“Mən səndə qadın olmuşam” - Elnaz Eyvazdan yeni şeirlər

“Mən səndə qadın olmuşam” - Elnaz Eyvazdan yeni şeirlər
11 iyul 2016
# 17:52

Kulis.Az Elnaz Eyvazın yeni şeirlərini təqdim edir

***

Həyat daha dərinmiş,
bildiyim dəryalardan.
boğuluram.
Əllərin saman çöpüdür...

***

Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki...
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda...

***

Yaman uzanıb gecələr,
gündüzlər darıxdırır.
Havadan nəm tökülür
adamı karıxdırır.
Hər yerdə sənin ətrin,
tutub məni, buraxmır,
məndən nə xoşu gəlir?!
Mümkünse, bu aralar
yanımda ol...

Təklikdən
ölüm qoxusu gəlir...

***

Bir vaxtlarım vardı -
laçın vaxtlarım:
ürəyim arzularla dolu,
gözlərim ümidlə gülürdü,
hamıya özüm kimi inanardım.
Hamısını adamlar öldürdü...

***

Adını dua kimi
zikr edirəm yatınca,
Öpürəm xəyalını
qara, xırda gözümlə.
Deyirəm ki, həyatdır:
yataram, ayılmaram.
Sən qalarsan,
adını
qoy aparım özümlə...

***

Qoynuna girdiyin torpaqdır
indi sevgilin.
Aranıza girməyə nə həddim.
Səni
bircə ona qısqanmadım,
xoşbəxt olun,
Şəhidim!

***

Nə yaman çaparaq gəlmisən, Adam?!
ağ atın üstündən yıxaram Səni.
Çıxarıb köynəkdən, qollarım üstə
saz kimi sinəmə sıxaram Səni.

Çəkərəm qoxunu ciyərlərimə,
havana oynayar ruhum bədəndə.
Fəryadım içimdən çıxmır, hər dəfə
əlini əlimdən üzüb gedəndə.

Gedirsən, ürəyim pərdə-pərdədir,
nurunu apardın, gözə nə qaldı?
Sən bir də dolanıb gələnə kimi,
simsiz qol üstündə təzə nə qaldı.

***

Hamıdan gizlinimsən,
Sən mənimsən, mən yadın.
Dayan, tərpənmə, getmə,
Anam da yoxdu, Qadın.

Dur, başımı çiyninə
qoyub bir az uyuyam.
Kimsə bilmədi məni,
mən bir dərin quyuyam.

Susduqca dinlə barı,
gör necə səsim gəlir.
Hamıdan köçüb gələm,
Səndə öləsim gəlir...

***

İncimə e, ömrüm-günüm,
kimə edim gileyimi,
kimə deyim sözümü
Səndən ötrü darıxanda,
küsəndə?
Necə dözüm?
bir ürəkdir,
o da Səndə...

***

neynəyim, taleyin işi...
haçansa yadın olmuşam.
Özümü çatdırdım Sənə,
al qoynuna, sıx köksünə,
mən Səndə Qadın olmuşam...

***

Qocalarsan, gözlərin
görməz uzaq-yaxını.
Görməli olduğunun
görməzsən bir çoxunu,
keçərəm gözlərimdən
görən gözün olaram...
Səsləndiyin uzağa.
titrəyər, çatmaz səsin.
Harda olsam, gələrəm,
təki gəlsin nəfəsin.
Yaddaşımın küncünə
kəlmə-kəlmə köçürüb
yaşadaram özümdə.
Bu dünyanın heç nəyi
yoxdu Sənsiz gözümdə.
Ölərəm, "bəs" demərəm
görsəm hər gün, hər səhər,
yüz il Səni gündə mən.
Haqq Səndədir, Tanrıya
qovuşmuşam Səndə mən..

# 2984 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər