Kulis.az Əməkdar artist, müğənni, bəstəkar Elza Seyidcahanla müsahibəni təqdim edir.
“Onların sevgisinin məsuliyyətini daşıyıram”
– Elza xanım, həmişə məşğulsunuz. Bütün günü televiziyadasınız, çəkilişlər, tədbirlər... Hazırda yaradıcılığınızın hansı mərhələsindəsiniz? Nələr var, hansı yeniliklər gözlənilir?
– Yeniliklər, əlbəttə, hər gün olur. Biz, necə deyərlər, yeniliklərin ağuşundayıq. Çəkilişlər çox olur, təkliflər, dəvətlər artır. İndi elə vaxtdır ki, insan hər şeyə çatdırmalıdır. Günümüzün çoxu yollarda keçir, tıxaclar olur. Ona görə çalışırıq ki, hər şeyə vaxtında çata bilək.
Çünki yaradıcılığımız da var. Mənim yaradıcılığım çoxşaxəlidir. Peşəkar pianoçu ən azı gündə iki saat məşq etməlidir. Mən öz peşəmi, sənətimi çox sevirəm. Ancaq qazanc dalınca getməyə məcbur olursan. Özünə görə yox, ailənə, ətrafındakılara görə. Sənətin də sənin bir ailəndir.
Yazdığın, bəstələdiyin əsərləri səsləndirmək üçün studiyalara pul ödəməli, kliplər çəkməlisən. Ona görə insan qazanmağa, ruzi dalınca getməyə məcbur olur.
– Bəs bu qədər iş sizi yormur?
– “Yorulmaq” sözü, ümumiyyətlə, mənə aid deyil. “Bibliya”da bir şənbə duası var: “Ay Allah, sən mənə çöl öküzü kimi güc vermisən”.
Sanki Allah bizi hər səhər yenidən oyadır. Yuxudan oyananda əvvəlcə Allahı çağırıram. Sonra hisslərim də oyanır və fikirləşirəm ki, çəkilişə getməliyəm, kiməsə söz vermişəm. Özümü məcbur edib evdən çıxanda, verilişlərə, tədbirlərə gedəndə sevinirəm. Deyirəm, nə yaxşı ki, çıxdım evdən. İnsan hansı niyyətlə evdən çıxırsa, Allah onu o niyyətlə də qarşılayır. Sənətçi də göründükcə, alqışlandıqca yaşayır.
Elə insanlar var ki, onların xeyir işi olur, kiminsə yas mərasimi olur. Hamı səndən umur, fikirləşirlər ki, sən gəlməli idin. Sən də çalışırsan hamının yanına gedəsən, səndən narazı qalmasınlar. Çünki bu sevgini Allah insanların vasitəsilə sənə çatdırıb. Məni Elza edən həm Allahın lütfü, həm anamın məni böyüdüb boya-başa çatdırması, həm də doğmalarımızdır. Xalqımızın içində mənim üçün çox əziz insanlar, şəxsiyyətlər var. Onların sevgisinin məsuliyyətini daşıyıram.
Düzdür, bəzi insanlar qısqanclıqdan bizi başqa cür təqdim etməyə çalışırlar. Uğurlarımızı, bizə olan sevgini qəbul edə bilmirlər. Halbuki yaxşı yöndə çalışsalar, onlar üçün də bu sevgi ola bilər.
Mənim adımdan anonim şeirlər yazırlar, şəklimi paylaşırlar. Biz Azərbaycanda yaşayırıq, qanunlarımız var. Bilmirik, bunları haradan yazırlar, niyə mənim adımdan yazırlar? Ancaq bu məni qorxutmur, öz yolumdan çəkindirmir.

– Belə hallarda bunun üstünə getməyi seçirsiniz, yoxsa üstündən keçməyi? Məsələn, polisə, məhkəməyə müraciət etməyi düşünürsünüz?
– Çox üstlərinə getmirəm. Polisə müraciət etmişik, məhkəməyə də gedib, polisə də çağırılıblar.
Biz 102-yə də müraciət etmişik, bununla bağlı ölçü götürülüb. Amma bu məni qorxutmur. Əksinə, daha da güclü oluram.
Bu yaxınlarda “Cənnət əhli” şeirimi İraqda, Kərkükdəki siyasi qəzetlərdə mənim xəbərim olmadan tərcümə edib nəşr etdiriblər. Hətta neçə il əvvəl çəkilmiş bir şəklimi də çap ediblər. Bu məni çox sevindirdi. Azərbaycandan uzaqda bizi tanıyır, sevirlərsə, bu da bizim nailiyyətimizdir.
“Biz Elzanı əvvəllər başa düşməmişik”
– Uzun müddətdir şeirlər yazırsınız, bəstələyirsiniz, oxuyursunuz. Bununla yanaşı, həmişə ekstravaqant olmusunuz. Heç düşünmüsünüzmü ki, nə vaxtsa bu qeyri-adilik yaradıcılığınızın, bəstəkarlıq və müğənnilik fəaliyyətinizin önünə keçər?
– Əslində, mən konservatoriyaya daxil olanda da, Orta İxtisas Musiqi Texnikumunda oxuyanda da belə geyinirdim. Məktəbi bitirdikdən, orta və ali məktəblərə daxil olduqdan sonra öz stilim yaranmışdı.
Məktəbdə də bu qəribə qarşılanırdı. Hamı danışır, müzakirə edir, gülümsəyirdi. Deyirdilər ki, belə geyinmək sənin haradan ağlına gəlib?
İllər keçəndən sonra, Türkiyə və Avropada moda, dəfilələr daha çox gündəmə gələndə bizim xalqımız da gördü ki, vaxtilə Elzanın geyindiyi tərzlər başqa yerlərdə alqışlanır. Onda başa düşdülər ki, biz Elzanı əvvəllər başa düşməmişik.
– Gənc yaşlarınızdan fərqli stilləriniz var idi. Onda kimlərdən nümunə götürürdünüz?
– Nümunəm nənələrimiz idi. Biz onları görməmişik, amma deyiblər ki, çox zövqlə, qeyri-adi rənglərlə geyiniblər. O vaxt parçaların da maraqlı adları, geyimlərin fərqli fasonları olurdu.
Bu yaxınlarda qohumumuz İsfəndiyar müəllimi gördüm. Dedim ki, İsfəndiyar əmi, nə qəşəng ayaqqabınız var. Dedi, öyrəndik də babamızdan, nənəmizdən geyinməyi. Biz də sizin nənə-babalarınızdan öyrənmişik. Anam da dedi ki, görürsən, siz də öz nənə-babalarınıza oxşamısınız. Onlar geyimdə, süfrədə, danışığında, mədəniyyətində seçiliblər. Kök özünü göstərir.
Milli Azərbaycan geyimlərinə baxanda da bunu görürük: kəmər toqqaları, baş tacları, arxalıqlar, tumanlar, kaftanlar... İndi “yubka” deyirik, o vaxt “tuman” deyirdilər.
Bu ənənə rəssamlarımızın əsərlərində də özünü göstərib. Çox görkəmli rəssamlarımız Azərbaycan xanımlarının milli geyimlərini böyük incəliklə işləyiblər. Onlara baxanda bir daha əmin oluram ki, mən sadəcə bu geyimləri müasir şəkildə ekstravaqantlaşdırmışam.
“Bəzən pianinonun ağ-qara dillərini gözümün qarşısına gətirib bəstələyirəm”
– Siz bir müsahibənizdə deyirsiniz ki, mən gündüz bəstəkar Elza oluram, axşamlar isə tamam başqa bir Elza oluram. İki Elza bir-birində nələri ilə fərqlənir?
– Günün birinci yarısında boş vaxt olmur. Bəstəkarlıqdır, şairlikdir, çəkilişlərdir, tədbirlərdir, evin qayğılarıdır. Axşam saat 6-dan sonra isə şou proqramlar, el şənlikləri başlayır.
İnsan üçün yaradıcılığa vaxt qalmalıdır, amma qalmır. Mən istəyirəm fortepianoda oturub mahnı bəstələyim. Bəzən mahnılarımı pianinonun ağ-qara dillərini gözümün qarşısına gətirib bəstələyirəm.
Maşında gedəndə də bəzi musiqilər yaranıb. Sonra gəlib pianinoda onları formalaşdırmışam.
Əvvəllər yalnız pianinoda bəstələyirdim. İndi isə ondan uzaqda olanda da mahnı bəstələyə bilirəm. Notunu da yazıram.
Şeirlərimin çoxu da yol gedərkən, hansısa hadisə ilə qarşılaşarkən yaranır.
Məsələn:
Bir əlim balağımda,
bir əlim papağımda,
sən həmişə varsan yanımda, yadımda.
Bu gün bura gələndə necə küləkli hava olduğunu gördünüz. Ətəyim, papağım, paltarım uçurdu. Bir əlimlə balağımı, o biri əlimlə papağımı tutmuşdum. Şeir də həmin anda yarandı.
– Şeir yazmağa necə başladınız?
– Uşaqlıqda, 5-6 yaşlarımdan şeir yazmağa başlamışam. Əvvəlcə müxtəlif musiqi alətlərində ifa etmişəm, sonra şeir yazmışam. Musiqi məktəbinə gedəndən sonra isə şeirlərimə musiqi bəstələməyə başlamışam.

– Bəs indiki şair Elza obrazı necə yarandı?
– 2013-cü ildə şeirlərim dillərə düşdü. Kimsə eşitdi, maraqlı gəldi, oxucular müzakirə etməyə başladılar. İndiyə qədər də müzakirələr dayanmayıb. Tənqid edirlər, təbliğ edirlər, əzbər bilirlər.
Yol gedəndə yanımdan çox ciddi insanlar keçir, mənim şeirlərimdən misralar deyirlər. Bu məni çox sevindirir.
Cənubi Azərbaycanda milyonlarla izləyicisi olan aktyorlar da mənim şeirlərim əsasında tamaşalar hazırlayırlar. Bəzilərinə milyonlarla baxış gəlir.
“İstedad anadangəlmədir, amma onun üzərində zəhmət dayanmalıdır”
– Bəzən deyirlər ki, Elza Seyidcahan şeirdə ciddi deyil. Şeir onun üçün sadəcə populyarlaşmaq və reklam vasitəsidir.
– Öz arşınları ilə ölçürlər. Çünki onlar özləri belədirlər. Mənim şeirlərimlə özlərini gündəmə gətirirlər, elə bilirlər ki, mən də onlar kimi düşünürəm.
Jurnalistlər mənə deyirlər ki, sizin yenilikləriniz bir-birini üstələyir, imkan vermir ki, əvvəlki mövzu uzun müddət müzakirə olunsun. Başqa birində belə yenilik olsaydı, aylarla ondan istifadə edərdi.
Maddi imkanları olan dostlarım da deyirlər ki, Elza, səninlə ciddi məşğul olaq, konsertlərin, şeirlərinin tədbirləri, mahnıların üçün layihələr hazırlayaq. Bunun həm Azərbaycan incəsənətinin təbliğatı, həm də maddi tərəfi var.
Mən yaxşı rəqs etməyi də bacarıram. Öz konsertimdə həm ifa edirəm, həm oxuyuram, həm rəqs edirəm, həm tamaşa göstərirəm, həm də şeir deyirəm.
_1791543664.jpeg)
– Yəni bu şeirlərinizdəki ekstravaqantlıq qəlbinizdən gəlir.
– Bunu son illər daha yaxşı dərk etmişəm. Mən bəzən istedadlı insanlara deyirəm ki, sənin istedadın var, niyə oxumursan, niyə ifa etmirsən, niyə hərəkət etmirsən?
Sonra başa düşdüm ki, insanın xasiyyəti dəyişmir. İstedad anadangəlmədir, amma onun üzərində zəhmət dayanmalıdır. Ağacın dibinə su tökməsən, bar verməz.
Ona görə artıq yanımdakıları qınamaq əvəzinə özümə güvənirəm, özüm edirəm.
Ən böyük iş insanın öyrənməsindən başlayır. Məhəmməd peyğəmbərin “Beşikdən məzara qədər öyrənmək” fikri də bunu göstərir.
Mövlanədən soruşurlar ki, siz bu qədər bildiniz, nə etdiniz? Deyir ki, həddimi bildim, yerimi bildim.
İnsan üçün ən yaxşı yer öz yeridir, öz peşəsinin ustası olmaqdır. Çünki ustadın qapısını həmişə döyürlər.
Mən çox sevinirəm ki, Allah mənə istedadla yanaşı zəhmətkeşlik, dinləmək və öyrənmək mədəniyyəti, sadəlik və öz yerimi bilmək hissi də verib.
“Siz yenə tora düşdünüz”
– Sizin şeirlərinizə irad bildirənlərin bir qisminin şeirlə ciddi məşğul olmayan insanlar olduğunu düşünürəm. Yadıma gəlir, Nəsiminin şeirini öz adınızla paylaşmışdınız. Sonra açıqladınız ki, əslində, şeir Nəsiminindir.
– Tənqid yox, Nəsimini təhqir etdilər. Mən Nəsimidən üzr istədim. Sonra Bəxtiyar Vahabzadədən, Məhəmməd Füzulidən də şeirlər paylaşdım, adlarını yazmadım. Onlar da elə bildilər ki, şeirlər mənimdir. Xoşagəlməz sözlər yazdılar.
Mən də dedim ki, siz yenə tora düşdünüz. Siz məni yox, böyük şairlərimizi təhqir edirsiniz.
Məni başa düşməyənlər arasında şeiri yaxşı dərk edənlər də var. Onlar mənim uğurumu, şeirlərimin fəlsəfəsini görürlər və bundan narahat olurlar.
Bir var şeirlərimi dərk etməyənlər, bir var dərk edənlər, bir də var lap dərk edənlər. Bəzi tənqidçilər lap dərk edənlərdir. Onlar anonim şəkildə yazırlar.
Bununla heç nəyə nail olmurlar. Mən yaradıcılığımı heç vaxt dayandırmayacağam.
– Sevdiyiniz şairlər kimlərdir?
– Mənim üçün vacib deyil ki, şair mütləq dahi və ya görkəmli olsun. O qədər istedadlı şairlərimiz var ki, onların yaradıcılığı ilə fəxr edirəm.
Kəmalə Rüstəmzal var, gənc və istedadlı şairdir. Onun sözlərinə “Mən qartalam”, “Dəniz” kimi əsərlər bəstələmişəm.
Eyni zamanda klassiklərin sözlərinə də mahnılar yazmışam. 1993-cü ildə Molla Pənah Vaqifin sözlərinə, Əliağa Vahidin “Naz etmə, ey sevgili canan”, “Qəm çəkmə, ey könül, yenə canan sevər səni” şeirlərinə, İmadəddin Nəsiminin “Çün doldu vücudum evi sənlik, məhv oldu, ey dost, məndə mənlik” misralarına, Məhəmməd Füzulinin “Canı kim cananı üçün sevsə, cananın sevər” misralarına bəstələr yazmışam.
“Mən orada Mikayıl Müşfiqin öz qəhqəhəsini vermişəm”
– Bir konsertinizdə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə yazdığınız əsərə qulaq asmışdım, maraqlı kompozisiya qurulmuşdu.
– Bəziləri hələ də onu başa düşmür. Mən orada Mikayıl Müşfiqin öz qəhqəhəsini vermişəm. Çünki şeirdə həmin qəhqəhəni hiss etmişəm.
Şeirdə gizli bir gülüş var. Mən o qəhqəhəni Müşfiqin ürəyində qalmış acı qəhqəhə kimi qəbul etmişəm və onu Müşfiqi məhv edənlərə yönəltmişəm: Demək istəmişəm ki, siz Mikayıl Müşfiqin cavan canını cismən öldürdünüz, amma ruhən o yaşayır. Sizin nə ruhunuz, nə cisminiz isə bilinmir ki, haradadır.
Mikayıl Müşfiqin “Yağış” və “Küləklər” şeirlərinə də mahnı yazmışam.
Bu yaxınlarda Nəbi Xəzrinin sözlərinə bəstələdiyim “Dəniz” kompozisiyası ilə bağlı da birgə layihəmiz oldu. Həmin əsəri Leyla xanım Əliyeva səsləndirdi. Hamımız elə bildik ki, şeir özünündür, sonra gördük ki, Nəbi Xəzrinindir:
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Leyla xanım bu əsəri tapıb səsləndirməklə bizə yol göstərdi.
“İşıqlı istedadlar” adlanan görmə məhdudiyyətli uşaqlarla birlikdə “Dəniz kimi” mahnısını hazırladıq. İctimai xadim Hacı Quliyev həmin mahnıya uşaqlar üçün klip hazırladı.
Mahnı iyul ayında hazırlandı və qısa müddətdə iki böyük festivalda, Yaylaq Festivalında və Laçın Şəhəri Günündə səsləndi. Bu layihə türk mediasında da geniş işıqlandırıldı.
Bu uşaqlarla bir neçə layihəmiz də var. Hətta solo konsertimiz üzərində çalışırıq.
“Dedi ki, Elza xanım, siz Yazıçılar Birliyinin üzvü seçildiniz”
– AYB-yə üzvlüyünüz necə oldu? Təşəbbüs kimdən gəldi?
– Mənə çoxları deyirdi ki, kitabınız varsa, AYB-yə sənədlərinizi təqdim edin. Bunun üçün üç nəfərin rəyi lazım idi. Mənə rəy vermək istəyənlərin çoxu Yazıçılar Birliyinin üzvü olmadığına görə bunu edə bilmirdi.
Mənə akademik Nizami Cəfərov, Vaqif Həsənov və şair Cığatel xanım rəy verdilər. Həmin rəylər əsasında sənədlərimi hazırlayıb Yazıçılar Birliyinə təqdim etdim.
Bir gün evdə oturmuşdum, telefon zəng çaldı. “Alo” dedim. Dedi, mənəm, Anar. Dedim, Anar? Anar kimdir? Dedi ki, mənəm, Anar Rzayev, Yazıçılar Birliyindən.
Anar müəllim o qədər sadə insandır ki... Əsl ziyalı belə olur.
Dedi ki, Elza xanım, iyulun 4-ü gəlin Yazıçılar Birliyinə, vəsiqənizi götürün. Siz Yazıçılar Birliyinin üzvü seçildiniz.
Orada iclas keçirilib. Çingiz Abdullayev, Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi və digər şəxslər məsələni müzakirə ediblər. Səsvermə ilə məni Yazıçılar Birliyinə üzv seçiblər.
Oraya gedəndə Çingiz Abdullayev məni böyük hörmətlə qəbul etdi. Tezliklə kitablarımın da çıxmasını arzulayıram.
“Hələ o şeirlərə hazır deyillər”
– Anar müəllim müsahibəsində demişdi ki, yaxşı şeirləri var, amma bəzi qəbuledilməz şeirləri də var. Sizin elə şeirləriniz varmı ki, sonradan “kaş bunu yazmayaydım” demisiniz?
– Heç vaxt. “Kaş bunu yazmayaydım”, “kaş bunu deməyəydim” deməmişəm. Əksinə, etmədiyim nəyəsə görə peşman olmuşam.
Bəzən kimsə mənə “eləmə” deyib, mən də qulaq asmışam və sonra peşman olmuşam. Demişəm ki, gərək öz ağlıma qulaq asaydım. Çünki zənnim məni heç vaxt yanıltmır.
Anar müəllim düz deyir, elə bir şair yoxdur ki, bütün şeirləri qəbul edilsin. Hər şairin sandıqda saxladığı yaradıcılığı var. Mənim də sandıq yaradıcılığım var. Elə şeirlərim var ki, yazıram, amma hələ üzə çıxarmıram. Vaxtı gələndə çıxaracağam.
– Onları sonradan ayrıca çap etdirməyi düşünürsünüz?
– Bəli. Bəzən fikirləşirəm ki, bunları hələ çətin başa düşərlər. İnsanları incitmək istəmirəm. Hələ o şeirlərə hazır deyillər. Vaxtı gələndə çap etdirərəm.
– Reaksiyaları əvvəlcədən təxmin edirsiniz? Məsələn, “Bu şeiri oxuyacağam, belə reaksiya verəcəklər” deyə düşünürsünüz?
– O dərəcədə yox. Düşünürəm ki, belə də reaksiya verə bilərlər. Amma əvvəlcə mən necə demişəmsə, onu başa düşsünlər. Sonra mən də onların düşündükləri ilə ayaqlaşaram.
Onlar isə mənim düşündüyümü anlamaq əvəzinə məni özlərinə tabe etmək istəyirlər. Əvvəlcə özləri məni başa düşməlidirlər.
“Məni həmişə sevindirən və maraqlandıran işdir”
– Bir dəfə demişdiniz ki, mənə çox söz deyirlər, amma axırda elə söz deyirəm ki, hamısı peşman olur. Sənətçinin ona olan münasibətə cavab verməsi vacibdir, yoxsa üstündən keçməlidir? Sizin qırmızı xətləriniz nələrdir?
– Mənim fikrimcə, sənətkar cavabını əsəri, işi ilə verməlidir. Heç vaxt enerjisini dedi-qoduya, söz-söhbətə sərf etməməlidir.
Məsələn, qocaman sənətkarlarımız var. Vaxtilə yaxşı oxuyublar, amma indi oxumaq əvəzinə danışırlar. Vaxtlarını verilişlərdə keçirirlər, iş görmürlər.
Məni həmişə sevindirən və maraqlandıran işdir.
– Ən çox sevdiyiniz mahnınız hansıdır?
– Mənə elə gəlir ki, yaradıcılıq insan üçün övlad qədər əzizdir. Hətta övladlarım olmayanda belə, yaradıcılıq mənimlə idi.
Mən yaradıcılığıma bəzən bacı, qardaş, ata, ana deyirəm. Əgər yaradıcılığım vasitəsilə anama, atama, övladlarıma və sənətimə xidmət edirəmsə, deməli, o mənim üçün Allahdan sonra ən böyük dəyərdir.
Ona görə hansı əsərimi daha çox sevdiyimi deyə bilmərəm. Hamısını sevə-sevə yaratmışam. Ana necə övladını bir-birindən ayıra bilər?
Elə mahnılarım var ki, mənə çox ruzi verib. Eləsi də var ki, çox dinlənilib, amma maddi qazanc gətirməyib. O da mənim üçün əzizdir.
Kimsə “sənin bu mahnın hamısından yaxşıdır” deyəndə, bir az qısqanıram. Deyirəm ki, bütün mahnılarımı diqqətlə dinləsəniz, daha gözəl əsərlərimi də taparsınız.
“"Tənha", "Son vida", "Yarpaq" səviyyəsində mahnılarım da var”
– Bir dövrdə dalbadal yazdığınız “Gecə”, “Son vida”, “Yarpaq” kimi mahnılarınız çox dinlənildi. Sonra niyəsə ardı gəlmədi.
– Bunu çoxları mənə deyir. Mən hərbi-vətənpərvər mahnılar, simfonik və kamera əsərləri, estrada mahnıları yazmışam. Heç vaxt boş dayanmamışam.
Avanqard, estrada, sintez musiqilərim var. “Tənha”, “Son vida”, “Yarpaq” səviyyəsində mahnılarım da var. İnşallah, onları da eşidəcəksiniz.
“İnsanın özünə hörmətini onun dinlədiyi musiqidən də anlamaq olar”
– Bizdə ara musiqisinin bu qədər yayılmasında günahı kimdə görürsünüz?
– Hamı sosial şəbəkələri deyir. Amma zövqün bu səviyyəyə gəlməsində bəzi aparıcıların da rolu var. Onları verilişlərə dəvət etdilər, yalandan təriflədilər, camaata elə göstərdilər ki, guya belə olmalıdır, belə mahnılar dinlənilməlidir. Bəzi insanları çaşdırdılar.
Amma dövlətimiz tərəfindən incəsənətimiz qorunur və dünyada təmsil olunur. Qəbələ Festivalı keçirilir, Şəkidə İpək Yolu Festivalı keçirilir, şəhər günləri keçirilir. Laçın Şəhəri Günü, Xankəndi Şəhəri Günü kimi tədbirlərdə ciddi musiqilər peşəkar musiqiçilərin ifasında səsləndirilir.
Əvvəllər ara musiqiləri əsasən avtobus dayanacaqlarında eşidilirdi. Sosial şəbəkələrdən sonra telefon vasitəsilə daha geniş yayıldı.
Amma fikir versələr ki, bu mahnılar televiziya kanallarında, xüsusən də dövlət kanallarında səsləndirilmir, bunun bir səbəbi var.
Musiqi ruhun qidasıdır. Musiqi mədəniyyət, şəxsiyyət, vətən, ana, beşik deməkdir.
İnsanın özünə hörmətini onun dinlədiyi musiqidən də anlamaq olar.
Yemək başqa məsələdir. Evdə istədiyin yemək olmasa, heç kəs bunu görməz. Amma insan qazandığı pulla bərbad musiqiyə pul xərcləyirsə, mənə görə, bu, vətənə qarşı böyük məsuliyyətsizlikdir.
Bu gün narkomaniya, pis vərdişlər, rüşvətxorluq, korrupsiya və dələduzluqla mübarizə aparılır. Mən musiqimizi pis təbliğ edən insanlara da sərt baxıram. Təəssüf ki, onların bəziləri sənətkarlarımızdır. Onlara hörmətlə yanaşmışıq, amma bəziləri tamaşaçıları məyus edir.
– Məsələn, son dövrlərdə kimlərdə bu bayağılaşmanı, ara mahnılarına müraciəti müşahidə etmisiniz?
– Bunu hər kəs görür. Mən bayağı musiqi oxuyanları qınamıram. Onlar gördükləri budur.
Daşı palçığın içindən götürürsən, yonur, aşılayır və brilyanta çevirirsən. Ona görə də belə insanlarda özlərinin də görmədiyi keyfiyyətləri üzə çıxarmaq lazımdır.
Bəzən bəzi sənətkarlar bunu paxıllıqdan etmirlər. Mən isə paxıl deyiləm. İstəyərəm ki, ara musiqisi ilə gündəmdə olan, yaxşı qazanan müğənnilər də gələcək üçün dəyərli işlər ortaya qoysunlar.
Qazanırlar, qır-qızılları, brilyantları var. Amma gələcək üçün heç nə saxlamırlar. Hətta özləri üçün uçurum hazırlayırlar.
“Senzuraya münsif seçilən bir insanın musiqidən anlayışı yoxdur”
– Dəfələrlə demisiniz ki, belə mahnılara görə cərimə tətbiq edilməlidir.
– Bəli. Yol hərəkət qaydaları pozulanda cərimə yazılır. Mən də cərimə ödəyirəm.
Fikirləşirəm ki, maşın qaydalara əməl etməyəndə cərimə olunursa, niyə incəsənətdə qaydaları pozanlar cərimə olunmurlar?
Bəzi sənətkarlar da onlara dəstək olurlar. Bəlkə, pul almırlar, sadəcə kiminsə sözündən çıxa bilmirlər. Amma yenə də böyük qəbahətdir. Vaxt gələcək, peşman olacaqlar.
– Yəni sənətdə senzuranın tərəfdarısınız? Mahnıların efirlərə uyğun olub-olmadığına qərar verən qurum olmalıdır?
– Bəli, amma orada peşəkar insanlar olmalıdır.
Bu yaxınlarda eşitmişdim ki, musiqi şöbəsinə, senzuraya münsif seçilən bir insanın musiqidən anlayışı yoxdur. Çox heyifsilənmişdim. Bəzi adamları heç nə bilmədən münsif qoyurlar.
“İstəmirəm ki, meyxananı cılızlaşdırsınlar”
– Meyxanaya münasibətiniz necədir? Qulaq asırsınızmı?
– Bəli, əsl meyxananı çox sevirəm. Təbii sözlərlə qurulan meyxananı.
Mən hesab edirəm ki, onun kökündə Əliağa Vahid, İmadəddin Nəsimi və Ömər Xəyyam kimi şairlərin rübailəri dayanır. İstəmirəm ki, meyxananı cılızlaşdırsınlar, nə söz gəldi desinlər.
İstedadlı meyxanaçılara isə həmişə hörmətlə yanaşıram. Sözləri qafiyə ilə düzmək, hazır cavab vermək böyük istedaddır.
– Hazırda qulaq asdığınız meyxanaçılar var?
– Vaxtilə Aydın Xırdalanlıya qulaq asmışam. Rəşad Dağlı, Vüqar Biləcərili, Namiq Qaraçuxurlu, Vüqar Əbdülov, Ələkbər Yasamallı və başqaları var.
– Meyxana ilə pop musiqisini birləşdirənlər, məsələn, Aygün Kazımova ilə Namiq Qaraçuxurlu haqqında nə düşünürsünüz?
– Birləşməyə yaxşı baxıram. Amma hamı eyni tərzdə işləməməlidir. Bir nəfər yaxşı iş görəndə hamı onun ardınca getməməlidir. Hər kəs fərqli iş ortaya qoymalıdır.
– Aygün Kazımova ilə Namiq Qaraçuxurludan başqa heç kimdə həmin sintez o qədər uğurlu alınmadı. Sizcə, niyə?
– Ola bilsin, bu, onların özünəməxsusluğu ilə bağlıdır. Vaxtilə Eyvaz Həsənovla Təranə Vəlizadə, Səməd Səmədovla Ruhəngiz Allahverdiyeva kimi duetlər vardı.
Duet yaratmaq hər kəsdə alınmır. Aygünlə Namiqdə isə gözəl alındı.
“Bəzi müğənnilər öz bəstəkarlarına lazımi qiyməti vermirlər”
– Mahnını bəstələyəndə öz səsiniz də ağlınıza gəlir? “Bunu özüm oxuyum, yoxsa kiməsə verim?” deyə düşünürsünüz?
– Bəli. Bəzən düşünürəm ki, bunu filan müğənni oxusa, daha yaxşı olar.
– Bu, mahnını yazandan sonra olur, yoxsa prosesin özündə?
– Hər ikisi olur. Bəzən müğənni əvvəlcədən deyir ki, mənim tərzimdə olsun. Mən də ona uyğun yazıram. Bəzən isə mahnı hazır olandan sonra düşünürəm ki, filan müğənniyə daha çox yaraşar.
Həmin müğənniyə müraciət edirəm. Cavab vermirsə və ya dəqiq münasibət bildirmirsə, özüm oxuyuram. Buna görə də heç vaxt peşman olmamışam. Əksinə, deyirəm ki, yaxşı ki, özüm oxudum.
Mənə elə gəlir ki, öz mahnısını oxumayan bəstəkar müğənnidən asılı vəziyyətə düşür.
Bəzi müğənnilər öz bəstəkarlarına lazımi qiyməti vermirlər. Halbuki o insan xalqın bəstəkarıdır, xalqın sərvətidir. Onun əməyini qorumaq, qayğısına qalmaq, haqqına girməmək lazımdır.
Mən bəzən düşünürəm ki, necə sənətkar olurlar ki, öz xalqlarının istedadlı sənətkarlarının xətrinə dəyirlər? Bəzilərinin gözü başqasının istedadını götürmür.
_1791543789.jpeg)
– İndi xalq artistlərimiz də əvvəlki kimi bəstəkar mahnılarına müraciət etmirlər. Sanki kim trend mahnı yazırsa, ona müraciət edirlər.
– Bu, onların seçimidir. Mən heç kimə nə etməli olduğunu deyə bilmərəm. Amma öz vicdanım qarşısında rahatam. Heç vaxt sənətimə xələl gətirməmişəm.
“Onun oxumasını istəmirdim, ona görə də üçqat baha qiymət dedim”
– Bir mahnının qiyməti müğənnidən-müğənniyə dəyişir, yoxsa sabit qiymətiniz var?
– Əlbəttə, dəyişir. Mənim sabit qiymətim yoxdur. Sənət elə bir şey deyil ki, onun həmişə eyni qiyməti olsun.
Bir müğənni var idi, mahnımı oxumasını istəmirdim deyə ona üçqat baha qiymət dedim, çünki mahnımı oxumasını istəmirəm. Özü məndən istəyir, amma ifası məni qane etmir. Eləsi də var ki, istedadlı sənətkardır, ona münasib qiymət deyirəm. Bəzilərinə, ümumiyyətlə, qiymət demirəm.
– Son mahnılarınızı kimlər üçün yazmısınız?
– Tünzalə Ağayevaya göndərmişəm. Zamiq üçün də mahnı hazırlamışam. Füzuli haqqında yazmışam.
“Şuşam” kompozisiyam da var. İstəyirəm noyabrın 8-nə onu çatdırım. Bir çox müğənni də orada oxuyacaq.
– Qarabağa ilk dəfə nə vaxt getdiniz?
– Dörd-beş il əvvəl getmişəm.
– İşğaldan əvvəl getmişdiniz?
– Xeyr, getməmişdim. Qarabağda olmamışdım. “Tanıdım səni” layihəsi ilə getdim.
“Bilə-bilə səni gözdən salmağa çalışır”
– Dəfələrlə müxtəlif sənətçilərlə mübahisələriniz olub. Bəziləri geyimləriniz barədə xoş olmayan ifadələr işlədib. Sənətçilər bu şəkildə bir-birinə müdaxiləsinə necə baxırsınız?
– Hərə öz işinə cavabdehdir. Amma müdaxilənin də müxtəlif formaları var. Elə müdaxilə olur ki, hiss edirsən, həmin insan sənin yaxşılığını istəyir. Eləsi də olur ki, bilə-bilə səni gözdən salmağa çalışır.
Böyüklərə hörmətimiz var. Amma bəzən cavab verməyə məcbur olursan. Çünki xalq baxır, hər birimizin öz izləyiciləri, sevənləri var. Onların qarşısında məsuliyyət daşıyırıq. Ona görə cavab verməli oluruq. Amma bunu müdrik şəkildə etmək lazımdır.
_1791543342.jpeg)
_1791543691.jpeg)
_1791543718.jpeg)
_1791543762.jpeg)
_1791543825.jpeg)