Mançesterdə amerikalı reper Don Toliverin konserti gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb.
Kulis.az xəbər verir ki, noyabrın 22-də “Co-op Live” arenasında keçirilən konsertin sonlarına yaxın tamaşaçıların arasında naməlum maddə yayılıb və bu, minlərlə insanın təxliyəsinə səbəb olub.
Mançester polisi əvvəlcə maddənin gözyaşardıcı qaz ola biləcəyini ehtimal edib. Hadisədən sonra fövqəladə vəziyyət elan olunub, təcili yardım briqadaları arenaya cəlb edilib. Rəsmi məlumata görə, 12 mindən çox tamaşaçı binadan çıxarılıb, 50-dən artıq insan tibbi müayinədən keçirilib. Bir nəfər isə xəstəxanaya aparılıb. Zərərçəkənlərin bəzilərində göz və tənəffüs yolları ilə bağlı narahatlıqlar müşahidə edilib.
Hələlik maddənin dəqiq nə olduğu və arenaya necə gətirildiyi məlum deyil. Polis hadisənin bütün təfərrüatlarını araşdırır. Bir musiqi gecəsinin kütləvi təxliyə ilə başa çatması isə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.