Bu gün belçikalı yazıçı Jorj Simenonun doğum günüdür.
Kulis.az onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
İntellektual detektiv janrının əfsanəsi, komissar Meqrenin yaradıcısı, ədəbiyyat tarixinin həm ən məhsuldar, həm də ən ziddiyyətli simalarından biri olan Jorj Simenonun ömür yolu ən az yazdığı romanlar qədər qaranlıq, sirli və gərgin hadisələrlə zəngindir. Batil inanclara ifrat dərəcədə bağlı olan anası Henriette oğlunun ayın 13-də, üstəlik, cümə günü doğulmasını uğursuzluq əlaməti sayıb, gələcək yazıçının doğum tarixini rəsmi sənədlərdə 12 fevral olaraq qeyd etdirmişdir.
Bəlkə də, Simenonun bütün həyatı boyu həqiqətlə uydurma arasında vurnuxmasının, şəxsiyyətini daim gizlətməyə cəhd etməsinin və yüzlərlə fərqli imza altında daldalanmasının kökü məhz bu ilk "rəsmi yalan"dan qaynaqlanırdı. Onun həyatı yalnız ədəbi uğurlarla deyil, həm də psixoloji travmalar, siyasi qalmaqallar, bitib-tükənməyən cinsi macəralar və ailə faciələri ilə doludur; bunların hər biri, sözün əsl mənasında, ayrı bir roman mövzusudur.

Simenonun yaradıcılıq sürəti və məhsuldarlığı ədəbiyyat dünyasında hələ də izahı tapılmayan bir fenomen sayılır. O, ömrü boyu həm öz adı, həm də onlarla təxəllüslə 400-ə yaxın roman, minlərlə hekayə və məqalə qələmə almışdır. Onun yazı prosesi kənardan baxanlara bir növ şaman ayinini və ya psixoloji transı xatırladırdı.
Simenon hər hansı romana başlamazdan əvvəl mütləq həkim müayinəsindən keçər, qan təzyiqini ölçdürər və fiziki cəhətdən bu "ağrıya" tab gətirə biləcəyini yoxlayardı. Çünki onun üçün yazmaq sadəcə zehni fəaliyyət deyil, həm də fiziki əzab, özünü tamamilə başqa bir xarakterin bədəninə və ruhuna köçürmə prosesi idi. O, otağına qapanar, qapıdan "Narahat etməyin" yazısını asar, pərdələri çəkər, masasının üzərinə isə əvvəlcədən yonulmuş onlarla karandaşı, sevdiyi qəlyanları və bir şüşə şərabı düzərdi. Yazı prosesi başladıqdan sonra o, sanki real dünyadan qopurdu. Bir romanı tamamlamaq cəmi 7-11 gün çəkirdi. O, hər gün bir fəsil yazır və bu rejimi heç vaxt pozmurdu. Əgər hər hansı səbəbdən – xəstəlik və ya gözlənilməz hadisə ucbatından - işinə 48 saatdan çox fasilə verməli olardısa, yazdıqlarını cırıb atar və həmin əsərə bir daha qayıtmazdı. Çünki o inanırdı ki, yaratdığı atmosferin sehri itdikdən sonra onu yenidən bərpa etmək qeyri-mümkündür.
Bu inanılmaz sürət vaxtilə məşhur bir dildən-dilə gəzən rəvayətin yaranmasına səbəb olmuşdu. 1927-ci ildə gənc Simenonun bir qəzetlə müqavilə bağlayaraq Parisin mərkəzində, "Mulen Ruj"un qarşısında, şüşə qəfəs içərisində, hamının gözü önündə bir roman yazacağı barədə şayiələr yayılmışdı. İddiaya görə, o, oxucuların təklif etdiyi mövzular əsasında, heç bir fasilə vermədən 7 gün ərzində romanı tamamlamalı idi. Hərçənd bu layihə heç vaxt reallaşmasa da (və ya sadəcə bir reklam fırıldağı olsa da), Simenonun adı ilə "şüşə qəfəs" ifadəsi əbədi olaraq bir-birinə bağlandı. Əslində, o, bütün ömrü boyu özünü psixoloji bir "şüşə qəfəs"ə salmış, insanları kənardan müşahidə etmiş, lakin onlarla heç vaxt tam mənəvi bağ qura bilməmişdi.
Onun yaratdığı məşhur komissar Jül Meqre obrazı da müəyyən mənada müəllifin sakitlik, sabitlik və anlayış axtarışının təcəssümü idi. Lakin Simenon Meqre romanlarını "ikinci dərəcəli" hesab edir, əsas ədəbi gücünü "romans durs" adlandırdığı, insan psixologiyasının ən qaranlıq məqamlarını araşdıran ağır psixoloji romanlarına yönəldirdi. Andre Jid kimi nəhəng yazıçılar məhz bu romanlarına görə onu "müasir fransız ədəbiyyatının ən böyük romançısı" adlandırmışdılar.
Simenonun şəxsi həyatı, heç şübhəsiz, ən azı əsərləri qədər qalmaqallı idi. O, özünü "seksual manyak" və ya "psixopat" adlandırmaqdan belə çəkinmirdi.
Məşhur bir müsahibəsində yazıçının həyatı boyu 10 min qadınla münasibətdə olduğunu iddia etməsi cəmiyyətdə şok effekti yaratmışdı. Bu rəqəmin nə dərəcədə şişirdilmiş olub-olmamasından asılı olmayaraq, Simenonun qadınlara münasibəti daim müzakirə mövzusu olaraq qalıb. O, bu vəziyyəti "sevgi axtarışı" yox, "insanla təmas aclığı" kimi izah edirdi. Onun üçün bu əlaqələr fiziki bir ehtiyac, sanki bir dərman qəbulu kimi zəruri idi.
Həyat yoldaşı Tigi ilə olan münasibəti də qeyri-adi şərtlər üzərində qurulmuşdu; qadın ərinin başqa xanımlarla əlaqələrinə göz yummalı, hətta bəzən bu münasibətlərin şahidi olmalı idi. Məşhur rəqqasə Jozefina Beykerlə yaşadığı qısa, lakin fırtınalı eşq macərası da onun bioqrafiyasının ən parlaq səhifələrindən biridir.
Simenonun Beykerlə əlaqəsi o qədər ehtiraslı idi ki, yazıçı yaradıcılığa vaxt ayıra bilmir və sonda karyerasını xilas etmək naminə bu münasibəti bitirmək məcburiyyətində qalır.
Ancaq Simenonun həyatındakı ən qaranlıq dövr İkinci Dünya Müharibəsi illərinə təsadüf edir. Fransanın alman işğalı altında olduğu illərdə Simenonun fəaliyyəti bu günə qədər mübahisəli olaraq qalır. O, faşist rejimi tərəfindən idarə olunan kinostudiyalarla müqavilələr bağlamış, kitablarının ekranlaşdırılmasına icazə vermiş və bunun müqabilində külli miqdarda gəlir əldə etmişdi.
Daha da dəhşətlisi, o, öz əsərlərinin nəşr hüququnu qorumaq üçün nasistlərin tələb etdiyi "Ari irqinə mənsubluq" haqqında bəyannaməni imzalamış və yəhudi olmadığını sübut etməyə çalışmışdı. Müharibədən sonra o, "kollaborasionizm"də (düşmənlə əməkdaşlıqda) ittiham olunmaq qorxusu ilə Fransanı tərk edərək ABŞ-a, daha sonra isə İsveçrəyə köçmüşdü.
Baxmayaraq ki, heç vaxt rəsmi olaraq mühakimə olunmadı, bu ləkə onun vicdanında və reputasiyasında həmişəlik qaldı. Bəzi tənqidçilər onun müharibədən sonrakı romanlarındakı bədbinliyi və günahkarlıq hissini məhz bu dövrün psixoloji ağırlığı ilə əlaqələndirirlər.

Yazıçının ömrünün son illərinə isə böyük bir ailə faciəsinin kölgəsi düşdü. Onun yeganə qızı Mari-Jo (Marie-Jo) atasına qarşı xəstəlik həddində, demək olar ki, Elektra kompleksini xatırladan bir bağlılıq hiss edirdi. O, atasının diqqətini çəkmək üçün hər yola əl atır, sevgililərini qısqanır və psixoloji sarsıntılar keçirirdi.
Simenonun qızına qarşı soyuq münasibəti və onun problemlərini görməzdən gəlməsi vəziyyəti daha da gərginləşdirirdi. Mari-Jo atasının kitablarından birində təsvir olunan silah mağazasını tapıb oradan silah almış və 1978-ci ildə, cəmi 25 yaşında ikən Parisdəki mənzilində intihar etmişdi.
Bu hadisə Simenon üçün həyatının ən ağır zərbəsi oldu. Qızının ölümü onu dərindən sarsıtdı və o, bu hadisədən sonra bədii yaradıcılığa, demək olar ki, son qoydu.
Yazıçı ömrünün qalan hissəsini qızına ithaf etdiyi, öz həyatının ən məhrəm, ən ağrılı məqamlarını etiraf etdiyi irihəcmli "İntim xatirələr" ("Memoires intimes") kitabını yazmağa həsr etdi. O, bu əsərdə qızının intiharındakı rolunu, öz eqoizmini və ata kimi səhvlərini təftiş edir, bir növ günah çıxarırdı.
Simenonun şəxsiyyəti paradokslarla zəngin idi. O, dünyanın ən varlı yazıçılarından biri olsa da, sadə insanların, səfillərin və cinayətkarların həyatını qələmə almağı sevirdi.
O, 10 min qadınla münasibətdə olduğunu iddia etsə də, əslində ömrü boyu yalnız "bir qadını" – bəlkə də anasını və ya heç vaxt tapmadığı o idealı axtarırdı. Yüzlərlə roman yazmasına rəğmən, hər zaman "yazmadığı romanın" – öz həqiqi həyatının ağırlığı altında əzilirdi.
Simenonun Lyejdə başlayan, Parisin dumanlı küçələrindən keçib Amerikanın genişliklərinə uzanan və nəhayət, İsveçrədəki bir malikanədə tamamlanan həyat yolu onun yaratdığı ən mürəkkəb süjetdən belə daha maraqlı idi.
Onun dediyi kimi: "Mənim işim hökm vermək deyil, anlamaqdır". Bəlkə də, o, bütün bu minlərlə səhifəni sadəcə bir insanı – özünü anlamaq üçün qələmə almışdı.