"Onu da tərk edəcəksən, bilirəm bunu..." - Maya Anjelunun şeirləri

"Onu da tərk edəcəksən, bilirəm bunu..." - Maya Anjelunun şeirləri
28 may 2026
# 14:00

Bu gün görkəmli ABŞ şairi Maya Anjelunun anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

Zavallı qız

Başqa bir sevdiyin var,
bilirəm bunu;
səni dəlicəsinə sevən biri
eynilə mənim kimi.
Sözlərin elə bil ləl-cəvahirdi,
diqqətlə dinləyir hər sözünü,
anladığını düşünür səni…
Zavallı qız
Eynilə mənim kimi.

Başqa bir qəlbi də qırırsan,
bilirəm bunu,
edə biləcəyim heç nə yoxdur.
Əgər danışsam ona bildiklərimi
Səhv başa düşəcək, qovacaq məni…
Zavallı qız
Eynilə mənim kimi.

Onu da tərk edəcəksən,
bilirəm bunu,
o heç vaxt bilməyəcək
onu niyə tərk etdiyini,
Ağlayacaq, bilmək istəyəcək
nəyin düz getmədiyini.
Bu nəğməni oxuyacaq o da axırda
Zavallı qız
Eynilə mənim kimi.

Qayıtdılar evlərinə

Qayıtdılar evlərinə, arvadlarının yanına,
dedilər ki, bircə dəfə də həyatlarında
mənim kimisini tanımayıblar.
Amma… qayıtdılar evlərinə.

Evin nə təmizdir – dedilər mənə,
heç bir sözüm heç kimi incitmirmiş,
sən demə auram da sehrliymiş.
Amma… qayıtdılar evlərinə.

Bütün kişilər məni tərifə boğardı,
gözəl imiş gülüşüm, ağlım, ombalarım,
fəqət bir gecə keçirdilər mənimlə, üç, ya da iki…
Amma…

Gəl və sevgilim ol

Yollar azman maşınlarla doludur
Məchul bir yerə gedirlər sürətlə.
İnsanlar alışan hər şeyi tüstülədirlər,
Kimisi həyatını dolayır bir qədəhin başına
və sən hansı tərəfə dönəcəyini bilmədən
oturub gözləyirsən.
Mənsə bilirəm.
Gəl və sevgilim ol.

Bəzi kahinlər deyir ki, sabah qiyamət qopacaq,
Başqalarına görə hələ bir-iki həftəmiz var.
Qəzetlər fəlakət xəbərləriylə doludur,
və sən hansı tərəfə gedəcəyini bilmədən
oturub gözləyirsən.
Mənsə bilirəm.
Gəl və sevgilim ol.

Nağıl

Həmişə qorxardı kişilərdən,
gecənin gətirdiyi
günahlardan və keflərdən.
Nə vaxt bir çarpayı görsə,
şaqqıltıyla bağlanardı
fikrindəki kilidlər.

Qaşlarını çatdı
və baxışlarıyla tıxadı
açar deşiyini.
Çarpazlama bir zəncir
asdı qapıdan
və şüurunu qapatdı.

Sümükləri tapıldı
təxminən otuz il sonra
avto-dayanacaq
tikmək üçün
evi uçurulanda.

Ekspertizanın rəyi belə oldu:
ölüm səbəbi şiddətli insansızlıq.

Tərcümə: Qismət

# 76 dəfə oxunub

Oxşar xəbərlər

Dözümlü xalqıma heykəl qoyulsun - Söhrab Tahirin şeirləri

Dözümlü xalqıma heykəl qoyulsun - Söhrab Tahirin şeirləri

15:00 27 may 2026
Sevgilim, qolunu boynuma dola! – Günün şeiri

Sevgilim, qolunu boynuma dola! – Günün şeiri

12:07 27 may 2026
"Özüm də razıyam aldanmağıma!" - Aleksandr Puşkinin şeirləri

"Özüm də razıyam aldanmağıma!" - Aleksandr Puşkinin şeirləri

17:00 26 may 2026
"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

"Bank soymaq girir hərdən ağlıma" - Həmid Herisçidən antişeirlər

11:00 26 may 2026
Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

Ayrılığın da axı ağrılı sonrası var... - Sevinc Yunuslunun yeni şeirləri

14:30 25 may 2026
İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

İşığa qərq edəcək ömrümün gecəsini... - Jerar de Nervaldan şeirlər

13:00 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər