Kulis.az psixiatr Orxan Fərəclinin "Maştağa: 19 il 10 ay - Respublika Psixiatriya Xəstəxanasında keçən illərim…" yazısını təqdim edir.
Tələbəliyimin II kursundan, – 2006-cı ilin mayın 6-da – əmək fəaliyyatimə başladığım Maştağadakı Respublika Psixiatriya Xəstəxanasından 19 il 10 aydan sonra xoş xatirələrlə ayrıldım.
Dəlixanada axşamdır,
Dəli Qabil yer süpürür.
Vaqif Səmədoğlu
Sərnişinlərin düşəcəkləri yeri bildirmək üçün xəstəsi olanların “xəstəxananın yanında”, xəstəsi olmayanların isə “dəlixananın yanında saxlayarsan” – dediyi 172 nömrəli avtobusa minərək arzularımın arxasınca getdiyim Maştağada yerləşən Psixiatriya Xəstəxanasındakı ilk iş günüm təqvimdə 2006-cı ilin 6 mayına təsadüf etmişdi.
İçərini görməyə mane olan iri dəmir darvazadan keçərək, həyətin içiylə xeyli gedib “kantor” adlanan inzibati binaya yaxınlaşdım. Yarıqaranlıq dəhlizdə yerə sərilmiş üstü toz basmış qırmızı xalça kirli, təmirsiz divarlarla özünəməxsus nostalji ahəng yaradırdı. Baş həkimin, gözləmə otağından daha işiqlı və daha təmiz olan otağındakı çox qısa görüşdən sonra nahar sonrası gələn qadınaxas ərincək hərəkətlərlə dəstəyi qaldırararq “otdelkadra” zəng edib: – “Nadir müəllimin bacısı oğlu gəlib, işləmək istəyir” – cümləsini deyəndə mən artıq otağı tərk etmək üzrə idim. Kadrlar idarəsinin rəisi məni “kantorun” ikinci mərtəbəsində yerləşən otağında qəbul etdi.
Qalaq-qalaq sənədlərin yığıldığı masasının arxasından “Oğlum, ikinci kurs tələbəsini ancaq sanitar olaraq işə qəbul edə bilərik, üçüncü kursdan sonra tibb qardaşı olaraq davam edərsən” – xəbərdarlığı mənim ruhi xəstəxana və ruhi xəstələrlə işləmək istəyimə zərrə qədər də təsir etmədi. Bildiriş tipli bir sənədi mənə verərək 45 hektarlıq xəstəxananın uzaq küncündə yerləşən 9-cu kişi şöbəsinə göndərdilər. “Kantordan” 9-cu şöbəyə gedən kənarları qamış basmış təxminən 200 metrlik qumlu cığırın məni gələcəkdə hara aparacağından xəbərsiz, ətrafı dördgözlə seyr edərək təyinat yerinə çatdım.
Üz-üzə yerləşən 2 mərtəbəli binanın həyətinə girəndə sağdakı birinci mərtəbənin elə axtardığım yer olduğunu öyrəndim. Zəngin basdıqdan sonra ağır kilid şaqqıltısını eşitməyin elə də uzun çəkmədi. Qapını, adını sonradan öyrəndiyim bəstəboy, qarayanız baş tibb qardaşı Mayıl kişi açdı. İçəri girən kimi özümü təqdim edib, işləmək üçün gəldiyimi və şöbə müdiri Elxan həkimlə görüşmək istədiyimi bildirdim. Elxan həkim və Mayıl kişinin orada tələbə kimi çalışdığım illər ərzində dərslərimdən geri qalmamaq üçün mənə etdiyi köməklikləri yəqin ki, heç vaxt unutmayacağam.
9-cu şöbəyə çatanda gün artıq bitmək üzrə idi və gecə növbəsinə qalacaq əməkdaşlar içəriyə yeni daxil olmuşdular. Bu deyəsən mənim ilk iş günüm olacaqdı. Əgər istəsəm elə bu gündən etibarən gecə növbəsində daha təcrübəli tibb bacısı Sevda xanım və qocaman sanitar Nurəddin kişi birlikdə qala biləcəyimi dedilər. Şöbənin girişindən baxdıqda köhnə olsa da, yenicə boyanmış dəhliz boyunca qeyri-adi heç nə görünmürdü. Personala aid olan bu dəhliz bitəndən sonra azca sağa burularaq irəli baxmaq kifayət idi ki, yeni dünya ilə tanış olasan. Təxminən 5-6 metr uzunluğunda divan, masa və stuldan ibarət “post” adlanan, gecə növbəyə qalacaq personalın oturub dəmir arakəsmələrdən içəridəki xəstələri gün boyu müşahidə edəcəyi bir yer var idi. Dəmir barmaqlığın kilidinin açarı ancaq postda olan şəxsdə olardı. Barmaqlıqlardan içəri keçdikdən sonra hər birində təxminən 20-25 xəstənin yata biləcəyi sağda 4, solda isə 2 böyük palata ilə bərabər sanitar qovşaq və mətbəxin yerləşdiyi böyük fərqli dünya var idi. Dəli Rövşən yer süpürürdü.....
İnsan hər yerdə insandır
Ölməyibsə ömür sürür...
Məni psixiatrik şöbənin iş rejimi ilə tanış etdilər. Posta əyləşərək içəriyə nəzarət edəcəkdim, vaxtaşırı palataların qapısından içəri girərərək hamının öz çarpayısında olduğuna əmin olacaq, dalaşmadıqlarını, palatada siqaret çəkib, çəkmədiklərini yoxlayacaq, yorğanı tamamən başlarına çəkməyə icazə verməyəcəkdim. Tualetə gedib orada uzun müddət qalıbsa, arxasınca gedib yoxlaycaq və yenidən öz yatağına dönməsini xahiş edəcəkdim. Bütün bunlardan qabaq isə təxminən saat altı radələrində yemək paylanır, 1 saat sonra isə dərman qəbulu saatı elan olunurdu. Dərman paylanma mərhələsi biz işçilərin ən diqqətli olduğumuz saatlar idi, çünki bir çox xəstə özünü xəstə hesab etmədiyi üçün dərmanları ağzında gizlədərək sonra tüpürür və bu yolla müalicədən yayınırdı. Bir qrup pasiyent isə bəzi dərmanları fərqli formada gizlədərək 5-7 gün yığıb, hamısını bir yerdə fərqli diaqnozlu pasiyentlərlə siqaretlə dəyişirdilər. Hər pasieynt üçün səhər, günorta, axşam qəbul edəcəyi tabletlərin yığıldığı 3 yerə bölünüb tikilmiş və üzərinə adı yazılmış bərk sellofon torbalar var idi. Bütün xəstələr sıraya düzülür, əlifba sırası adları çəkilir və adını eşidən hər pasiyent yaxınlaşaraq ona təyin olunan dərmanı qəbul edirdi. Həbi qəbul etdikdən sonra su içən xəstəni başqa bir sanitar ağzını yoxlayaraq qəbul etdiyinə, ağzında gizlətmədiyinə əmin olduqdan sonra yatması üçün öz palatasına göndərirdik. Həmin vaxtlar kişi şöbələrində 80-100 xəstənin olduğunu nəzərə alsaq, bu proses təxminən 1 saat davam edirdi. Bundan sonra “dəlixanaya” axşamın düşməsi ilə yuxarıda qeyd etdiyim vəzifələrim başlayırdı. Xəstələrin yorğanı başına tam çəkməsinə ona görə icazə vermirdik ki, “ölməyibsə, ömür sürdüyündən” xəbərimiz olsun....
Sıraya düzüb sayırlar
Sanitarlar bizi səhər.
Dünyanı gəzə billik,
Qapıdan hasara qədər.
Yəqin ki, gecə növbəsində işləyən hamıda belədir. Əgər növbədə 2-3 nəfər varsa, öz aramızda danışaraq birimiz oyaq qalmaq şərti ilə növbəli şəkildə yata bilirik.
2006-cı il mayın 6 dan – 7-nə keçən gecə Psixiatriya Xəstəxanasnda biz də elə etdik. Səhərin açılan kimi, gündüz personalı gələnə qədər – saat 9-da gəlirdilər – şöbə təmizlinməli, xəstələrin yeməyi və dərmanaları eyni qaydada verilməli idi. Etiraf edim ki, bu prosesdə bizə orada uzun müddət yatan və artıq xəstəxanının xəstəsindən daha çox personalına çevrilmiş bəzi pasiyentlər kömək edirdilər. Saat 9-da artıq gündüz personalı gəldikdə onların iştirakı ilə bütün xəstələri sıraya düzərək ad-soyad və say olaraq yoxlayıb digər personala təhvil veriridik. Bu prosesin əsas səbəbi gecə boyunca xəstələrdən heç kimin oradan qaçmadığını göstərmək idi. Xəstələri səhər sıraya düzüb sayandan sonra, bəzən qapıdan hasara qədər gəzə biləcəkləri həyətə çıxarırdıq.
Burda gərək yaşayasan,
Hər gün şükür deyə-deyə
Səhər kələm, gündüz kələm
Axşam kələm yeyə-yeyə...
İlk aylarda orada gördüyüm yeməkləri, çörəyi və qoxunu yəqin ki, ömrüm boyu unutmayacam. İlk dəfə bıçağın kəsə bilməyəcəyi qədər nəm “zavod” çörəyini orada görmüşdüm. Xəstələr heç vaxt doymurdular və doymadıqları üçün çörək tikələri daha çox yer tutsun deyə onu bütöv udmağa cəhd edirdilər. Bütün işçilər həmişə o xəstələr üçün evlərindən imkanları çatacaq qədər nə isə gətirirdilər. Bəzən isə qonşu kəndlərdən gələn nəzir yeməklər olurdu. Bu əsl bayrama çevrilirdi. Yaxşı ki, bu vəziyyət uzun müddət davam etmədi. Artıq 2007-2008-ci illərdən etibarən yemək təminatı kifayət qədər gücləndi. Günlük kalori və qida qəbulu xəstəxana normalarına uyğunlaşdırıldı, səhər yeməklərində cem, xama, yumurta ilə bərabər meyvəli yoqurt belə paylandığının şahidi olmuşdum. Ümumi rasionda kələm doğrudan da çox idi.
İlk iş günümdə işdən çıxıb birbaşa universitetə getdiyim üçün, 1-ci dərsdə tələbə yoldaşlarımdan heç kim yanımda oturmaq istəmədi. Çünki dərslərə geyindiyim xalatı işdə geyindiyim üçün xəstəxanın siqaret, tər və dərman qarışıq spesifik qoxusu üzərinə çökmüşdü...
Psixiatriya Xəstəxanasında keçirdiyim 19 il 10 aylıq əmək fəaliyyətimin hər günü maraqlı və təsirli xatirələrlə yaddaşımda iz qoyub. Yəqin ki, bu qəribə yerdə yaşadıqlarımı çoxları təsəvvür belə edə bilməz. Ümid edirəm, xatirələrimi bütövlükdə bölüşəcəyim zaman da gəlib yetişər...
...1936-cı ildən bu yana fəaliyyət göstərən 90 illik bu unikal xəstəxanada çalışdığım 19 il 10 ay ərzində 4 baş həkim dəyişdi.
Bu 20 ildə gördüyüm həmin 4 baş həkimə şəxsən tanıdığım cəfakeş, olduqca çətin şərtlərdə vicdanla çalışan həkim həmkarlarıma, xəstələrə doğması kimi yanaşan tibb bacılarına, sanitarlara, inzibati işçilərə, texniki işçilərə, mühafizə işini təşkil edən polislərə qədər hər kəsə təşəkkür borcumun olduğunu qəlbimin dərinliyində hiss edirəm.
...Məndən tez-tez imişlili müğənni Vüqar Yusubovu soruşan boksçu Rövşəni, hər görəndə “Orxan, az qalıb birinci gün gəlib məni evə aparacaqlar” – deyə-deyə 20 ildən çox orada qalan Cahidi, günaha sövq edir deyə öz cinsi orqanını çəkiclə əzən Bayramı, daim “dünya köhnə dünyadır, sevgiləri təzədir” musiqisini zümzümə edən Namiqin intiharını, Rusiyadan xəstəxanımıza köçürülüb elə oradaca vəfat edən və qohumu tapılmadığından öz əllərimlə Hövsandakı sahibsizlər qəbirstanlığında dəfn etdiyim və adını belə xatırlamadığın orta yaşlı kişini, “psixiatriya sözünün tərkibində “riya, riyakarlıq” var deyən Soltanı və buna oxşar yüzlərlə pasiyentimlə bağlı acılı-şirinli xatirlərimi yəqin ki, heç vaxt unutmayacağam.