“The New York Times” qəzeti Nobel mükafatlı türk yazıçı Orhan Pamukun eyniadlı, bestseller romanı əsasında çəkilən “Məsumiyyət muzeyi” serialı yayımlanmamışdan əvvəl müəlliflə geniş müsahibə dərc edib.
Kulis.az xəbər verir ki, müsahibədə Pamukun əsəri daha əvvəl ekranlaşdırmaq cəhdindən və hazırda "Ay Yapım" tərəfindən reallaşdırılan layihədə onun fəal iştirakından bəhs olunur, həmçinin 73 yaşlı yazıçı üçün bu rəqəmsal platforma qərarının “karyerasında bir ilk” olduğu vurğulanır.
Ben Hubbardın müəllifi olduğu yazıda qeyd olunur ki, Orhan Pamuk altı il əvvəl adını açıqlamadığı bir Hollivud şirkəti ilə "Məsumiyyət muzeyi”nin ekranlaşdırılması üçün razılığa gəlib. Lakin hazırlanan ssenari müəllifi dəhşətə gətirib. 1970–80-ci illərin İstanbulunda keçən və obsesiv bir sevgidən bəhs edən 500 səhifədən artıq romanın adaptasiyası zamanı Pamukun qəbuledilməz saydığı dəyişikliklər edilib, müəllifin fikrincə, süjet ciddi şəkildə təhrif olunub.
Pamuk “The New York Times”a deyib:
“O vaxtlar yuxular görürdüm. Kaliforniyalı bir vəkilə, öz meyarlarıma görə, çox pul ödəyirdim və ‘Birdən mətni yazdıqları kimi çəkərlər’ deyə narahat olurdum”.
Yazıçı 2022-ci ildə hüquqi mübarizəni qazanaraq əsərinin hüquqlarını geri alıb.
Dörd il sonra Pamuk serial adaptasiyası üçün "Ay Yapım" ilə razılığa gəlib. “Məsumiyyət muzeyi” 13 fevralda "Netflix" platformasında doqquz seriyalıq serial kimi təqdim olunacaq.
Müsahibədə qeyd olunur ki, Türkiyənin ən tanınmış romançısı olan Orhan Pamuk üçün bu rəqəmsal platforma premyerası karyerasının bu mərhələsində bir ilkdir. Bildirilir ki, televiziya adaptasiyası əsərin qlobal auditoriyasını daha da genişləndirəcək.
Pamuk müsahibədə etiraf edib:
“Əlbəttə, hər romançı əsəri əsasında film çəkilməsini istəyər. Çox vaxt motivasiya ya pul olur, ya da populyarlıq”.
Yazıda bildirilir ki, Pamuk "Ay Yapım"a əsəri təqdim edərkən prodüserin süjetdə həddən artıq sərbəst davranmaması üçün əvvəlcədən ödəniş tələb etməyib və ssenari tamamlanmadan müqavilə imzalamayıb. Şərtlərindən biri odur ki, titrlərdə yalnız kitabın adı deyil, “Məsumiyyət muzeyi”nin özü də yer alsın və serial nə qədər uğurlu olsa belə, ikinci mövsüm çəkilməsin.
"Ay Yapım"ın rəhbəri Kerem Çatay da Pamukun prosesdə aktiv iştirak etdiyini təsdiqləyib. O bildirib ki, layihənin tamamlanması dörd il çəkib və bu onun 19 illik karyerasında ən uzun layihə olub.
“Orhan bəyin standartları yüksəkdir”, – deyə Çatay əlavə edib və yazıçı, prodüser və ssenari qrupu arasında səhifə-səhifə inkişaf edən prosesin asan olmadığını vurğulayıb.
Çatay iki il işlədikdən sonra hələ də imzalanmış müqavilənin olmadığını deyib. Bu isə o demək idi ki, Pamuk istənilən anda layihədən imtina edə bilərdi.
Şirkət 1970-ci illərin Nişantaşı mühitini canlandıran dekorasiya qurub. Kemal rolunu türkiyəli aktyor Selahattin Paşalı, Füsun obrazını isə Eylül Kandemir canlandırıb. Layihədə Pamukun seçimi ilə qadın rejissor Zeynep Günay çalışıb.
Pamuk roman nəşr edildikdən sonra feministlər tərəfindən hekayəni kişi qəhrəmanın baxış bucağından təqdim etdiyinə görə tənqid olunduğunu xatırladıb:
“Orta Şərqli kişilərə aid edilən yanlış stereotiplərdən qaçmağa çalışdım. Amma təəssüf ki, Orta Şərqli bir kişiyəm və bütün feminist tənqidləri qəbul edirəm”.
Yazıçı bildirib ki, qadın rejissorla işləmək hekayəyə qadın qəhrəmanın baxış bucağını daha çox daxil etməyə imkan verib.
Kerem Çatay serialın doqquz seriyasını birlikdə izlədikdən sonra Pamuka zəng etdiyini və onun reaksiyasından narahat olduğunu deyib:
“Çox xoşbəxt idi, bəyəndiyini dedi”.