Kulis.az Nadir Yalçının "Unudulmamağın haqqını vermək" yazısını təqdim edir.
Xalq yazıçısı, akademik Kamal Abdullanın özünə və oxucuya hesabatının təntənəsi olan, yeni çapdan çıxmış yeddicildliyini vərəqləyərək onun yaradıcılığı ilə yeni tanış olmasam da, yaddaşımı itiləməyə fürsət tapdım. Tanış mənzərələr yenidən fikrimdə canlandı. Yazıçının ədəbi portreti, bəlkə də, indi tamamlandı gözümdə. Kamal Abdullanın vaxtilə oxuduğum hekayələri, şeirləri, pyesləri, ədəbi və dilçilik görüşlərini təkrar nəzərdən keçirəndə bu yeddicildliyə verilən ümumi adın nə qədər uğurlu olduğu qənaətinə gəldim: "Unudulmaz seçmələr". Gördüm, həqiqətən, unutmamışam, həqiqətən unudulmaz mətnlərdir...
Təbii, Kamal Abdulla çox-çox əvvəldən öz ədəbi kimliyini oxucuya büruzə verən söz adamıdır. Amma onun yaradıcı ruhunu bütöv - tam şəkildə duymaq üçün mozaik mütaliəni əvəzləyən bu yeddicildlik yerinə düşdü.
"Unudulmaz seçmələr". Unudulmaz... Bu sözdə qəribə enerji, semantik mistika var. Bəzən bu kəlməni yeri gəldi-gəlmədi, lazımlı-lazımsız elə adamlar və nüanslar haqqında işlədirlər... Fəqət daş düşdüyü yerdə ağır olduğu kimi, söz də yerində deyiləndə öz abır-həyasının qoruyub saxlayır. Sözün həyası... Və bir o qədər də ürəklə demək olar ki, Kamal Abdulla unudulmaz imzadır. Onun unudulmazlığı fərqliliyindən başqa, sözlərin semantik mistikasına, bir az da dərinə getsək, situasiyaların başvermə mistikasına yazıçı intuisiyası ilə bələdliyindən irəli gəlir.
"Unudulmaz seçmələr" yeddicildliyinin çap olunduğunu eşidəndə cild-cild nəşrlər barədə xeyli fikirləşdim. O qədər mənasız, kağız israfına bais olan cildlər qarşımıza çıxır ki, "cild" sözünə qəribə fobiyamız yaranıb. Hətta ayaq üstə dayanıb öz boyuna tənlənən cildləri ilə şəkil çəkdirib öyünənlər də tapılır. Məgər yaradıcı adam özü boşluqlarını hamıdan yaxşı müəyyənləşdirə bilmirmi?.. Amma bu cildlərin arxasında həqiqi ədəbiyyat, həqiqi söz ağrısı, bədii axtarış azarı dayananda, təlatüm və həyəcan qərar tutanda qarşındakı pilləli kitabların böyük söz xəzinəsinin bir hissəsi olduğunu düşünürsən və bu sanbal qarşısında ürəkrahatlığı ilə dayanırsan. Odur ki, Kamal Abdullanın yeddicildliyi ilə bağlı bu təşəbbüs heç də təsadüfi deyil.
Nə qədər texniki - zahiri məsələ olsa da, cildlərin həcm və ölçücə çox böyük olmaması təqdirəlayiqdir. Yəni ilk baxışdan da inana bilirik ki, bu cildlərdə yalnız unudulmayan seçmələr cəmlənib...
Kamal Abdullanın "Unudulmaz seçmələr" yeddicildliyi təkcə ədəbi mətnlərin toplusu deyil, müəllifin düşüncə xəritəsinin təqdimatıdır... Daha doğrusu, yenidən təqdimatıdır. Onun çoxcəhətli yaradıcılıq üfüqləri tamamilə aydındır. Bu nəşr oxucuya bir yazıçının zamanla necə dəyişdiyini deyil, necə dərinləşdiyini izləmək imkanı verir. Müxtəlif janrları özündə birləşdirən "Unudulmaz seçmələr"də mətnlər bir-biri ilə dialoqdadır. Bəzən bu dialoqların heç pıçıltısı belə eşidilmir, sehrli teleqraf xətləri ilə birləşir, bəzən isə daha aydın ahənglə uzlaşır. Bu toplu Kamal Abdullanın ədəbiyyata münasibətinin yekun nəticəsi yox, davam edən proses kimi görünür. Davamedici zamanda Kamal Abdulla və onun ədəbi müstəvidə çatdığı nöqtə. "Unudulmaz seçmələr" yaddaş və unudulmaq arasında qurulan incə tarazlığın ədəbi formasıdır. Unutmağa kimsə var, nəsə var, amma bu kitabın təyinatı başqadır. Kamal Abdulla yaradıcılığının məşhur dilemmalarından biri - unutmaq, unutmamaq, unudulmaq, unudulmamaq xəttinə sadiqliyini qoruyub. Yeddicildliyi vərəqləyərəkən görürsən, müəllif özünü təkrarlamır, əksinə, müxtəlif janr və yanaşmalarla özünü yenidən qurur, yenidən sınayır, bədii təfəkkürünü müxtəlif istiqamətlərə çəkir. Bu əsərlər toplusu müəllifin estetik mövqeyinin çoxsəsli ifadəsidir. Oxucu bu kitablar vasitəsilə yalnız mətnləri deyil, mətnlərin arxasındakı düşüncə mexanizmini də hiss edir. Bu yeddicildlik Azərbaycan ədəbiyyatında müəllif irsinin sistemli şəkildə təqdim olunmasının fərqli nümunələrindən biri kimi dəyərləndirilə bilər.
Metafizik atmosferlə tam realist düşüncə arasında gərdiş
"Unudulmaz seçmələr"in ilk cildində Kamal Abdullanın hekayələri toplanılıb. Bu mətnlər müəllifin düşüncələrinin, həyat, insan və hadisələr barədə qənaətlərinin ən sərbəst və təbii forması kimi görünür. Hekayələrdə hadisədən çox, hadisənin insan şüurunda yaratdığı izlər ön plana çıxır. Bu mənada, müəllifi insan psixologiyasının, bu psixologiyaların fəlsəfi əsaslarının bilicisi adlandırmaq olar. Kamal Abdullanın hekayələrində zaman və məkan sərhədləri bəzən itir. Məsələn, yerli ədəbiyyatımızda "Dəvə yağışı"nın enerjisində mətn tapmaq çətindir. O bu hekayədə zamanı qabaqlayır, mətn üzərində müəllifin ən ümdə vəzifəsi - Allahlıq iddiasında var-gəl edir. "Dəvə yağışı" ilk baxışda absurd təsir bağışlasa da, mətnin daxilində bu absurdluq məna yaradan əsas elementə çevrilir. Bu hekayə reallığın sərhədlərini yox, onun necə qəbul edildiyini sorğulayan bir mətndir. Müəllif adi elementləri qeyri-adi kontekstdə təqdim etməklə yeni mənalar yaradır. Bu cəhət Kamal Abdullanın bir çox hekayəsində özünü büruzə verir. Magik realizmin elementlərinə cavab verməklə yanaşı, mütləq ki, bir mesaj, ismarış verir.
Müşahidə olunan və xoş gələn ən vacib nüansların biri də odur ki, sanki hekayələr tamamlanmır, oxucunun içində davam etmək üçün açıq qalır. Oxucunun ürəyinə və fikrinə vəsiqə qazanan bu mətnlərin yozumu, açması ona həvalə edilir. Müəllif reallığı olduğu kimi deyil, hiss edildiyi kimi təqdim edir.
Buradakı obrazlar hadisələrin iştirakçısı olmaqdan çox, düşüncələrin daşıyıcısıdır. "Qar" hekayəsini xatırlayaq... Əsərin böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevə həsr olunması da təsadüfi deyil. Bir inam, yəqinliyinə dəqiq olduğun bir şey var, amma bunu qarşısında özünə qarşı cəbhə görürsən. Və bir gün o inandığın şey sənin gücün bitəndə reallaşır, hamı onda ayılır, başa düşür... Müəllif adi məqamları qeyri-adi düşüncə prizmasından göstərir. Hekayələr oxucuya hazır nəticə vermir, onu düşünməyə məcbur edir.
Müəllifin dili sadə görünsə də, altında çoxqatlı məna gizlənir. Hekayələri birləşdirən görünməz bir ruh var. Bu mətnlərdə gündəlik həyatın içində gizlənmiş fəlsəfi qatlar üzə çıxır. Hekayələrdə dramatik hadisələrdən çox, daxili gərginlik hiss olunur. Müəllif oxucu ilə açıq danışmır, daha çox onu düşünməyə dəvət edir. Bu cilddə yaddaş və gerçəklik tez-tez bir-birinə qarışır. Müəllifin baxışı detal üzərində qurulur və böyük mənanı kiçik nüanslarda göstərir. Kamal Abdullanın hekayələri oxunduqdan sonra bitmir, oxucunun yaddaşında yeni mətnlər kimi formalaşmağa davam edir.
Nəsrin başqa sifəti yox, nəzmin özü
Nasir Kamal Abdulla ilə şair Kamal Abdullanı müqayisə etməyə ehtiyac olmadığı kimi, müəllifin hansında özünü daha dəqiq ifadə etdiyini müəyyənləşdirmək də gərəksizdir. Amma bu həqiqəti heç cür danmaq olmaz ki, Kamal Abdullanın nəfəsi böyük proza nəfəsidir. Bununla belə, onun ara-sıra qələmə aldığı şeirlərini oxuyanda aydın olur ki, nəzmə çəkdiyi nəsnələr, əlbəttə ki, nəsrin də predmeti ola bilər və olub da... Amma o öz nəzmində nəsrə uduzmur, poeziyanın ruhunu prozaya qurban vermir.

"Unudulmaz seçmələr"in ikinci cildində Kamal Abdullanın şeirləri cəmləşdirilib. Maraqlıdır, onun hər şeirində mövzuya, ab-havaya, motivə uyğun intonasiya var. Müəllif təkxətli və birsəsli deyil. Misraları canlı nitq hadisəsinin məhsuludur. Şeirlərindəki səmimiyyət də elə burdan qaynaqlanır, sanki müəllif oxucu ilə söhbət edir, canlı dialoq qurur və düşüncəsinə, hissinə nüfuz edə bilir. Onun şeirlərində sual cümlələrinə tez-tez rast gəlmək mümkündür, öz daxilində yaşadığı qarışıqlığı birbaşa suallar vasitəsilə açır. Müraciət forması mətnə dialoq effekti versə də, əslində bu, insanın öz-özü ilə danışığı kimi səslənir. Məsələn,
Mənə deyən gərək, nə olub axı
Nə çabalayırsan, söylə, nə xəbər?
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.
Fikir verin, axtarış motivi əsas xətt kimi təqdim olunur, lakin bu axtarışın mahiyyəti şübhə altına alınır. Ümidsizlik yox, yanılmaq təhlükəsini nişan verir misralar. Bəlkə, axtardığın elə özündədir, burnunun ucundadır, nəyi harada axtarırsan?.. Kamal Abdullanın bəzi şeirlərində belə suallardan yapışıb saatlarla çək-çevir etmək olar.
Müəllifin poeziyasının digər məziyyətlərindən biri təbiətlə və təbiətə orijinal münasibətidir. Bəzi misralara nəzər yetirək:
Necə yaşadıq, necə yaşlandıq,
Payız da bitir, xəzəli hanı?
lll
Bu bulaq suyunda sənmiydin axdın?
O bulud apardı səni haraya?
lll
O uzaq gecə başlayan payız,
Hələ nə qədər davam edəcək?
lll
Qalın bir meşənin vahiməsidir,
Bir-iki ağacda görükür bizə...
lll
Yollar ilan kimi kəsdilər yolu,
Quş deyildin - uçmaq istədin.
lll
Üfüq məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq mənə başladı
Dərdini danışmağa.
lll
Yarpaqlardan süzülən işığı
Uzun, isti bir səhranı ölçən dəvə
Ayaqüstü
Alayarımçıq yuxusunda görər -
ürəkdən istəsən, gəl.
Bu misralara nəzər yetirəndə görürük ki, təbiət sadəcə fon, rəng, görünüş deyil, düşüncənin aktiv iştirakçısına çevrilir. Müəllif təbiəti təsvir etmir, onun çalarlarını mübaliğələrlə yenidən-yenidən oxucuya çatdırmaqdan qaçır, sadəcə təbiətlə dialoq qurur. Məsələn, Kamal Abdullanın bir çox şeirində payız obrazı var. Payız sadəcə bir fəsli, zaman keçidini, vaxt aralığını yox, daxili yorğunluğu ifadə edir. Müəllif zamanı ölçmür, onu hiss edir. Bunun kimi neçə təbiət elementinin bu şeirlərdə psixoloji vəziyyətin güzgüsünə çevrildiyinin şahidi oluruq. Məsələn, bulaq və bulud obrazları varlığın sabit deyil, axıcı olduğunu göstərir, öz funksiyasına uyğun poetik məna qazanır. Meşə obrazı konkret məkan yox, qorxu və qeyri-müəyyənliyin simvoludur... Kamal Abdullanın bu paralellələri mətnə həm vizual, həm də emosional gərginlik əlavə edir. Müəllif, belə demək mümkündürsə, təbiəti insanlaşdırmaqla onu özünün emosional tərəfdaşına çevirir. Bu misralarda təbiət hadisələri insan şüurunun daxili proseslərinə paralel qurulur. Müəllif təbiəti statik deyil, dəyişən və hərəkətli sistem kimi təqdim edir. Təbiət və insan arasında sərhədlər yoxa çıxır.
Kamal Abdullanın dastan ahəngi ilə becid düşüncəsi üz-üzə
Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"dan sirriçində nəğmələr" adı altında silsilə şeirlərinin yer aldığı ikinci cilddə onun epik-lirik, böyük dəryalara açılan bədii təxəyyülü qərar tutur. Qəribədir, Kamal Abdulla həm alim, həm də yazıçı kimi bu dastanın hər zərrəsini o qədər öz ələyindən keçirib, əxz edib, həm böyük dil hadisəsi, həm də sənət əsəri kimi özü üçün o qədər dəqiq həll edib ki, bəzən düşünürsən, bu ruhda bir dastan yaza, yarada bilər. Təbii ki, romanlarında, xüsusən "Yarımçıq əlyazma"da bunu aydın görürük. Bu təhkiyədən, ab-havadan, bədii formadan, üslubdan çıxış edib "sirriçində nəğmələr" qələmə almaq artıq dastana aludə olmaqdan, onun ruhunu bütünlüklə içə çəkməkdən başqa bir şey deyil.
Vaqif Bayatlı Odər cildin ön sözündə yazır: "Və özümə hər cəhətdən doğma saydığım Kamalın hər misrasında, səsində onun heç kəsə görünməyən Göyüzünə əzabla açılan qanadlarını gördüm. Mən bu görünməz qanadları onun başqa janrlarda yazdığı yazılarda da görmüşdüm. Onun şer qanadları, şer Göyüzü özünün başqa qanadlarından, başqa Göyüzündən "daha gözəl göründü", daha gözəl uçurdu və bu ona heç vaxt heç nəyin yaraşmadığı qədər yaraşırdı".
Bundan daha dəqiq ifadə etmək çətindir...
Dramaturji təfəkkürün təntənəsi
Yazıçının "Allahlıq iddiası" dramaturgiyadan, daha dəqiq desək, onun dramaturji təfəkküründən doğulur, qidalanır və əgər düzgün istiqamət alırsa, öz hədəqəsindən çıxır. Bu iddia hara qədər gedə bilirsə, müəllif də ora qədər böyüyür. Kamal Abdulla bu mənada sərhədləri tez-tez aşan müəllifdir. Xüsusən onun romanlarında hadisələrin cərəyanetmə tempini, inkişaf xəttini müşahidə etdikcə dramaturji təfəkkürün həm zəngin, həm də maraqlı olduğunu görmək olur. Fikrimcə, Kamal Abdulla, bu mənada, pyeslərində daha sərbəst və improvizasiyaya meyillidir. Gözlənilməz fəndlərini daha çox dram əsərlərində işlədə bilir.
Burada kiçik haşiyə zəruridir. Çox vaxt onun əsərlərindən bəhs edərkən mistik və gözlənilməzliyini ön plana çəkirlər, haqları da var. Amma unutmaq olmaz ki, Kamal Abdulla nə qədər dolayı və heç kimin keçmədiyi yollardan istifadə etsə də, heç vaxt cilovu itirmir, şahə qaldırdığı atının yüyəngindən yapışıb rahatlıqla ram etməyi bacarır. Daha aydın desək, heç bir xüsusi fənd onu ideya və mövzunun icazə verdiyi sərhədlərdən kənara çıxmağa sövq etmir. Ümumi təfəkkür və istedad baxımından Kamal Abdulla sərhədlərə sığışmayan müəllif olsa da, hər şeyi qədərində tənzimləyə bilir, nəsrin qırmızı xətlərini yaxşı tanıyır. Kamal Abdulla əsərdə nə demək istədiyinə tam əmin olan və öz həqiqətinin ətrafında dövr edən nasirdir.
"Unudulmaz seçmələr"in dördüncü cildində müəllifin pyesləri cəmləşdirilib. Kamal Abdullanın dramaturgiyası Azərbaycan ədəbiyyatında mifoloji təfəkkürlə müasir düşüncənin qovuşduğu orijinal yaradıcılıq hadisəsidir. Onun pyeslərində klassik mətnlər yeni semantik qatlarla yenidən yozulur, tanış obrazlar və süjetlər müasir insanın mənəvi və ictimai dilemmaları ilə əlaqələndirilir. Yazıçı tarixi və mifoloji materiala sadəcə müraciət etmir, onu çağdaş zamanın sualları ilə üz-üzə qoyur. Kamal Abdullanın pyeslərində simvolika, alleqoriya, gizli mənalar və çoxqatlı strukturlar xüsusi yer tutur. Dramaturqun əsas yaradıcılıq prinsiplərindən biri məlum həqiqətləri yeni rakursdan təqdim etmək, oxucu və tamaşaçını düşünməyə sövq etməkdir. Onun əsərlərində gerçəkliklə mif, keçmişlə bu gün, görünənlə görünməyən arasında sərhədlər şərti xarakter daşıyır. Kamal Abdullanın dramaturgiyası milli-mədəni yaddaşı müasir estetik axtarışlarla birləşdirir.
Məsələn, "Casus" pyesi bu baxımdan yazıçının yaradıcılığında diqqəti cəlb edən və "Kitabi-Dədə Qorqud" motivlərinin yeni məzmunda işlənməsini nümayiş etdirən əsərlərdən biridir. Pyesdə hadisələr qiraətxanada baş verən zəlzələ ilə başlayır və bu epizod dünyanın mənəvi düzəninin pozulmasının rəmzinə çevrilir. Əlyazmanın içindən açılan ikinci süjet xəttində Dədə Qorqud Oğuz elində casusun olması xəbəri ilə üzləşir. Əsərin əsas konflikti casusun kimliyindən çox, ona münasibətdə üzə çıxan mənəvi zəifliklərdən qaynaqlanır. Boğazca Fatmanın oğlunun taleyi ətrafında inkişaf edən hadisələr bəylərin şəxsi maraqlarını və gizli əlaqələrini üzə çıxarır. Boğazca Fatmanın ana fəryadı pyesin emosional zirvələrindən birini təşkil edir. Dədə Qorqud əsərdə yalnız dastan qəhrəmanı deyil, həm də mənəvi həqiqətin və ilahi ədalətin təmsilçisi kimi çıxış edir. Onun xəbərdarlıqlarına baxmayaraq, bəylər şəxsi mənafelərinə görə düzgün yoldan uzaqlaşırlar. İtin zəncirini qıraraq qaçması mənəvi nəzarətin itirilməsinin simvoludur. Cəmiyyət öz daxili "casus"unu tanımadıqca və həqiqətdən uzaqlaşdıqca xaos qaçılmaz olur. "Casus" həm klassik irsin müasir interpretasiyası, həm də dövrümüzün ictimai-mənəvi problemlərinə yönəlmiş dərin alleqorik əsər kimi Kamal Abdullanın dramaturgiyasında mühüm yer tutur.
Bu yaxınlarda səhnə həyatı qazanan "Gülçöhrə və Əsgər" pyesi də bu baxımdan olduqca maraq doğurur. Bəziləri bu əsəri Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin davamı kimi səciyyələndirsə də, qətiyyən belə deyil. Fikrimcə, Kamal Abdulla Üzeyir bəyin bizlə tanış etdiyi bir para adamın taleyini, həyatını və aqibətini fərqli rakursdan işləyib, həmin obrazlara ayrı pəncərədən baxıb, başqa bədii həll vasitəsilə orijinal əsər ərsəyə gətirib. Yəni bu pyes "Arşın mal alan-2" deyil, elə "Gülçöhrə və Əsgər"dir.
Pyesdə 1919-cu ilin mürəkkəb ictimai-siyasi mənzərəsi canlandırılır. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi ilə bağlı qeyri-müəyyənlik əsərin əsas gərginlik xəttini təşkil edir. Əsgər ağa bu dəfə yalnız aşiq bir gənc deyil, həm də ölkəsinin gələcəyi barədə düşünən narahat bir ziyalı kimi təqdim olunur. Onun qarşısında qalmaq, getmək, yaxud başqa bir həyat seçmək dilemması dayanır. Gülçöhrə və digər obrazlar da əvvəlki əsərdəki xarakterlərini qorumaqla yanaşı, daha dərin psixoloji qatlar qazanırlar. Süleyman bəyin mövqeyi əvvəlki kimi yumor doğursa da, burada daha mürəkkəb görünür. Pyesdə Əsgərin şeir yazması onun daxili sarsıntılarını poetik dillə ifadə etməyə imkan yaradır. Kamal Abdulla öz şeirlərini obrazın ruhuna uyğun şəkildə əsərə daxil edir. Əsərin mərkəzində təkcə bir ailənin taleyi deyil, bütöv bir xalqın tarixi seçim qarşısında qalması dayanır. İsfahan, Fransa və Bakı arasında tərəddüd edən qəhrəmanlar müxtəlif dünya görüşlərini təmsil edirlər. Sovet işğalının yaxınlaşması hadisələrin dramatizmini daha da artırır. Əsgərin var-dövlətini, azadlığını itirməsi şəxsi faciəni milli faciə ilə birləşdirir. Klassik operettadakı zarafatlar burada acı gerçəkliyə çevrilir. Pyes boyu "Arşın mal alan"ın işıqlı dünyası ilə sonrakı qaranlıq dövr qarşılaşdırılır. "Gülçöhrə və Əsgər" keçmişin məşhur qəhrəmanlarını XX əsr Azərbaycan tarixinin ağrıları ilə üz-üzə gətirən təsirli bir əsər kimi Kamal Abdullanın klassik irsi müasir düşüncə ilə birləşdirmək bacarığının uğurlu nümunəsidir.
Elmi qənaətlər yazıçı hisslərinə uduzmayanda
"Unudulmaz seçmələr" yeddicildliyinin dördüncü, beşinci və altıncı cildləri digərləri kimi bir yazı, esse, məqalə mövzusu deyil, ona görə də bu barədə qoşa qəzet səhifəsinin bir hissəsi qədər yazmaq bir qədər çətindir.
Akademik Kamal Abdulla yazıçı Kamal Abdullaya uduzmur. Kamal müəllimin filoloji fikirlərini - həm dilçilik, həm də ədəbiyyatşünaslıq üzrə qənaətlərini oxuduqca necə sərrast olduğunu görmək mümkündür. Bu arenada o, qeyri-dəqiqliyi ehtiva edən bir fikir belə qələm almır, yazıçı coşqunluğunun əksi kimi daha rasional və dəqiqdir. Söz xatirinə nəsə yazdığı gözə çarpmadığı kimi, dilə və ədəbiyyata, onların ruhuna ögey fərziyyələrlə çıxış etmir.
Məsələn, müəllif yazır:
"Normal (ənənəvi) yanaşmada ən kiçik vahid kimi səsdən başlayıb ən yüksək vahid kimi qəbul edilən mətnə (mürəkkəb sintaktik bütövə, diskursa, mikromətnə...) doğru dil fəaliyyəti böyük bir yol keçib gedirsə, dilin qədim, primitiv dövründə (hələ ayrıca sözün, cümlənin formalaşdığı bir dövrdə) - mifoloji məkanla dil məkanının birləşdiyi bir dövrdə əvvəl ilə (sinqulyar səs ilə) axır (mətn) bir-birinin içindəymiş kimi təzahür edir".
Kamal Abdullanın bu yanaşmasına görə, dilin ilkin mərhələsində səs, söz və mətn bugünkü kimi bir-birindən sərt şəkildə ayrılmırdı. Mifoloji təfəkkür dövründə tək bir səs bütöv bir mətnin və ya hadisənin mənasını özündə daşıya bilirdi. Başqa sözlə, dilin başlanğıcı ilə son nəticəsi arasında indiki kimi mərhələli məsafə yox idi. Əvvəl və axır, hissə və bütöv eyni semantik məkan daxilində mövcud olurdu. Bu fikir Kamal Abdullanın dilə yalnız qrammatik sistem kimi deyil, mədəni yaddaşın və mifoloji düşüncənin ifadəsi kimi baxdığını göstərir. Onun dilçilik görüşlərində dilin tarixi inkişafı insanın dünyanı qavrama üsulunun dəyişməsi ilə sıx bağlı şəkildə izah olunur.
Yaxud başqa mülahizələrinə fikir yönəldək:
"Cümlə modelləri mifoloji təfəkkürün bariz ifadə vasitələridirsə, variantların yaranması ilkin mərhələdə bu mifoloji təfəkkürün genişlənməsini nəzərdə tutur. Variantların yaranmasının şüurlu mərhələsi isə artıq üslubi qatın təfəkkürdə yer tutmasından xəbər verir. Burada biz modeldən (invariantdan) variantlara gələn yolun xaosdan kosmosa gələn yolu "təqlid" etməsinin şahidi oluruq. Bu isə sintaktik düzəndə (əsas etibarilə, söz sırasında) baş verən dəyişikliklər vasitəsilə həyata keçirilir".
Kamal Abdullanın bu fikrinə görə, cümlə modelləri sadəcə qrammatik sxemlər deyil, insanın dünyanı mifoloji şəkildə dərk etməsinin dilə çevrilmiş formalarıdır. İlkin mərhələdə bir modelin müxtəlif variantlar yaratması təfəkkürün daha geniş və çevik işləməyə başladığını göstərir. Sonrakı dövrdə bu variantlar artıq təsadüfi deyil, şüurlu üslubi seçimlərin nəticəsi kimi meydana çıxır. Yəni danışan şəxs eyni fikri müxtəlif sintaktik quruluşlarla ifadə etməklə dilə estetik və emosional çalarlar əlavə edir. Kamal Abdulla bu prosesi xaosdan kosmosa keçidlə müqayisə edir: əvvəl sadə və ümumi model mövcud olur, sonra isə həmin modelin daxilində müxtəliflik yaranır. Bu dəyişiklik əsasən söz sırasının və sintaktik düzənin transformasiyası vasitəsilə reallaşır və dilin yaradıcı imkanlarını üzə çıxarır.
Kamal Abdullanın haqqında danışdığı istiqamət, predmet, problemlərin heç də hər biri ilk dəfə müraciət edilən, yaxud ilk dəfə haqqında danışılan nəsnələr deyil. Sadəcə daha çevik və fərqli yanaşmadadır onun orijinallığı. Bu, özünü beşinci cilddə - "Ədəbi görüşlər"də də göstərir.
Əgər filoloji fakültələrdə "Dilçiliyə giriş", "Ədəbiyyatşünaslığa giriş", "Ümumi dilçiliyə giriş" fənləri kimi "Qorqudşünaslığa giriş" fənni tədris olunsa, mütləqdir ki, "Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq", "Gizli Dədə Qorqud" və bu istiqamətdə yazılmış digər elmi əsərlərdən əvvəl məhz "Unudulmaz seçmələr"in 5-ci cildindəki "Qorqudnamə" bölməsi oxudulmalı və öyrədilməlidir. Onun "Kitabi-Dədə Qorqud"la bağlı elmi qənaətlərindən fraqmentlərin cəmləşdiyi bu bölmə onun bu istiqamətdə düşüncə arealının qütblərini, tərəflərini, miqyasını, koordinatlarını dəqiq göstərir. Ümumiyyətlə, maraqlıdır ki, bəzi insanların adları müxtəlif anlayışlarla şifrələnir. Şəxsən, mənim yanımda "Kitabi-Dədə Qorqud" deyiləndə dastandan ağlıma gələn isimlərin sırasında Kamal Abdulla da olur və sanki o öz xidmətləri ilə Dədə Qorqud ruhunun, mistikasının hansısa tərəfində özünə yer tapıb.
"Ədəbiyyat qayğıları" bölməsində də eyni orijinallığı görmək mümkündür. Onun ədəbi görüşləri mətndaxili sual-cavab şəklini xatırladır. Kamal Abdulla əsərlərdəki bəzi məziyyətləri ekspozisiyada sual halında ifadə edir və sanki oxucu ilə dialoqa keçərək ona müxtəlifistiqamətli cavablar axtarır.
Suallardan doğan, bəzən spontan səslənən o cavablar əsaslı fikrə çevrilib müstəqillik qazanmaq üçün vəsiqə əldə edir. "Unudulmaz seçmələr"in bir cildi bu sualların cavablarını - Kamal Abdullanın müxtəlif vaxtlarda verdiyi müsahibələrdən bəzi hissələri özündə birləşdirir. Bu cavablar əvvəlcə mozaik görünsə də, hər birinin mətnaltı rabitəsini hiss edirik.
Ümumiyyətlə, Kamal Abdulla sualları sevən müəllifdir. Yazıçı Kamal Abdulla bu sualların cavablarını verməkdə o qədər də səxavətli deyil, o, bəzi şeyləri oxucuya həvalə edir. Amma akademik Kamal Abdulla, müsahib Kamal Abdulla bu sallara dəqiq və yerində cavab verməyi qət edib, bu cildlərdən belə görünür.
Son - yeddinci cilddə isə yenidən maraqlı bir təşəbbüslə qarşılaşırıq. Süni intellektə Kamal Abdulla yaradıcılığı ilə bağlı verilən 75 sual və alınan cavab əksini tapıb bu hissədə. Əslində, süni deyil. Çünki süni intellekt indiyə qədər Kamal Abdulla barədə yazılan və internet portallarında mövcud olan yazıların əsnasında cavab hazırlayır. Odur ki, bu cavabların hər biri süni intellekt məhsulu olsa da, əslində, daha çox təbiidir.
Heç nə elə-belə olmur
Qətiyyən düşünmürəm ki, bu yeddicildliyin çapı təsadüfi işdir. Heç onu da düşünmürəm ki, "Unudulmaz seçmələr"in ərsəyə gətirilməsi Xalq yazıçısının indi də özünü təbliği ilə bağlıdır. Birincisi, indiki dövrdə - cəmiyyətin kitabdan bir qədər uzaq düşdüyü və müəllifin əfsanəvi obrazının parıltısının öləzidiyi dövrdə elə yazıçı, şairin özünü təbliğ etməkdən başqa çıxış yolu qalmır. İkincisi də ki, Kamal Abdulla yeni qəbul edilən və qəbul edilməyə hazırlaşan müəllif deyil, çoxdanın Kamal Abdullasıdır; yazıb-yaradıb, oxunub, səhnələşdirilib, ekranlaşdırılıb, ədəbi tənqidin ələyindən keçib və s.
Bu yeddicildlik, yazının əvvəlində qeyd etdiyim kimi, Kamal Abdullanın oxucuya və özünə hesabatıdır. Yeddi cild boyunca dəyişən mövzulara baxmayaraq, müəllifin əsas qayəsi eyni qalır: görünənin arxasındakı həqiqəti söz vasitəsilə duymaq. "Unudulmaz seçmələr" Kamal Abdullanın ədəbi irsini bir araya gətirməklə yanaşı, onun Azərbaycan düşüncə tarixində tutduğu xüsusi yeri də aydın şəkildə nümayiş etdirir.
Əminəm, bu hesabat axarıncıdır, o, yenə eyni şövqlə yazacaq və oxunacaq.