"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar

"Lord" titulu aldı, casusluq etdi, 1400 rəsm çəkdi... - Məşhur rəssam haqqında maraqlı faktlar
30 may 2026
# 13:00

Bu gün məşhur flamand rəssam Peter Paul Rubensin anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Barokko dövrü Avropa incəsənətinin ən parlaq sənətkarlarından biri flamand (Belçikanın şimalında yaşayan xalq) rəssam Peter Paul Rubensdir. Onun yaradıcılığı möhtəşəm rənglər, hərəkət və emosional coşqu ilə doludur. Lakin Rubens sadəcə fırça ustası deyil, həm də dövrünün ən savadlı humanistlərindən biri, saray əyanı və bacarıqlı diplomat olub.

Rubens zadəgan və savadlı bir ailədə doğulmuşdu, lakin atasının vəfatından sonra ailə maddi çətinliklərlə üzləşdi. 13 yaşında gənc Rubens bir qrafinyanın sarayında xidmətçi (pej) kimi işə düzəldi. Burada o, yüksək cəmiyyətin etiket qaydalarını, aristokratik davranışları və saray mühitini dərindən öyrəndi. Bu təcrübə sonradan onun Avropa kralları ilə dil tapmasında həlledici rol oynadı. Lakin saray həyatı onu boğduğu üçün o, tezliklə bu işdən ayrılıb rəssamlıq təhsilinə başladı.

Rubens tarixdə həm rəssamlıq, həm də diplomatik fəaliyyətinə görə iki fərqli monarx tərəfindən cəngavər (lord) titulu alan yeganə sənətkardır (İspaniya kralı IV Filip və İngiltərə kralı I Karl tərəfindən).

O, Avropa sarayları arasında gizli danışıqlar aparır, dövlət sirlərini daşıyırdı. Çox vaxt krallar onun rəsm çəkmək bəhanəsi ilə saraya gəlməsindən şübhələnmirdilər. Rubens İngiltərə və İspaniya arasındakı gərgin münasibətləri yumşaltmaqda və sülh müqaviləsinin imzalanmasında böyük pay sahibi olmuşdu.

O dövrün bir çox dahi rəssamı (məsələn, Karavacço və ya Rembrandt) xaotik və çətin həyat sürdüyü halda, Rubens heyrətamiz bir intizama malik idi:

Hər səhər saat 04:00-da yuxudan durar, ibadət edər və dərhal emalatxanasına keçərdi. O, eyni anda həm rəsm çəkir, həm gələn qonaqlarla söhbət edir, həm də köməkçilərinə klassik ədəbiyyatdan (Plutarx, Seneka və ya Vergili ) latınca mətnlər oxutdurub dinləyirdi. Axşamlar isə fiziki formasını qorumaq üçün mütləq at sürməyə çıxardı.

Rubens Avropanın hər yerindən – kilsələrdən, krallardan və zadəganlardan o qədər çox sifariş alırdı ki, təkbaşına çatdırmaq qeyri-mümkün idi. Buna görə də o, Antverpendə nəhəng bir emalatxana yaratmışdı.

Sistem belə işləyirdi: Rubens tablonun kiçik bir eskizini yağlı boya ilə çəkir (modello), onun istedadlı tələbələri və köməkçiləri (onların arasında gənc Antonis van Deyk də var idi) tablonu böyük kətan üzərinə köçürüb rəngləyirdilər. Sonda isə Rubens öz dahi fırçası ilə əsas detalları, insan üzlərini və işıq-kölgəni tamamlayıb rəsmi imzalayırdı. Onun mirası 1400-dən çox orijinal əsəri əhatə edir.

17-ci əsrdə iki böyük ustanın eyni tablo üzərində işləməsi populyar idi. Rubens yaxın dostu, məşhur mənzərə və çiçək ustası Jan Brueghel ilə 25-ə yaxın şah əsər yaratmışdı. Məsələn, onların birgə işi olan "Ədən bağı və insanın günaha batması" tablosunda insan fiqurlarını Rubens, heyvanları, ağacları və möhtəşəm təbiəti isə Brueghel çəkmişdi.

Rubens şəxsi həyatında olduqca xoşbəxt bir ailə başçısı idi. İlk xanımı İzabella Brant ilə 17 il evli qaldı və onun ölümündən sonra dərin sarsıntı keçirdi (onu unutmaq üçün özünü diplomatik missiyalara həsr etdi).

53 yaşında olarkən isə o, 16 yaşlı Helena Fourment ilə evləndi. Maraqlıdır ki, Helenanın gözəlliyi rəssama o qədər ilham verirdi ki, ömrünün son onilliyində çəkdiyi demək olar ki bütün mifoloji qadın və ilahə obrazlarında Helenanın cizgilərini görmək mümkündür.

O yazırdı: "Mənim istedadım elədir ki, heç bir tapşırıq, ölçüsü nə qədər böyük olsa da... heç vaxt mənim cəsarətimi üstələyə bilməyib".

Rubens 1640-cı ildə, podaqra xəstəliyinin yaratdığı ürək çatışmazlığından vəfat etdi.

Antverpendəki möhtəşəm evi (özü italyan sarayları üslubunda dizayn etmişdi) bu gün rəssamın həyatını və sənətini qoruyan canlı bir muzey kimi fəaliyyət göstərir.

# 97 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

"Hər bir qadın inandığı məqsəd uğrunda həyatını verir..." - Janna Darkdan sitatlar

12:10 30 may 2026
"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

16:20 29 may 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

14:07 29 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər