İn-Yan - Anar Şamilin hekayəsi

İn-Yan - Anar Şamilin hekayəsi
2 sentyabr 2026
# 15:00

Kulis.az Anar Şamilin “İn-Yan” hekayəsini təqdim edir.


Əllərini köpüyə batıraraq kürəyinə sürtdü. Qadın şübhəli halda Eldara baxırdı. Etiraz etmək istədi, amma bacarmadı. Gözlərini əl-üz yuyanın yanında duran əlil arabasına zillədi. Sonra anidən gülümsəyərək Eldara baxdı. İki həftədən sonra ilk dəfə idi ki, anası ona baxıb gülümsəyirdi. Eldar istəməzdi ki, bu səhnə hamamda baş versin. Oğlu tərəfindən çimdirildiyini anlamaq ana üçün çox kədərli hal idi.

Eldar anasının əlil arabasını televizorun qarşısında saxladı. İdarəedici ilə kanalları dəyişməyə başladı. Qadın başını yelləyəndə Eldar kanalı saxladı. Anası ilə oturub bir müddət Xəzər dənizi haqqında olan verilişi izlədi. Anidən illər əvvəl hələ Alzheymer xəstəliyinə tutulmamışdan qabaq ona izah etməyə çalışdığı cümləni xatırladı. “Dənizi yaxından görmək istəyirəm”. Eldarın atası dənizçi kimi neft şirkətində işləyirdi. Ayın yarısını evdə, qalan hissəsini isə dənizdə keçirirdi. Lakin böyük fırtınadan sonra həyatını itirmişdi. Cəsədi uzun müddət sonra tapılmışdı. Nə atası, nə də özü anasının arzusunu indiyə kimi reallaşdırmağa imkan tapa bilməmişdilər. Eldar lifti işləməyən 5 mərtəbəli binanın sonuncu mərtəbəsində dağlarla əhatə olunmuş rayonların birində anası ilə qalırdı. Əsgərlikdən gəldikdən sonra bir müddət işləmək üçün paytaxta getmişdi, lakin qısa müddət sonra rayona qayıdaraq dövlət qulluğuna işə düzəlmişdi. 35 yaşında özünü yaşlanmış hiss edən subay oğlan idi. Soruşan olanda subaylıq sultanlıqdır deyib yola verirdi. Lakin anasını onun qədər sevəcək özgə birini çətin tapacağını yaxşı bilirdi.

Eldar divanda əyləşib diqqətlə anasının gözlərinə baxdı. Dəniz onun daxilində nəsə canlandırırdı. Xəstəlik belə onun arzusunu unutdura bilməmişdi.

Masada əyləşən dörd nəfər yüksək əhval-ruhiyyədə bir-biri ilə zarafat edirdi. Araq şüşəsinin ikisi artıq boşalmışdı. Eldar türmədə çalışan dostunun hədiyyə etdiyi bıçağı cibinə qoydu. Silaha marağı yox idi, amma ömürlük məhbusun əl işi olduğuna görə hədiyyəni qəbul etmişdi. Bu görüşü çoxdan gözləyirdi, o səbəbdən böyük sevgi ilə dostlarına baxdı. Bu “kruqdakı” söhbətlər üçün çox darıxmışdı. Motivasiya, arzu, mənəvi dəstək söhbətin mərkəzi mövzusu olurdu. Eldarın belə mühitə çox ehtiyacı var idi. Uzun müddətdir ki, dəniz kənarındakı hadisədən sonra həyatı daha çətinləşmişdi. Heç nəyə marağı qalmamışdı. Ən sevimli hobbisi olan rəsm çəkməyi belə tərgitmək istəyirdi. İki aydan çoxdur ki, yarımçıq qoyduğu tabloda hörümçəklər tor çəkmişdi.

- Divardakı hörümçəyə baxın.
- Deyəsən, uzun müddətdir ki, bura heç kim gəlməyib.
- Hə, yaşayışsız yer həmişə belə olur.
- Eldar, bir dənə qəhrəmanlıq elə, öldür onu.
Eldar hörümçəyi tutub pəncərədən atdı. Ruhən özünün də bu otaq kimi olduğunu düşündü. Əlini sinəsinə sıxdı — həm evində, həm də bədənində kimsəsiz idi..
- Ruhların məskunlaşdığı bədənlər də kimsəsiz qalanda belə olur.
- Ə, süz buna bir əlli... tələbəlikdən bu yana hələ böyüməyib.
- Neynədin, sən imtahan verməli idin?
- Nə imtahan, yaxşı xəttə düşdüm. Keçən aydan sektor müdiridir qaqan.
- Sən şöbəni neynədin?
- Alındırdım.
- Son görüşdən sonra xeyli böyümüşük.
- Eldar, sən neynədin?
Eldar ruhunda gəzən hörümçəyi tapmağa çalışırdı.
- Qaqa, haralardasan...?
Eldar diqqətlə dostuna baxdı.
- O rəsmlərin başını burax ey. Sən 8 ildir dövlət qulluğundasan, danış görüm nə irəliləyiş var?

Beynindəkiləri daha yaxşı düşünmək üçün işə piyada gəlmişdi.

- Yenə gecikirsən?

Eldar 10 il ərzində ilk dəfə işə gecikdiyini xatırladı.

- Gec yatmışdım. Təkrar olmaz.
- Sonra da deyirsən niyə irəli çəkilmirsən?
Son vaxtlar Eldar səssiz qalmağa öyrəşmişdi. İllərdir xəbərdarlıq etmədən şöbəsini dəyişirdilər. Əvvəllər buna etiraz etsə də sonralar faydasız olduğunu anlamışdı. Cavab vermədən iş masasına yaxınlaşdı. “Təqaüdlərin təyin edilməsi” sözləri yazılan masada əyləşib kompüterini yandırdı. Həftənin dörd və beşinci günləri işdən icazə istəmək üçün beynində uyğun cümlələr axtarırdı. Qarşısında anası ilə eyni yaşda olan qadın əyləşdi.
- Mənim pensiyamı hesablaya bilərsən, bala?
Eldar qadının sənədlərini alıb incələməyə başladı. Bu vaxt yoldaşı gəldi.
- Oğul, salam.
- Salam, əyləşin.
- Bax, elə bil anan əyləşib qarşında, mənim də sənin yaşında oğlum var. Evlisən?
- Yox.
- Xalanın ayaqlarında problem var. Əməliyyat olunmalıdır mütləq, amma əməliyyat xərci bahadır. Həkim dedi ki, pensiya alsa, xəstəxana yarı qiymətini qarşılayacaq. Bura son ümid yeri kimi gəlmişik.
Eldar gülümsədi. Kişi emosional olaraq onu çox gərgin bir ortama salmışdı. Son ümid yeri - ən şərəfsiz vicdan belə yaxşılıq eləmək məcburiyyətində qalır. Eldar sənədlərə baxdıqca sevinirdi. Hər şey qaydasında görünürdü.
- Əla sənədlər yerindədir.
Qoca kişi sevinərək qadına baxdı. Qadın gözlərini aşağı saldı.
- Yaxşı olacaq. Möhkəm ol... işimiz artıq alındı. Əməliyyat da yaxşı keçəcək.
Eldar vəsiqədəki məlumatlarını kompüterə daxil etdi. Həyəcanla sistem üzərindən axtarışın nəticələrini gözlədi.
- Hər şey yaxşı...
Diqqətlə ekrana baxdı. Sistemdə qadının aktiv əmək müqaviləsinin olması onun əlini-qolunu bağlayırdı.
- Sizin əmək müqaviləniz var. Hazırda qüvvədədir.
- Nə müqaviləsi, arvad heç harada işləmir.
- Amma sistemdə görünür.
- 4 il əvvəl işdən çıxıb, 1 il sonra isə həmin sex bağlanıb.
- Şirkət sizinlə müqaviləyə xitam verməlidir.
- Sən bizi uşaq yerinə qoymusan?! Mən hardan tapacam onu.
- Məhkəməyə gedin. Məhkəmə yolu ilə xitam verin. Başqa cür mümkün deyil.
- Heç nə demirəm... Sən də ananla bələnçi məmur qarşısında oturasan. Dur gedək. Borc-xərc edərəm.
Əlindəki qələmi sıxdı. Fasilə götürdü. Ayaqyolunda üzünə su vurub güzgüyə baxdı.
“İki günlük icazəni mütləq almalısan. Dəniz görmək elə də böyük arzu deyil axı”. Qəti şəkildə qərara gəldi ki, müdirin otağına girsin. Zala daxil oldu, bu vaxt digər iş yoldaşı toplantı olduğunu dedi.
- Bu gün Vüsalı qəbul şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin ediblər. Onu təbrik edə bilərsiniz.

Eldarın düşündüyü reallaşmışdı. Onun uzaqlaşdırıldığı şöbəyə həmişə daha yüksək vəzifəyə yeni işçi təyin edirdilər. İcazə almaq fikrindən daşındı. Vüsalı təbrik edib, öz iş masasına qayıtdı. Ağ vərəqi qarşısına qoyaraq sağ küncə ad və soyadını, ortadan isə “Ərizə” yazdı.

- Mənim işim, köhnə hamam, köhnə tas.
- Necə yəni, 8 ildi işləyirsən... Vallah, mən artıq inanmıram hər şeydə müdiriyyətin günahı olduğuna. Səndə də nəsə var.
- Nə?
- Onu da özün tap.
Eldar gülümsədi. Düşünmürdü ki, dostu sandığı insanlara özünü sübut etməyə çalışacaq. Hər kəs Eldarın cavabını gözləyirdi.
- Əslində bu sualı mən də özümə vermişəm. Nəticəyə gəlmişəm ki, yanlış bədən seçmişdim, bədənim isə yanlış məkanda idi..
- Yenə gicləməyə başladı.
- İnsan özü ilə sual-cavab edəndə belə olur da.
Hamı gülürdü. Eldar isə reaksiyasını unutmuşdu. Özünü rahat hiss etdiyi yeganə mühit yox olmaq üzrə idi.
- Nə çəkirsən?
Eldar sakitləşdi. Sualı cavablandırmağa çox həvəsli idi. Son bir aydır depressiyada olduğu, motivasiya və yaradıcılığın yoxluğu, məqsədinin olmaması haqqında danışacaqdı.
- Son şəkil yarımçıq qalıb.. İn və Yan çəkməyə çalışıram. Kopya yox, öz ruhumu qoyaraq. İn tamamlanıb, Yan qalıb... son vaxtlar depressiyadayam ... bəlkə...
- Ala, o mənada çəkirsən demirdim, amma davam elə.
Hamı güldüyündən, Eldar özünü narahat hiss etdi. Fikri dağıldığından cavabını yenidən düşünürdü.
- Yan dediyin ağ tərəfidir də sadəcə, heç nə etməsən elə çəkilmiş sayılacaq.
- Qaqa, çan və qan çəkə bilərsən?

Yenidən güldülər. Eldar beynində psixologiya kitabından oxuduğu fəndləri fikirləşdi. “Hər kəsə qoşulub sən də gülsən daha yaxşıdır”. Eldar da gülürdü.

- Keçən həftə full model gətirtdirib ona görə deyir.
- Müəllimin əli pula dəyib.
- Pul demişkən, hərənizə 10 milyon dollar verilsə yenə işləyərsiz ?
- Bir nəfər deyəsən, Eldarın fincanından içib.
- Yox, anidən gəldi...nə düşünürsüz?
- Mən işləyərəm.

Hər kəs eyni cavabı verdi. Eldar yavaş səslə:

- İşləmərəm. Özümü bütünlüklə rəsmə sərf edərəm, bir də rəsmdən yorulduqda fasilə ilə baristalıq edərəm.
- Baristalıq edərəm? Xiyar, elə bu düşüncəyə görə beləsən. Hər kəs, pul nə qədər olursa olsun, ilk növbədə iki şeyi düşünür: pulunu qorumağı və onu çoxaltmağı. Bütün insanlar belə edir.
- Mən elə etməzdim.
- Adilə də belə gic-gic fikirlər deyirsən deyə yerində sayırsan, sonra da müdir günahkardı.
- Adil kimdi?
- Bunun müdiri.
Eldar donub qalmışdı. Ətrafına baxır, qarşısında illər əvvəl tanıdığı üzlər oturmuşdu. Amma içləri çoxdan dəyişmişdi. Həmişə bütün hadisələrə baxışları eyni olardı. İndi isə Eldarla tam fərqli dalğada idilər. Öz fikirlərini onların fikirləri ilə tərəziyə qoyub kimin haqlı olduğunu düşündü. Özünü gizlədərək yaxşı yaşamaq üçün digər biri olmaq, özünü içdən dəyişərək yaxşı yaşamaq üçün pis biri olmaq, yoxsa yaxşı biri olub daxilən dəyişməyərək yaxşı yaşamaq üçün mübarizə aparmaq.
- Qaldırın qədəhləri, bunu içək dostluğumuzu...
Eldar sağlığı sona qədər dinləməyərək qədəhi başına çəkdi. Qədəhi masaya qoyub otaqdan çıxdı.
Qarşısına çıxan qozanı təpiklə vuraraq piyada evə doğru addımlayır, nailiyyətlərinin olmadığına görə günahkarın kim olduğunu düşünürdü. “Əslində o xiyar gələnə qədər hər şey qaydasında idi. Gəldi hər şeyi bərbad elədi. Haqqımı yedi. Günahkar yüz faiz odu... Bəlkə mənəm? Hər dəfə ancaq ədalətin tərəfində dayanmaqla bəlkə düz eləmirəm...Bəlkə uyğunlaşa bilmirəm? Mən özümlə işləyərəm? Yox ey xəstəsən...? Özün özünü səhv çıxardasısan? Günah Adildədir”. Yol kənarından keçən maşının siqnalı onu özü ilə söhbətdən ayırdı. Başını qaldırdıqda Adilgilin evinin yanından keçdiyini anladı. Əlini cibinə atdı. Həyatını dəyişməyə qərar verdi.

Ərizə yazaraq öz hesabına bir həftəlik məzuniyyət götürmüşdü. Zamanı bol idi. Anasını qucağına alıb çarpayıya qoydu, lakin belinə yastıq qoymağı unutdu. Əlil arabasını beş mərtəbə aşağı düşürməli idi. Paytaxta gedəcək maşının siqnalını eşitdi. Arabanı taksiyə qoyub mənzilə qayıtdı. Qadın arxası üstə tərpənmədən uzanmışdı. Gözləri ilə qapını izləyirdi. Eldar anasını bu halda görüb onu oturaq vəziyyətə gətirdi. Üzünə baxıb gülümsədi.

- Üzrlü say, son vaxtlar unutqan olmuşam.
Onu qucağına alıb asta - asta pillələri enməyə başladı. 3-cü mərtəbədə əlinin islandığını hiss etdi. Yenə unutmuşdu. Anasını geri qaytardı. Sürücüyə zəng edərək gec gələcəyini dedi. Anasını çimdirildikdən sonra pampersi geyindirib pilləri yenidən düşməyə başladı. Qolları yorulmuşdu, amma dincəlməyə imkanı yox idi.

Maşın sürətlə gedirdi. Qadın gah pəncərədən baxır, anidən gülür gah da anidən kədərlənib boşluğa baxırdı. Sürücü bu xəstəlik haqqında ilk dəfə Eldardan eşitmişdi. Hərdən güzgüdən qadına baxaraq beynindəki suallara cavab tapmağa çalışırdı. “Görəsən onlar qısa müddətlik yaddaş qayıdışında hansı anlarını xatırlayırlar. Əgər xoş anlarını xatırlayırlarsa bu sonu bitməyən bir əzabdır. Bütün hisslərin aktivdir, gözlərin, qulağın, toxunduğun hər şey sənə nəsə deməyə çalışır, amma sən xatırlamağı unutmusan”. Eldar isə anasının xəstəlikdən əvvəlki anlarını xatırlamağa çalışırdı. O vaxtlar hər şey daha gözəl idi.

Uzanıb anasını dizlərinə başını qoyanda hər şeyi unudurdu. Anası isə hələ onu unutmamışdı. Baxıb gülümsəyirdi. Bu anlarda Eldar anlayırdı ki, baxışlarda olan sevgi sözdən daha böyükdür. Eldarın valideynləri anadangəlmə lal idilər. Eldar səssizliyin içində böyümüşdü. Hər şeyi göstərərək çatdırmağı öyrənmişdi. Rəssamlıq həvəsi də belə formalaşmışdı. Anası çoxlu kitab oxuyardı, atasının isə inanılmaz fiziki gücü var idi. Sevərək ailə qurmuşdular. Eldara həmişə maraqlı gəlirdi, görəsən səssizlərin sevgisi necə olur? Adətən insanlar bir-birini sözlərlə aldadırlar. Onlar lal olsalar da eşidə bilirdilər. İki səssiz adam çox xoşbəxt idi. Lakin atasının vəfatı çox şeyi dəyişdi. Ərinin tabutunu gördüyü andan Eldarın anası iflic olmuşdu düçar olmuşdu. Sonralar isə yaddaşsızlıq zəif bədənin daxilində özünə yol açmağa başladı.

Dalğalar sakitləşmişdi. Sahildə insanlar yox idi. Qum dənələri bir-birinin üzərinə uzanmışdı. Arabanın təkərləri onları əzərək dənizə doğru hərəkət edirdi. Maşın yolundan dənizə xeyli məsafə var idi. Anasını arabaya qoyanda qadın yuxulu idi. Ağır-ağır nəfəs alırdı. Eldar dənizə çatandan sonra oyatmağı düşünürdü. İndi isə 300 km-lik uzun yorğunluğun son 100 metri qalmışdı. Onlar dənizə yaxınlaşdıqca günəş sahildən uzaqlaşıb batmağa hazırlaşırdı. Eldar arabanı bir az sürətləndirdi. Amma ağır idi. Həyatında ilk dəfə idi ki, anasını daşımaqda bu qədər əziyyət çəkirdi. Yorğunluğunu uzun yolun və ayaqları altındakı qumun üstünə yüklədi. Təkərlərin altındakı qumlar arabanın dənizə çatmasının qarşısını almağa çalışırdılar.

Dəniz suyu təkərlərə toxunaraq qumu yuyurdu. Eldar dərindən nəfəs aldı, duz və neft qoxulu dənizin havasına içinə çəkdi.
- Heç olmasa sənin arzunu yerinə yetirdim.
Əlini yavaşca çiyninə vurdu.
- Oğlun səni dənizə gətirdi
Səs yox idi. Bir daha əlini toxundurdu.
- Ana....
Qarşısına keçdi. Əlini üzünə çəkdi. Nəfəs gəlmirdi. Başını anasının dizləri üzərinə qoyub yumruğunu sıxdı. Üzünə baxdı, bu dəfə həyatının bütün yorğunlu eyni anda onun üzərinə çökdü. Gecikmişdi. Günəş dəniz üzərindəki son xətti keçirdi. Səma qırmızı rəngdə idi. Dalğalar sahilə daha gur vurmağa başlamışdı. Xoşbəxt olan yalnız dəniz idi. O da birinin arzusunu yerinə yetirmişdi.

Molbert üzərində dayanan rəsm tablosunun yanında rənglər düzülmüş balaca masa var idi. Kimsəsiz sahildə həzin külək əsirdi. Günəş dənizin son xəttindən yenicə görünməyə başlamışdı. Eldar yaxındakı çadırdan çıxaraq dənizə yaxınlaşdı. Suyun quma dəydiyi xətdə əyləşib, günəşin səmaya yüksəlişini izləməyə başladı. Üzündəki saqqal onun işə getməməyindən eyni zamanda əsl kimliyindən xəbər verirdi. Ətrafındakı bütün gözəlliyin enerjisini özünə çəkməyə çalışırdı. Həmin axşam Adilin evdə olmaması həyatının ən uğurlu təsadüfü idi. Həyatına yeni başlanğıc verən bir təsadüf. Artıq o zaman anlayışını unutmuşdu. Nə keçmişi, nə indini, nə də gələcəyi düşünürdü. Sadəcə an vardı və onu yaşamağa çalışırdı. O an isə o qədər qısa idi ki, ona ad qoymağı düşünmürdü.

Bir müddət sonra tabloya yaxınlaşdı. Rəsmdə evinə qayıdan Odissey təsvir edilmişdi. Şəklə baxdıqca həmin gecəni xatırlamağa çalışdı. Bütün gecə səhərə qədər günahkarın kimliyini axtarmışdı. Səhər isə ərizəni yazıb işdən çıxmışdı. Bir gün sonra “İn-Yan”ı tamamladı. Yaxşı ilə pisin eyni anda mövcud ola biləcəyini qəbul edirdi artıq. Bu səbəbdən təslim olmağa, mübarizə aparmadan sevgi ilə yaşamağa başlamışdı. Bir ay sonra baş tutacaq ilk sərgisinin adını “Sevgi ilə döyüş” qoymuşdu.


# 101 dəfə oxunub

Oxşar xəbərlər

"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə,  bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə, bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

14:00 2 sentyabr 2026
"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

14:15 1 sentyabr 2026
"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və  dəniz" əsərindən bir hissə

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və dəniz" əsərindən bir hissə

13:00 1 sentyabr 2026
Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

12:00 1 sentyabr 2026
Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

Bulud xatun və Beyrək - Kamal Abdullanın yeni hekayəsi

17:00 31 avqust 2026
Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

14:30 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər