Turistlə nəzakətlə, özününkü ilə kobud

Turistlə nəzakətlə, özününkü ilə kobud
28 dekabr 2012
# 15:37

Fidan Ülvi

Deyirəm, insan hər şeydan darlıq, əksiklik çəkə bilər. Bir gün pulun, yeməyə çörəyin olmaz, sabahı çalışıb alarsan. Amma vay o günə ki, mədəniyyət və etikadan kasıb olasan. Bax bunu bulla almaq olmaz.

Çoxdandır məni narahat edən və başıma gələn bir neçə hadisəni sizinlə bölüşmək istəyirəm. O gün bir mövzu ilə əlaqədar Bakı Şəhər İcra hakimiyyətinə zəng etmişəm. Dəstəyi bir xanım götürdü:

-Salam, xanım

-Salam (kobud bir səs tonu ilə).

- Mənə Eldar müəllim lazımdır.

-Siz vapşe hara zəng eləmisiniz?

-Bura Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti deyil?

-Oradır. Burda Eldar müəllim zad oturmur.


Elə ağzımı açırdım deyəm ki, bəs o harda oturur, nömrəsini verə bilərisinizmi? Telefonun dəstəyini üzümə asdı. Səbirlə ikinci dəfə zəng etdim.

Yenidən:

- Salam, xanım

- Nədi?

- Bilmək istərdim sizi işə hansı kriteriyalar əsasında götürüblər və siz heç etikadan dərs keçmisinizmi? Sizi narahat edən Kütləvi İnformasiya Vasitəsinin əməkdaşı filankəsdir. Axı sözümü qurtarmadan niyə dəstəyi yerə atdınız?

- Aaa bəs siz özünüzu niyə əvvəlcədən təqdim etmədiniz? Mən haradan biləydim ki, siz jurnalistsiniz?

- Axı nə fərqi var mən jurnalistəm, yoxsa fəhlə? Deməli sadə vətəndaş zəng etsə sizin onu təhqir etməyə haqqınız var?

- Biz vətəndaşların müraciətinə baxmırıq. Onların müraciəti üçün xüsusi şöbə var.

- Xanım nə fərqi var ki?

- Yaxşı, sizə nə lazımdır?

- Əl qərəz, onsuz da bir mətbuat xidməti kimi də mənə yardımları toxunmadı. Çox sağ olsunlar. Yazını oxuyan jurnalistlər yəqin ki, bilir İcra Hakimiyyətindəki məmurların jurnalistlərlə əlaqəsi və rəftarı nə yerdədir. Nə isə fikrimin Mustafası bu deyil.

Bu səhər başıma gələn başqa bir hadisəyə keçirəm. Çoxdandır ki, şəxsiyyət vəsiqəmi qeydiyyata düşmək üçün dəyişmişdim. Amma vaxtım olmurdu ki, gedim götürüm. Bir gün cəsarətimi toplayıb, işdən icazə alıb, səhər Nizami Rayon Polis idarəsinin aidiyyəti şöbəsinə yollandım. Elə içəriyə girmişdim ki, qapıda belə bir yazı oxudum. “Şəxsiyyət vəsiqələri saat 14: 00-18: 00-dək verilir”. Bildim ki, özümü təqdim etsəm problemsiz alacam. Amma vəzifəmdən sui-istifadə etmək istəmədim. Açığı bir qədər də çəkindim. Qapını döyüb, içəri girdim. İki gənc qız oturub nədənsə danışırdılar.

- Salam Xanım, üzr istəyirəm, mən 2 ay bundan əvvəl şəxsiyyət vəsiqəmi dəyişmək üçün sənədlərimi vermişəm. İndi götürə bilərəmmi?

- Saat ikidən sonra

- Bilirsiniz, mən bütün günü işdə oluram. Vaxtım yoxdur. İndi heç cür verə bilməzsiniz?

- Dedim ki, saat ikidən sonra... Eşitmədiniz? - Yüksək tonla dedi.

Qapıdan çıxdım. binanı tərk etmək istəyirdim ki, ağlıma rəisin otağına girmək gəldi. İçəri girdim. Eyni xahişlə ona da müraciət etdim . Dil ucu harada işlədiyimi də dedim. Bundan sonra “Mən etiraz etmirəm. Qızlardan xahiş edin. Götürün” dedi.

Yenə qızların yanına qayıdıb rəisin vəsiqəni verməyə etiraz etmədiyini dedim. Bundan sonra göz süzdürərək, kinayəli şəkildə - “Çıxın bayırda gözləyin” - dedilər.

Beş dəqiqə qapının ağzında gözlədikdən və bölmədə çalışan qızların kinayəli baxışları, pis rəftarına məruz qaldıqdan sonra nəhayət şəxsiyyət vəsiqəmi alıb tez binanı tərk etdim. Və düşündüm ki, sadə vətəndaş olmaq nə qədər də çətindir.

Eyni hadisə mən doktoranturaya sənəd verəndə də baş vermişdi. Fəlsəfə imtahanları öncəsi AMEA-nın Fəlsəfə İnstitutuna gəlib, şöbədə oturan qızdan imtahanlara hazırlaşmaq üçün kitab istədim . Ən azından kitabxananın yerini mənə demələrini xahiş etdim. Həmin vaxt qız özündən çıxmış halda “bura kitab mağazası deyil, get özün al, hazırlaş” demişdi. Səhəri gün gəlib özümü təqdim etdikdə isə az qala kitabxananın bütün kitablarını mənə verməyə hazır idi.

Etika çərçivəsində münasibət görmək üçün nə etməliyik?

Bütün bunlar yəqin ki, hər hansı bir sənəd üçün idarələrə müraciət edən hər bir vətəndaşın başına gəlir. İdarədə oturmuş işçilər sadə vətəndaşlarla kobud rəftar edir. Normal, etika çərçivəsində münasibət görmək istəyən isə mütləq xüsusi vəsiqə təqdim etməlidir. Yalnız bundan sonra normal insani münasibət görmək mümkündür.

Halbuki, vətəndaşlarla işləyən işçilər şöbələrlə müqayisədə daha nəzakətli olmalıdır. Məncə belə rəftarın qarşısını almaq üçün bütün dövlət idarələrində çalışan insanlar xüsusi etika kurslarından keçirilməlidir. Xatırlayırsınızsa Avroviziya müsabiqəsi öncəsi taksi sürücüləri, rabitə işçiləri, polislər və digər ictimai yerlərdə işləyənlər turistlərlə nəzakətli davranmaları üçün kurslara cəlb olunurdular. Onlara “Thank you” , “Please”, “Not at All” ifadələri öyrədilirdi. Məgər turistlər bizim üçün vətəndaşlarımızdan daha dəyərlidir?

Və bu sözləri azərbaycanca elə Azərbaycan vətəndaşlarına söyləmək olmazmı?

Bu, ailədə etika görməyən şəxslərin problemidir.

Məsələnin bir ucu da gedib insanların öz daxilinə toxunur. Yəni evdə valideynlərində, məktəbdə və universitetdə müəllimlərindən etika görməyən insanlar təbii ki, işdə də qarşısındakı ilə etika ilə davranmayacaq. Bu gün nəzakət, mədəniyyət, etika kasıblığımızı aradan qaldırmaq üçün ilk növbədə daxilimizdə sonra ailəmizdə, daha sonra isə ətrafımızda etikanı bərpa etməliyik.

Gülümsəyin cənablar, gülümsəyin!

Digər tərəfdən, onsuz da hər gün ailələrimizdə, iş prosesində kifayət qədər problem və ya gərginliklə qarşılaşırıq. Bütün bunların qarşılığında tanıdığımız və ya tanımadığımız insanlarla münasibətdə gülümsəmək, nəzakətli olmaq daha yaxşı çıxış yolu deyilmi? Yuxarıda sadaladığım idarələrə adətən vətəndaşlar səhər saatlarında müraciət edirlər. Düşünün səhər saatlarında həmin idarələrdə pis rəftar görən və ya kiminsə kinayəli baxışına məruz qalan insanın günü necə korlanır.

Məgər sadə bir təbəssüm, “buyurun”, “zəhmət olmasa”, “çox sağ olun” ifadələrini öyrənmək və işlətmək o qədər çətindir?

Bu məsələnin kökündə həm də insanların bir-birinə münasibətlərinin dəyişməsi durur. Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq bir-birimizə təbəssüm etsək və daha nəzakətli olsaq dünya dağılmaz ki?

Gülümsəyin, cənablar, gülümsəyin!

# 2440 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #