Fərman Şəkilinin oğlu: "Atam haqqında rahatlıqla “onunla oturub içmişəm” deyə yalan danışırdı" - Müsahibə

Fərman Şəkilinin oğlu:  "Atam haqqında rahatlıqla “onunla oturub içmişəm” deyə yalan danışırdı" - Müsahibə
23 noyabr 2026
# 10:00

Kulis.az "Atamın xatirəsi" layihəsindən Fərman Şəkilinin oğlu rejissor Elvin Abdulla ilə müsahibəni təqdim edir.

– Fərman bəy ailədə kifayət qədər ciddi xarakterli bir insan olub, hətta sizi Şopeni dinləməyə, mütaliə etməyə məcbur edib. Digər tərəfdən isə tamaşaçı onu məşhur Şurum-burum və digər koloritli obrazları ilə tanıyıb, sevib. Evdəki ciddi Fərman Şəkili ilə səhnədəki obraz arasındakı bu təzad uşaq vaxtı sizin tərəfinizdən necə qarşılanırdı?

– Bu yaşımda tam əminliklə deyə bilərəm ki, aktyorlarımızın böyük əksəriyyəti elə bu cürdür, səhnədə ayrı, həyatda tamam fərqli insanlardır. Əslində, evdə başqa, çöldə başqa olmaq aktyor üçün çox tipik həyat tərzidir.

Uşaq vaxtı bunu necə qarşılamağımıza gəlincə, atam bizimlə heç vaxt uşaq kimi davranmayıb. Məsələn, adətən, balaca uşaqlara maşını göstərib “bax, qın-qındır”, yaxud isti əşyaya “cızza” deyirlər. Atam bizə heç vaxt elə deməyib. Deyib ki, bu maşındır, bu isə “cızza” deyil, istidir, əlini vursan, yanacaqsan. Yaşımız az olsa da, bizə həmişə böyük adam kimi yanaşıb.

Gözümüzü açandan görmüşük ki, evdə ciddi atadır, amma teatra gedib qrim otağına girir, oradan gah qoca kişi, gah padşah, gah da bir din xadimi kimi çıxır. Ona görə də uşaq yaşlarımızdan artıq böyük kimi dərk edirdik ki, atamız obrazını dəyişdirə bilən bir peşə ilə məşğuldur, ora onun səhnəsidir, bura isə şəxsi həyatı. Bu fərq bizə heç vaxt təəccüblü gəlmirdi.

– Sizə hər zaman realist yanaşıb. Onun belə bir fikrini də oxumuşdum. Deyirdi ki, uşağı sındırmaq olmaz, onu şəxsiyyət kimi böyütmək lazımdır. Fərman bəy özü də zaman-zaman cəmiyyətdə müəyyən çətinliklərlə, problemlərlə üzləşmişdi. Sizcə, övladlarını başqa atalar kimi yox, məhz bu cür sərt reallıqla yetişdirməsi bir növ qoruma mexanizmi idi?

– Məncə, bu, bizi həyata hazırlamaq üsulu idi. O, həyatın nə qədər ağrılı və çətin olduğunu yaxşı bildiyi üçün bizi də uşaq yaşlarından reallıqla tanış edirdi ki, hər şeydən agah olaq. Sağ olsun ki, elə də edib. Biz elə uşaqlıqdan nəyin nə olduğunu başa düşə-düşə böyümüşük. Düşünürəm ki, ən düzgün tərbiyə üsulu elə budur.

Təbii ki, uşaq olduğumuz üçün bizi gücümüz çatacağından artıq yükün altına salmırdı. Amma hər bir halda, qarşısına qoyub böyük kimi məsləhətləşirdi, istiqamət verirdi. İstəyirdi ki, həyatı olduğu kimi tanıyaq. Biz də həyatı məhz onun sayəsində artıq gənc yaşlarımızdan “olduğu” kimi dərk etdik.

– Sonrakı fəaliyyətinizdə, karyeranızda bu tərbiyə metodunun müsbət tərəflərini gördünüzmü?

– Əlbəttə. Mən elə gənc yaşlarımdan hər zaman komanda lideri olmuşam, insanları idarə etmişəm. Rejissorluğun da təməl fəlsəfəsi komandanı idarə etməkdir. Bəli, bu sənətin bir tərəfi yaradıcılıqdırsa, digər tərəfi də həmin o yaradıcı insanları yönləndirmək bacarığıdır. Hazırda “Kinobox”un rəhbəriyəm, ondan əvvəl də prodakşn rəhbəri olmuşam. Qardaşım da uzun illərdir rəhbər vəzifələrdə çalışır, uğurlu karyera qurub. Düşünürəm ki, bütün bunlar həyatı düzgün dərk etməkdən, birbaşa atamızın bizə verdiyi tərbiyədən qaynaqlanır.

– Bizdə, adətən, sənət adamları bu sahənin çətinliyini bildikləri üçün övladlarını başqa istiqamətə yönəltməyə çalışırlar. Bəs sizin rejissor olmaq istədiyinizi biləndə atanızın reaksiyası necə oldu?

– Mən həmişə atamın yanında böyümüşəm. Dörd-beş yaşımdan etibarən müxtəlif verilişlərdə uşaq aktyor kimi çıxış etmişəm. Harada uşaq obrazı var idisə, atam imkan tapıb məni ora aparırdı. Onun çəkildiyi filmlərdə də daim yanında olub çəkiliş prosesini izləyirdim. Gözümü bu mühitdə açdığım üçün ətrafdakı hər kəs bilirdi ki, mən də bu sahədə olacağam.

– Yəni atanız özü sizin bu yolu davam etdirməyinizi istəyirdi?

– Yəqin ki, istəyirdi. Belə qənaətə gəlirəm ki, istəməsəydi, məni niyə özü ilə çəkilişlərə aparsın? Yavər Rzayevin “Sarı gəlin” filmində çəkiləndə, səhv etmirəmsə, 7-8 yaşım var idi, tankların üstündə oynayırdım. Əgər valideyn övladının bu işə maraq salmasını istəmirsə, belə şərait yaratmaz. Düzdür, dünyagörüşümü artırmaq məqsədilə də edə bilərdi, amma hər bir halda, məni öz yanında bir incəsənət adamı kimi yetişdirib.

Sadəcə universitet seçimi ərəfəsində kiçik bir müzakirə yarandı. Riyaziyyat və fizikaya qabiliyyətim güclü olduğu üçün ailədə belə bir mövzu açıldı ki, bəlkə, iqtisadiyyatı, yaxud başqa bir sahəni seçəsən, potensialın var. Amma həmin məqamda bir az inadkarlıq göstərdim, İncəsənət Universitetinin üzərində dayandım. Onlar da seçimimə hörmət etdilər, qarışmadılar.

– Fərman bəy 11 ay ağır xəstəliklə mübarizə aparıb, lakin bunu ailədən gizlədib. Burada böyük bir fədakarlıq var, amma həqiqəti öyrənəndən sonra sizdə bir inciklik yaranmadı ki, niyə bunu bizdən gizlədib? Ən azından, oğlu kimi yanında olub kömək edə bilərdiniz...

– Çox təəssüf ki, mən həmin dövrdə hərbi xidmətdə idim, atamın o ağır günlərini, demək olar ki, görməmişəm. Hətta o rəhmətə gedəndə də məni xidmət etdiyim dağda postdan endirib dəfn mərasiminə yola salmışdılar.

Amma burada bir məqamı dəqiqləşdirim, atam bizdən xərçəng xəstəliyini gizlətməyib. Onun mədəsində güclü ağrılar olub, evdəkiləri narahat etməmək üçün sadəcə həmin ağrıları gizlədib. Xərçəng xəstəliyini isə biz onu həkimə aparıb öyrənmişik. Nəfəsi ağırlaşanda, halsızlığı və taqətsizliyi artanda həkimə müraciət etməli olduq. Bakıdakı həkimlər müəyyən diaqnoz qoydular, amma biz inanmadıq. Daha dəqiq müayinə üçün onu İrana göndərdik və orada təsdiqləndi ki, xərçəngdir. Təbii ki, bu xəbər hamımızı sarsıtdı.

Atam həddindən artıq çox, günə dörd-beş qutu siqaret çəkirdi. Bunun nəticəsi də belə olmalı idi. Anam bəzən ona irad tutanda ki, bu qədər çəkmə, sənə ziyandır, həmişə deyirmiş ki, mənə nə istəyirsiniz deyin, amma siqaretimə dəyməyin, mən onu heç vaxt tərgidə bilmərəm. Amma İranda ona dəqiq xərçəng diaqnozu qoyulanda xəstəxanadan çıxıb, bir müddət sakitcə düşünüb, sonra cibindəki siqaret qutusunu çıxarıb əzərək zibil qabına atıb. O gündən ömrünün sonuna qədər bir də dilinə siqaret vurmadı.

– Atanızın vəfat xəbərini hərbi xidmətdə, dağda olarkən eşitdiniz?

– Onun özü tamam ayrı və ağır bir hekayədir. Mən Sərhəd Qoşunlarında, ucqar bir dağ başında xidmət edirdim. Həmin postdan əsgəri qarnizona komendant yalnız iki halda endirə bilərdi: ya onunla bağlı hansısa şikayət, cinayət işi var, ya da çox yaxın bir doğması rəhmətə gedib.

Bir gün məni yuxudan oyatdılar ki, hazırlaş, aşağı düşürsən. Əsgərə də son ana, qarnizonun qapısına çatana qədər heç nə demirlər. Tərəddüdlər içində qalmışdım, adamın ağlına min cür fikir gəlir ki, görəsən, nə baş verib? Sadəcə dedilər ki, komendant – polkovnik öz maşını ilə sənin arxanca gəlir. O polkovnik də olduqca zəhmli, sərt zabit idi.

Əsgər çantamı yığdım, maşının arxa oturacağında əyləşdim. Polkovnik də gəlib oturdu, birdən arxaya çönüb mülayim səslə soruşdu ki, necəsən, əsgər? Düzü, o belə deyəndə artıq ürəyimə damdı ki, nəsə pis hadisə baş verib. Çünki o cür sərt adam heç vaxt əsgərdən hal-əhval tutmazdı. Üstəlik, atamın xəstə olduğunu bilirdim, cəmi 20-25 gün əvvəl məzuniyyətdən qayıtmışdım.

Dağ yolları ilə qarnizona endik. Artıq qapıdan çıxarkən nizami hissə rəisi mənə dedi ki, sənə əlavə məzuniyyət təyin olunub. Bu sözü eşidəndə qeyri-iradi şəkildə hönkür-hönkür ağlamağa başladım. Çünki bilirdim ki, məzuniyyətdən yeni qayıtmış əsgərə adi halda təkrar məzuniyyət verilə bilməz. Rəis də hər şeyi anladığımı gördü, dedi ki, çalış tez get, inşallah, dəfnə çatarsan. Amma çata bilmədim. Məni gözləyə bilməmişdilər.

– Ananız müsahibələrinin birində Fərman bəy haqqında deyib ki, o mənim həyatımı dəyişdi, dünyanı mənə başqa cür tanıtdı. Bəs atanız sizin və qardaşınızın həyatında nəyi dəyişib, sizi necə formalaşdırıb?

– Məncə, bizi biz edən elə atamız və anamız olub. Valideynlərimizə olan borcumuz əvəzsizdir. Atam təkcə rasional, sərt qaydaları olan insan deyildi, həm də bizimlə əsl dost idi. Balaca olsaq da, bizimlə böyük dost kimi söhbət edirdi.

Hər yaş dövrümüzə uyğun bizə kitablar verirdi. Məsələn, vaxt olub ki, “Kəlilə və Dimnə”ni oxumaq istəmişəm, deyib ki, yox, tələsmə, sən hələ “Qabusnamə”ni oxu. İki il keçəndən sonra özü gətirib verib ki, bax, indi “Kəlilə və Dimnə”ni oxumağın vaxtıdır. Bir il sonra “Hophopnamə”ni məsləhət görüb, daha sonra isə “Bhaqavad-Qita”dan tutmuş dini ədəbiyyata qədər ən müxtəlif kitabları oxumağa yönləndirib. Hansı yaşda nəyi oxumalı, nə vaxt hansı addımı atmalı olduğumuzu dəqiq bilən və bizi addım-addım istiqamətləndirən insan idi. Bir sözlə, atam birbaşa bizi inşa edən adam olub.


Atamızın həyatımızdakı rolu, həqiqətən, əvəzsizdir. Başa düşürəm ki, hər kəs üçün valideyninin yeri böyükdür, amma o, sözün əsl mənasında, bizi birbaşa inşa edən, həyat fəlsəfəmizi və dünyagörüşümüzü formalaşdıran şəxs olub.

– Fərman bəyin ailədə ciddi xarakterli olduğunu vurğuladınız. Bəs evdə konkret “olar-olmaz”ları, sərt qadağaları var idimi? Məsələn, evə gec gəlmək və bu kimi məsələlərdə...

– Əlbəttə, bizə qarşı da müəyyən qadağalar var idi. Amma oğlan uşağı olduğumuz üçün bizə nisbətən bir az rahatlıq tanınırdı. Bu da yaş dövrünə görə dəyişirdi, təbii ki, 12 yaşlı uşağın evə gəlmə saatı ilə 18 yaşlı gəncin qayıtma vaxtı arasında böyük fərq var idi. Lakin atamın ən ciddi qadağaları öz xanımına, anamıza qarşı idi.

– Nə dərəcədə ciddi idi? Uşaq olaraq bunu necə müşahidə edirdiniz?

– Həddindən artıq çox. Necə deyərlər, köhnə kişilərdən idi. Geyim-keçimdən tutmuş hara gedib-gəlməsinə qədər hər şey tam nəzarət altında idi. Üstəlik, onların gənclik illərində indiki kimi mobil telefonlar yox idi, belə rabitə vasitələri onlar yaşa dolanda çıxdı. Ona görə də evdə hər şeyə çox ciddi nəzarət mexanizmi var idi.

– Maraqlıdır, atanız çəkilişlərə yalnız sizi aparırdı. Sizdə sənətə qarşı xüsusi bir istedad, işartı görürdü, yoxsa qardaşınızın bu sahəyə marağı yox idi?

– Qardaşım Türk liseyində oxuyurdu və yataqxanada qalırdı. Yəqin ki, bunun da təsiri olub. Digər tərəfdən, ola bilsin, atam məndə də nəsə görüb, hiss edib. Dəqiq səbəbini bilmirəm, amma nədənsə uşaq vaxtlarımdan onun bütün çəkilişlərinə mən gedirdim.

– Atanız mədəsindəki ağrıları sizə yox, dostu Natiq bəyə danışıbmış, hətta dostu ona siqareti tərgitməyi məsləhət görübmüş. Dərdini ailəsinə deyil, dostuna açdığını sonradan biləndə hansı hissləri keçirdiniz?

– Atam elə bir insan idi ki, onun içində çəkdiyi ağrı ilə çölə büruzə verdiyi əhval arasında həmişə dağlar qədər fərq olurdu. Həmin vaxtlar maddi vəziyyətimiz də o qədər yaxşı deyildi. Bilirəm ki, xəstəliyini etiraf etməməsi yalnız bizi narahat etməmək, bizə əziyyət verməmək üçün olub.

Təbii ki, biz məsələdən xəbər tutan kimi həkim qardaşım dərhal hərəkətə keçdi, ən yüksək səviyyədə diaqnostika və müalicə olunması üçün nə lazımdırsa etdi. Natiq əmi ilə olan söhbəti, mədəsindəki problemi gizlətdiyini biləndə isə, əlbəttə, onu qınadıq ki, niyə vaxtında bizə açıb deməmisən, axı biz də sənin yanında olub dəstək verərdik.

– Fərman bəyin Şəkidən Bakıya köçməyi ilə bağlı da maraqlı və ağrılı faktlar var. Deyilənə görə, Bakıya gəldiyi ilk vaxtlarda halal zəhməti ilə qazandığı mükafat və ya qonorar ona verilməyib. Ehtiyac içində olduğu bir dövrdə, təkcə maddi baxımdan deyil, həm də bir sənətkar kimi bu ədalətsizlik ona necə təsir etmişdi?

– Həmin hadisə 1994-1995-ci illərdə olub, mənim onda dörd-beş yaşım var idi. Biz hələ Şəkidə idik. Atam Bakıya gəlmişdi ki, burada işlərini yoluna qoysun, sonra bizi də öz yanına gətirsin. Təbii ki, bu hadisə ona çox pis təsir etmişdi. Özünüz təsəvvür edin, ağır ehtiyac vaxtıdır, vəziyyət çətindir və insan öz halal əziyyəti ilə mükafat qazanır, amma həmin haqqı ona vermirlər. Sizcə, bu, bir sənət adamına necə təsir edər? Buna baxmayaraq, 1995-ci ildə biz Bakıya köçə bildik.

– Ümumiyyətlə, Fərman bəyin yaradıcılıq yolunu araşdıranda görünür ki, həmin mükafat məsələsindən başqa da ona qarşı xeyli haqsızlıqlar olub, çəkilən bəzi filmlər, tamaşalar efirə buraxılmayıb və sairə. Bütün bu maneələrin arxasında nə dayanırdı?

– Eşitdiklərimə və bildiklərimə əsasən deyə bilərəm ki, bunun ən birinci səbəbi sənətdə onunla rəqabət aparan insanların yaratdığı süni maneələr idi. Onun uğur qazanmasını həzm edə bilməyən bəzi aktyorlar və digər sənət adamları yolunda çətinliklər yaradırdılar. Ona qarşı, doğrudan da, çox haqsızlıqlar olub. Uzun sözün qısası, əsas məsələ sənət camiəsindəki paxıllıq idi.

– Atanıza badalaq vuran həmin şəxslərin kimliyini o vaxt bilirdiniz, yoxsa özünüz bu sahəyə gələndən sonra öyrəndiniz? Sonradan onlarla üzləşdinizmi?

– Bilirsiniz, düşünürəm ki, bu gün, 2026-cı ildə o mövzunu dərindən qurcalamağa, adlar çəkməyə ehtiyac yoxdur. Çünki həmin insanların arasında dünyasını dəyişənlər də var, bu gün xalqın sevdiyi sənətkarlar da. Bəli, onların kimliyi bizə çox yaxşı məlumdur, amma biz heç vaxt qisas dalınca düşmədik. Olub-keçdi, biz o səhifəni bağladıq. Həm də atam rəhmətə gedəndə mənim 23 yaşım var idi, çox gənc idim. Sonradan həmin adamlarla qarşılaşsaq da, bu mövzuda heç vaxt söhbət açmamışıq.

– Çəkiliş meydançasında həmkarları, komanda yoldaşları Fərman bəyə, az qala, hərbi nizam-intizam səviyyəsində hörmət və rəğbət bəsləyiblər. Lakin təəssüf ki, o, eyni münasibəti daha yuxarı instansiyalardan görməyib. Bizdə, adətən, belə intriqalar ailə-məişət müstəvisinə də keçir – “bu, filankəsin oğludur” deyib övlada da mane olurlar. Atanıza qarşı olan o qısqanclıq və rəqabət sonradan sizə qarşı da davam etdimi?

– Düzü, ümumi götürsək, rəqabət və maneələr sırf atamla və ya mənimlə bağlı məsələ deyil. Bu, bütün sahələrdə, elə sizin öz işinizdə, ətrafınızda da var. İnsan nə qədər az iş görürsə, nə qədər az görünürsə və rəqibləri üçün “təhlükəsiz”dirsə, ona bir o qədər az badalaq vururlar. Amma sən yüksəldikcə, uğur qazandıqca başqalarının yerini tutmağa başlayırsan və digərləri də ədalətsiz üsullarla sənin nüfuzuna zərbə vurmağa, yolunu kəsməyə çalışırlar.

Konkret olaraq atama pislik edən insanların mənə münasibətinə gəlincə, o ədavət elə keçmişdə də qaldı. Ən azından, yaş fərqinə görə. Atam 1954-cü il təvəllüdlü idi, mən isə 1990-cı ildə doğulmuşam. Mənim sənət meydanına çıxdığım dövrdə atama mane olan həmyaşıdlarının əksəriyyəti artıq həyatda yox idi. Qalanları isə bu gün yaşlı, bəlkə də, köməyə ehtiyacı olan insanlardır. İnanın, atama vaxtilə çox böyük pislik etmiş hansısa görkəmli aktyorumuzun bu dəqiqə xəstə olduğunu, çətin vəziyyətə düşdüyünü bilsəm, gedib ona əlimdən gələn yaxşılığı, köməyi edərəm.

Hətta elə çox məşhur sənətkarlar olub ki, onlarla eyni filmdə çalışmışam, eyni çəkiliş meydançasını paylaşmışam. Çox yaxşı bilmişəm ki, bu adam vaxtilə atama hansı çətinlikləri yaşadıb, arxasınca nə qədər yersiz sözlər danışıb, hansısa layihələrə çəkilməsinə mane olub. Halbuki bir aktyor üçün roldan məhrum edilmək ən böyük zərbədir. Bütün bunları bildiyim halda, bir dəfə də olsun üzə vurmamışam, onlarla hər zaman hörmətlə davranmağa çalışmışam.

– Atanıza qarşı konkret hansı üsullardan istifadə edirdilər? Rejissorları onu filmə çəkməmək üçün necə dilə tuturdular?

– Məsələn, atam 1994-cü ilə qədər içki içən adam olub. Vaxtilə hansısa məclisdə oturub yaxşı yeyib-içiblər. Amma atam içkini tərgidəndən sonra belə, düz on-on beş il ərzində müxtəlif layihələrdə həmin məsələni ona qarşı silah kimi işlətdilər. Hansısa rejissor atamın fakturasını, istedadını bəyənib rola dəvət etmək istəyəndə dərhal işə qarışırdılar. Rejissoru inandırmağa çalışırdılar ki, o, içən adamdır, pulu alacaq, vaxtında çəkilişə gəlməyəcək, işini yarımçıq qoyub səni incidəcək, onu neyləyirsən, ondansa filankəsi çək, məni çək. Beləcə, onun içki aludəçisi olduğu barədə şayiələr yayaraq bir çox layihələrdən uzaqlaşdırırdılar.

Hətta elə qəribə hallar olurdu ki... Atam 2013-cü ildə dünyasını dəyişib. Bizə gəlib deyənlər olurdu ki, mən 2010-cu ildə Fərmanla oturub yeyib-içmişəm. Halbuki biz dəqiq bilirik ki, 1994-cü ildən bəri o adam dilinə yüz qram belə spirtli içki vurmayıb. Hətta qardaşımın toyunda da içmədi. Bir dəfə qəti söz vermişdi ki, içməyəcəyəm, vəssalam. Amma ətrafında elə bir atmosfer, nizam-intizamı ilə bağlı elə bir mənfi rəy formalaşdırmışdılar ki, içkini atmasından 15-20 il keçəndən sonra da kimsə rahatlıqla “onunla oturub içmişəm” deyə yalan danışırdı.

Mən özüm də rejissoram və belə söz-söhbətlərin qərarverməyə necə təsir etdiyini yaxşı bilirəm. Hansısa aktyoru rola uyğun görəndə kənardan üç nəfər onun haqqında mənfi rəy deyirsə, istər-istəməz tərəddüd edirsən. Düşünürsən ki, birdən, doğrudan da, deyilən kimi olar, çəkilişim yarımçıq qalar? Nəticədə, işi riskə atmaq istəmirsən və üç nəfərin təriflədiyi başqa bir aktyorla işləyirsən. Bax, atamın qarşısına belə süni sədlər çəkirdilər.

– Bəs 1994-cü ilə qədər, həqiqətən, ciddi içki problemi var idi?

– Bəli, 1990-1991-ci illərdən 1994-cü ilə qədər ciddi içki problemi olub.

– Həmin dövrdə nə baş vermişdi? O qədər içki içməsi üçün əsas səbəb nə idi?

– 1990-cı illərin əvvəlindəki Azərbaycanı gözünüzün önünə gətirin. Ailən, iki övladın var və ətrafında dünya dağılır. Qarabağdan gələn şəhid xəbərləri, 20 Yanvar faciəsi, ağır keçid dövrü... Aləm dəyib bir-birinə, kimin kim olduğu bilinmir. Sən isə əyalətdə, Şəki şəhərində bir teatr aktyorusan. Yəni həmin xaosda heç kimə lazım olmayan bir sahə ilə məşğulsan.

Sabah bir təbii fəlakət olsa, sel gəlsə, incəsənət kimin yadına düşəcək? Siz də, mən də ilk növbədə qarnımızı doyurmağı, başımızı salamat bir damın altına salmağı, övladlarımız üçün təhlükəsiz şərait yaratmağı düşünəcəyik. Bu, çox təbii instinktdir. İndi təsəvvür edin ki, dünənə qədər parlayan səhnələrdə, böyük kino meydançalarında olan bir sənətkar qəfildən ailəsi üçün bir qarın çörək axtarmaq məcburiyyətində qalır. O depressiyanı, o dəhşətli stresi yaşamaq və buna tab gətirmək hər adamın işi deyildi.

– Onun məşhur “Şurum-burum” obrazı da məhz həmin çətinliklərdən, o ağrılı keçid dövründən doğmuşdu, yoxsa kökü daha əvvələ dayanırdı?

– Şəxsi qənaətimə görə, bu obraz təkcə keçid dövrünün çətinlikləri ilə bağlı deyildi, kökü birbaşa atamın öz uşaqlığına dayanırdı. Müşahidə etmişəm ki, bizim bir çox komediya aktyorlarımızın uşaqlığı olduqca ağır keçib. Amma atamın uşaqlığı xüsusilə çətin olub desəm, heç də şişirtmiş olmaram.

O, 1954-cü ildə doğulub. İkinci Dünya müharibəsindən sonrakı ağır sovet illəri idi. Üstəlik, babam həddindən artıq sərt, qəddar adam olub, nənəmə və uşaqlara qarşı çox ağır davranıb. Atam da evin böyük oğlu olduğu üçün balaca qardaşının və bacısının qayğısına qalmaq yükü həmişə onun çiyinlərində olub. Bir sözlə, öz uşaqlığını yaşaya bilməyib. Əslində, o, “Şurum-burum”u məhz özü kimi uşaqlığını yaşaya bilməyən balacalar üçün yaratmışdı.

– Həmin dövrün uşaqlarına həm də “itirilmiş nəsil” deyirlər…

– Bəli, tamamilə doğrudur. Atam o “Şurum-burum” obrazı ilə müntəzəm olaraq yetimxanalara, kimsəsizlər və körpələr evinə gedirdi. Daim uşaqlığını doyunca yaşamağa həsrət qalan balacaların yanında olmağa çalışırdı. Düşünürdü ki, kimsə mütləq bu uşaqlarla məşğul olmalıdır.

Baxın, bu gün 2026-cı ildir və Mədəniyyət Nazirliyi də prioritet mövzu kimi uşaq filmlərinin çəkilməsini önə çəkir. Artıq təkcə dövlət qurumları deyil, özəl sektor da, valideyn olan hər bir vətəndaş da dərk edir ki, uşaqlara xüsusi diqqət və qayğı lazımdır. Çünki cəmiyyət olaraq biz oradan yetişməyə başlayırıq. Bu gün bizim uşaq filmlərimiz, milli qəhrəmanlarımız yox dərəcəsindədir. Mənim balaca qızım var deyə, müasir cizgi filmi qəhrəmanlarının hamısını tanıyıram. Axı niyə bizim uşaqlarımız “Kroş”u, “Romi”ni, yaxud bizim vaxtımızdakı “Pikaçu”nu sevməlidir, amma öz “Cırtdan”ımızı sevməməlidir?

– 90-cı illərdə yaranan “Şurum-burum” ilk dəfə nə vaxt televiziya efirinə çıxdı?

– Obraz 90-cı illərin əvvəlində yaransa da, efirə 1996-1997-ci illərdə çıxmağa başladı. Amma burada çox incə bir nüans var. Hamını ümumiləşdirmək istəmirəm, lakin bu gün “kloun” deyəndə 99 faiz hallarda adamın ağlına mənasız yerə yıxılıb-duran, şar şişirdən, şablon gülməli hərəkətlər edən personajlar gəlir.

Bəs “Şurum-burum” nə edirdi? O, bir saatlıq canlı efirdə uşaqlara tapmacalar deyirdi, onlarla intellektual oyunlar oynayırdı, balacaların beynini işlətməyə çalışırdı.

– Bir növ, ənənəvi meydan tamaşası üslubunda...

– Bəli, tamamilə meydan tamaşası üslubunda idi. Çünki veriliş interaktiv keçirdi, canlı yayıma zənglər gəlirdi. “Şurum-burum”un digər klounlardan ən böyük fərqi onda idi ki, o, sadəcə yıxılıb-durmaqla güldürən bəsit obraz deyildi. Onun məqsədi uşaqla uşaq dilində danışıb onun zəkasını, dünyagörüşünü inkişaf etdirmək idi.

İnanın, bu gün, 2026-cı ildə də bizim “Şurum-burum”a ehtiyacımız var. Düzdür, bu sahədə müəyyən addımlar atılır, daha çox iş görülməsi üçün müxtəlif layihələr, müsabiqələr keçirilir və bütün bunlar təqdirəlayiqdir. Amma gəlin özümüzə sual verək: bu dəqiqə Azərbaycan uşaqlarının sevəcəyi milli obrazımız hansıdır?

– Uzun illər ciddi dövlət teatrlarında çalışan, sanballı obrazlar yaradan bir sənətkarın sonradan səhnəyə kloun qiyafəsində çıxması və daha çox belə xatırlanması ona necə təsir edirdi? Ümumiyyətlə, bu məqama əhəmiyyət verirdimi?

– Bilirsiniz, bu, məsələyə hansı pəncərədən baxmağınızdan asılıdır. Atamın baxdığı pəncərədən bu, qətiyyən sarsıdıcı və ya kompleks yaradacaq hadisə deyildi. Onun nəzərində Rusiyanın ən məşhur teatr salonunda Hamlet oynamaqla “Şurum-burum” kimi kloun obrazını canlandırmaq arasında heç bir fərq yox idi. Çünki o, peşəkar aktyor idi və hər ikisinə sadəcə obraz kimi baxırdı.

Hətta bəlkə də, “Şurum-burum” Rusiyadakı Hamletdən daha böyük missiya yerinə yetirirdi. Çünki Hamlet artıq formalaşmış, yetkin insanlara xitab edir, “Şurum-burum” isə nəzarətsiz böyüyən, qayğıya və tərbiyəyə ehtiyacı olan uşaqlara mesaj ötürürdü. Uşaqlar mənim üçün də çox həssas mövzudur. Küçədə gedərkən hansısa uşağın ayağına daş dəydiyini görsəm, özümü qabağa ataram ki, təki o əzilməsin. Axı uşaq çox incədir, köməksizdir, onun hələ bütün həyatı qarşıdadır. Atam da məsələyə məhz bu həssaslıqla yanaşırdı. O, “mən kloun oldum” deyə düşünmürdü, “uşaqlarla məşğul olmaq üçün yeni bir obraz yaratmışam” deyirdi. Ona görə də bu status ona heç vaxt pis təsir etmirdi.

– Bəs cəmiyyətin münasibətində bu hiss olunurdumu? Bizdə bəzən klouna qarşı bir az yuxarıdan aşağı baxmaq, “neyləmisən e, Şurum-burumsan da” kimi lağlağı münasibət olur. Atanıza qarşı belə yanaşmanın şahidi olmusunuz?

– Tam səmimiyyətimlə deyirəm ki, bizdə heç vaxt elə münasibət olmayıb. Bir dəfə də görməmişəm ki, kimsə ona “sən klounsan” deyib keçmişinə və ya işinə kölgə salsın. Əksinə, metroda, ictimai nəqliyyatda, küçədə insanların ona yaxınlaşıb əlini sıxdığını, “çox sağ ol ki, uşaqlarımız üçün bu işi görürsən” deyə təşəkkür etdiyini görmüşəm.

– 90-cı illərin ağır keçid dövründə bir çox sənət adamları dolanışıq üçün müxtəlif işlərdə çalışırdılar, bəziləri ofisiantlıq edir, bəziləri də toylara tamada kimi gedirdi. Atanız həmin vaxtlar toylarda tamadalıq edirdimi?

– Çox əvvəllər, mənim heç xatırlamadığım dövrdə bir neçə dəfə gedib. Onu da sonradan eşitmişəm. Amma sizə deyim ki, atam, ümumiyyətlə, məclis adamı deyildi, təbiətcə introvert insan idi. Qapalı deməzdim, məhz introvert idi. Əslində, səhnədə parlayan aktyorların 90 faizi real həyatda çox sakit, öz küncünə çəkilib yaradıcılıq duyğusu ilə yaşayan insanlar olurlar.

Atam da elə idi, səs-küylü məclislər onun üçün əsl işgəncəyə çevrilirdi. Düzdür, tamaşaçılar onu çox sevdiyi üçün toylara aparıcı kimi yüksək qonorarla dəvət edirdilər. Amma davam gətirə bilmədi. Eşitdiyimə görə, toyların birində onun xoşuna gəlməyən bir hadisə baş verib və həmin gündən sonra qəti şəkildə deyib ki, mən bir də toy məclisinə getməyəcəyəm.

– Övladlarına bu qədər ciddi ədəbiyyat siyahısı tərtib edən adam, şübhəsiz ki, özü də dərin intellekt sahibi olub. Bəs Fərman bəy özü nə oxuyurdu, stolüstü kitabları hansılar idi?

– Çox mütaliəli insan idi. İndi fikirləşirəm ki, bu gün hər bir məlumat sözün əsl mənasında əlimizin altındadır. İstənilən kitabı 15 saniyə ərzində PDF formatında telefonumuza, kompüterimizə yükləyib oxuya bilirik.

Amma o dövrü təsəvvür edin, hansısa konsert yazısını əldə etmək üçün Moskvaya əllə məktub yazıb poçtla göndərirdilər, oradan kaset gəlirdi, hamı yığışıb həmin kasetə baxırdı. Yaxud Moskvadakı hansısa tanışın yolu İsveçrəyə düşəndə oradan min bir əziyyətlə bir kitab tapıb gətirirdi. İnformasiya qıtlığının olduğu belə bir dövrdə o qədər biliyə sahib olmaq əsl dahilik idi. Atam rus dilində ana dili kimi səlis danışırdı, dünyada hər şeydən xəbəri var idi.

Azərbaycan ədəbiyyatını çox dərindən bilirdi, amma stolüstü kitabları əsasən fəlsəfi əsərlər idi. Tibet və Çin fəlsəfəsi, eləcə də insan energetikası ilə çox yaxından maraqlanırdı. Əslində, energetika mövzusu həm də onun keçdiyi rus aktyor məktəbindən irəli gəlirdi, o məktəbdə aktyorun enerji axınını bilməsi vacib şərtdir. Bundan başqa, səmavi dinləri, “Bhaqavad-Qita”dan tutmuş krişnaizmə qədər müxtəlif təlimləri mütaliə edirdi. Xüsusilə də buddizmi çox dərindən araşdırır və öyrənirdi.

– Yeri gəlmişkən, internet resurslarında Fərman bəyin sonradan xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar yer alır. Yazılır ki, guya əvvəl müsəlman olub, sonradan araşdıraraq xristianlığa keçib. Onun dinə yönəlməsi də elə bu fəlsəfi axtarışları ilə bağlı idi?

–Bizim bir tərəfimiz şəkilidir, digər tərəfimiz isə qaxlı. Bilirsiniz ki, Azərbaycanın şimalında – Qax rayonunda ingiloylar, yəni xristian dininə mənsub gürcülər yaşayırlar. Atamın anası da ingiloy olub.

Amma burada bir sual ortaya çıxır ki, xristian və ya müsəlman olmaq nə deməkdir? İnsanın hansısa coğrafiyada doğulması onun avtomatik olaraq dindar olması mənasına gəlmir. Məsələn, bu gün özünə müsəlman deyən, amma dinin şərtlərinə əməl etməyən kifayət qədər insan var. Sadəcə, azərbaycanlı olduğu üçün cəmiyyət onu müsəlman kimi qəbul edir. Düzü, yadımda qaldığı qədərilə, nənəmin də dindar olduğuna inanmıram. Sadəcə, ingiloy olduğu üçün mədəni və etnik baxımdan xristian mühitinə aid idi. Əsl xristian olmaq üçün insan gərək dini ayinlərə qatılsın, hər bazar günü kilsəyə getsin, dua etsin, evində xaç assın. Necə ki yeyib-içib əylənən, namaz qılmayan adama kamil müsəlman demək çətindirsə, bu məsələ də elədir. Atam heç vaxt boynundan və ya evdən xaç asmayıb, kilsə ayinləri icra etməyib.

– Yəni sonradan xristianlığı qəbul etməsi barədə yazılanlar həqiqəti əks etdirmir?

– Bunlar çox həssas mövzulardır. Kimin qəlbində nə olduğunu axıra qədər bilmək olmaz. Sadəcə, mən indi oğlu kimi durub desəm ki, yox, atam dinsiz idi, bu dahamı yaxşı səslənəcək?

Mən sizə ən doğru cavabı verim: atam tamamilə müasir düşüncəli, modern bir insan idi. Müasir aydınların dini baxışı necə olursa, onun da yanaşması elə idi. Məncə o Allaha, yaradıcı bir qüvvəyə inanırdı lakin səmavi dinlərə sadecə hörmətlə yanaşırdı. Heç bir dinə mənsub deyildi. Bütün səmimiyyətimlə deyirəm ki, atama xristian demək düzgün deyil. Atam dar dini çərçivələrə sığmayan, çox ailəcanlı və tamam başqa, geniş dünyagörüşünə sahib bir insan idi.

– Atanızın kilsəyə gedib-gəldiyi vaxtlar olubmu?

– Bəli, olub. Biz Xətaidə yaşayırdıq və evimizin düz 50-100 metrliyində katolik kilsəsi yerləşirdi. Yenə deyirəm, həmin dövrdə mən hərbi xidmətdə idim, amma eşitmişəm ki, bir neçə dəfə gedib həmin kilsədə oturub, Allaha dua edib.

– Bu ziyarətlər hansı dövrə təsadüf edirdi? Bunu başqa dinə keçid kimi qiymətləndirmək olarmı?

– Xeyr, buna qətiyyən başqa dinə keçid demək olmaz. Çünki o adam dindar deyildi, aktyor idi. Məncə, onu ifadə edən ən gözəl söz elə budur, o, dindar deyil, aktyordur, sənət adamları bu ifadənin alt qatını çox yaxşı başa düşərlər. Bütün dinlərə dərin hörməti olan müasir düşüncəli insan idi, amma tutduğu yol din yolu deyildi.

Sadəcə, insan dar günə düşəndə, ağır xəstəliklə üzləşib ömrünün son günlərini yaşadığını anlayanda, istər-istəməz, sığınmağa bir ümid yeri, yaradana pənah aparmağa bir məkan axtarır. Onun da evinə ən yaxın ibadətgah həmin kilsə olduğu üçün ora gedib. Yəni bu o demək deyil ki, 2000-ci ildə məscidə gedirdi, ömrünün sonunda, 2013-cü ildə fikrini dəyişib kilsəyə üz tutdu. İnanın, evin yaxınlığında məscid olsaydı, məscidə gedəcəkdi. Yeri gəlmişkən, vaxtaşırı məscidə də gedib. Ona görə də bunu hansısa dinə keçid kimi təqdim etmək tamamilə yanlışdır.

– Bəs bu məsələnin mətbuatda “dini keçid” kimi təqdim olunması necə ortaya çıxmışdı? Özünün bu barədə hansısa açıqlaması olmuşdumu?

– Yəqin ki, bəzi jurnalistlərin təxəyyülüdür. Bildiyim və xatırladığım qədərilə, özünün bu barədə heç vaxt rəsmi açıqlaması olmayıb.

– Ümumiyyətlə, atanızla təkcə din barədə yox, mənəvi-fəlsəfi mövzularda, həyata baxışla bağlı söhbətləriniz olurdumu?

– Əlbəttə, olurdu. Amma düzünü desəm, mən onunla həyat fəlsəfəsini dərindən müzakirə edəcək yaşa çatmamışdım. O dünyasını dəyişəndə 58 yaşı var idi, mənim isə cəmi 22. Buna baxmayaraq, mənimlə oturub söhbət edir, həyata baxışımla maraqlanırdı. Həmin söhbətlərdə də dindar və ya dinsiz olmaqdan deyil, daha çox yaxşı insan olmaqdan, xeyirlə şərdən danışırdı.

– Xarakter etibarilə mübahisə zamanı qarşı tərəfin fikri ilə razılaşan adam idi, yoxsa ancaq öz bildiyini edirdi?

– Çox ədalətli insan idi. Əgər qarşısındakı adam məntiqli arqument gətirirdisə və atam sizin daha haqlı olduğunuzu görürdüsə, tərəddüd etmədən, yüz faiz sizinlə razılaşardı.

– Bayaq qeyd etdiniz ki, 1994-cü ildə içkini birdəfəlik tərgitdi. Həmin dövrdə bu vərdiş ailədə ciddi problemlər yaradırdımı? Necə oldu ki, belə qəti qərar verdi?

– Bəli, çox içən adam ailədə nə qədər problem yarada bilərsə, bir neçə dəfə elə çətin vəziyyətlər yaşanmışdı. Bir gün anladı ki, vəziyyət çox ciddi məcraya gedir və öz əli ilə hər şeyi uçuruma aparır. Başa düşdü ki, həm karyerasında, həm ailəsində, həm səhhətində, həm də reputasiyasında geri dönüşü olmayan ciddi problemlər yarana bilər. Bunu dərk etdiyi an anama söz verdi və həmin gündən birdəfəlik dayandı.

– Bəs ailəyə bağlılığı, qadınlara münasibəti necə idi? Çünki bəzi sənət adamlarının şəxsi həyatı bu baxımdan kifayət qədər qalmaqallı olur...

– Qətiyyən! Atam ailəcanlı, evinə bağlı insan idi. İnanın, bu dəqiqə kimsə çıxıb desə ki, mən Fərman Şəkilinin nikahdankənar olan övladıyam, hətta DNT testi belə eyni çıxsa, yenə də inanmaram. O dərəcədə ailəsinə sadiq, tamam başqa əxlaqda və dünyagörüşündə olan adam idi.

– Həmin illərdə maddi dolanışığınız necə idi?

– Zəif idi. Bir aktyor Azərbaycanda 1990-cı və 2000-ci illərdə necə dolana bilərdisə, biz də elə yaşayırdıq. Bizim kino və teatr sektorunda yalnız indi-indi müəyyən maliyyə dövriyyəsi yaranmağa başlayıb.

– Bu gün kino və teatr camiəsinin Fərman Şəkiliyə, onun xatirəsinə olan münasibəti sizi qane edirmi?

– Çox yaxşıdır, əlbəttə, qane edir. Bu gün sənət aləmində hər kəs ona ustad, müəllim kimi yanaşır.

– Siz 2008-2012-ci illərdə İncəsənət Universitetində təhsil almısınız. Tələbəlik illərinizdə bir rejissor kimi ilk addımlarınızı atanda atanız sizə dəstək verirdimi, çəkilişlərinizə gəlirdimi?

– Atam elə mənim ilk tələbəlik filmimdə çəkilib. Universitetin ikinci kursunda oxuyarkən “Özgə günah” adlı qısametrajlı film çəkmişdim. Orada atam mənim obrazımın qocalığını canlandırmışdı. Həm aktyor kimi kamera qarşısına keçib oynamışdı, həm də materiala baxıb öz peşəkar məsləhətlərini vermişdi ki, bax, filan səhnəni belə etsən, daha yaxşı alınar.

– Sizin rejissor işinizdən, ümumilikdə filmdən razı qalmışdı?

– Çox çətin sualdır, çünki bunu özündən heç vaxt soruşmamışam. Amma düzü, tam razı qaldığına inanmıram. Çox gənc idim, çəkdiyim iş də həmin yaşıma görə, bəlkə, normal sayıla bilərdi, amma peşəkar baxımdan çox bəsit idi.

Əslində, mənim bir peşəkar kimi atamla bölüşəcəyim məsələlər, məsləhətləşəcəyim işlər elə o dünyasını dəyişəndən sonra başladı. 22 yaşa qədər bir gənc atası ilə nə bölüşə bilər ki? Əsas söhbətlərimiz, qərarlarımız ondan sonrakı dövrə düşdü. Kaş Allah ona bir az da ömür verəydi, bu günlərimizi görəydi...

O insan uşaqlıqdan ömrünün son gününə qədər yalnız çətinliklərlə mübarizə apardı, gəncliyi də, yetkinliyi də ağır keçdi. Bizim ayağa qalxdığımız, uğur qazandığımız bu dövrü isə görə bilmədi. Sağ olsaydı, indi, bəlkə də, onun üçün şəxsi sürücü ayırmışdıq, çəkilişlərə rahat gedib-gəlirdi. O, həm özü üçün, həm də bizim üçün ən lazım olan vaxtda həyatdan köçdü.

Bilirsiniz ki, atam 2013-cü ildə rəhmətə getdi, düz bir il sonra, 2014-cü ildən etibarən Azərbaycanda kommersiya kinosu sürətlə inkişaf etməyə, sektorda ciddi məbləğlər dövr etməyə başladı. Sağ qalsaydı, o yaşda və o fakturada olan peşəkar aktyora böyük ehtiyac olacaqdı, bütün rejissorlar ona müraciət edəcəkdilər. Təəssüf ki, bunların heç birini görmədi...

# 44 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda tanınmış aparıcı yol qəzasında öldü

Bakıda tanınmış aparıcı yol qəzasında öldü

10:07 23 noyabr 2026
Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

14:00 22 noyabr 2026
Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər