İncəsənət Kollecinin direktoru: "Dövlət rəssamın bütün işlərini alıb onu arxayınlaşdırmamalıdır" - Müsahibə

İncəsənət Kollecinin direktoru:  "Dövlət rəssamın bütün işlərini alıb onu arxayınlaşdırmamalıdır" - Müsahibə
12 fevral 2026
# 12:53

Kulis.az Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru, rəssam Elşad Əhmədovun APA-ya müsahibəsini təqdim edir.

- Gənc yaşda direktor olmaq bir rəssam üçün çətin deyil?

- Mən özümü ilk növbədə rəssam hesab edirəm. Direktor vəzifəsi isə mənim üçün incəsənətə, təhsilə və gələcək nəsillərə daha sistemli şəkildə xidmət etmək imkanıdır. İlya Repin adına Sankt-Peterburq İncəsənət Akademiyasında aldığım akademik təhsil, orada gördüyüm məktəb modeli və illərdir davam edən yaradıcılıq təcrübəm bu gün rəhbərlik etdiyim kollecdə baxışımı formalaşdırır. Mənim üçün əsas məsələ vəzifə deyil, məktəbin yaşamasıdır.

Direktor kimi əsas prioritetlərimdən biri incəsənət təhsilinin formal diplom səviyyəsində yox, real məktəb səviyyəsində qorunmasıdır. Yəni tələbə təhsil müəssisəsini bitirdikdə sadəcə sənəd yox, peşəkar baxış, əl vərdişi, məsuliyyət hissi və sənətə münasibət qazanmalıdır. Rəngkarlıq, qrafika, heykəltəraşlıq — bunların hamısının əsasında praktika dayanır. Rəssamlıqda hər şey praktikadan keçir. Nə qədər nəzəri bilik, konseptual düşüncə olsa da, əgər əl işləmir, göz formalaşmırsa, bu sənət yaşamır.

İkinci əsas prioritet müəllim məktəbinin qorunmasıdır. Müəllim sadəcə dərs deyən şəxs deyil, o, ənənənin daşıyıcısıdır. İncəsənətdə bilik kitabdan çox, ustaddan şagirdə ötürülür. Ən təhlükəli məqam qırılma nöqtəsidir. Bir nəsil özündən sonrakına bildiyini ötürməyəndə və bu zəncir qırılanda, məktəb də itir, sənətin yaddaşı silinməyə başlayır. Biz buna yol verməməliyik.

Bir nəsil özündən sonrakını dəstəkləməli, özündən əvvəlkindən isə öyrənməlidir

- Gənclər bir çox sahədə əvvəlki nəsli bəyənmir. Siz özünüz də gəncsiniz və elə gənclərlə işləyirsiniz. Onlara özlərindən əvvəlki nəsildən öyrənməyi məsləhət görürsünüz, yoxsa siz də keçmişə ötəri yanaşırsınız?

- Bu baxımdan varislik məsələsi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən nisbətən gənc olsam da, bu o demək deyil ki, hər şeyi bilirəm. Əksinə, incəsənətdə yaş, təcrübə və praktika çox önəmlidir. Biz özümüzdən əvvəlki rəssamların biliklərindən, praktikalarından, ənənələrindən mütləq şəkildə faydalanmalıyıq. Bu, zəiflik deyil, məktəbə hörmətdir. Bir nəsil özündən sonrakını dəstəkləməli, özündən əvvəlkindən isə öyrənməlidir. Yalnız bu halda rəssamlıq məktəbi yaşayır. Həmçinin bu o demək deyil ki, biz nə keçmişdə donub qalmalıyıq, nə də köksüz modernliyə qaçmalıyıq.

Bu gün incəsənət təhsili alan gənclərin qarşılaşdığı əsas çətinliklər təkcə maddi və ya texniki problemlərlə məhdudlaşmır. Əsas problem diqqətin dağılması və səbirsizlikdir. Rəssamlıq uzun bir yol, uzun bir prosesdir. Bu gün bir çox gənc sürətli nəticə əldə etmək istəyir. Sosial şəbəkələrdə görünən uğur illüziyası bəzən gəncləri aldadır. Canlı ünsiyyət, emalatxana mədəniyyəti zəifləyib.

Digər ciddi məsələ usta-şagird münasibətinin zəifləməsidir. Canlı ünsiyyət, emalatxana mühiti, rəssamlarla birbaşa təmas incəsənət təhsilində əvəzolunmazdır. Bundan əlavə, bəzi gənclərdə məqsəd qarışıqlığı müşahidə olunur. Bəziləri sənət üçün yox, sadəcə görünmək üçün bu sahəyə gəlir. Amma eyni zamanda istedadlı, çalışqan, məsuliyyətli gənclər də var və bizim əsas vəzifəmiz məhz onları qorumaq, istiqamətləndirmək və inkişaf etdirməkdir.

Rəssamlığın sosial əhəmiyyəti də burada xüsusi yer tutur. Rəssamlıq təkcə estetik məsələ deyil, o, cəmiyyətin yaddaşıdır. Rəssamlar öz dövrlərinin aynası olublar. Onların əsərlərində dövrün psixologiyası, sosial vəziyyəti, insanın daxili dünyası əks olunur. Biz bu prinsipləri unutmamalıyıq. Rəssam cəmiyyətin içində baş verən proseslərə biganə qalmamalıdır.

Tam şəkildə yaradıcılıqdan uzaqlaşırsansa, o zaman vəzifə səni yeyir

- “Yaradıcılıqla vəzifə uyğun gəlmir” fikri ilə razısınız?

- Hesab edirəm ki, əgər vəzifə yaradıcılığı məhdudlaşdırırsa, deməli, insan vəzifəsini düzgün qurmur. Mənim üçün rəhbərlik yaradıcılığın alternativi yox, davamıdır. Sadəcə kanallar dəyişir. Əgər rəssam öz zamanını və məsuliyyətini düzgün bölə bilirsə, bu iki sahə bir-birini məhdudlaşdırmır, əksinə tamamlayır. Disiplin yaradıcılığı öldürmür, formalaşdırır.

Əgər sən tam şəkildə yaradıcılıqdan uzaqlaşırsansa, o zaman vəzifə səni yeyir. Amma sən yaradıcılıq düşüncəsini idarəetməyə gətirə bilirsənsə, bu, böyük üstünlükdür. Mən bu istiqamətdə həm rəssam, həm də rəhbər kimi balansı qorumağa çalışıram.

- Niyə rəssamlar, xüsusilə də gənclər bu sahədə dolanışığın zəif olmasından şikayətlənir? Həqiqətən bu sahədə pul yoxdur?

- Bu artıq yaradıcılıqdan kənar, daha çox xarakter və davranış məsələsidir. Məsələn, Rusiyada mənim tanıdığım çox yaxşı müəllimlər var, həm peşəkar, həm də ünsiyyət və davranış baxımından çox güclüdürlər. Bizdə də bazarı yaxşı bilən, özünü təqdim etməyi bacaran, mühitə uyğunlaşan rəssamlar var. Onların işləri bu gün trenddədir və bazarda yer tuta biliblər.

Bir kolleksiyaçı və ya biznesmenlə görüşəndə təkcə iş yox, həm də insanın vizual görünüşü, danışıq tərzi, davranışı qarşı tərəfi cəlb etməlidir. Sənətkar öz işini izah edə bilməlidir. Bu gün problem bazarda deyil, daha çox rəssamların özündədir. Təqdimatın zəif olmasının səbəblərindən biri də təhsil sistemində art-menecmentin olmamasıdır. Rəssam öz işini təqdim etməyi bacarmalıdır, eyni zamanda art-menecerlər və art-marketinqlər də yetişməlidir.

Bu sahə nə qədər dəbə çevrilsə, bir o qədər də alıcı sayı artacaq. Ölkəmizdə çox gözəl evlər tikilir, insanlar zövqlü yaşamağa can atırlar. Əgər sənət dəbə çevrilsə, insanlar evlərinə yaxşı əsərlər alacaq, sərgilərə daha çox gedəcəklər. Bu isə təkcə reklamla yox, uzunmüddətli təşviq və təhsil prosesi ilə mümkündür.

Bu, uzun illər tələb edən bir yoldur, məsələn, Qazaxıstanda bir neçə ildə deyil, illər əvvəl qoyulmuş mədəni proqramlar nəticəsində artıq rəssamlar London və ABŞ kimi mərkəzlərdə sərgilərdə iştirak edir, qazax incəsənəti beynəlxalq səhnədə tanınır. Bu da sübut edir ki, uzunmüddətli strategiya öz nəticəsini verir.

Yaxşı əsərin alıcısı həm ölkə daxilində, həm də xaricdə var

- Siz deyəndən belə çıxır ki, təkcə rəssam olmaqla iş bitmir…

-Tutaq ki, siz art-menecerisiniz və karyeranızı bu sahədə qurmusunuz. Siz daim bazarın nə istədiyini bilirsiniz və uyğun rəssamlar axtarırsınız. Bu gün sərgilərə getsəniz, görərsiniz ki, bir çox işlər bir-birinin təkrarıdır. Həqiqi yaradıcılıq və fərqli yanaşma isə azdır. Çünki yaradıcılıq təkcə çəkmək deyil, düşünməkdir. Rəsm də yazıçılıq kimi intellektual prosesdir, ideya və baxış tələb edir.

Bu gün cəmiyyətə baxanda da oxşar mənzərəni görmək olur. Yeni dizayn olunmuş evlərə baxın: pərdəsindən qapısına, girişindən mebelinə qədər hər şey bir-birinə bənzəyir. Fərqlilik azdır. Halbuki insanlar yeniliyə açıqdırlar və yaxşı işi hər zaman qiymətləndirirlər.

Yaxşı əsərin alıcısı həm ölkə daxilində, həm də xaricdə var - Amerikada da, Avropada da. Sadəcə, o işi düzgün təqdim etmək, doğru formada göstərmək lazımdır.

- Yəni düzgün təqdimat olsa, bizim insanlar rəsm alıb evlərindən asacaq?

- Məncə, bunun əsas səbəbi təqdimatın və təbliğatın zəif olmasıdır. İnsanlarda maraq var, zövq də var. Sadəcə, onlara doğru şəkildə təqdim olunan məhsul çatdırılmır.

İstənilən adama baxın: qohumuna, dostuna, tanışına gözəl bir şey göstərsəniz, dərhal maraqlanacaq. İnsanlar həmişə yaxşı, zövqlü və estetik şeylərə meyillidirlər. Hər kəs öz evinin, ailəsinin, uşaqlarının ən yaxşı səviyyədə olmasını istəyir. Bu, insan təbiətidir. İnsan bir az da eqoistdir, hər şeyin ən yaxşısına sahib olmaq istəyir. Amma bunun üçün ona uyğun məhsul təqdim olunmalıdır. Əgər insanlar bu məhsullara çatmırsa, deməli, biz onları doğru şəkildə yetişdirib təqdim edə bilmirik.

İlkin Naib

-Bəs bu məsələdə məsuliyyət kimin üzərinə düşür?

- Əlbəttə, ilk növbədə təhsilin. Mən özüm rayonda böyümüşəm, orada oxumuşam və illər keçdikcə təhsilin nə qədər vacib olduğunu daha yaxşı başa düşmüşəm. Təhsil insanın düşüncə tərzini formalaşdırır, onu fərqli düşünməyə vadar edir. Sən artıq hamı kimi düşünmürsən, yeni insanlarla tanış olursan, daha geniş çevrən olur. O zaman anlayırsan ki, təhsil insanın formalaşmasında nə qədər böyük rol oynayır.

Bizim şəhərimiz də gözəldir, ölkəmizin təbiəti və resursları zəngindir. Bu baxımdan özümüzü şanslı hesab edə bilərik. Ən əsası isə insanlarımız çox istedadlıdır. Onlar tez adaptasiya olmağı bacarırlar. Xaricə gedən azərbaycanlılara baxın - qısa müddətdə mühitə uyğunlaşır, özlərinə yer tapır və uğur qazanırlar. Bu da göstərir ki, potensial var, sadəcə onu doğru istiqamətləndirmək və inkişaf etdirmək lazımdır.

İttifaq hər kəsə hazır imkanlar paylayan, hamının problemlərini həll edən bir qurum deyil

- Bu təbliğatda Mədəniyyət Nazirliyinin rolu nə qədər olmalıdır? Rəssamların bəziləri nazirliyi onlardan iş almamaqda ittiham edirlər.

- Əlbəttə, dövlət rəssamı tam təmin etməlidir, amma bütün işlərini alıb onu arxayınlaşdırmamalıdır. Təbliğat və maarifləndirmə prosesində müəyyən rol oynamalıdır.

Mən bu prosesin içində olan insan kimi deyə bilərəm ki, son illərlə müqayisədə əvvəlki dövrlə indiki vəziyyət arasında böyük fərq var. Əvvəllər ciddi durğunluq hiss olunurdu, amma hazırda bu sahədə canlanma var və bu, prioritet məsələlərdən biridir.

Mədəniyyət Nazirliyi tərəfindən incəsənət məktəblərində təhsilin keyfiyyətinin artırılması üçün geniş işlər görülür. Maddi-texniki baza yenilənir, müəllimlərin hazırlığına diqqət yetirilir, yeni təhsil proqramları hazırlanır. Məqsəd odur ki, rayonlarda yaşayan istedadlı uşaqlar üzə çıxarılsın, onlarla davamlı əlaqə qurulsun və onlar diqqətdən kənarda qalmasınlar.

Bu istiqamətdə maarifləndirici sosial platformalar da yaradılır. Valideynlər üçün açıq kommunikasiya imkanları təmin edilir ki, hər kəs öz sual və ehtiyacları ilə müraciət edə bilsin. Mən özüm rayondan gəldiyim üçün bu yolun nə qədər çətin olduğunu yaxşı bilirəm. Bu gün də uzaq bölgələrdə çox istedadlı uşaqlar var, amma kommunikasiya imkanları olmadığı üçün onlar itib-batırlar. Məqsəd bu boşluğu aradan qaldırmaqdır.

Bu prosesin nəticələri dərhal görünməyəcək. Bəlkə 3–5 ildən sonra daha aydın nəticələr ortaya çıxacaq. Sistem oturuşduqdan sonra yeni ixtisaslar - animasiya, dizayn, moda və digər sahələr də inkişaf etdiriləcək. İstedadlı uşaqlar erkən mərhələdən müəyyənləşdiriləcək, təhsil alacaq, sonra kollecdə, daha sonra isə akademiyada oxuyacaqlar. Yəni bu, təməldən başlayan uzunmüddətli bir prosesdir.

Hazırda əsas diqqət proqramların yenilənməsinə yönəlib. Məqsəd uşaqlarda yaradıcılıq və kreativ düşüncəni inkişaf etdirməkdir. Çünki mövcud proqramların bəzi hissələri artıq köhnəlib. Bu gün tələbələr üçün həm daha müasir, həm də daha əyləncəli və interaktiv təhsil modelinin qurulmasına ehtiyac var.

- Nə əcəb Azərbaycan Rəssamlar İttifaqına üzv deyilsiniz?

- Bu məsələyə o qədər də önəm verməmişəm. Adətən xaricdə fəaliyyət göstərən bir çox rəssamlar da bu tip qurumlara üzv olmurlar. Ona görə də bunu heç vaxt əsas meyar hesab etməmişəm. Bəlkə gələcəkdə qismət olar, amma bu gün üçün xüsusi bir hədəfim olmayıb.

Əsas məsələ ondadır ki, bəzi rəssamlar ittifaqın mahiyyətini düzgün başa düşmürlər. İttifaq hər kəsə hazır imkanlar paylayan, hamının problemlərini həll edən qurum deyil. Bu, təşkilati strukturdur və müəyyən məqsədlərə xidmət edir. Əgər rəssamlar bu qurumdan narazıdırsa, ya bir araya gəlib onu təkmilləşdirməlidirlər, ya da açıq şəkildə müzakirə etməlidirlər ki, ittifaq nəyə xidmət etməlidir.

Dövlət bu quruma müəyyən maliyyə dəstəyi verir ki, rəssamlara kömək olunsun. Amma bu, o demək deyil ki, hər kəs hazır şəkildə nəsə əldə etməlidir. İnsanlar bəzən heç nə etmədən nəticə gözləyirlər və sonra narazı qalırlar. Halbuki seçdikləri rəhbərliklə birlikdə işləməli, sistemin inkişafına özləri də töhfə verməlidirlər.

- Məsələn, nə etməlidir rəssamlar?

- Bu sahədə uğur qazanan rəssamlara baxanda görürük ki, onların təkcə işi yox, həm də marketinq yanaşması güclüdür. Bu, təkcə əsərlə bağlı deyil, həm də onun necə təqdim olunması, hansı marketinq strategiyasının qurulması ilə əlaqədardır. Yəni bu sahədə uğur təkcə istedadla yox, həm də düzgün təqdimat, marketinq və yanaşma ilə formalaşır.

Baxmayaraq ki, mən bu kollecdə oxumamışam, amma mahiyyətini çox gözəl başa düşürəm

- Maraqlıdır, ümumiyyətlə, bu vəzifəyə necə gəldiniz? Gənc yaşda təyinatınız bir çoxları üçün maraq doğurdu.

- Açığı, bu proses planlı şəkildə “mən direktor olacağam” kimi başlayan bir yol olmayıb. Mən bundan əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi çalışırdım. Təhsilimi artıq Sankt-Peterburqda bitirmişdim, daha sonra Türkiyədə işləməyə getdim. Amma həmin dövr pandemiya illərinə düşdü, məktəblər bağlandı, proseslər dayandı. Yeni başlamışdıq, daha çox hazırlıq mərhələsi idi. Bir müddət sonra anladım ki, İstanbulda yaşamaq mənim üçün həm çətindir, həm də yaradıcı baxımdan bir az sıxıcıdır. Ona görə qərar verdim ki, planlarımı dəyişim.

Əslində, Sankt-Peterburqa getmək niyyətim var idi. Bu arada təsadüfən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına yolum düşdü. Söhbət zamanı mənə dedilər: “Niyə gəlib burada işləmirsən?” İlk təklif də məhz o vaxt yarandı. Mən düşündüm, vəziyyəti götür-qoy edib razılaşdım.

Beləliklə, birinci il müəllim kimi fəaliyyətə başladım. Paralel olaraq mənim tərəfimdən bəzi təşəbbüslər maraqla qarşılandı. Həmin dövrdə Akademiyanın rektoru, Xalq rəssamı Natiq Əliyev də bu ideyaları dəstəklədi.

Bir müddət sonra kollecdə direktor vəzifəsini mənə təklif etdilər. Bu, mənim üçün gözlənilməz oldu, amma eyni zamanda çox böyük məsuliyyət demək idi. Çünki Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi Azərbaycan rəssamlıq məktəbinin əsas ocaqlarından biridir. Harada oxumasından asılı olmayaraq, bir çox sənətkar özünü bu məktəbin yetirməsi hesab edir və buranı sadəcə təhsil müəssisəsi yox, bir növ mənəvi məkan, hətta məbəd kimi qəbul edir. Baxmayaraq ki, mən bu kollecdə oxumamışam, amma mahiyyətini çox gözəl başa düşürəm.

İncəsənətdə, xüsusən rəssamlıqda formalaşma uzun yol tələb edir. Rəssam əsasən praktika ilə yetişir. Emalatxanada etdiyin səhvlər, axtarışlar, qazandığın təcrübə səni formalaşdırır. Bu, bir-iki ilə yox, illərlə baş verən prosesdir. Ona görə də mən həm müəllim, həm də direktor kimi bu uzun yolu, bu məktəb prinsipini qorumağa çalışıram.

- Bizdə belə bir deyim var ki, vəzifə qazanmaq üçün day-day lazımdır…

- Mən bunu daha çox uzun illərin zəhməti və görülən işlərin nəticəsi kimi qiymətləndirirəm. Düşünürəm ki, rəhbərlik mənim təşəbbüslərimi, həyata keçirdiyimiz layihələri görüb qiymətləndirdi. Bu gün də müxtəlif layihələr üzərində işləyirik. Əlbəttə, ideal vəziyyətdə deyilik, narazı olanlar da var. Amma pedaqoji kollektivimizlə mütəmadi müzakirələr aparanda onlar da bu istiqamətin doğru olduğunu, proqramlar üzərində işin davam etməsinin vacibliyini qeyd edirlər.

Biz sistemi tədricən təkmilləşdirməyə çalışırıq və artıq bir il ərzində ilkin müsbət dəyişiklikləri görməyə başlamışıq. Amma bu çox qısa müddətdir. Mən həmişə deyirəm ki, real nəticələr haqqında ən azı beş ildən sonra danışmaq olar. Çünki yeni proqramlar, yeni tələblər yalnız yeni nəsil tələbələr yetişdikcə öz nəticəsini göstərəcək. Sistem də məhz o zaman tam şəkildə formalaşacaq.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

13:30 12 fevral 2026
Dostoyevskinin Peterburqu: Saflaşdıran kədər və dörd gecəlik cənnət

Dostoyevskinin Peterburqu: Saflaşdıran kədər və dörd gecəlik cənnət

13:20 12 fevral 2026
Juja Perelinin “Həqiqət çərçivəsindən kənar”  adlı fərdi sərgisi açıldı

Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açıldı

12:50 12 fevral 2026
Akif Əlinin “Özgə dünya”  povesti çap olundu

Akif Əlinin “Özgə dünya” povesti çap olundu

12:20 12 fevral 2026
"Keçmişdən danışanda, peşman olmağa dəyməz, çünki..." - Xorxe Luis Borxesin müsahibəsi

"Keçmişdən danışanda, peşman olmağa dəyməz, çünki..." - Xorxe Luis Borxesin müsahibəsi

12:00 12 fevral 2026
“Xalq artisti Bəhram Mansurov”  adlı kitab sərgisi açıldı

“Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi açıldı

11:50 12 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər