"Keçmişdən danışanda, peşman olmağa dəyməz, çünki..." - Xorxe Luis Borxesin müsahibəsi

"Keçmişdən danışanda, peşman olmağa dəyməz, çünki..." - Xorxe Luis Borxesin müsahibəsi
12 fevral 2026
# 12:00

Kulis.az Xorxe Luis Borxesin 1984-cü ildə diaspora jurnalı "Habitus" da dərc olunan Buenos-Ayres Universitetinin fəlsəfə professorları və psixologiya fakültəsinin tələbələrinə verdiyi müsahibəsini təqdim edir.

- Başlayırıq. Nə deyə bilərik…?

- Əvvəlcə, "b’reshit bara elohim", demək olmaz?

- “B’reshit bara elohim et hashamayin ve et ha’aretz” - Tanrı başlanğıcda ulduzları və yer üzünü yaratdı.

- Xeyr, “Tanrılar” yaradıb.

- Ah, “Tanrılar”; elohim cəm bildirən bir kəlmədir, bəli. Borxes daha yaxşı bilər. Bu gün Fəlsəfə müzakirə aparmaq üçün Şeiri qonaq çağırıb. Aramızda bir şair var…

- Adı şairdir…

- Onda elə bu adı şair olan adamdan fəlsəfə ilə şeir arasındakı bağlılığı soruşaq.

- Bir müddət əvvəl fəlsəfənin möhtəşəm bir sahə olduğunu demişdim. Amma fəlsəfənin əleyhinə bir şey demək istəməmişdim. Əksinə, fəlsəfə də şeir kimidir, müxtəlif yerlərdən gələn sözləri yan-yana düzür; buna görə də fəlsəfənin estetika içində öz yeri var. Teologiya və fəlsəfəyə fantastik ədəbiyyat kimi baxsanız, şairlərdən daha arzulu olduqlarını görərsiniz. Məsələn, dünyada hansı şeir Spinozanın tanrısı qədər adamı heyran edə bilər? “Sonsuz xüsusiyyətləri olan sonsuz bir varlıq.”

Hər fəlsəfi fikir öz qanunları olan ayrı bir dünya qurur. Bu modellər fantastik ola da bilər, olmaya da. Bunun önəmi yoxdur. Mən şeir və təmsillərlə maraqlandım, çünki roman yazan deyiləm. Ömrümdə cəmi bir neçə dənə roman oxumuşam. Mənə görə, ən yaxşı romanları Cozef Konrad yazıb. Heç vaxt roman yazmağa cəhd etməmişəm. Təmsil yazmağı isə sınaqdan keçirdim. Ömrümü hər şeydən çox oxumağa həsr etdim. Bu işlə məşğul olarkən gördüm ki, fəlsəfə kitablarını oxumaq da ən azı roman və hekayə oxumaq qədər ləzzətlidir. Hətta aralarında elə də böyük bir fərq yoxdur.

Atam mənə kitabxanasını göstərəndə oranın ucu-bucağı görünmürdü. Dedi ki, nə istəyirsən oxu. Ancaq hər hansı bir şey mənə darıxdırıcı gələrsə, onu dərhal yerinə qoymalı imişəm. Bu, zərurətdən doğan mütaliədən kənar bir haldır. Oxumaq adama ləzzət verməlidir, fəlsəfə insanı xoşbəxt etməlidir. Kvinsi demişdi ki, problemin nə olduğunu tapmaq onu həll eləmək qədər vacibdir. Bilmirəm bir həll yolu tapılıb, ya yox, amma xeyli problem tapıldığı dəqiqdir. Dünya daha sirli, daha maraqlı və daha ovsunlayıcı olmağa davam edir.



Bir az əvvəl həyatımı oxumağa və yazmağa həsr etdiyimi bildirdim. Mənə görə bu ikisi bərabər dərəcədə zövq verən əməllərdir. Yazıçılar "yazmaq işgəncədir" deyəndə, mən onları heç başa düşmürəm. Yazmaq mənə görə bir zərurətdir. Robinzon Kruzo olub kimsəsiz adaya düşsəydim də, orada yazardım. Uşaq olanda elə bilirdim ki, hərbçi babalarım kimi qəhrəmanlıqlarla dolu bir dünyada yaşayacağam. Zəngin və özümə məxsus bir ömür… Əvvəllər mənə elə gəlirdi ki, ancaq kitab oxuyan birinin həyatı çox yazıq və sıxıcıdır. İndi artıq buna inanmıram. Bir oxucunun ömrü də başqalarınınkı qədər zəngin keçə bilər.

Servantesin yazdığı Alonso Kixanonu yadınıza salın; o, kitabların arasından heç çıxmırdı. Onun oxumaqla keçən həyatı, Don Kixot olmamışdan qabaq da çox maraqlı və rəngli idi. Ona elə gəlirdi ki, sonrakı həyatı daha realdır; mən onun həyatını oxuyanda isə, ömrümün ən maraqlı və canlı hadisələrindən birini yaşamış oluram.

Mənim yaşımda olan birinin müasiri yoxdur. Onların hamısı vəfat edib.

İndi artıq səksən beş yaşım var və bunu tam səmimiyyətlə, heç kədərlənmədən deyirəm: bütün xatirələrim şeirlər və kitablarla doludur. 1955-ci ildən bəri gözlərim görmür – artıq oxuya bilmirəm. Amma keçmiş günlərimi yada salanda, ağlıma dostlarım, sevgilərim gəlsə də, əslində həmişə kitabları düşünürəm. Yaddaşım müxtəlif dillərdəki sitatlarla doludur. Fəlsəfəyə gəlincə, məncə, fəlsəfənin verdiyi cavablar bizi zəngin etmir; o cavablar dəqiq deyil, sadəcə ixtiyari seçimlərdir. Fəlsəfə bizə dünyanın düşündüyümüzdən daha qəribə və sirli olduğunu göstərdiyi üçün dəyərlidir. Fəlsəfə bizə hazır bir sistem vermir. Bu, kiminsə aydın və dəqiq bir məlumatı izah etməsi kimi bir şey deyil. Fəlsəfə daha çox şübhələrdən yaranır və əsas ləzzət də elə bu şübhələr haqqında düşünməkdir. Fəlsəfə ilə məşğul olmaq çox gözəl ola bilər.

Yəni, o bayaq başladığımız söhbətə qayıtsaq, məncə, fəlsəfə ilə şeir arasında heç bir fərq yoxdur. İndi digər suallarınıza keçə bilərik, ümid edirəm ki, onları mövzudan kənara çıxmadan, cavablandıra bilərəm. Ancaq, şübhəsiz ki, bir az həyəcanlıyam. Çox çəkinirəm. Həddindən artıq utancağam. Cavan olanda da utancaq idim, amma indi — səksən beş yaşımda - lap qorxuya düşmüşəm.

Məncə, ölüm bir ümiddir. Tamamilə yox olmağın ağlasığmaz dəqiqliyidir, silinib getmək və unudulmaqdır.

- Hörmətli Borxes, fəlsəfə haqqında olduqca maraqlı bir məqama toxundunuz. Fəlsəfənin o qəribə, sirli tərəfi. Əslində mühüm fəlsəfi tapmacalar çoxdur, amma onların içində biri var ki…

- Mən “Başqası yoxdur” deyərdim…

- Bax, bu gizli şeylərin arasında biri real olan, o biri isə ölümün sirridir.

- Məncə, ölüm bir ümiddir. Tamamilə yox olmağın ağlasığmaz dəqiqliyidir, silinib getmək və unudulmaqdır. Kefim olmayanda belə düşünürəm: 20-ci əsrdə yaşamış Cənubi Amerikalı bir yazıçıya nə olub-olmaması kimin vecinədir? Bütün bunlarla nə etməliyəm? İndi mənim başıma gələnlərin vacib olduğunu düşünürsünüz, bəs sabah yox olub getsəm necə olacaq? Tamamilə unudulmağı ümid edirəm. Sırf unudulmağın ölüm olduğuna inanıram. Ancaq, bəlkə də yanılıram. Bəlkə də başqa bir planetdə, ayrı şərtlər altında təzədən yaşayacağıq. Bu həyatımızdan daha darıxdırıcı olmayan bir həyat. O həyatı da qəbul edəcəyəm. Eynilə bu həyatı qəbul etdiyim kimi. Amma o biri dünyada gənc olanda, buradakı həyatımı yaddan çıxarmaq istəyirəm.

- Deyirsiniz ki, həyat mənə nə veribsə, razıyam və hər şeyi öz axarına buraxmışam. Amma etdiklərinizlə elə bu həyatı özünüz qurmuş olmursunuz bəyəm?

- Azad iradəyə inanmıram. Ona görə də, heç nəyi özüm qurmuram.

Əgər siz azad iradəyə inanırsınızsa, bu sadəcə lazım olan bir xəyaldır. Amma keçmişimə baxanda, elədiyim hər şeyin dünya tarixinə və kainatda baş verən hər şeyə bağlı olduğunu görürəm. Amma mənə "indi azad deyilsən" desələr, buna inanmaram. Bax, əllərim buradadır, hər şey göz qabağındadır. Masanın üstünə hansı əlimi qoyacağımı özüm deyə bilərəm. İndi buna tam əminəm. Amma bayaq sol əlimi aşağı saldım; bunun əvvəlcədən planlaşdırıldığını və sağ əlimi sala bilməyəcəyimi necə qəbul edim?

Amma keçmişdən danışanda, tutaq ki, mən pis bir iş görmüşəm; buna görə peşman olmağa dəyməz, çünki onsuz da elə olmalı idi. Hər şey qabaqcadan bəlli olduğu üçün, cəza və mükafat vermək də düzgün deyil. Əgər azad iradə yoxdursa, deməli, hər şey məcburiyyətdən baş verir. Təbii ki, bu, insandan insana dəyişir. Bəlkə siz gənclər özünüzü daha sərbəst hiss edirsiniz. Amma mən buna heç cür inana bilmirəm.

- Deyirsiniz ki, zaman mövzusu ən vacib şeylərdən biridir. Buna niyə belə inandığınızı açıqlaya bilərsiniz?

- Bunun məcburi olduğunu başa düşdüm. Məsələn, kainatı yer-məkan olmadan da xəyal etmək olar. Çünki məkan dediyimiz şeyi gözlə görürük, əllə toxunuruq. Amma tutaq ki, görməyi və toxunmağı yox sayırıq, ancaq şüurumuz var. Bu şüur – bəlkə də sonsuz saydadır - gərək öz səsimizlə, musiqimizlə, sözlərlə xəbərləşsin; belə olsa, hər şey daha qəşəng olardı. Əgər məkan, o boşluq olmasaydı, kainatımız daha sadə olardı. Amma zaman olmasa, kainat da ola bilməz, bunu ağlıma belə gətirə bilmirəm.

- Öz yazdıqlarınızı tənqid etsəniz, bu labirint və güzgü simvollarını necə izah edərsiniz?

– Mövzu labirint olduqda cavab bəsitdir: labirint, zehni xaotikliyin yer üzərindəki ən bariz rəmzidir. Özümü tamamilə itirmiş kimi hiss edirəm, labirint də elə itib-batmaq deməkdir. Amma güzgü məsələsi bir az qəlizdir. Əvvəl “Mən” olduğun halda, sonra kənardan baxan birinə çevrilirsən; güzgüdəki görüntü də elə budur.

Bu mövzuları mən seçməmişəm, onlar gəlib məni tapıb. Yazıçıların mövzu axtarıb seçməli olduqlarına inanmıram. Mövzuların yazıçıları axtarıb tapması daha uyğundur. Hekayə yazanda başlanğıcı və sonu həmişə bilirəm, amma o ikisinin arası qaranlıq qalır. Bəzi yazıçılar deyir ki, onlar belə işləmirlər. Onların ehtiyac duyduqları bir başlanğıcdır, daha sonra ən yaxşı sonu, ən yaxşı həlli axtarırlar. Məndə isə tərsinədir; mən artıq əvvəli və axırı bilirəm, mənə lazım olan hekayənin özünü, yəni ortadakıları tapmaqdır. Yanıla da bilərəm. Bunu fərq etdiyimdə hər şeyə yenidən başlamaq məcburiyyətində qalıram.

Gərək bütün bu işlərin içindəki həqiqət görünsün, yoxsa adam darıxar. Mənim tay-tuşum qalmayıb, hamısı dünyadan köçüb. Vaxtımın çoxunu tək keçirmişəm və bundan gileylənmirəm. Zamanı, hər an sona çata biləcəyi qəti olan bir gələcəyin planları ilə genişləndirirəm. Çoxlu gənc dostum var, amma təbiidir ki, onlar mənə öz ömürlərindən pay verə bilməzlər.

- Karlos Fuentes deyib ki, Buenos-Ayres haqqında yazmaq üçün əla şəhərdir və siz bunu çox gözəl bacarırsınız. Özünüzü bir Buenos-Ayres yazıçısı kimi xarakterizə edirsinizmi?

- Əvvəlcə, belədirmi bilmirəm, amma özünə təşəkkür edirəm. Mən, əlbəttə ki, Buenos-Ayresliyəm, elə şəhərin mərkəzində doğulmuşam. Bu şəhəri çox yaxşı tanıyıram, ancaq o vaxtlar daha fərqli idi. Esmeralda ilə Suipaça tərəfdə, Maiupuda doğulmuşam. Bizim tərəflərdə evlərin hamısı alçaq idi; küçəyə baxan bircə qapı, qapının da üstündə dəmir döyəc –zəng-filan yox idi–, sonra dəhliz, içəri qapı, eyvan, quyu və dümdüz, hündür tavanlar. Buenos-Ayres çox fərqli idi. Düzünü desəm, şəhərin bilmədiyim çox yeri var. Məsələn, "Teatro Colon"a həyatımda ilk dəfə bir il əvvəl getdim; "Villa del Parque" və "La Boca del Riachuelo"da heç olmamışam, buralar bilmədiyim yerlərdir. Barracas, El Sur, El Centro, Palermo da eləcə. Amma mənim xəyallarımdakı Palermo, Evaristo Karrieqonun yoxa çıxdığı o yerdir.

- Hər yazıçının bir şah əsəri vardır. Sizinki hansıdır?

- Məncə, bəzi yazılara "şah əsər" deyib digərlərini ayırmaq düzgün deyil, hər bir yazı şah əsər ola bilər.
Məncə, bu məsələ kimin kitabını oxumağınızdan asılıdır. Məsələn, qəzet oxuyanda onu elə oxuyursunuz ki, yaddan çıxsın; amma kitab oxuyanda yadda saxlamaq üçün oxuyursunuz. Əgər oxuduğunuz yazıçı məşhurdursa, daha çox hörmət göstərirsiniz. Ancaq oxuduğunuz mətn eyni ola bilər. Hər iki mətn eyni dərəcədə həqiqətə müvafiq və ya xətalı ola bilər. Qüsursuz bir kitabın mövcudluğuna inanmıram. Bir də, bəlkə də hər nəsil köhnənin yaxşı kitablarını öz dilinə və zövqünə uyğun təzədən yazır, bunu belə görmək lazımdır. Deyək ki, bir hekayə üçün on dənə qaralama hazırlanıb. Bu variantların hər biri eyni hekayəni balaca, amma maraqlı fərqlərlə, özünəxas bir tərzdə danışa bilməlidir. Belə olanda, deyilən hər şey elə başdan səhvdir.

Həm də bu kitablar neçə-neçə oxucu nəsli keçdikcə daha da dolğunlaşır. Şübhəsiz ki, Alonso Kixano hazırda Servantesin xəyal etdiyindən daha mürəkkəb quruluşdadır. Alonso Kixano, misal üçün, Migel de Unamunonun şərhləri ilə zənginlik qazanmışdır. Heç şübhəsiz, Hamlet indi Şekspirin onu ilk yazdığı vaxtdan daha qəliz bir obrazdır; Kolric, Bredli, Höte və başqa adamlar onu öz fikirləri ilə daha da dolğunlaşdırıb. Deməli, kitablar müəllif öləndən sonra da yaşayır. Hər dəfə oxunanda mətn bir az da olsa dəyişir. Dərin bir ehtiramla mütaliə edərkən, kitabda elə gözəl şeylər tapırıq ki, bəlkə müəllif özü də onlara fikir verməyib. Bəlkə də yaxşı bir kitab, müəllifinin onu qurduğu şəkillə tam olaraq üst-üstə düşməyə bilər. Servantes cəngavərlik mövzusu ilə bir az məzələnmək istəmişdi və həqiqətən də, əgər o kitabları bilən varsa, Servantes "Palmarin de Inglaterra", "Amadís de Gaula" və "Tirante Blanco" kimi əsərlərə xeyli gülmüşdü. Əslində, bütün bu mövzular yazıçının düşündüyü çərçivədən çıxıb gedir. Baxın, hazırda Martin Fierro yaşayan, iztirab çəkən və elə hey yaşayıb müəllifinin xəyal etdiyindən də betər dərdlər çəkən bir adamdır. Mən artıq buna inanıram: hər yaxşı kitab illər keçdikcə dəyişir, başqa şəklə düşür və müxtəlif mədəniyyətlərin sayəsində daha da zənginləşir.

Amma öz kitablarım haqqında danışa bilmərəm. Onları yazıb qurtarandan sonra unutmağa çalışmışam. Tutaq ki, mən bircə dəfə yazıram, oxucu isə dönə-dönə oxuyur, elədir? Xeyr. Yazdıqlarım haqqında fikirləşməməyə çalışıram, çünki keçmişlə yaşamaq adama yaxşı təsir eləmir. Necə ki şikayətlənmək adamı yorur, bu cür ağı demək də çox qəmlidir.

- Deyirdiniz ki, həyatda xoşbəxt olduğunuz qədər, çəkdiyiniz ağrılara görə də minnətdarsınız və kor olmağın gətirdiyi vəziyyətlə razılaşmısınız. İztirab və korluğa görə niyə minnətdarlıq edirsiniz?

- Çünki bir sənətkar üçün yer üzündə baş verən hər şey, yaradıcılıq fəaliyyətiniz üçün bir xammaldır. Bəzən bunu qəbul etmək ağır ola bilər. Xoşbəxtlik əslində çox şey tələb etmir, xoşbəxtlik özlüyündə bir nəticədir. Amma bədbəxtliyi gərək başqa bir şəklə salasan, onu gözəlləşdirib ucaldasan. Sənətkar üçün başına gələn hər bir hadisə, qəlibə salıb forma və struktur qazandıracağı bir materialdır. Sənətkar hər şeyi belə hiss eləməyə çalışmalıdır. Hətta başına gələnlər çox pis, qəddar olsa belə…

Tərcümə etdi: İbrahim Aziz

# 154 dəfə oxunub

Oxşar xəbərlər

Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

Sevgi məktublarını "isterika" adlandıran dahi - Kant bir qadını intihara necə təhrik etmişdi?

13:30 12 fevral 2026
Dostoyevskinin Peterburqu: Saflaşdıran kədər və dörd gecəlik cənnət

Dostoyevskinin Peterburqu: Saflaşdıran kədər və dörd gecəlik cənnət

13:20 12 fevral 2026
İncəsənət Kollecinin direktoru:  "Dövlət rəssamın bütün işlərini alıb onu arxayınlaşdırmamalıdır" - Müsahibə

İncəsənət Kollecinin direktoru: "Dövlət rəssamın bütün işlərini alıb onu arxayınlaşdırmamalıdır" - Müsahibə

12:53 12 fevral 2026
Juja Perelinin “Həqiqət çərçivəsindən kənar”  adlı fərdi sərgisi açıldı

Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açıldı

12:50 12 fevral 2026
Akif Əlinin “Özgə dünya”  povesti çap olundu

Akif Əlinin “Özgə dünya” povesti çap olundu

12:20 12 fevral 2026
“Xalq artisti Bəhram Mansurov”  adlı kitab sərgisi açıldı

“Xalq artisti Bəhram Mansurov” adlı kitab sərgisi açıldı

11:50 12 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər