Kulis.az Əli Şirin Şükürlünün "Ədəbi suprematizm" silsiləsindən şeirlərini təqdim edir.
Kuryer: qeyri-səlis adam
(epik şeir)
Uzaqdan uşağa bənzəyirdi, yaxından cavana,
lap yaxından yaşlı adama –
ilk dəfə görəndə təəccüblənmişdim.
Sanki bütün yaşları
ləyaqətlə daşıyırdı özüylə.
Qısa boyu, çəlimsiz bədəni
çantasını daha da iri göstərirdi:
Wolt.
Ünsiyyətdə də eyni mənzərə:
Həm uşaq idi, həm cavan, həm də qoca – fuzzy set*.
Cır səsi uşağı xatırladırdı,
özgüvənli ədası cavanı,
iri çantanın təsirindən bir az da əyilmiş qaməti
və qırışmış yorğun siması isə qocanı.
Təzadların, əksliklərin, bir sözlə,
bütün ziddiyyətlərin sanki
vahid bir vücudda toplandığı nümunə idi
iri çantasına sığınan bu zərif adam.
“Bir şeyin varlığı onun tərsini inkar etməz –
hər şey tərsini saxlayar özündə; ya az, ya da çox.”
qənaətinin bir daha sübutu idi bu qoca uşaq.
Uşaqdan qocaya qeyri-səlis keçidi
sanki əyaniləşdirirdi hər dəfə qarşıma çıxanda.
Hərəkətin, zəhmətin hər yaşda faydası var, –
ünsiyyət xatirinə dedim salamlaşdıqdan sonra.
Həm o, həm də... – cır səsiylə yarımçıq cavab verdi,
üzündə qəribə, azca özündənrazı təbəssüm.
Turnikerə çatanda vidalaşdı,
üzündə yenə o qəribə təbəssüm.
Növbəti görüşdə yenə söhbətə cəlb etdim onu.
Redaksiyanın turnikerinə işarə etdi:
Görürsən, insan olmasa da,
onun funksiyasını yerinə yetirir;
texniki insandı əslində model olsa da.
Belə getsə, çox keçməz texnologiya insanı tam əvəz edər.
fuzzy set* - qeyri-səlis çoxluq
Təəccübləndim:
modeldən, süni zəkadan xəbərsiz deyildi.
Marağım daha da artdı bu qeyri-səlis adama;
bəs süni zəka?
Həm dost, həm düşməndir insana.
Bütün tərəqqilər belədir əslində - çay suyu misalı;
bağ üçün faydalı, daşqın kimi fəlakət.
Bir dəfə isə söhbəti qəsdən belə başladım:
Müasir texnologiya yaxşıdır, yoxsa pis –
keçən dəfə tam anlamadım doğrusu ?
Yaxşı odur ki, insana faydalıdır.
Amma hər faydalı da gözəl olmur.
Bəs gözəl nədir onda? –
söhbəti uzatmaq istədim bilərəkdən.
Gözəllik təmənnasız olur ilk növbədə.
Maddi gərəyi ödəmir, sadəcə zövq aşılayır.
Məsələn, bu tablo kimi, –
divardakı rəsmə işarə etdi, -
bir ölçüsü isə həqiqətdir - uzaq düşdükcə ondan,
tərsinə çevrilər tədricən –
fikrini belə tamamladı
zamanı kuryer çantasında daşıyan adam
üzündə yenə o qəribə təbəssüm.
Beləcə, hər görüşdən sonra bir az da isnişir,
bir az da heyrətim artırdı
sadədən dərinliyə körpü salan,
zamanı bütün halı ilə yaşadan
bu qeyri-səlis adama.
Bir müddət gözümə dəymədi.
Tez-tez gəldiyi şöbənin əməkdaşlarından soruşdum:
O kuryer gözə dəymir?
Həm uşağa, həm cavana,
həm də qocaya oxşayan kişini deyirəm.
Yox, eləsi gəlmir bura, – dedi
əməkdaşlardan biri gülümsəyərək -
gələn ya yeniyetmə olur, ya cavan, ya da yaşlı.
Amma mən əmin idim: bura bir vaxtlar
sadədən mənaya, uşaqdan qocaya
zamanı aramsız keçən,
təzadları məharətlə varlığında gəzdirən
qeyri-səlis bir adam gəlib-gedərdi.
Teatr + Həyat
Teatr.
Həyat-tamaşa başlayır.
Açılır pərdələr.
Səhnədə aktyorlar:
sevgi, nifrət, ayrılıq,
sevinc, kədər, göz yaşı...
Zalda tamaşaçılar:
heyrət, sevgi, sevinc,
həsrət, kədər, göz yaşı...
İki məkan müstəvi bir-birinə paralel:
səhnə və zal.
Birində aktyorlar, birində tamaşaçı.
Birində tamaşa, birində həyat.
Azca məsafə var
səhnə və zal arasında;
cəmi bir neçə addımla ölçülər.
Həyat tamaşaya boylanır zaldan,
tamaşa həyata səhnədən.
Bitir tamaşa. Təzim, alqışlar.
Enir pərdələr.
Səhnədən aktyorlar çıxır.
Zalı tərk edir tamaşaçı.
Bir tamaşaçı bir aktyoru sevir,
gözləyir teatrın qarşısında həsrətlə.
Budur... aktyor gəlir,
sıxılır məsafə, kəsişir paralel müstəvilər
VƏ
həyat...
Gözləyin, əziz aktyorlar, gözləyin bir az,
tamaşa-həyat başlayır: indi
hamı oyunçu və tamaşaçı.
Açılır pərdələr... enir pərdələr.
Qatil
Qapısı yarımaçıq şkaf,
yan- yana stullar, masanın üstündə əllərim.
Bir az öndə
dağılmış vərəqlər;
nizamsızlıqda fikrin harmoniyası,
telefon aparatı – sükutun simfoniyası,
təqvim – keçmiş, indi və gələcək;
zamana səyahət tablosu,
qlobus – xaos və harmoniyanın modeli
və
səhərdən oyanmış xatirələr –
səssizliyimin mənzərəsi
Həyətdə idman oyunları -
qələbə sevincindən doğan səs-küyün
otağımdakı proyeksiyası
sükut
Mən
məğlub olanları sevirəm.
Qatil olacağıma
bir daha inanmadım,
oyatdım
sevgilərin bloknot yaddaşını…
vərəqlər dilim-dilim doğrayır
otağın səssizliyini
eşidirəm sükutun iniltisini;
mən ki qatiləm
Gölməçə, ağ çiçək, bəyaz kəpənək və gün işığı
Yağışdan sonra doğulan gölməçədə
çirkaba bulaşmış ağ çiçək üzür;
olduqca gözəl mənzərə.
Köçürüb ağ vərəqə çirkli gölməçəni
Salasan dairə şəklinə: içində füsunkar
ağ çiçək, çiçəyin üstündə bəyaz kəpənək.
Dairə - dərindən dərin
qapalı görünsə də.
Xəyal qırıqlığına uğrayıram burada:
bir maşın
gölməçəni tapdayıb keçəcəkdi az qala.
Gölməçə yerindədir hələ,
çiçək də üzür gölməçədə.
Böyüyür gölməçə xəyalımda
dənizə dönür, çiçək ağ yelkənli gəmiyə,
kəpənəksə bəyaz libaslı adama.
Dəniz sonsuzluğu yaşayır,
gəmi azadlığı,
adam
sonsuzluğa qərq olmuş azadlığı.
Budur: gün çıxır,
quruyacaq gölməçə,
solacaq ağ çiçək.
Gün çıxır...
“Gölməçə, ağ çiçək və bəyaz kəpənək” nağılı
yaddan çıxır.
Havada vərəq uçur,
vərəqdə şəkil;
gölməçə - qara halqalı dairə,
içində füsunkar ağ çiçək,
çiçəyin üstündə bəyaz kəpənək.
Şəkildə
günəş görünmür nədənsə.
Zenon paradoksu: dayandı – gedirdi amma
Varlıqda hərəkət yoxdur
Gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?
O isə gəlirəm dedi.
Elə bilirdi gəlir, gedirdi amma.
Keçirəm, gözlə - çığırırdı.
Yolu keçməyə hazırlaşırdı.
Keçirdi. Elə bilirdi yol keçir,
özündən keçirdi – fərqində deyildi sadəcə.
Çatıram da çatıram, görmürsən –
əli ilə işarə eləyirdi bir az əsəbi;
hə, çatdım, bu da mən.
Dayanıb, nəfəs dərdi yorğun, hüzünlü.
Dayandı. Gedirdi amma, xəbəri yoxdu, deyəsən.
Elə bildi çatıb. Çatdığı özü idi – bilmirdi hələ.
Çaşqınlıq içində boylandı ətrafa:
hardayam, azalmaqdansa çoxalıb məsafə,
geriyə gəlmişəm ki?!
Nə baş verdiyini bilən bilirdi. Mən də bilirəm:
çatmaq üçün gözləyənə
yolun yarısını getməliydi əvvəlcə,
amma ondan əvvəl - yarısının yarısını,
ondan da əvvəl yarısının yarısının yarısını… və
beləcə, sayacaqdı yerində gedə-gedə.
Sayacaqdı yerində, gedəcəkdi amma, elə hey gedəcəkdi.
Gözləyən isə düşünürdü gözləyə-gözləyə:
bu gəlişlə
İtiayaq Axilles də çata bilməz tısbağaya.
20.08.2026