gülməyən məmləkətin gələcəyi ağlar qalar.

  • Dünyanın ən xoşbəxt xalqı dünyanın ən az yalan danışan xalqıdır.

  • Xalq birləşəndə güclü olur, yazıçı təklənəndə.

# 48 dəfə oxunub

Oxşar xəbərlər

Conni Depp  şəxsi həyatı və gələcək planları haqqında danışdı

Conni Depp şəxsi həyatı və gələcək planları haqqında danışdı

16:04 17 noyabr 2026
"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

"Yalanların əksəriyyəti ona görə baş tutur ki..." - Tanınmış psixoanalitikin yalanla bağlı fikirləri

15:49 17 noyabr 2026
Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

Pakistan mətbuatı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanından yazır

15:24 17 noyabr 2026
"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

"Bir zamanlar Hollivudda"nın davam filmində Leonardo DiKaprio olmayacaq - Səbəb

15:11 17 noyabr 2026
80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

80 il sonra tapılan fotolar - Pilbara tətilinin görünməyən tarixçəsi

14:36 17 noyabr 2026
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı

14:26 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər