"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə
7 sentyabr 2026
# 12:00

Bu gün sol ayağından başqa bütün bədəni iflic olan, əzmkarlığı və iradəsi ilə tarixə düşən irlandiyalı yazıçı, şair və rəssam Kristi Braunun anım günüdür.

Kulis.az onun məşhur "Sol ayağım" əsərindən bir hissəni təqdim edir.

Anam ayağımla "A" hərfi çəkməyi öyrətdikdən sonra demək olar ki, bütün əlifbanı eyni üsulla öyrətməyə başladı. O, özünə möcüzəli şəkildə verilən fürsətlərdən yararlanmağa və danışaraq olmasa da, yazılı sözlər vasitəsilə ünsiyyət qurmağıma kömək etməyə qərar vermişdi.

Onun bu işə başlaması ilə bağlı xatirələrim olduqca aydındır. Ev işləri ilə çox məşğul olmadığı hər gün məni yataq otağına aparar və hər dəfə bir hərf olmaqla, mənə öyrətmək üçün saatlarını sərf edərdi. Bir parça təbaşirlə hər hərfi döşəməyə yazardı. Sonra onları silgi ilə silər və ayaq barmaqlarım arasındakı təbaşirlə yaddaşımdan təkrar yazmağımı istəyərdi. Bu, hər ikimiz üçün çətin iş idi. Bir sözü düzgün yazıb-yazmadığımı yoxlamaq üçün onun gəlməsini istəyib inildədiyim vaxtlarda o, adətən axşam yeməyi hazırlayırdı. Əgər səhv etmişdimsə, əlləri unlu halda diz üstə çökər və mənə doğrusunu necə yazmağı göstərərdi. Xatırlayıram ki, yazmağı öyrəndiyim ilk şey ad və soyadımın baş hərfləri idi: "C. B." Lakin əksər vaxtlarda qarışdırar, "B" hərfini "C"dən əvvəl qoyardım. Nə vaxt kimsə adımı soruşsa, bir parça təbaşir götürər və zəfər ədasıyla "C B" yazardım.

Daha sonralar təkcə iki baş hərfi deyil, adımın tamamilə yazmağı öyrəndim. Bunu bacaranda özümlə çox qürur duymuşdum. Özümü olduqca vacib hiss etmişdim. Altı yaşımda olanda təkcə öz adımı yazmaqdan artıq yorulmuşdum. Başqa bir şey etmək istəyirdim, daha böyük bir şey. Ancaq bacarmırdım, çünki oxuya bilmirdim. Oxumağın nə demək olduğunu belə bilmirdim. Tək bildiyim o idi ki, Cim bunu edə bilirdi, Toni bunu edə bilirdi, Mona və Piter bunu edə bilirdi. Deyəsən, qısqanırdım.

Yavaş-yavaş və çox əziyyətlə iyirmi altı hərfin hamısını anamla birlikdə öyrənib qurtardım və növbə ilə hər birinə yiyələndim. Yanımda oturub mənə dərs verdiyi vaxtlarda diqqətlə dinləməyim və izləməyim anama böyük cəsarət verirdi. Diqqətim nadir hallarda yayınırdı.

Qış axşamlarının birində böyük ocağın qarşısındakı hündür stulda oturduğumuzu xatırlayıram. Körpə ocaq daşının o biri tərəfində beşikdə yatırdı. Atam kərpicçilərin iclasında olanda, qardaş və bacılarım küçələrdə oynayır, biz ikimiz alatoran mətbəxdə tək qalmışdıq. Anam Piterin məktəb kitabını əlinə almış, qəddar ögey anaları tərəfindən qu quşuna çevrilmiş Lirin kasıb uşaqları və Diarmud, Qreyne haqqında, toxunduğu hər şeyi qızıla çevirən kral barədə kiçik hekayələr oxuyurdu. Kölgələr otağı qaranlıqlaşdırana və kiçik İmon yuxusunda tərpənib ağlayana qədər oxumağa davam etdi. Sonra ayağa qalxıb işıqları yandırdı. Sehr pozuldu və illüziya yoxa çıxdı.

Əlifbanı bilmək qələbənin yarısı idi, çünki tezliklə hərfləri bir araya gətirib kiçik sözlər düzəldə biləcəkdim. Bir müddət sonra sözləri necə birləşdirib cümlələr quracağımı anlamağa başladım. Öyrəşirdim. Ancaq eşidildiyi qədər asan və ya sadə deyil idi. Anamın onsuz da məndən başqa qayğısına qalmalı olduğu yeddi uşağı da var idi. Xoşbəxtlikdən, bacım Lili – ya da digərlərinin ona taxdığı adla Tiç – ilə aralarında əsl yardımlaşma var idi. Bizim böyüyümüz olan Lili çəmbərin kiçik anası idi; qara qıvrım saçları və parıldayan gözləri olan kiçik, arıq bir uşaq idi. Bəzən çox şirin ola bilərdi, kiçik bir mələk idi. Amma əsəbiləşəndə heç də mələyə bənzəmirdi. Anamın çətin vəziyyətini istənilən yetkin qadından daha tez anlamış və reaksiya vermişdi. O, digərlərinə baxmaqla məşğul olurdu ki, anam mənə daha çox vaxt ayıra bilsin. Yeməkləri bişirir, kiçikləri yuyundurur və geyindirir, böyüklərin isə hər səhər məktəbə getməzdən əvvəl qulaqlarının arxasını yuyub-yüymədiklərinə əmin olurdu. Arxamızca həvəsli bir kölgə kimi sürünürdü, çünki Cim və ya Toni adətən mətbəxə çəkingənliklə girib Lilinin əzmkar ev xanımlığına göz yetirirdilər.

Hələ də aydın danışa bilmirdim, amma artıq ailə üzvlərinin təxminən başa düşə biləcəyi bir cür dilim yaranmışdı. Çətinlik çəkəndə və nə demək istədiyimi anlamayanda döşəməni işarə edir və sol ayağımla sözləri yazırdım. Yazmaq istədiyim sözlərin hərflərini tapa bilməyəndə əsəbiləşirdim və bu, daha da mənasız donquldanmağıma səbəb olurdu.

Yeddi yaşımda olanda çox danışmasam da, artıq təkbaşına anamın qab-qacağını qırmadan ombamın üstündə iməkləyərək yerimi dəyişə bilirdim. Ayaqqabı və ya ayağıma geyinmək üçün başqa hər hansı bir şey istifadə etmirdim. Anam çılpaq ayaqla çox baxımsız göründüyümü deyərək, kiçik yaşlarımdan ayağıma nəsə geyinməyə öyrəşdirməyə çalışırdı. Ancaq ayağıma nə geyindirdisə, dərhal yenidən atırdım. Ayağımın bağlanmasından nifrət edirdim. Anam ayağıma corab və ya ayaqqabı keçirəndə normal insan əlləri arxasına bağlandığı zaman necə hiss edirsə, mən də elə hiss edirdim.

Zaman keçdikcə sol ayağıma daha çox bağlandım. O, ailəmə özümü izah etməyim üçün əsas ünsiyyət vasitəm idi. Yavaş-yavaş mənim üçün əvəzedilməz oldu. Bununla belə, evdəkilərlə aramdakı bəzi maneələri aşmağı öyrəndim. O, içində olduğum həbsxananın qapısının tək açarı idi.

Döşəməyə nəsə yazanda eynilə anamın mənə öyrətdiyi kimi yerə tüpürüb, dabanımla sürtərək silmək, sonra isə yaddaşımdan təkrar yazmaq adətim olmuşdu. Altı yaş yarımlıq olar-olmaz, bir gün məhəllə həkimi futbol oynayarkən biləyi burxulan qardaşımı ziyarətə gəldi. Aşağı düşəndən sonra həkim məni barmaqlarımın arasındakı təbaşirlə yazı yazarkən gördü. Çox təəccüblənmişdi. Anama mənim haqqımda suallar verməyə başladı; mənim deyilən hər şeyi başa düşdüyümü göstərməyimdə çox israrlı idi. Anam məni masanın üstünə oturtdu və həkimdən mənim üçün nəsə yazmağımı xahiş etməsini istədi. Bir anlıq düşündü, sonra çantasından böyük qeydiyyat dəftərini çıxarıb mənə böyük qırmızı qələm verdi və dəftərə adımı yazmağımı xahiş etdi.

Qələmi ayaq barmaqlarımın arasına aldım, dəftəri özümə tərəf çəkdim, özümü hazırladım və yavaşca böyük hərflərlə adımı yazdım.

– "Əla!" – deyə o, sözə başladı. – "Çox təəccübləndim, Braun xanım. Bu, həqiqətən..." Birdən dayandı, anam çaşqınlıqla utandı, çünki bir qədər tərəddüddən sonra qələmlə yazılanların təbaşirlə yazılanlar qədər asan silinmədiyini anlamadan dəftərə tüpürmüş və bütün gücümlə silməyə çalışmışdım.

Həkimi bir təbəssümlə anamın üzrxahlıqlarını elə də önəmsəmədi, başımı yüngülcə oxşayıb əla uşaq olduğumu söylədi. Daha sonra o, məni arabir ziyarət etdi və uzun illər inkişafımı maraqla izlədi.

Bu arada ailəmiz getdikcə böyüyürdü. Pilləkənin pillələri getdikcə daha yüksəyə qalxırdı. Mən də böyüyürdüm. Bədənimsə formalaşır və getdikcə iriləşirdi, ağlım da həmçinin. Anam artıq əlifba mərhələsini keçdiyimi və az qala onun müəllimlik gücünün xaricində olduğumu düşünürdü.

Anamın mənə nəsə oxuyarkən oturub dinləməsi məni artıq qane etmirdi. Piter və Mona kimi özbaşına oxuya bilmədiyim üçün narahat idim. Həm də onların etdiyini mənim də bacardığımı göstərmək həvəsində idim.

Dolma qələmdən istifadə etməyə heç vaxt alışmasam da, indi təbaşir əvəzinə adi qələmdən istifadə etməyə başladım. Bir dəfə bir neçə qonşumuz ümidlə gözləyərkən atamın ən yaxşı dolma qələmindən istifadə edərək adımı yazmağa cəhd etmişdim. Amma anamın utancına rəğmən, hər yazmağa çalışanda qələmin kağıza yapışmaqdan başqa bir işə yaramayacağını görüb iyrənərək qələmi tullamışdım.

Anam digərləri kimi məktəbə getməyimin qeyri-mümkün olduğunu bilirdi, lakin bu yolda mənə necə daha yaxşı kömək edə biləcəyi barədə narahat idi. Çünki əqli durumumun normal olduğundan əmin olmasına baxmayaraq, cahillikdən irəli gələn zehni itkilərin fiziki qüsurlarıma əlavə olunacağından çox qorxurdu.

Bu qorxu demək olar ki, daimi olaraq onun içində idi və ona işgəncə verirdi. Bunun səbəbi şikəst olduğu qədər cahil də olan bir uşağa sahib olmağın utancı deyildi. O sadəcə yaşım irəlilədikcə bu vəziyyətin gətirəcəyi mənfi cəhətləri düşünürdü. Məktəbə gedə bilməməyimin səbəb olduğu boşluqları doldurmaq üçün əlindən gələni edərək məni hər şəraitdə qardaşlarımla bərabər səviyyəyə gətirmək istəyirdi. Bunu hər gün etməyə vaxtı və ya imkanı yox idi; işsizlik, xəstəlik və başqa bir çox sıxıntının içində bizi dolandırmaq üçün çarpışarkən onsuz da işi başından aşırırdı. Belə zamanlarda gülmək çətin gəlsə də, hər necə olursa-olsun, gülməyi həmişə bacarırdı.

Anam məşğul olanda qarşılaşdığım bəzi yeni sözləri təkbaşına yazmağa çalışırdım. Atəş, rəsm, it, qapı və stul kimi evdə ətrafımda olan əşyaların adlarını yazmağa alışmışdım. Bir sözü yaza biləndə özümlə qürur duyur və nə qədər yaxşı tələbə olduğumu göstərmək üçün həmin sözləri anama da yazırdım.

Bir gün Piterin məktəb kitabında rastlaşdığım yeni bir söz üzərində təkbaşına çarpışırdım. Nəhayət, bacardım və ocağın yanındakı stulda oturub körpə qardaşımı əmizdirən anama tərəf döndüm. Axşamüstü idi, azalan aprel işığı döşəməyə müəyyən naxışlar salaraq düşür, cilalanmış masanın səthindəki çatı üzə çıxararaq parıldayırdı. Çay hələ hazır deyildi və digərləri yuxarı mərtəbədə məktəbdə öyrəndikləri oyunu oynayırdılar. Piterin kitabı qarşımda, qələm sol ayağımda, divanın kənarında büzüşüb oturmuşdum. O gün həmin sözlə təkbaşına başa çıxa bilməyəcəyimi düşünərək anamın oturduğu tərəfə bir neçə dəfə baxdım. Ancaq onun stulda yavaş-yavaş yellənərək körpəni əmizdirdiyini görüb başımı başqa tərəfə çevirdim və qarışıq hissələr içində bu sözü hər hansı bir yolla anamın köməyi olmadan təkbaşına yazmalı olduğumu düşündüm. Bir neçə dəqiqə sonra anamı yerindən oynadan, qucağındakı körpə qardaşımı isə narahat edən bir zəfər qışqırığı qopardım.

– "Nə var, Kris?" – deyə anam soruşdu. – "Körpəni oyadacaqsan."

Amma əhəmiyyət vermədim. Öz qəribə donqultumla yanıma gəlməsini istədim.

– "Yeni sözdür, elə deyilmi?" – deyə o, qollarının arasında uyuyan körpə ilə divanın küncünə doğru gələrkən soruşdu.

Gülümsədim, qələmi götürüb məni uzun müddətdir məşğul edən sözü yazdım. Bitirəndə təsdiqini almaq üçün üzünə baxdım və səhifələrin kənarında nə yazdığıma sakitcə baxdığını gördüm. Mən təlaşlanıb ayağımla onu dürtüncəyə qədər uzun müddət sakit və düşüncəli şəkildə qaldı. Döndü, əllərini üzərimə qoyub gülümsədi. Yazmağı öyrəndiyim yeni söz A-N-A idi...

Türk dilindən tərcümə: Aydan Ağayeva

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Ördək balası - Yeni hekayə

Ördək balası - Yeni hekayə

10:55 7 sentyabr 2026
Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

Omaroğlunun qayıtması - Vaqif Nəsibin hekayəsi

12:30 6 sentyabr 2026
Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

10:30 5 sentyabr 2026
"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..."  - Məşhur macar yazıçıdan sitatlar

"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..." - Məşhur macar yazıçıdan sitatlar

10:00 5 sentyabr 2026
İn-Yan - Anar Şamilin hekayəsi

İn-Yan - Anar Şamilin hekayəsi

15:00 2 sentyabr 2026
"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə,  bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə, bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

14:00 2 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər