Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri

Bir dəqiqəlik kefə uduzmuşuq… - Gülay Tahirlinin yeni şeirləri
5 may 2026
# 15:00

Kulis.az Gülay Tahirlinin yeni şeirlərini təqdim edir.

Hərdən xatırlayıram və deyirəm ki,
Lənət sənə, Pandora!
Sənin marağınamı yenildi bütün dünya?!

Sevgili Kron!
Zevs bilib udduğun daş
Hamımızın başına düşdü.
Aşına tökdüyün zəhər
Hamımızın qaşığına düşdü.
Səndən bu tərəfə insanlığın “kül” dövründəyik.
Palıd ağacının altındakı xorultunda
Bir qaşıq bala uduzmuşuq…
Bir dəqiqəlik kefə uduzmuşuq…

Adəm babam, Həvva nənəm,
Niyə sizin cəzanızı çəkən mənəm?
Dünya bir həbsxana,
Bizlərsə məhkum…
Qabildən sonra hamımızın qanında “qan” var…
Xoşbəxtlik-filan deyib aldadırlar başımızı,
İnanan var, aldanan var…

Zəncirlənmiş Prometey!
Bir ovuc odu bayraq edib,
Özünü insanların dostu sanma!
Lənət olsun sənin göz yaşlarına qarışıb
Yoğrulduğum günə!

Mənim ciyərimi qartal didsəydi,
Sevinərdim, Prometey!
Mənim ciyərimi sevdiyim adamlar diddi,
Daha Herakl da tapa bilməz
Ruhumun bircə tikəsin!
Tapa bilməz, Prometey!

***


Gedin, bütün adamlar!
Sizlərlə yarım qalmaqdansa,
Tənhalığımla bütün olaram!

Adımı bilmək,
Üzümü seçmək
Məni tanımaqdır məgər?

And içərəm bütün quşların dən ümidinə,
Tora salınan balıqların yem sevincinə,
Göy üzünün mavisinə,
Bəyazına…
Məni tanıyan kimsə olmadı bu həyatda.

Ruhumdan soyunub atsam bədənimi,
Yenə yad olaram qardaşıma, bacıma…
Mən ortaq istəmirdim ağrıma, acıma,
Allah versin öz əlacıma…

Sadəcə tanınmaq, bilinmək arzusu…
Sözdən, bədəndən, maddədən uzaq…

Azərbaycan dilini deyə bilmərəm,
Həyat dilində
Heç bir şəxs mənsubiyyət qəbul etmir.

HAMIMIZ TƏNHAYIQ!

***


Bir vaxtlar onu düşünüb
“Görən, necədir?” dediyin qadın,
O çırpındığın, arzuladığın qadın
Bir də görürsən, yanındadır.
Yanındadır və bilmirsən, necədir…

***

Bu gözəl göy üzünün altında
Çirkin adamlar
Elə gözəl yaşayırlar ki, Fyodor!

Bu gözəl göy üzünün altında
Gözəl adamlar elə gözəl
Yaralar daşıyırlar ki...

Bu gözəl göy üzünün altından
Ya gərək dişini sıxıb gedəsən.
Ya da bir ömür
Ürəyini sıxıb ölüm güdəsən.

Olmur, Fyodor, olmur.
Adamları daha göy üzünün
Gözəlliyinə də güzəştə getmək olmur…


# 1108 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər