"“Gizli Azərbaycan” Kulisi darmadağın etdi"

"“Gizli Azərbaycan” Kulisi darmadağın etdi"
17 aprel 2013
# 12:38

ANS televiziyasında yazıçı-publisist Həmid Herisçinin təqdimatı ilə mistik mövzular, pirlər, ziyarətgahlardan bəhs edən “Gizli Azərbaycan” verilişinin yayımlanması əvvəldən birmənalı qarşılanmayıb. Onun intellekti, dünyagörüşü ilə veriliş, haqqında danışdığı, tanıtdığı məkanlar, insanlar arasında kəskin təzad olması və digər məqamlar səbəb göstərilərək qınaq obyektinə çevrilib.

Dünən isə Kulis.Az internet dərgisinin baş redaktoru, yazar Qan Turalı bu barədə fikrilərini və iradlarını öz yazısında göstərib. Onun fikrincə, Həmid Herisçi intellektini həqiqət üçün yox, özünün quraşdırıb özünün inandığı yalanlara xərcləyib: “Siz vaxt tapıb ANS efirinə baxsanız, Həmid Herisçini çox sadə şəkildə dərk edə bilərsiniz, bəli, Coysu oxumuş bir adam ölkəni gəzib pirləri ziyarət edir və bu pirlər haqqında özünün quraşdırdığı yalanları paranoyak bir formada xalqa çatdırır. Amma Həmidin pirşünaslığı qarşısında olan böyük bir əngəl var, o da keçən əsrin əvvəllərində başlanan maarifçilik hərəkatıdır ki, Həmid onların gücünü hər zaman dərk etdiyindən onlara qarşı çox sonuncu üsullarla qara piar aparır”. Məqalə sosial şəbəkələrdə paylaşılaraq, onun məğzinə haqq qazandırılıb.

Həmid Herisçi AzVision.az –a açıqlamasında bu barədə müzakirələrin və qınağın əsasını açıqlayıb: “Onlar ateistdirlər və elə düşünürlər ki, Azərbaycan mədəniyyətinin bircə mövzusu var: ateizm mövzusu, mistikaya gülüş. Ancaq biz sübut etdik ki, Azərbaycan mistikası çox nəhəng bir sahəni əhatə edir. Göstərdik ki, xalqımız həmişə öz övliyalarına, pirlərinə inanıb, indi də inanır. Bakıda Mir Mövsüm Ağaya, Zaqatala-Şəki bölgəsində Şeyx Əhməd Əfəndiyə, Şamaxıda Piri Babaya, Qarabağ bölgəsində Seyid Lazım Ağaya inanılır. Göstərdik ki, Azərbaycanda fövqəlinsanlar var, onlar “Seyid” deyə çağırılır. Ola bilsin ki, onlar islam ənənəsinə bağlı insanlar deyillər, islamdan əvvəlki fövqəlinsanların bir nümunəsidirlər, ancaq sonra islamlaşıblar”.

Yazıçı bildirir ki, “Gizli Azərbaycan” verilişi ateistləri qorxuya salıb: “Biz Azərbaycan mistikasının həqiqiliyini, dəqiqliyini göstərdik və ateistlər bundan qorxurlar. Qorxuya düşməlidilər də...Çünki onların düşüncəsi, mövzuları şübhə altına alınır. Göstərilir ki, xalqın çox güclü inanc mərkəzləri var. Bir halda ki, müasir Avropa, Rusiya kosmoenergetikaya xüsusi önəm verir, mədəniyyət, ədəbiyyat, kino, elm bütövlükdə mistik mövzularla zənginləşir, kosmosa doğru gedir. Yəni, laməkan aləmlərin, qeybin öyrənilməsi Kvant fizikasının əsas məqsədinə çevrilir. Bu da ateistlərin fikirlərini şübhə altına qoyur. Azərbaycanda onların açdığı mövzu bitib-tükənir.

“Gizli Azərbaycan” o diskussiyanı qapadı. XIX əsrdən qalan köhnə fikirlərinə son qoydu. Biz göstərdik ki, XXI əsrin fikri ateizm deyil. XXI əsrin fikri kosmoenergetika, ekstrasenzorikadır, pirlər, ziyarətgahlardır. Onların açdıqları mövzu artıq heç kimə lazım deyil. “Gizli Azərbaycan” onların mənasız yazılarını, saytlarını - Kulis.az-ı darmadağın etdi. Fəlsəfi-mənəvi əsaslarını dağıtdı. Onlar ona görə əsəbiləşiblər”.

# 4380 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər