Kulis.az yəhudi əsilli ABŞ yazıçısı,ədəbiyyat üzrə Nobel mükafatı laureatı İsaak Başevis-Zingerin sitatlarını təqdim edir.
İki mühüm şey var: insanlara səmimi maraq göstərmək və onlara qarşı xeyirxah olmaq. Mən kəşf etmişəm ki, xeyirxahlıq hər şeydir.
*
Səy göstərməyə hazır olanları böyük möcüzələr və ecazkar xəzinələr gözləyir.
*
Biz azad iradəyə inanmalıyıq - başqa seçimimiz yoxdur.
*
Bu, ümumi bir qaydadır ki, həqiqət zərrəsi tapılmayanda insanlar yalanı böyük tikələrlə udurlar.
*
Bütün bu alimlər, filosoflar, dünya liderləri sizin kimilər haqqında nə bilirlər ki? Onlar özlərini inandırıblar ki, bütün növlər arasında ən böyük günahkar olan insan yaradılışın tacıdır. Bütün digər canlılar isə guya yalnız onu qida, xəz ilə təmin etmək, işgəncəyə məruz qalmaq və məhv edilmək üçün yaradılıb. Onlara münasibətdə bütün insanlar nasistdirlər, heyvanlar üçün isə bu, əbədi bir Treblinkadır. İnsanlar zülmü yalnız özləri qurban olanda aydın görürlər. Əks halda isə kor-koranə və düşünmədən zülm edirlər.
*
Başqasına xəyanət edəndə özünə də xəyanət etmiş olursan.
*
Əgər daim hər şeyin pis olacağını desən, peyğəmbər çıxmaq şansın böyükdür.
*
Həyat Tanrının romanıdır. Qoy onu Özü yazsın.
*
Bir gün keçib gedəndə artıq yox olur. Ondan nə qalır? Sadəcə bir hekayə. Əgər hekayələr danışılmasaydı və kitablar yazılmasaydı, insan heyvanlar kimi yalnız bu günlə yaşayardı.
*
İnsanlar günahsız canlıların qanını tökdükcə, insanlar arasında nə sülh, nə azadlıq, nə də harmoniya ola bilər. Qırğın və ədalət bir yerdə yaşaya bilməz.
*
Nə vaxt dara düşsəm, dua edirəm. Həmişə darda olduğum üçün isə demək olar ki, fasiləsiz dua edirəm.
*
İçimizdə əbədi bir yaddaşsızlıq kök salıb, necə ki yuxularımızı unuduruq, bəzən reallığımızı da eləcə unuduruq.
*
İnsanın nə düşündüyünü bizə dediklərindən deyil, əməllərindən bilirik.
*
İnsan mərhəmət üçün dua edir, amma onu başqalarına göstərməyə həvəsli deyil. Elə isə insan Tanrıdan niyə mərhəmət gözləməlidir? Verməyə hazır olmadığın bir şeyi gözləmək ədalətsizlikdir.
*
Ədəbiyyat bəşəriyyətin yaddaşıdır.
*
Gecə sərtlik, eyni zamanda mərhəmət vaxtıdır. Elə həqiqətlər var ki, onları yalnız qaranlıqda görmək mümkündür.
*
Mən öz sağlamlığım üçün deyil, toyuqların sağ qalması üçün vegetarian olmuşam.
*
İnsanlar tez-tez deyirlər ki, bəşəriyyət həmişə heyvanları yeyib, sanki bu, həmin əməli davam etdirmək üçün bir bəraətdir. Bu məntiqə görə, biz insanların bir-birini öldürməsinin də qarşısını almamalıyıq, çünki bu da ən qədim zamanlardan bəri baş verir.
*
Başqalarının nə etdiyini nə qədər çox görsən, özün haqqında bir o qədər çox öyrənərsən.
*
Bəzən sevgi insanın əqidəsindən daha güclü olur.
*
İnsan əlində bıçaq və ya tüfənglə özündən zəif olanları məhv etdikcə ədalət olmayacaq.
*
Biliyimiz ucsuz-bucaqsız cəhalət okeanında kiçik bir adadır.
*
Tanrının dəyirmanında saman belə una çevrilir.
*
İnsanı nə qədər çox tanısan da, yenə də kifayət qədər tanımırsan.
Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı