Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı
4 sentyabr 2026
# 20:17

Kulis.az Taleh Şahsuvarlının "Çevik məsələsi: Big Bang-dan öncəni yumruqla sübut etmək olarmı?" yazısını təqdim edir.

Üzərində yaşadığımız Yer kürəsinin də daxil olduğu və hazırda genişlənməkdə olan kainatın təxminən 13,8 milyard il əvvəl son dərəcə isti və sıx vəziyyətdən genişlənməyə başladığını göstərən Big Bang modeli müasir kosmologiyanın əsas nəzəri çərçivəsidir. Amma böyük sual hələ də açıqdır: həmin ilkin vəziyyət necə yarandı? Ondan "əvvəl" nə vardı? Ümumiyyətlə, bizim bildiyimiz zaman, məkan və fiziki qanunlardan əvvəl "əvvəl" anlayışından danışmaq mümkündürmü?

Müasir elm bu suallara hələ qəti cavab vermir. Xüsusilə ən ilkin mərhələlərdə mövcud fizika nəzəriyyələrimizin sərhədləri ilə qarşılaşırıq. Biz kainatın tarixini əsasən onun bizə göndərdiyi siqnallardan - işıqdan və digər müşahidə olunan fiziki izlərdən- öyrənirik. Lakin başlanğıcın özünə yaxınlaşdıqca mövcud metodlarımızın imkanları məhdudlaşır. Deməli, elm üçün qarşıda yalnız cavab tapmaq yox, bəlkə də həmin cavaba aparacaq yeni metodları kəşf etmək vəzifəsi dayanır.

Mənim şəxsi qənaətimə görə, Big Bang kənar iradə nəticəsində baş verib. Bunun doğru və ya yanlış olması elmi mübahisənin nəticəsi deyil. Bu, mənim metafizik qənaətim və daxili inamımdır. Məhz bu inanc məni Tanrının mövcudluğunu qəbul etməyə aparır.

Əgər Allah varsa, onun mövcudluğu bizim ona münasibətimizdən asılı deyil. Bu dünyada yaşamış və yaşayacaq bütün insanlar bir yerə yığışıb "Allah yoxdur" desələr belə, əgər Allah həqiqətən mövcuddursa, o yenə mövcud olacaq. Əksinə, əgər Allah yoxdursa, bütün bəşəriyyətin "Allah vardır" deməsi də onu mövcud etməyəcək.

Başqa sözlə, Tanrının obyektiv mövcudluğu insan rəyindən asılı deyil.

İndi isə gəlin "Çevik" ləqəbli vətən müharibəsi iştirakçısı Məqsəd Bağırovun döyülməsi məsələsinə baxaq.

Çevik deyir ki, Allah yoxdur. O, canlı yayımlar açır və ateist fikirlər səsləndirir. Sözün açığı, üslubunu bəyənmədiyim üçün elə də izləmirəm. Ancaq Tanrının varlığına inanan bir insan olaraq, onun bütün yanaşmalarını subyektiv qəbul edirəm. Hər kəsin onunla mübahisə etmək, arqumentlərini tənqid etmək, öz arqumentlərini ortaya qoymaq haqqını da tanıyıram.

Amma düşüncəyə görə insan döymək 21-ci əsrin Azərbaycanına və dünyasına yaraşmayan hərəkətdir.

Varlığına inandığım Allah Çeviyin rəyi ilə mövcud deyil, ona atılan yumruq da Allahı daha qüdrətli etmir. Əgər Çevik haqlıdırsa və Allah yoxdursa, Məqsədi döymək də kainata yaradıcı bəxş etmir.

Beləliklə, ortaya çox sadə, amma ciddi sual çıxır: Allahı müdafiə etmək adı ilə insana zor tətbiq etmək nədən qaynaqalanır?

Burada söhbət artıq təkcə Çevikdən getmir. Söhbət bir cəmiyyətin fərqli düşünən insanlarla necə davranmasından gedir.

Çünki fikirə yumruqla cavab verilən yerdə fikir müzakirəsi bitir.

Əlbəttə, hər dindarı belə davranışla eyniləşdirmək olmaz. Dindar insanların böyük əksəriyyəti dini inancını zorakılıqla müdafiə etmir. Ona görə də "din zorakılıq yaradır" kimi primitiv nəticə çıxarmaq doğru deyil.

Amma konkret bir insanın dini inancını onun şəxsiyyətinin ayrılmaz hissəsinə çevirməsi başqa nəticə doğura bilər. Bəzi insanlar dinin tənqid olunmasını özünə hücum sayır.

Daha təhlükəli mərhələ isə bundan sonra başlayır.

Belə insanlar fərqinə varmadan özünü Allahın müdafiəçisi, cəza verəni zənn edir.

Amma bu, özü-özlüyündə teoloji paradoksdur.

Məgər Allahın kiminsə yumruğuna ehtiyacı var?

Dindar insan öz əqidəsində sabitdirsə, ortaya arqument qoymalıdır. Çünki inancını yumruqla müdafiə etməyə başlayan adam əslində öz arqumentinin çatışmazlığını göstərir.

Dini tənqid etmək dini təhqir etmək deyil

Burada başqa bir vacib sərhəd var.

Dinin əleyhinə danışmaq hələ müqəddəsliyi və dindarları təhqir etmək deyil.

"Allahın mövcudluğuna inanmıram" demək bir dünya görüşüdür.

"Dinlərin insan cəmiyyətlərinin yaratdığı institutlar olduğunu düşünürəm" demək fəlsəfi iddiadır.

"İslamın bu hökmünü doğru hesab etmirəm" demək dini doktrinaya münasibətdir.

Bu fikirlərin hamısı ilə razılaşmamaq olar. Onlara qarşı arqument gətirmək olar. Hətta onların müəllifini ciddi şəkildə tənqid etmək də olar.

Amma heç bir baxış bir insana fiziki hücum haqqı yaratmır.

Heç kəs öz inancını "toxunulmaz" elan edib başqasının söz azadlığının sərhədini müəyyən edə bilməz.

Cəmiyyət əks fikirləri cəzalandıran insanlarla inkişaf edə bilməz.

Dövlət isə bütün insanların düşüncə azadlığını qorumağa mükəlləfdir.

Çünki dövlətin vəzifəsi hansısa inancın metafizik baxımdan doğru olub-olmadığına qərar vermək deyil.

Dövlətin vəzifəsi insanı qorumaqdır.

Dindarı da!

Ateisti də!

Aqnostiki də!

Hər hansı dinə mənsub olmayan insanı da!

Hər hansı dini tənqid edən insanı da!

Hətta cəmiyyətin böyük hissəsinin xoşlamadığı fikri səsləndirən insanı da- qanunu pozmadığı müddətdə!

Sekulyar dövlətin vəzifəsi

Sekulyar dövlət dinsiz dövlət demək deyil. Sekulyar dövlətin əsas xüsusiyyəti dövlətin dini etiqadlar arasında hakim mövqe tutmamasıdır.

Dövlət deməməlidir ki, "Allah vardır" və ya "Allah yoxdur".

Dövlətin mövqeyi belə olmalıdır: İnanmaq istəyirsənsə, inan. İnanmırsansa, inanma. Danışmaq istəyirsənsə, qanuni çərçivədə danış. Amma başqasının hüququna toxunma.

Bu prinsip həm dindarı, həm ateisti qoruyur.

Çünki hüquq yalnız çoxluğun sevdiyi fikirləri qorumaq üçün lazım deyil. Əsl hüquqi dövlət özünü ən çox narahat edən, xoşuna gəlməyən və hətta təhqiramiz hesab etdiyi fikirlər qarşısında göstərir.

Bəs ifadə azadlığının sərhədi haradadır?

Burada da ifrat yanaşmadan qaçmaq lazımdır.

İfadə azadlığı "nə desəm, heç bir məsuliyyət daşımıram" demək deyil.

Konkret şəxsi təhdid etmək, zorakılığa çağırmaq, cinayət törətməyə təhrik etmək və qanunla qadağan olunan digər əməllər artıq ayrıca hüquqi məsələdir.

Amma "Allah yoxdur" demək ilə "filan dindarı döyün" demək eyni hüquqi kateqoriya deyil.

Birincisi dünyagörüşüdür.

İkincisi zorakılığa çağırışdır.

Bu fərqi qorumayan cəmiyyət ifadə azadlığını da, dini etiqad azadlığını da eyni vaxtda zəiflədir.

Dövlət nə etməlidir?

Çevikin döyülməsi ilə bağlı əsas məsələ budur: hadisənin motivi nə olub?

Əgər həqiqətən onun dini baxışlarına və ateist çıxışlarına görə hücum edilibsə, bu, ayrıca ciddi hüquqi və ictimai məsələdir.

Hüquq mühafizə orqanları hadisəni obyektiv araşdırmalı, hücumun motivini müəyyənləşdirməli və təqsirli şəxsləri qanun qarşısında məsuliyyətə cəlb etməlidir.

Eyni prinsip sosial şəbəkələrdə zorakılığa çağırış edənlərə də aiddir.

Ən böyük təhlükə: cəmiyyətin zorakılığa haqq qazandırması

Bu hadisədə məni narahat edən yalnız bir bloqqerin döyülməsi deyil.

Daha böyük təhlükə cəmiyyətin tədricən belə bir psixologiyaya alışmasıdır: "Onun dediyi xoşuma gəlmir, deməli, ona nə isə etmək olar."

Bu, hüquq məsələsidir.

Çünki bir dəfə bu prinsip qəbul ediləndə heç kim təhlükəsiz deyil.

Bu gün ateist.

Sabah dindar.

O biri gün jurnalist.

Daha sonra alim.

Bir cəmiyyətin inkişafının əsas şərtlərindən biri insanların bir-birinin fikrini dəyişdirməyə çalışa bilməsi, amma bir-birini buna məcbur etməməsidir.

Elm məhz azad mühitdə inkişaf edir

Məsələnin əvvəlində Big Bangdan danışmağımız təsadüfi deyil.

Bəşəriyyət kainatın başlanğıcını anlamaq istəyir. Bunun üçün bizə yeni suallar verən, mövcud nəzəriyyələri şübhə altına alan, səhv edə bilən, mübahisə edən insanlar lazımdır.

Elm "bunu demək olmaz" prinsipi ilə inkişaf etmir.

Elm "bunu sübut edə bilərsənmi?" prinsipi ilə inkişaf edir.

Əgər bir insanın fikrinə cavab olaraq ona yumruq vurulursa, cəmiyyət əslində yalnız həmin insanı susdurmur. Özünün gələcəkdə verəcəyi sualları da susdurur.

Ona görə də fərqli düşünən insanı qorumaq ateistə güzəşt deyil.

Bu, cəmiyyətin öz gələcəyini qorumasıdır.

Çeviyə atılan yumruq nə Allahı müdafiə edir, nə də inancı. Sadəcə bir şeyi göstərir: Biz hələ də bir-birimizin fikri ilə yaşamağı, razılaşmadığımız insanın hüququnu qorumağı və düşüncəni zorakılıqdan ayırmağı öyrənməliyik.

Düşüncə yumruqdan qorxarsa, artıq söhbət tərəqqidən yox, zorakılıqdan getmiş olar.

Hüquqi dövlət güclünün fikrini yox, insanın hüququnu qorumalıdır.

# 146 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

16:20 4 sentyabr 2026
"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

16:00 4 sentyabr 2026
"Kişisiz bir qadın velosipedsiz balıq kimidir..."  - Feminist yazıçıdan ironik deyimlər

"Kişisiz bir qadın velosipedsiz balıq kimidir..." - Feminist yazıçıdan ironik deyimlər

14:50 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər