Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova, musiqişünas

Zemfira Qafarova, musiqişünas

31 avqust 2026
# 12:54

Kulis.az APA-nın “Əsrin yaşıdı” layihəsində Mirmehdi Ağaoğlunun Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira Qafarova ilə müsahibəsini təqdim edir.

Dosye: 1942-ci ildə Bakı şəhərində xalq rəssamları Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində doğulub.

Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasının aparıcı müəllimi, professorudur.

Üzeyir Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti Azərbaycan milli musiqisinin təbliğinə qulluq edib.

Buzovnaya gəlmişəm. Əzəmətli villaların arasında nimdaş bir bağ evi. Buraların modern görkəminə uyğun gəlməyən qədimi darvazanın qabağında Zemfira xanım məni gözləyir. Görüşüb bağa keçirik, güclü külək əsir, deyəsən, Giləvardır, bəlkə də Xəzri, dəqiq deyə bilmirəm. Zemfira xanım qoluma girib, həyəti gəzə-gəzə müsahibə üçün həm külək tutmayan, həm də koloritli yer axtarırıq, ancaq danışa-danışa bir də görürük ki, küləyə məhəl qoymayıb söhbətə başlamışıq. Uzunsov, dar həyətin ortasında köhnə daxma. Göstərib soruşuram:

- Nə əcəb təzəsini tikməmisiniz?

- (Gülümsəyir) çox problemlər var.

- Mənim xoşuma gəlir, təzə villalardansa, bu cür ənənəvi Abşeron bağlarını sevirəm: Qum, əncir, zeytun ağacları, ağ şanı, qara şanı, bir də xudmani daxma. Amma orası da var ki, bu qədər villanın içində tək qalmısınız. Buranı nə vaxt almısınız ki?

- 47-ci ildən... Qayınatamın bağı idi. Yoldaşım rəhmətə getdi...

Türkiyədə günləri sayırdıq ki, haçan bağa gələcəyik

- Allah rəhmət eləsin. Təzəlikcə?

- Çoxdan. İki oğlum da rəhmətə gedib, tək qalmışam. İndi mənim heç nəyə həvəsim qalmayıb... Müsahibəyə də.

- Onda torpağın xeyli hissəsini satmısınız, sizə də bu balaca yer qalıb?

- Yox, mən satmamışam, yoldaşım satıb, bağ böyük idi, satsam buranı sataram... Mənim bir oğlumun övladları olmadı, böyük oğlumun... Kiçik oğlumun iki evlilikdən dörd uşağı var. Hamısı da oğlandır. Mən fikirləşirdim ki, buranı böyük nəvəmin adına keçirim. Sonra fikirləşdim ki, narazılıq olar. Ona görə, satsam daha yaxşıdır, satıb bölərəm.

- Kiçik oğlunuz da ata-ananızın taleyini yaşayıb, iki dəfə ailə qurub.

- İkinci dəfə türkiyəli ilə evlənmişdi. Elə Türkiyədə rəhmətə getdi...

- Hansı sahədə çalışırdı?

- Mənim kimi musiqişünas...

- Adı nə idi?

- Seyran Qafarzadə.

- Telefonda danışanda dediniz bu yaxında oğlunuz rəhmətə gedib, odur?

- Yox, kiçik çoxdan rəhmətə gedib, təzəlikcə rəhmətə gedən böyük oğlumdur.

Evin arxasına keçirik. Burada qayaların üstündən dəniz görünür.

- Tez-tez gəlib burda oturub dənizə baxırsınız?

- Hə, bütün vaxtı burdayam.

- Nə fikirləşirsiniz dənizə baxa-baxa... Yəqin burda sizin ömrünüzün xeyli hissəsi keçib.

- Ərə gəlmişəm... 65-ci ildə, 66-da böyük oğlum anadan olub. Yəni bütün ömrümüz burda... Yoldaşım rəhmətlik bağ üçün sinov gedirdi... Türkiyədə 8 il işləmişəm. Məzuniyyət vaxtı Antalyaya, Bodruma istirahətə gedə bilərdik... Yox, günləri sayırdıq ki, haçan bağa gələcəyik. Burda çox yaxşı günlərimiz olub. Faciəli günlər də yaşamışıq. Qardaşım Əli... Eşitmisiniz? Əli Haqverdiyev...

- Niyə eşitməmişəm? Lap gözəl eşitmişəm.

- Bura gəldi... Burda işıq dirəkləri var idi.

- Aşağıda?

- Yox, elə bax burda qayaların üstündə. Heç ağlımıza gəlməzdi ki, onu “tok” vura bilər. Bu yazıq gəldi, dedi ki, gedim bir dənizə baş vurum gəlim. Axşam güclü yağış yağmışdı. Sən demə, məftil qırılıb, düşüb yerə... O ayağını basan kimi... Elə qayaların üstündə ölür.

- Onda elə burda rəhmətə gedib də qardaşınız?

- Yox, burda yox, o tərəfdə (əli ilə yan tərəfi göstərir). Bir az aralıda...

Qardaşım Yalıncıq roluna görə peşman olmuşdu

- Hə, ora da sizin bağınız idi.

- Qaynımın bağı idi, satdı.

Yerə sərilmiş meynələri, bir kənara atılmış dırmığı göstərib soruşuram.

- Heç həyətdə-bacada işləyirsiniz?

- Yox, həyətdə-bacada işləyə bilərəm?

Zemfira xanım qoluma girir, asta addımlarla həyətdən çıxıb qayalıqlara - Əməkdar artist Əli Haqverdiyevin öldüyü yerə gedirik.

- Qardaşınızı Yalıncıq roluna çəkməyi kim təklif etmişdi?

- O rola görə o qədər peşman olmuşdu. Onu rejissor Rza Təhmasib və Anar dəvət etmişdi. Əslində o rəssam idi, həm də gözəl vokalist idi, Opera teatrında 30-dan çox rollar yaradıb.

- Amma hamı onu Yalıncıq rolu ilə tanıyırdı.

- Hə. Əli anama deyirdi ki, o rolu oynamağıma görə, çox peşmanam, kim görür, barmaqla göstərir.

- Yalıncıq rolunu çox məharətlə yaratmışdı. Mənfi rolu da gərək yaxşı yarada biləsən.

- Bəli, anam rejissoru görüb, deyib ki, Əlini niyə o rola çəkmisiniz, hamı pis adam kimi göstərir. Rejissor da deyib ki, nə danışırsınız, Güllü xanım, gör necə o rolu oynayıb ki, hamı onu mənfi qəhrəman kimi qəbul edir.

- Mənfi qəhrəman olsa da, “Dədə Qorqud” filminin ən yaddaqalan obrazlarındandır.

- Küçədə görəndə deyirmişlər ki, ay donuz oğlu donuz, donuz da öküzə ox atar?

- Başqa filmlərdə oynamayıb deyəsən, ya az oynayıb?

- “Uzun ömrün akkordları”, “Şir evdən getdi” filmlərində oynayıb. Çox qısa rollardır, amma yaddaqalandır. Özünün də surəti belə idi ki, sanki mənfi qəhrəmandır.

- Burnu bir az qabaritli idi.

- Əslində o çox ürəyiyumşaq insan idi, böyüklə böyük, kiçiklə kiçik idi.

- Məlik Dadaşova qarşı da “Fəryad”da erməni komandir rolunu oynayandan sonra belə münasibət var idi.

- Bəli. O da çox gözəl oynayıb.

Atam anama deyir ki, get məndən boşan

- Sizin ailəniz də çox istedadlı ailə idi. Qardaşınız həm vokalist kimi, həm rəssam kimi iki sahədə də peşəkar idi.

- Qardaşım məndən böyük idi. Mən gözümü açandan onu rəssam görmüşəm. Çünki atam o zaman müharibəyə getmişdi. Mən müharibə dövründə anadan olmuşam... Müharibədən sonra atamı Sibirə göndəriblər. Anamı da eləyiblər vətən xaininin arvadı, iş vermirdilər.

- Güllü xanıma?

- Anam Məhsətinin portretini çəkib 47-ci ildə, gedib atamın yanına, Sibirə. Axtarıb tapıb onu. Atam soruşur ki, vəziyyət nə təhərdir, anam deyir, vəziyyət çox pisdir, uşaqlar balacadır, mənə iş vermirlər, vətən xaininin arvadı deyirlər. Atam anama deyir ki, get məndən boşan, bilmirəm burda nə qədər qalacam. Anam gəlib bunu böyüklərə danışır, onlar da deyirlər ki, boşansan yaxşıdır. Anam da boşanır, amma ərə getmək fikrində deyildi, sadəcə gənc, gözəl xanım olduğu üçün boşanandan sonra “Kirpi” jurnalının baş rəssamı Nəcəfqulu İsmayılov ilə evlənir. Nəcəfqulu gözəl insan idi, bizim böyüməyimizdə onun çox böyük rolu var.

- Yəni bir valideyn kimi onun əziyyətini danmırsınız.

- Yox, danmıram.

- Əvvəl ailəsi var idi, ya subay idi?

- Yox, subay. Anabir iki bacım da var: Rəna və Sevinc.

- Atanız qayıdandan sonra nə baş verdi?

- Atam 53-cü ildə Stalin öləndən sonra bəraət alıb qayıtdı. O zaman anam artıq ərdə idi, bir qızı var idi. Əlbəttə, hər ikisi çox əziyyət çəkirdilər. Amma atam bir dəfə də mənə demədi ki, anan nəyə görə ərə gedib?

Zemfira xanım pəsdən danışır. Bir tərəfdən də külək aman vermir, deyərdim, qəsdən onun kədərli xatirələrini alıb aparıb dənizdə batırmaq istəyir. Qayalıqların aşağısında, sahilində bir dəstə idmançının qaçdığı dənizdə.

- Boşanmaqlarının səbəbkarı mühit olub, özləri olmayıb.

- Elədir. Anam elə mənim nə qədər yadımdadır, hara gedirdik, deyirdi: "Bax, bu parkda biz oturmuşduq, bu restorana atan məni gətirmişdi..."

- Sevgi ilə xatırlayırdı.

- Bəli, bəli.

- Amma sonra da geri dönüş eləmək mümkün deyildi, artıq ailə qurub bu kişi ilə.

- Bəli. Atam da bir ildən sonra... Bir rus qadını gəlmişdi bura. Yeni il şənliyində tanış olurlar. Atam tək idi, anası da rəhmətə getmişdi. Bəzi yoldaşlar da atamı qızışdırırdılar ki, bax arvadın səni qoyub getdi. Belə söhbətlərlə bir az da əsəbləşdirirlər. Bir də ki, atama bura qayıdanda Bakıda yaşamağa qoymadılar.

- Ucara getdi.

- Ucara... Bax sən hər şeyi bilirsən (gülür).

- Mən sizin qardaşınız Hüseyn Haqverdiyevdən də müsahibə götürmüşəm. Deməli, atanız Vera xanımla evləndi?

- Bəli, evləndi. Əvvəl Ucarda yaşayırdılar, sonra Rəssamlar evi tikildi. Orada anama da ev verdilər, atama da.

- Atanızla qonşu oldunuz?

- Anama ikinci blokda ev verdilər, atama dördüncü blokda.

- Tez-tez gedib-gələrdiniz?

- Əlbəttə, təbii. Mənim uşaqlarım da Samir, Seyran gəlirdik həyətə…

Mirzə İbrahimov atamı müharibəyə getməyə qoymurdu

- Qalxırdılar babagilə.

- Deyirəm gedək nənəgilə, yox-yox biz Həsən babagilə gedirik.

- Onda aranızda dava-dalaş olmayıb, mehriban bir...

- Yox, yox, indi də o cürdür, o uşaqlar, bu uşaqlar deyə fərq qoymurduq. O mehribanlığı Əli ilə mən qoruyub saxlamışdıq. Təkcə biz yox. Yadımdadır, atam Səttar Bəhlulzadə ilə Göyçaya gedəndə yolda qəza baş verir, maşın aşır. Atamgil xəstəxanaya düşür. O zaman xəbər tutan Nəcəfqulu birbaşa xəstəxanaya gedir. Yəni belə münasibət var idi. Vera İvanovna atam rəhmətə gedəndən sonra xəstələndi, onkoloji xəstəliyi var idi. Anamla bir-birimizə qoşulub ona baş çəkməyə gedirdik.

- Zemfira xanım, atanızı niyə repressiya etmişdilər, müharibə zamanı əsir düşmüşdü?

- Atam yaxşı xidmət etdiyinə görə 42-ci ildə Bakıya gəlir. Bir-iki həftə qalır. Mirzə İbrahimov İncəsənət işləri üzrə sədr idi. Çağırıb onu deyir ki, Həsən, getməginən, qalginən, sən bizə lazımsan, çox istedadlı rəssamsan. O da deyib ki, yox, Mirzə müəllim, mən söz vermişəm komandirimə, mütləq getməliyəm. Qayıdandan sonra Sevastopol tərəfdə bütün dəstə almanlara əsir düşür. Atam Berlində bir müddət qalır, Məhəmməd Əmin Rəsulzadənin jurnalında rəssam kimi çalışır. O vaxtı atamın əmisi Sadıq Türkiyədə yaşayırdı. O məktub yazır ki, Türkiyəyə getsin. Atam razılaşmır, deyir mənim Bakıda ailəm var, mən uşaqlarımın yanına qayıtmalıyam. Atam çox yaraşıqlı kişi idi. Mən eşitdiyimə görə, orada bir general qızı olub, atama çox vurulubmuş. Yəni ki, onlar da istəyiblər ki, evlənsinlər.

- Ancaq atanız razılaşmır.

- Razılaşmır ki, mənim ailəm var.

- Və müharibədən sonra da…

- Müharibədən sonra da Stalin dövrü idi, atamı Sibirə göndərirlər. Stalin ölənə qədər də atam sürgündə olur. Mənim yadıma gəlir. Stalin öləndə camaat hamısı ağlayırdı, küçələrdə arvadlar saçlarını yolurdular.

- Siz də ağlayırdınız?

- Hə. Baxmayaraq ki, atam Stalin repressiyasına düşmüşdü, amma bir dəfə də əleyhinə pis danışmadı.

- Atanızın Berlində çəkdiyi əsərləri sonradan tapa bilmisiniz?

- Yox. Bir dəfə atam Nizaminin şəklini çəkib, Berlində jurnalda çıxıb.

- Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası var. Bəlkə elə o əsər üçün çəkib?

- Bəlkə də. Göndərmişdilər bura... Əli qardaşım “Gənclik” jurnalında atam haqqında məqalə çıxanda redaksiyaya vermişdi, orada çıxıb, sonradan şəkil it-bat oldu, tapılmadı.

Yox, külək inadkarlığına salıb söhbət etməyə imkan vermir. Biz də Zemfira xanımla gəlib külafirənginin altında otururuq. Burda külək tutmur. Söhbətimizə rahatlıqla davam edə bilərik.

Əvvəllər elə bilirdik ki, atam İrəvanda anadan olub

- Adın Mirmehdidir?

- Bəli.

- Bu adı kim qoyub sizə?

- Ulu babamın adı olub.

- Mirmehdi Seyidzadə bizim qonşumuz idi. Bilirsiniz, necə gözəl insan idi? Qabaq qonşuluq var idi, bir-birinə getmək var idi. İndi villaları tikiblər, nə gedirlər, nə gəlirlər, nə tanıyırlar bir-birlərini.

- Sizin atanız Cənubi Azərbaycanda Mamağanda anadan olub. Bəs necə olub ki, 13-14 yaşında Bakıda rəssamlıq kollecinə girib?

- Əvvəllər elə bilirdik ki, atam İrəvanda anadan olub, sənədlərdə də o cür yazılırdı. Amma rəhmətə gedəndən sonra - onun məlumatları Əlidəydi - mən sənədlərə baxdım, gördüm ki, yazılıb Mamağan. Təbrizə yaxın bir şəhərdir. Başa düşdüm ki, atam Cənubi Azərbaycandandır. Atam 17-ci ildə anadan olub, 18-ci ildə azərbaycanlıların soyqırımı olanda ailəsi əvvəlcə Gəncəyə köç eləyib, sonra Gəncədən Bakıya gəliblər. Amma neçənci ildə, mən dəqiq bilmirəm.

- Təbrizdə axı ermənilərlə dava getmirdi. Bəlkə əvvəl İrəvana gəliblər?

- İrəvana gəliblər.

- Hə, onda Mamağanda anadan olub körpə vaxtı gəliblər İrəvana.

- Bəli, gəliblər İrəvana, İrəvanda hadisələr olanda köçüblər əvvəlcə Gəncəyə, sonra gəliblər Bakıya, İçərişəhərə. Atam ailənin bircə oğlu olub. Uşaqlar olublar, amma ölüblər. Nənəm onun tərbiyəsi ilə çox ciddi məşğul olub. Onu rəssamlığa yönləndirib. Qardaşım Əli müsahibəsində demişdi ki, məni rəssam eləyən nənəm olub. Atamın rəsmlərini göstərib deyirmiş onun kimi çək. Atamın tarı da var idi. Görünür tarda da çalırmış.

- Siz tar çalmağını görməmisiniz?

- Hardan görüm? Atam müharibədən məzuniyyətə gəlib, mən anamın boynuna düşmüşəm. 10 yaşınacan atamı görməmişəm. İndiyəcən də ürəyimdə qalıb ki, mən ata qayğısı görmədim.


Düzdür, atalığım çox gözəl insan idi və uşaqlar arasında heç bir fərq qoymurdu, amma bu nisgil mənim ürəyimdə qalıb.

- Körpə vaxtı ata sığalı görməmisiniz.

- Bəli, görməmişəm. Özü də hamı deyirdi ki, oy, bu qız atasına necə oxşayır! Bu mənə bəs eləyirdi.

- Elə deməkləri xoşunuza gəlirdi?

- (Gülür) hə, çox xoşuma gəlirdi. Bir də ki, məndən soruşanda atan hardadır, deyirdim atam Sevastopoldadır, atam Sevastopoldadır.

- Müharibədən gələndən sonra da evləndi, siz də ara-bir gedib-gəlirdiniz?

- Gedib-gəlirdik, amma əsas qayğısı o uşaqlarla bağlı idi. Birdən-birə 4 dənə uşaq... Anam hirslənirdi ki, buna bax, gəlib öz uşaqlarına baxmaqdansa...

Atam Sibirdən gələndən sonra çox sarsıntı yaşadı

- Nənənizin ananızla münasibəti nə təhər idi? “Oğlumdan boşandı, getdi ərə”, - deyib qınayırdı?

- Mən elə başa düşürəm ki, anam ərə gedəndən sonra nənəm fikir eləyirdi. Çünki biz məktəbə gedəndə anam bizi nənəmgildən götürdü və biz Kommunist küçəsinə köçdük, nənəm tək qaldı, görünür darıxdığına görə də xəstələndi, 52-ci ildə, atamın gəlməyinə 6 ay qalmış fevral ayında rəhmətə getdi.

- Nənəniz onda atanızı görməyib?

- Görməyib. Mənim yadımdadır ki, nənəm oturardı qapıda, onun yolunu gözləyərdi. Ona görə atam Sibirdən gələndən sonra çox sarsıntı yaşadı anası yox, yoldaşı da ərə gedib... Qınamasa da, özü desə də ki, "Get boşan", o cür vəziyyət kimin xoşuna gələrdi?

- Bəs vətən xaininin yoldaşı ola-ola ananıza Məhsətinin rəsmini çəkmək sifarişini niyə vermişdilər?

- Yəqin anam Vətən xaininin arvadı adını almamışdan qabaq sifariş veribmişlər. Özü də bilirsiniz ki, Məhsətinin surəti günümüzə qədər gəlib çıxmayıb, anam portreti çəkmək üçün onun rübailərini oxuyur, onların nəticəsində bu obrazı yaradır.

- Məhsəti Güllü xanıma çox oxşayır, deyərsən, avtoportretdir.

- Çox oxşayır, bəli. Bəlkə də özünü çəkib.

- İndi fikirləşirəm ki, ananız başsız qalıb, müstəqil yaşamağa məcbur olub: əri müharibədə, sonra əsirlikdə, sonra həbsdə. Sanki o da Məhsəti kimi öz ayaqları üstündə dayanmağa məcbur qalıb. Nəzərə alsaq ki, rəsmi hələ ikinci dəfə ərə getməmişdən əvvəl çəkib, deməli, tale oxşarlığı olub.

- Ola bilsin. Ümumiyyətlə anam görkəmli adamların portretini çəkməyi sevirdi: Səttar Bəhlulzadəni çəkib, göz həkimi Nisa Mürsəlbəyovanı çəkib, Bəsti Bağırovanın rəsmini çəkib. Bir də anam uşaqları çox çəkməyi sevirdi, harda uşaq görsə, çəkirdi.

- Sizi də çox çəkib?

- (Gülür) məni atam çəkib. Onda mənim 16 yaşım var idi. O rəsm 67-ci ildə atamın sərgisi olanda bukletinə daxil olmuşdu, həm də sərgidə asılmışdı.

- Hardadır indi o portret?

- Atamın 150 illiyi olanda axtardılar, tapa bilmədilər. Mənim portretim kimə lazım idi, bilmirəm (gülür).

- Yaxşı əsər olub, götürüblər. Ata-ananızın sizdə əsərləri qalır?

- Atamın arxivi qardaşım Hüseyndədir. Anamın fondu isə anamın evində yaşayan kiçik bacım Sevincdədir.

- Sizdə heç nə yoxdur?

- Məndə heç nə yoxdur. Yox, bəzi şəkillər filan var, Hüseyn bağışlayıb. Nəcəfqulu adətən böyük həvəslə öz uşaqlarının portretini çəkirdi.

- Sizi çəkməyib?

- Yox, məni çəkməyib.

- Ayrı-seçkilik salıb.

- İndi fikirləşirəm ki, hə.

Bağı alan adamlar Səttarın əsərini divardan sildilər

- Zemfira xanım, evinizə rəssamlar çox gəlib-gedirdilər?

- O vaxtı rəssamlar üçün təzə bina tikiləndə çox böyük mehribanlıq var idi. Məsələn, biz 4-cü mərtəbədə yaşayırdıq, 2-ci mərtəbəni vermişdilər Səttar Bəhlulzadəyə. Səttar həm atamla dost idi, həm də anamı çox istəyirdi. Bu bağa gələrdi.

- Bura?

- Bura gələrdi. Bax o bağı görürsünüz (qonşu həyəti göstərir)? Orda divarda gözəl mənzərə çəkmişdi. Əfsuslar olsun ki, bağı alan adamlar onu sildilər.

- Bəs siz satanda onu nə əcəb götürməmişdiniz?

- Divarda çəkilmişdi, çıxarmaq olmurdu. Aşağısında da Nəcəfqulunun rəsmi var idi. O da yox oldu. Amma ev nə cürə tikilibsə, o cürə qalıb.

- Səttar bura tez-tez gəlirdi?

- O, burada istirahəti çox xoşlayırdı. Anamla dərdləşirdi, ürəyini boşaldırdı. Bilirsiniz də, sənət adamları həmişə narazılıq eləyirlər; kimsə onlara mane olur, işlərində çətinlik yaradır. Yadımdadır ki, o deyirdi: "Əşi, mənim bir üzüm əmircanlıdır, bir üzüm suraxanılı".

- Zemfira xanım, onun taleyi də yaxşı alınmayıb da. O bir qızı sevib.

- O qız kimdir, bilirsiniz?

- Unutmuşam, kimdir?

- O qız Maral Rəhmanzadədir. Azərbaycanın ilk rəssamlarındandır.

- Səttar onu sevirmiş?

- Onlar buradan Moskvaya gediblər oxumağa. Yəni bir institutda oxuyublar. Maral gözəl xanım idi, mavi gözləri filan... Anamla da ki, dost idilər. Bizə tez-tez gələrdi. Nənəmin nəsə ondan xoşu gəlmirdi.

- Atanızın anasının?

- Bəli (gülür), nəsə ondan xoşu gəlmirdi, amma rəssam kimi çox gözəl rəssam idi. Anama da yaxın idi. Bildiyimə görə, Səttarın ona sevgisi olub. Amma o başqasını seçib.

- Səttar da heç vaxt evlənməyib?

- Səttar heç vaxt evlənməyib. Biz Səttarla qonşu olacaqdıq. Biz köçdük, o köçmür. Soruşuruq: "Niyə gəlmirsiniz?"

- O binaya?

- Hə, hə. Demə Səttar xahiş eləyir ki, ona verilmiş mənzili Tahir Salahova versinlər. Və bizim qonşumuz olub Tahir Salahov. Nəyə görə o köçmür, mən sonradan bildim. Mənzil iki otaqlı idi. Onda biz təəccübləndik ki, Səttara niyə iki otaqlı mənzil verirlər, axı o məşhur rəssam idi. Görünür, inciyibmiş. Amma mən düşünürəm ki, o, Əmircanda yaşamağa öyrəşmişdi, ona bina evi lazım deyildi.

- Çox qəribə adam idi.

- Onun öz dünyası var idi. Mən ondan ancaq yaxşılıq görmüşəm. Onun emalatxanası 5-ci mərtəbədə, mənim otağımın üstündə yerləşirdi. Mən də musiqiçiyəm də, oturub çalardım. O da Bethoveni çox sevirdi. Bir dəfə Bethovenin bir sonatasını çalırdım, bir də gördüm ki, qapı döyüldü. Açdım, görürəm Səttar. Mənə bir dənə peyzaj işini hədiyyə gətirmişdi. Mənim üçün böyük xoşbəxtlik idi. Mən o peyzajı uzun müddət otağımda asmışdım. Səttar ölməmişdən qabaq bir sərgi elədi. O, işlərini hamıya bağışlayırdı. İndiki rəssamlar bilirsiniz də çox nadir hallarda işlərini bağışlayarlar, indikiləri daha çox satış maraqlandırır. Onu da məcburiyyətdən edirlər. Səttar bütün tanışlarından xahiş elədi ki, işləri versinlər. Məndən də aldı. Sərgi oldu, ondan sonra Səttar öldü, iş də getdi.

- Yəqin ananızın rəssam rəfiqələri sizə tez-tez gəlirdilər. Nə söhbət eləyirdilər, maraqlı hadisələrdən nə danışırdılar?

- Elmira Şahtaxtinskaya bizim qapı qonşumuz idi. Yoldaşıyla da, özüylə də biz çox dostluq eləyirdik. Maral öz yerində, mamamın dostu idi, Vəcihə xanımla (Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədova – M.A.) da araları yaxşı idi, amma deyə bilmərəm ki, bir-birlərinə çox gedib-gəlirdilər. Bir az yəni ki... Bilirsiniz də, sənət adamları arasında qısqanclıq olur, elədir?

Bəli, təbiidir.

– Kimsə sənin uğuruna sevinmir, kimsə səndən yaxşı danışanda, o birisi pis danışır.

Hə, olur bu.

– Təəssüf ki, bu bizə xas olan cəhətdir.

Həmişə fəxr eləmişəm ki, Həsən Haqverdiyev mənim atam olub

Rəssamlar məncə o dövrdə yaxşı dolanırdılar, sifarişlər olurdu.

– Mən sizə deyim, təkcə rəssamlar yox, bax, mən konservatoriyada müəllim olmuşam. 77-ci ildə məni Moskva Konservatoriyasına təcrübəyə göndərmişdilər. Baş müəllim idim və mənim maaşım 185 manat idi. O pul gedirdi ora, mən Moskvada o pulu poçtdan alırdım. O pula mən yaşaya bilirdim, uşaqlarıma əyin-baş alırdım, plastinkalar alırdım. Sonradan professor oldum, maaşım daha çox oldu. O zaman o maaşa mən yaşayırdım və uşaqlara kömək eləyirdim. Amma sonrakı zamanlarda... Görürsən ki, ailədə beş nəfər də işləyir, çatmır.

– Biz keçən dəfə telefonda danışanda dediniz ki, atanızın ildönümüdür, qardaşınızı, bacılarınızı, qohumlarınızı bağa yığacaqsınız. Yığdınız?

– Bəli, deməli, iyulun 20-i atamın ad günüdür. Mənim atam 78-ci ildə rəhmətə gedib. Baxmayaraq ki, o məni faktiki yaradıb, mənə tərbiyə verməyib, saxlamayıb, ancaq mən həmişə fəxr eləmişəm ki, Həsən Haqverdiyev mənim atam olub. Mən heç bir zaman ondan küsməmişəm, inciməmişəm ki, ay mənə diqqət yetirməyib. Həmişə ona bəraət vermişəm, onun taleyi belə gətirib. Ona görə də 78-ci ildən bu yana mən həmişə bağda onun ölüm gününü, bir də doğumu gününü qeyd eləyirəm.

Hamını çağırırsınız bura?

Bəli. Hüseyn gəlir, Ucal var idi mənim qardaşım, rəhmətə gedib, Saidə, Aidə o tərəfdən...

Onlar kimdir?

– Saidə, Aidə atamın uşaqlarıdır, rus xanımından. Saidə də keramika rəssamıdır. İndi Hyustondadır, orada fəaliyyət göstərir. Əlinin də ölüm gününü qeyd edirəm. 15 sentyabra kimi bağda otururam. Çünki Əli 14 sentyabrda burada ölüb. 29 iyul onun anadan olan günüdür, onu da mən qeyd eləyirəm.

Elə bil nəslin ən böyüyü, sonuncu mogikanı sizsiniz.

– Mən mogikan oldum, bəli.

- Mən belə başa düşürəm, siz bu bağa dincəlməyə gəlmirsiniz, xatirələrlə yaşamağa gəlirsiniz.

– Onu düz deyirsiniz. Əvvəl qardaşımın başına bu iş gələndə mən fikirləşdim ki, daha bu bağa gələ bilmərəm. Bir il, iki il gəlmədim. Sonra gördüm yoldaşım bağ üçün sinov gedir. Mütləq beşinci gün işdən sonra gəlirdi, şənbə-bazar bağda qalırdı. Ağlıma nəsə pis fikir gəldi ki, birdən ona da bir şey olar. Yəni ki, necə deyərlər... onun təkidi ilə mən başladım gəlməyə. Artıq mən gələndə gördüm ki, elə bil yüngülləşirəm, elə bil Əlinin səsini burada eşidirəm. Axı biz çox zaman burada konsertlər verirdik, mən çalırdım, o oxuyurdu, qonşular yığışırdı.

Qonşular da nə qonşular... Mirmehdi Seyidzadəgil...

– Hə. Ondan sonra akademik Mikayıl Hüseynov. O boyda akademik görürsən ki, bizi çağırırdı, yaxud o bizə gəlirdi. Anam Xalq rəssamı adını almışdı. Yadımdadır, bir də gördüm ki, Mikayıl Ələsgəroviç şoferi ilə bir dənə böyük dəstə gül göndərib. Yəni indi belə qonşular yoxdur. Mirmehdi - həmin o sənin adını daşıyan...

Mayovkaya yığışıb Dağüstü parka gedirdik

Yox, mən daşıyıram.

– Bəli, hər dəfə gələndə qapıda deyirdi: "Şəhərə gedirik, iki dənə yerimiz var maşında. Kim gedir?" Qoyun kəsirlər, pay verirlər, kabab eləyirlər pay verirlər. Bax, qonşular belə idi, Biz bu cür yaşamışıq.

O vaxtı bağ mövsümü də bayram ab-havasında keçirdi.

– Təbii, təbii. Mən müharibə dövrünün övladıyam. İçərişəhərdə özünüz bilirsiniz ki, hamı çox kasıb yaşayırdı, amma böyük dostluq var idi. Bir-birinə getmək... May ayında mayovkaya yığışıb Dağüstü parka gedirdik.

Piknik keçirirdiniz?

– Aha. Hərənin evində nəyi var: biri balıq, biri kartoşka, biri nə bilim nə.

O zaman bakılıların istirahət yeri Dağüstü park idi?

– Bəli.

Kirovun heykəlinin yanı?

– Bəli. Ora gedirdik.

Müharibəni xatırlayırsınız?

– Mən hardan xatırlayım? Amma Qələbə gününü xatırlayıram. İki yaş yarımlıq idim. Bizim evdə anam pianino çalırdı, camaat oxuyurdu, əl çalırdılar... Bax, belə bir təntənəli gün.

Ananız pianino da çalırdı?

– Əlbəttə. Anam barədə soruşmursunuz. Anam şamaxılıdır. Mənim babam Hacı Nəim...

Babamın adına Türkmənistanda küçə var

Ananızın atası.

– Hacı Nəim Mustafa... Şamaxı ziyalılarından olub. Zəlzələdən sonra Türkmənistana, Cərcova köç ediblər. Anamın bacıları, qardaşları hamısı orada anadan olub. Eşitdiyimə görə, babam zəngin adam olub, evdə pianino varmış, uşaqlara musiqi, ingilis dili müəllimləri tutubmuş. Bakıdan qastrola gedən azərbaycanlı teatr truppalarına dəstək olurmuş, orada Üzeyir Hacıbəyovun operettalarının səhnələşdirilməsinə kömək edirmiş, qızlar məktəbi yaradıbmış.

- Cərcoda?

– Bəli. Babamın adına orada küçə də var. Sonra babam fikirləşir ki, qızlar böyüyür, ərə getmək vaxtlarıdır və Bakıya köçüb İçərişəhərdə məskunlaşır.

- Zemfira xanım, Ucalla münasibətiniz necə idi?

- Çox yaxşı. Ucal çox istedadlı idi.

- Hüseyn müəllim müsahibəni oxuyub inciməz?

- İnciməz. İzah edim. Mənim atam istedadlı rəssam idi, özünəməxsus üsluba malik idi. Çox zaman görürsünüz ki, uşaqlar valideynlərinin işini davam etdirəndə onların kölgəsində qalırlar. Mənim atamın uşaqları isə heç biri atasını təkrar etmədi; istər Hüseyn, istər Ucal, istərsə də Əli. Tamamilə fərqli yaradıcılıq yolu seçmişdilər. Bu çox sevindirici faktdır. İndi də onların övladları...

Ucalı 90-cı illər hadisələri zamanı ruslar tutub “podval”a salıblar

- Bütünay, Ucalın oğlu – istedadlı rəssamdır.

- Bütünay, Ucalın oğlu. Ondan sonra Hüseynin qızı Sabina, indi İtaliyada yaşayır, o da rəssamdır, Əlinin övladı, o da rəssamdır, Rumıniyada yaşayır. Atamın hazırda 9 davamçısı var.

- Ucal deyəsən, dinini dəyişmişdi.

- Ucalı 90-cı illər hadisələri zamanı ruslar tutmuşdular. Mənə o vaxtı Əli zəng vurmuşdu ki, Ucal yoxa çıxıb. Necə yoxa çıxıb? Sonra məlum oldu ki, onu “podval”a salıblar. Görünür orada işgəncə veriblər. Çünki ondan sonra Ucal ürək xəstəliyinə tutuldu. Provaslavlığa gəldikdə isə, anası rus idi deyə əvvəldən kilsəyə marağı var idi. Xəstəliklə əlaqədar o zaman kilsə ona çox kömək elədi. Pis vaxt idi axı, camaat bilmirdi necə dolansın. Onu neçə dəfə Moskvaya müalicəyə göndərdilər. O da Bakıda kilsə üçün freskalar çəkmişdi. İndiyə kimi o kilsədə Ucalın xüsusi auditoriyası var, yəni əsərləri qorunur. Yəni Ucal ürək xəstəliyinə tutuldu. O biri tərəfdən də rəssamdır da, yoldaşları gəlirdilər, emalatxanada içirdilər.

- Rəssamlar üçün adi haldır.

- Yəni ki, Ucal özünə baxmadı.

- Atanız da içən idi?

- Atam bilirsiniz, o qədər əziyyət görmüşdü, müharibə, əsirlik, Sibir... Bəraət alıb gəldi, ana yox, ailə yox. Bir tərəfdən də hərə bir söz deyir: “Arvadın atıb getdi, filan”. Bunlar hamısı təsir eləyirdi, əlbəttə. İçirdi, amma deyim ki, gəlib ailəsində dava salırdı, elə şeylər yox idi.

- Səttarla da dediniz yaxın dost idi?

- Səttarla da yaxın dost idi, onun da şəklini çəkib. Anamla da dost idi, Nəcəfqulu ilə də.

- Tahir Salahovla, Toğrul Nərimanbəyovla münasibət necə idi?

- Tahir qonşumuz idi axı. Bir dəfə Tahir bizə gəlib, təzə evlənmişdi, arvadı özbək idi. Anam deyir, Tahir, bir söz deyəcəyəm, amma incimə. O da rusdilli idi, deyir, Gülya xanım, nə istəyirsiniz deyin. Anam da deyir ki, o nədir, sən kimi almısan? Tahir də cavab verir ki, Gülya xanım, siz ona mənim gözlərimlə baxın.

Nərimanbəyov gəlirdi bizə, bir az ki içirdi, başlayırdı oxumağa

- Yaxşı cavab verib.

- Hə.

- Nərimanbəyovla münasibət necə idi?

- Yaxşı. Dostluq eləyirdilər. Nərimanbəyov gəlirdi bizə, bir az ki içirdi, başlayırdı oxumağa. Onun qəşəng səsi var idi. Neapolitan mahnıları oxuyurdu.

- Ananız da içirdi?

- Yox, anam heç içmirdi. Ancaq çox “modnı” qadın olub. Şlyapaları vardı. Küçədə gedəndə hamı ona baxmasa, olmazdı.

- Zemfira xanım, nəvələr bura gəlirdi?

- Seyranın ikinci yoldaşından olan uşaqlar hər il gəlirdilər, mən Türkiyəyə gedirdim, indi Amerikadadırlar.

- Uşaqları nə boydadır?

- Biri 10 yaşındadır, biri 7 yaşındadır.

- Balacadılar.

- Amma o birisilər böyüyüblər artıq, biri 30, o biri 27 yaşındadır.

- İndi kimlərdən ötrü daha çox darıxırsınız? Dirilərdən ötrü, ölülərdən ötrü, nəvələrdən ötrü, yoxsa ata-anadan ötrü, qardaşlardan ötrü?

- Vallah, mənim üçün hamısı əzizdir. Mən nə qədər sağam, onlar da mənim üçün sağdırlar. Heç inanmıram ki, oğlum Seyran ölüb. Çünki o həmişə Türkiyədə çalışırdı, yaşayırdı. Elə bilirəm ki, o, oradadır, mən buradayam. Bir də həmişə Türkiyəyə gedəndə elə bilirəm ki, o məni qarşılayacaq. Belə şeylər məni saxlayır, ölməyə qoymur.

Bu bahalı, əzəmətli, zahirən parıltılı villaların arasında yaşantı dolu simasını müasirlik adı altında quru, adamayovuşmaz görkəmə dəyişəcəyi qaçılmaz günü kədərlə gözləyən dəbdəbəsiz bağı tərk edirəm. Zemfira xanımı xatirələri və ağrıları ilə baş-başa qoyaraq... İndi onun da gözləri bir vaxtlar İçərişəhərdə qapıda oturub oğlunun yolunu gözləyən nənəsinin gözləri kimi intizardadır. Gedənlər qayıdarmı, görəsən?.. Hava elə bayaqkı kimidir - narahat. Yadıma hardansa Füruğ Fərruxzadın məşhur şeirinin son misrası düşür: “Külək bizi sovuracaq”.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Əfsanəvi qrup haqqında serial çəkilir

Əfsanəvi qrup haqqında serial çəkilir

12:12 31 avqust 2026
Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi  taleyi

Əri güllələndi, övladı uşaq evində acından öldü, qızı həbs edildi... - Görkəmli rus şairin faciəvi taleyi

12:00 31 avqust 2026
Çanaq və qabırğası sınan Xalq artistinin son vəziyyəti

Çanaq və qabırğası sınan Xalq artistinin son vəziyyəti

11:11 31 avqust 2026
Tramp müğənni ilə fotolarını paylaşdı - Tənqid olundu

Tramp müğənni ilə fotolarını paylaşdı - Tənqid olundu

11:00 31 avqust 2026
Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı

Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı

10:40 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər