Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?

Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?
4 sentyabr 2026
# 13:10

Kulis.az Günel Novruzun yeni yazısını təqdim edir.

Öz-özümə deyirəm ki, daha məni heç nə heyrətləndirə bilməz. Amma məmləkətimin "maralları" haqqında hərdən elə videogörüntülər yayılır ki, heyrətə də düşürəm, dəhşətə də.

Yenə gözəlim sosial şəbəkələrdə qarşıma absurd kadrlar çıxdı.... Təsəvvür edin, hansısa konsertə Xalq artisti Aygün Kazımova gəlir, avtomobildən cangüdənlərin əhatəsində ayağını yerə qoyar-qoymaz kişilər "Aygün! Aygün!" deyib fəryad qoparıb ağlamağa başlayırlar. Bəli, düz oxudunuz, yekə-yekə kişilər səs-səsə vermişdilər...

Kadrlara baxanda bilmədim güləm, ya ağlayam...

Əvvəlcə bunu dürüstcə yazaq. Aygün Kazımova öz sahəsinin peşəkarıdır, illərini bu sənətə qoymuş, yaxşı mahnıları, hitləri olan, vaxtaşırı zövqlə dinlədiyimiz sənətçidir.

Problem heç də Aygün Kazımovada deyil. Problem həmin o səhnə parıltısı qarşısında özünü itirən, mənəvi deqradasiyaya uğrayıb isterikaya qapılan kütlənin reaksiyasındadır.

Bəli "fanat xəstəliyi" adlanan psixoloji sindrom var, amma bu, adətən yeniyetmələrə, gənclərə xas olan və onların yaşı artdıqca zamanla sakitləşən bir anlayışdır. Amma burada bu kişilərin ağlaması cəmiyyətimizin əsl tragikomik psixoloji mənzərəsi kimi ortaya çıxır.

Ortada elə bir bayağılaşma dərdi var ki, adamın ürəyi ağrıyır. İllərdir sənətin, ədəbiyyatın, həqiqi dəyərin yeri boş qalıb. İntellekt, oxumaq, düşünmək arxa plana keçib.

İnsanlar indi ya sosial şəbəkələrin saniyəlik qısa videolarında, ya da müğənnilərin konsertində "ağlaşaraq" vaxt öldürürlər.

İstənilən sənətkarı, o cümlədən Aygün Kazımovanı da sadəcə gözəl mahnıları ilə, sənəti ilə dəyərləndirmək olar, amma sanballı, ağır, urvatlı şəkildə. Daha bu cür ucuz isterikalarla yox...

Dünyada da şöhrətli ulduzlara fanatlıq edirlər, amma dediyim kimi müəyyən bir yaş kateqoriyasında olanlar...

Bu ağlaşan, zarıyan, şüvən qoparan kişilərə baxıram və düşünürəm: İlahi, bunlar niyə belə edirlər, Aygün Kazımovadan ötrü ağlayan bu kişilər kimdir axı?

Ən acınacaqlısı da odur ki, cəmiyyəti həqiqətən irəliyə aparan adamlar – alimlər, müəllimlər, yazıçılar, ziyalılar qalır bir kənarda, pop-mədəniyyət simalarının adi bir hərəkəti milli miqyasda beləcə dramatik şouya çevrilir.

Mahnılarına qulaq asmaq, sənətini sevmək başqa şeydir, amma reallıqdan qopub özünü bu cür itirmək, tam başqa.

Belə getsə, bizim elmə, kitaba, ədəbiyyata, sanballı incəsənətə qarşı kar, kor və səssiz qalan "üç meymun"u oynamağımız davam etdikcə, amma buna rəğmən belə şoularda hönkürə-hönkürə ağlayan bığıburma kişilərimiz olduqca, biz hələ çox ağlayıb fəryad qoparacağıq: "Aygün! Aygün!"

# 3226 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər