Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi

Ekskursiya - Orxan Həsəninin yeni hekayəsi
1 sentyabr 2026
# 12:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Orxan Həsəninin "Ekskursiya" adlı yeni hekayəsini təqdim edir.

Sinif müəlliminin söylədiklərini anasına necə var çatdırandan sonra başını aşağı salıb barmaqlarıyla oynaya-oynaya sakitcə cavab gözləyir.

Yaz axşamıdır. Əsl yaz. Havalar yenicə isinsə də, yağışlar ara vermir. Navalçalardan, yenicə yarpaqlayan ağaclardan, yuxarı mərtəbənin zivəsində yaddan çıxan uşaq paltarlarından su damcılayır. Çayırdakı gölməçənin kənarında qurbağaların qurultusu eşidilir.

Anası işdən yenicə gəlib. Tibb bacısı libasını və üstündən geyindiyi ağ xalatı dəyişmədən qabları yuyur, nazik barmaqları köpüyün içində itir.

Günün yorğunluğu üzündən oxunur. Belə olanda heç nəyə fikir vermir. Bəxti gətirib. Həmişə gözünün ucuyla baxan anası barmağındakı mürəkkəb ləkəsini görmür. Görsə, gərək ekskursiyadan əlini üzsün.

Cəld arxasında gizləyir. Neçənci dəfədi buna görə anası onu danlayır, şəhadət barmağını yelləyə-yelləyə deyir, səliqəli, təmizkar ol.

“Səliqəli, təmizkar ol”.

Nə etməli? Barmağını qələmi ucuna yaxın tutur, yazanda istər-istəməz bulaşır. Yazmağı anası öyrədib. Təkcə yazmağı yox, əllərini necə yumağı da. Xətti yaxşı olsa da, əllərini yumağı tez-tez unudur.

Anası işini saxlayıb, ev telefonuna yaxınlaşır və dəstəyi götürüb nömrəni yığır, qulağında telefon olanda pıçıltıyla danışır. Başını aşağı salsa da, Ankanın qulağı ondadır, bircə “ekskursiya” sözünü seçir.

Qaz sobasının üstündə bişən yeməyin buğu pəncərənin şüşəsini nəmləndirir. Budur, yağış güclənməyə başlayır, uzaqdakı binaların işıqları bulanıqlaşır.

- Səhər yadıma sal, pul verim, amma Rasim də gedəcək. – anası deyir.

- Ana.

- ...

- Rasim gəlməsin də, - başını günahkar-günahkar aşağı salır.

- Evdə ürəyi sıxılır.

- Kompüterimi verərəm, oyun oynayar.

- Hansı komputer? Atan dünən kompüterini satıb.

Anka valideynlərinin otağına qaçıb, paltar dolabının aşağı gözündə qardaşından gizlədiyi kompüter çantasını açır. Səliqəylə yığdığı rəngli qələmləri, vərəqlərinin arasına qurumuş gül yapışdırdığı dəftəri, gündəliyi, yapışqan şəkilləri, saç sancaqları yerində olsa da, kompüteri yoxdu. Balaca qarnı həyəcandan sancılanır.

Neçənci dəfədi atası kompüterini satır. Satır və hər dəfə anası geri alır.

Qayıdır.

Gözləri dolsa da, özünü sıxıb saxlayır. Keçən ildən qalma, yaxası tiftiklənən qırmızı sviterinin boğazını qaldırıb büzülmüş dodaqlarını gizlədir. Özünü sıxıb saxlamağı yaxşı bacarır. Anasının yanında ağlamaq xoşuna gəlmir. Ağlayanda anası başını işindən qaldırmır. Çətin də olsa, onun soyuqluğuna öyrəşib.

- Narahat olma. Bir azdan gətirib verər.

“Bir azdan gətirib verər”... Demək bir azdan kompüteri qayıdacaq. Anasına inanır. İnanır və sevinir, ancaq tezliklə sevinci üzündəcə sınır, kompüteri qayıdacaq, hə, üstəlik Rasim də sabah onunla Bakıya, ekskursiyaya yola düşəcək.

Yataq otağına gedir. Günorta məktəbdən gəlib nağıl oxuya-oxuya yuxuya verdiyi Rasim çoxdan oyanıb. Pəncərənin qabağında dayanıb qurbağa səsi çıxarır. “Vak-vak, Vak-vak”. Qurbağalar ona cavab verirlər. “Vak-vak, vak-vak”.

***

Qapı möhkəm döyülür. Əvvəl yumruqla iki dəfə, tak-tak, sonra təpiklə üçüncü zərbə, tak.

Anka bu səsləri tanıyır. Atasıdır. Evə ayıq gələndə qapını özü açan, keçib sakitcə televizorun qabağında uzanıb xəbərlərə baxa-baxa yuxuya gedən, içəndə qapını yumruqlayan, təpikləyib, anasıyla dalaşan atası.

“Dalaşmaq”, - Anka içində deyir.

Dalaşmaq atasının anasına ağzına gələni deməsidir.

Belə vaxtlarda qulaqlarını möhkəm sıxıb söyüşləri eşitmək istəməsə də, səslər özünə yol tapır, istər-istəməz qulağı çalır. Qəribəsi budu ki, səhər hər şey əvvəlki nizamına düşür, ər-arvad sakitcə məişətlərinə qayıdırlar.

Anka hər şeyin belə sürətlə dəyişməsini anlamır.

Anası qapını açır.

- Çəkil, çəkil görüm? Burdasan? Hə? Burdadır? Düzünü de, düzünü de. – Anka qapının kilid yerindən atasının sinəsini yumruqlamasına, qonaq otağındakı dolabları, pərdələrin arxasını yoxlamasına baxır. Ehtimalı düz çıxır. Sərxoşdu. Danışa-danışa o tərəf-bu tərəfə boylanır. Tapmaq istədiyi nədir? Başqa adam? Hansı adam? Ankanın açar deşiyindən baxdığı otağa yaxınlaşanda anası deyir:

- Sakit ol, uşaqlar evdədir.

- Hə, demək uşaqlar evdədir. – dayanıb, nəfəsini dərir. Elə bil uşaqların evdə olması onu sakitləşdirir və təkcə arvadıyla yaşamadığını yenidən xatırlayır. Qara plaşını çıxarıb asılqana keçirir.

- Keç, otur, yemək ye. – anası soyuq deyir.

- Yemirəm. Məni zəhərləyib öldürmək istəyirsən? İstədiyin budu..? Yəqin, onda hər işin düzələrdi. Elə bilirsən, xəbərim yoxdu? Nə vaxtacan gizlədəcəksən? Nə-ə vaxta-a-can? – səsini qaldırır.

- Yenə kimdən nə eşitmisən? – laqeyd soruşur.

- Özün bilirsən kimdən.

- Ona necə inanırsan?

- Bilmirəm kimə inanım.

- Bilmirsən. Bilmirsən. Axı nəyi bilirsən?
- ...
- Otur, yemək ye.

- Yemirəm.

- Özün bilərsən. – anası yenicə bişmiş kələm dolmasından iki boşqab çəkib oturur və öz boşqabının kənarındakı mavi sarmaşıq naxışlarına sakitcə tamaşa edir.

Buğlanan yeməyə, mavi sarmaşıq naxışlarına zillənib baxan anası birdən qalxıb əvvəl əlinin üstüylə pəncərənin tərini silir, açıb küçəyə baxır və dərindən nəfəs alır. Elə bil qaranlıqda gizlətdiyi nəyinsə yerini yoxlayır.

Yağış gücləndikcə qurbağaların səsini batırır. Hər şey yağışa qarışıb axır, bircə uzaqdakı binalar ağır-arxayın, hamıya, hər şeyə biganə möhkəmcə dayanıblar.

- Havam çatmır – anası deyir və yaxasını aşağı çəkir. Qızıl boyunbağısı parıldayır.

- Nə oldu?

- Havam çatmır... Otur, yemək ye, xəstə saldın məni.

- Sənə neçə dəfə dedim ki, qayıt yoluna. Uşaqların var.

- Uşaq qədri bilənsən?

- Sən bilirsən uşaq qədrini? Uşaq qədri bilən belə eləməz.

- Yenə aparıb qızın kompüterini satmısan... – anası bunu ikrahla deyir və elə baxır ki, atası özünü itirir. Əlindəki ağır bir əşyanı hara qoyacağını bilməyən adam kimi təlaşla o tərəf-bu tərəfə boylanır.

- ...

- Sənin yanında mən aydan arı, sudan duruyam. Xəstəsən. Xəstə. Kimdən nə eşidirsən, cumursan üstümə. Bezmişəm daha sənin bu hoqqalarından. Adam olsan, bunu sənə deyənin ağzından vurardın. Gücün ancaq mənə çatır. Mənim də səbrimin həddi var, həddi.

- Nə vaxt özünü yığışdıracaqsan? – səsindən Ankaya elə gəlir, atası gücünü tamam itirib, danışmağa taqəti qalmayıb.

- ...

- Niyə cavab vermirsən?

- Min dəfə demişəm ki, hamısı yalandı! Yalandı! Yalan! Yalandı. Mənə, öz halal arvadına yox, ona inanırsan. Elədiyimiz söhbətə bax! Heç utanıb ölmürsən? Kim buna dözər? Məndən başqa kim buna dözər? Ömrüm sənin yanında çürüyüb getdi, cavanlığımı, ən gözəl illərimi sənə, sənin balalarına qurban verdim. Axırda nə oldu? Gəlib üzümə durursan. Sənin o alkaş dostların... cibindəki üç-beş qəpiyi yeməkdən başqa nə işə yarayıblar, hansı gününə ağlayıblar? Neçə dəfə zibilə düşmüsən, dadına mən çatmışam. Nə vaxt burnundan bir azca irəlini görəcəksən? Sən də onların tayısan. Hamı mənim başıma and içir. Bəs sən nə işə yarayırsan? Hələ bir kişiliyini görmədik. Cavanlığında ağlı başında adam idin. Niyə belə oldun? Cavanlığında ağlı başında adam idin.

- Məni sən belə elədin. – yumruğunu sinəsinə vurur. Anka düşünür ki, danışanda yumruğunu sinəsinə vuran adamlar heç vaxt yalan danışmırlar. Ancaq atasının çox yalanını eşidib.

- Demək mən elədim...

- Axı hamı yalan deyə bilməz! Bu birinci deyil.

- Kimə inanırsan?

- Sənə inanmaq istəyirəm.

Atası sakitcə kürəyini divara söykəyib əlləriylə üzünü qapayır. “Sənin hər üzünü görmüşəm. Daha mənə heç nə yer eləmir” – anası tez-tez belə deyir.

Bir neçə dəqiqəlik sükutdan sonra astadan hönkürtü eşidir, atasının çiyinləri qalxıb düşür. Başqa adamların ağlamasına tamaşa eləmək Ankada kədərdən çox maraq oyadır. Atası başqa adam deyil, onun necə ağladığını yaxşı bilir. Əvvəl çiyinləri qalxıb düşür, üç dəfə, beli əyilir, kürəyindəki donqar gözə dəyir. Budur, tanış işarə; bu donqardan Ankada da var. Sonra hıçqırmağa başlayır.

Anası atasına yaxınlaşıb əlinin üstüylə üzünə toxunur. Barmaqlarını uzun, qara saçlarının arasına salıb darayır. Bu atasının xoşuna gəlir, elə bil günahını yumaq üçün ona verilən imkana sevinir, əllərini üzündən çəkir, ağlamağını saxlayır.

İkisi də keçib masada əyləşirlər. Dolmalar soyuyub.

- Bu gün xəstəxanaya cavan bir oğlan gətirdilər, - anasının səsi sükutu pozur, - qəzaya düşüb, ayaqlarının ikisini də kəsdik. Sonra öldü.

- Bəs onda ayaqlarını niyə kəsdiniz? – atası soruşur.

- Dedilər kəsin, kəsdik. Yəqin, həkim inanırdı, necəsə xilas eləmək olar. Alınmadı. Cavan oğlan idi.

- Sonra nə oldu?

- Necə kəsmişdiksə elə də tikdik.

- Qəza harda olub?

- Magistralda, Bakıya gedirmiş. Yağış başlayıb, təkərlər sürüşüb baryerlərə çırpılıb. Yadına düşür, biz sevgili olanda sənin də motosikletin var idi? Gör aradan nə qədər vaxt keçib. Yadına düşür?

- Rayona qayıdanda satdım. Burda sürmək alınmazdı.

- Satdın ki, üstünü düzəldib maşın alaq, onu da havaya sovurdun.

- Ucuz satmışdım, üstünü düzəldə bilməzdik.

- Qiyamət idi. Səsindən tanıyırdım. Səni görəndə ağzımın suyu axırdı. Təkcə mənim yox, elə kollecdəki bütün qızların. Tələbəliyimiz nə yaxşı idi. Həyat onda başqa cür görünürdü. Elə bilirdik həmişə belə yaxşı olacaq. Ağ köynək geyinirdin. Qız olanda arzulayırdım ki, həyat yoldaşım ağ köynək geyinsin. Nə qədər axmaq şeylərə inanmışıq. Ağ köynək... İşə bax. Ağ köynək. Niyə belə olduq?

- ...

- Oğlanı xəstəxanaya gətirəndə sağ idi. Əlimi tutub dedi ki, yorulmağın nə olduğunu bilmirdim, indi çox yorulmuşam.

- Ürəyini sıxma.

- Ürəyimi sıxmıram... O öləndə fikirləşdim ki... sən də sürən idin. Hər hoqqadan çıxırdın. Kaş sən də o vaxt belə bir qəzaya düşüb ölərdin. Onda yadımda həmişə yaxşı qalacaqdın, gözümdən belə düşməyəcəkdin.

- Mənə ölüm arzulayırsan?

- Hər gün piyansan. Axı nə qədər içmək olar?

Tak-tak.

Qapı döyülür və Anka üzünə diqqətlə baxanda hiss eləyir ki, atası suala cavab vermədiyinə görə sevinir.

Qapı ikinci dəfə döyülür, anası gedib açır. Anka açar deşiyindən bulanıq görünən qonağın üzünü seçməyə çalışsa da, onu üzündən yox, səsindən tanıyır. Komputerini gətirən satıcı. Demək komputeri qayıdır. Anası portmanatından pul çıxarıb gələn adama uzadır və kompüteri alır. Atasına baxır. Ona nəsə demək istəyir, amma demir.

- Ay qız, gəl kompüterini götür, - anası Ankanı çağırır.

Bunu eşidən kimi dərhal qapını açan Anka kompüterini anasının əlindən alıb o tərəf-bu tərəfini yoxlayır. Onunkudur, necə var yerindədir.

- Gör qızıma nə hədiyyə almışam? – atası döş cibindən nəsə çıxarıb Ankaya vermək istəyir və birdən cibinin boş olduğunu hiss edir.

O biri ciblərini yoxlayır. Yoxdur. Demək yoxdur. Əlinin üstünü alnına aparıb fikirləşən və cibində heç nə olmadığını başa düşən atası pərt olur. Pərt olanda yanaqları qızarmağa başlayır. Nədənsə yanaqları qızaranda Ankaya elə gəlir, atası yaxşı adamdır.

- Nə? – Anka atasından soruşur.

- Gələndə sənə Snikers alacaqdım. Baş qalmayıb ki! Elə bilirəm almışam. Elə bilirəm, bütün gün cibimdə Snikerslə gəzmişəm.

Anka əvvəl anasına baxır, razılığını alandan sonra başını aşağı salıb otağa keçir. Kompüterini açır, ekranın işığı üzünə düşür.

***

Anası işığı yandırıb əvvəl Ankanı oyadır, sonra qardaşını öpüb başını sığallayır. Qardaşı mızıldansa da, durmur.

- Hazırlaş, gedirik, – anası deyir.

- Hara? - yuxudan kal oyanan Anka gözlərini ovxalaya-ovxalaya soruşur və qeyri-ixtiyari çevrilib divar saatına baxır. Ona saatı atası öyrədib. Gecə dördün yarısıdır. Bu vaxt oyandığı yadına düşmür.

- Asta danış. Təzələrini geyin, stulun başına keçirmişəm, budur ha. Kompüterini də qoymuşam qapının ağzına, – pıçıltıyla deyir.

Anka qalxıb əynini geyinir. Mavi cins şalvarı, yaxası güllü köynəyi, şalvarı ilə eyni parçadan olan gödəkçəsi və qırmızı saç sancağı ona yaraşır. Güzgüdə özünə baxır. Qulaqlarını deşdirsə də, hələ sırğası yoxdu. Sırğanı qırmızı sap əvəz edir.

Qardaşını oyadır.

-Təzə ayaqqabını geyin, - anası deyir.

- Hara gedirik, ana? – nəhayət ayılan və bütün bu həşirdən heç nə başa düşməyən Anka soruşur.

Anası işini saxlayır, əlini belinə qoyub qızına diqqətlə baxır.

- Ekskursiyaya gedirik. Bakıya. Sizi özüm aparıram. Orda müəlliminə tapşıracam.

Anka anasının qardaşını geyindirməsinə və qapının ağzında gözləyən palpaltar yığılı çantalara baxır. Demək adamlar ekskursiyaya belə gedirlər.

Bütün gəzintini qardaşına nəzarət eləyəcəyini düşünən Ankanın kefi pozulur. Bir vaxtlar hər gün əlindən tutub məktəbə aparır, bufetdə yemək yedirdir, hətta tualetə də onunla gedirdi.

Müəllimlərin narazılığından, direktorun anası ilə söhbətlərindən sonra Rasim məktəbi dayandırdı. Hər gün uşaqların qardaşıyla məzələnməsinə, atmacalarına dözən, hərdən hirsindən onlarla dalaşan Anka bu xəbəri eşidəndə çiynindən ağır bir yük götürüldü. İndi onun qayğısına yalnız anası işdə olanda qalırdı.

Rasim Bakıya getdiklərini eşidib sevinir. Anası əlini onun ağzına tutub səsini kəsir. Çantalarını götürüb yataq otağından çıxırlar.

Yan otaqda atasının xorultusu eşidilir.

Astanada ayaqqabılarını geyinəndə atasının asılqana keçirdiyi plaşının qolu Ankanın üzünə toxunub onu qıdıqlayır. Plaşın qolunu götürüb qoxlayır. Hiss elədiyi kəskin siqaret qoxusu olsa da, bunu duyunca gözünün qabağına atasının sifəti gəlir. Onu bu doğma qoxuyla tanıyır. Qeyri-ixtiyari əlini plaşın cibinə salır. Siqaret, alışqan, qəpiklər, kağız-kuğuz. Barmağı uzunsov bir şeyə dəyir.
Götürüb baxır. Snikersdir.

Anası portmatından iki yüzlük çıxarıb masanın üstünə qoyur və çevrilib bir neçə saniyə qonaq otağına baxır.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

Balaca qara balıq - Səməd Behrənginin hekayəsi

14:30 31 avqust 2026
Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

Yağmursuz havalar - Saday Budaqlının hekayəsi

11:30 30 avqust 2026
Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi

Uşaq və inanc - Nəcib Məhfuzun hekayəsi

10:00 30 avqust 2026
Yad - Nadir Yalçının hekayəsi

Yad - Nadir Yalçının hekayəsi

10:00 29 avqust 2026
Villa - Bahar Bərdəlinin hekayəsi

Villa - Bahar Bərdəlinin hekayəsi

13:30 28 avqust 2026
"Heç nə sübut olunmayıbsa, hər şeyə icazə verilir..." - Teodor Drayzerdən sitatlar

"Heç nə sübut olunmayıbsa, hər şeyə icazə verilir..." - Teodor Drayzerdən sitatlar

12:00 27 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər