Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.
Müasir rəqəmsal dövrdə sosial şəbəkələr təkcə informasiya mübadiləsi meydanı deyil, həm də cəmiyyətin bir hissəsinin gizli qalmış psixoloji travmalarının, basdırılmış aqressiyasının və daxili boşluqlarının güzgüsünə çevrilib. Hansısa xəbər paylaşımının altındakı şərhləri oxuyanda qanım donur: görəsən, insan övladı nə vaxt bu qədər daşürəkli, nə vaxt bu qədər mərhəmətsiz və nə vaxt başqasının sevincinə bu dərəcədə düşmən kəsildi?
Ötən gün gənc və tanınmış televiziya aparıcısı Ada Süleymanova öz doğum gününü qeyd etdikdən sonra dəhşətli avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib. sarsıdıcı xəbərdir. Həyatının ən gözəl çağında, arzularının astanasında bir insanın həyatına nöqtə qoyulması böyük faciədir. Lakin bu faciənin özündən də dəhşətli bir mənzərə var: o xəbərin və onun ad günündən paylaşılan son kadrların altına yazılan nifrət püskürən şərhlər.
İnsan həyatını itirib, ailəsi qan ağlayır, yaxınları şokdadır, amma klaviatura arxasında oturan bəzi "əxlaq keşikçiləri" və "həyat müəllimləri" hələ də mərhumun ad günündə niyə güldüyünü, niyə əyləndiyini, niyə şənlik etdiyini mühakimə edirlər. Qeyri-insani, kin və nifrət püskürən rəylər adamı dəhşətə gətirir. Bu nə kindir, nə beyinsizlikdir?
Kim öz ad günündə ağlayır ki? Hansı normal insan ömrünün yeni bir ilini qarşılayanda yas tutur, qara geyinib kədərə qərq olur? Doğum günü insanın dünyaya gəlişinin, varlığının, yaşamaq sevincinin bayramıdır. Hər kəs kimi o gənc aparıcı da öz özəl günündə dostları, doğmaları ilə bir yerə yığışıb, deyib-gülüb, şənlənib, həyatın ona verdiyi o bir neçə saatlıq xoşbəxtliyi yaşayıb. Sən demə, bu cəmiyyətdəki müəyyən bir kütlənin gözündə onun ən böyük "günahı" elə bu imiş: ad günü keçirə bilməsi, şənlənə bilməsi, gülməyi bacarması və bunun üçün imkanının olması!
Bəli, məsələnin kökündə dayanan ən çılpaq həqiqət məhz budur. Bizim cəmiyyətdə son illər elə bir qaramat, elə bir boğucu mühit formalaşıb ki, sanki gülmək ayıb, sevinmək günah, xoşbəxt görünmək isə bağışlanmaz bir cinayətdir. İnsanların daxilləri o qədər zəhərlənib ki, kənarda sevinən, şənlənə bilən, həyatdan zövq alan birini görəndə özlərindən çıxırlar. Özləri yaşaya bilmədikləri həyatın, qura bilmədikləri xoşbəxtliyin, əldə edə bilmədikləri imkanların intiqamını başqalarının gülüşündən alırlar.
Sosial şəbəkələrdəki bu kütləvi "ağlaşma kultu" və matəm hərisliyi əslində dərin bir sosial-psixoloji xəstəliyin əlamətidir. Daxilindəki neqativ enerjini, gündəlik həyatın stresini, uğursuzluqlarının acısını boşaltmağa yer gəzən insanlar üçün sosial media əsl meydana çevrilib. Onlar özləri kimi bədbin, özləri kimi küskün, özləri kimi həyatdan bezmiş insanları görəndə rahatlıq tapırlar. Çünki başqasının dərdi onların öz dərdini unutdurur, başqasının göz yaşı onların öz acizliyinə təsəlli olur. Amma nə zaman ki, kimsə bu qaranlıq dairəni yarıb işığa çıxır, gülür, rəqs edir, ad günü keçirir, uğur qazanır - dərhal həmin kütlənin hədəfinə çevrilir. Çünki o insanın xoşbəxtliyi bunlara öz bədbəxtliklərini, daha doğrusu öz uğursuzluqlarını xatırladır.
Bunların düşüncə tərzinə görə, insan gərək daim qaşqabaqlı gəzsin, şikayətlənsin, dərd çəksin. Əgər sən kədərlisənsə, sənə "yazıq" deyib başını sığallayacaqlar. Amma əgər sən xoşbəxtsənsə, gülürsənsə, deməli, səndə nəsə "çatışmır", sən "yüngülsən", sən "ləyaqətsizsən" və mütləq başına bir iş gəlməlidir ki, bunların ürəyi soyusun. Hətta insan dünyasını dəyişəndə belə, onun faciəsinə kədərlənmək əvəzinə, "gördünüz, çox gülürdü, axırı belə oldu" deyərək öz qaranlıq dünyagörüşlərinə haqq qazandırmağa çalışırlar. Bu, artıq empatiya hissinin tamamilə ölməsi, insanlıqdan uzaqlaşmaq deməkdir.
Həyatın nə qədər qısa və gözlənilməz olduğunu məhz bu cür faciələr bizə bir daha xatırladır. Bu gün varıq, sabah yoxuq. Bu gün nəfəs alırıq, gülürük, planlar qururuq, bir saniyə sonra nə olacağını isə heç kim bilmir. Belə bir fanilik içində insanın yaşadığı hər xoş an, dostları ilə keçirdiyi hər şən dəqiqə onun bu dünyada qazana biləcəyi yeganə sərvətdir. O gənc xanım da ömrünün son saatlarını sevdiyi insanların əhatəsində, gülərək, sevinərək keçirdi. Nə yaxşı ki, o ölümünü məhz dolu yaşayıb qarşıladı.
Amma bu sadə həqiqəti anlamaq üçün insanın qəlbində zərrə qədər də olsa işıq olmalıdır. İçi kinlə, həsədlə, qaramatla dolmuş beyinlər başqasının işığını görə bilməz, yalnız o işığı söndürməyə çalışar. Ölünün arxasınca belə nifrət qusmaq, bir gənc qadının son sevincini ona çox görmək nə dinə sığır, nə milli mentalitetə, nə də adi insanlıq əxlaqına.
Biz cəmiyyət olaraq bu qaramatlıqdan, bu "matəm sevgisindən", başqasının xoşbəxtliyinə dözümsüzlük xəstəliyindən xilas olmalıyıq. Gülmək qəbahət deyil, əylənmək günah deyil, həyatı sevmək, onu dolu-dolu yaşamaq cinayət deyil. Əsl qəbahət və əsl faciə başqasının sevincinə sevinə bilməmək, insanın ən ağrılı günündə belə onun bir az əvvəlki gülüşünə nifrət etməkdir.