Bu şeyləri yazmaq hər qadının işi deyil

Bu şeyləri yazmaq hər qadının işi deyil
1 noyabr 2023
# 12:00

Kulis.az Vüqar Vanın “Günel Novruzun məktublarının fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bir müddətdir “Kulis”də Günel Novruz adlı xanımın silsilə məktubları yayımlanır. Sözün düzü, təzə çıxan vaxtlarda fikirləşirdim ki, yəqin, ciddi bir şey deyil, oxumağa dəyməz, çünki yazıların başlıqları çox pornoqrafik olurdu. Amma qabağıma tez-tez çıxırdı deyə, qərar verdim ki, oxuyum görüm Günel xanım nə yazıb belə.

Oxudum və yaxşı mənada təəccübləndim. Bütün dost-tanışıma, yazar-yuzar ətrafıma göndərdim ki, oxuyun, oxutdurun. Amma heç kim ciddi reaksiya göstərmədi. Çox təəssüf ki, bütün yaxşı şeylərə göstərilən münasibət kimi, Günel xanımın bu məktublarını da ədəbi mühitimiz daş sükutu ilə qarşıladı. Ədəbi mühitimizdən əlimi üzüb oxucuların reaksiyalarına baxdım. Çünki hər yazı ən azı 4-9 min arası oxunmuşdu. Girib yazıya gələn rəylərə baxanda qəti təəccüblənmədim, özünə hörmət etməyən adamlar rəylərdə ağızlarına nə gəldi yazır, müəllifi ələ salırdılar. Hətta Günel xanım “Mənim kişiyə ehtiyacım yoxdur” adlı bir yazı da yazıb təəssüfləndiyini bildirdi, hətta öz həmcinslərinin belə onu təhqir etməyinə təəccübləndi.

Bu yazı dəstək-minnət janrında bir yazı deyil, sadəcə müəllifə demək istəyirəm ki, təəssüfə və təəccübə ehtiyac yoxdur. İnsanlar yeniliyə açıq deyillər. Necə ki, vaxtilə mətbəəyə qarşı çıxmışdılar, Qalileyi diri-diri yandırmışdılar. Bütün inqilablar və inqilabçılar belə qarşılanır. Bundan ötrü kədərlənməyə və məyus olmağa dəyməz. Yazmağa davam.

Oxumayanlar üçün deyim ki, Günel xanım sadə, təmtəraqsız bir dillə, pafossuz, adi cümlələrlə vaxtilə başına gəlmiş erotik hadisələri yazır. Sevgilisi ilə sevişməyini, bəkarətini itirməyini, qadın olduğu günü, o günün səhərini, işlədiyi bank müdiri ilə, onun təbirincə desək, “ofis aşkı” ilə arasında olan oynaşmalarını. Hələlik məktublar tam çıxmayıb deyə bu hadisələrin sonunun hara gedəcəyi, Günel xanımın başına nə gələcəyi haqqında heç bir fikrim yoxdur. Amma dördgözlə gözləyirəm.

Əvvəla, Günel xanıma təşəkkür etmək istəyirəm ki, belə cəsarətli hərəkət etməyi boynuna götürüb. Doğrudan da, bu hadisələri yazmaq hər adamın işi deyil. Başına gəlsin-gəlməsin, (dediyinə görə öz başına gəlib), hadisələr həqiqi olsun-olmasın, söhbətə heç dəxli yoxdur. İstənilən halda belə şeyləri yazmaq Azərbaycanda bir qadın üçün çox çətindir. Şəxsən mən, öz adıma deyirəm ki, belə yazılar yazmağa cəsarətim çatmaz. Bir dəfə belə “ayıb” mövzularda yazı yazmışdım, mənə deyirdilər ki, bir müddət rayona gəlmə. Belə yazılar yazmaq, doğrudan, çox çətindir.

Xüsusən bir qadından bu cür yazılar görməyə, bu cür mövzular eşitməyə adamlar öyrəşməyiblər, bir qadın “ayıb” şeylərdən danışanda adamlar birdən-birə çönüb olurlar “namus-qiryət” ölçən cihaz. Hamı başlayır həmin qadını ciddi-cəhdlə “fahişə” çıxarmağa, adına min cür söz qoşmağa, vedrə bağlamağa. Keçən il azərbaycanlıların “Google”da ən çox axtardıqları siyahı çıxdı. Məlum oldu ki, 2022-ci ildə canım azərbaycanlılar internetdə ən çox porno-sayt adı axtarıblar. Təsadüfi deyil.

Belə söhbətlərdən çox danışıb, sizi bezdirmək istəmirəm. Hamı hər şeyi çox yaxşı bilir.

Daha sonra “Kulis”ə təşəkkürlərimi bildirmək istəyirəm ki, belə cəsarətli yazılara qucaq açır, bu cür yazıları yayımlayır. Mən fikirləşirəm ki, əgər “Kulis” olmasaydı, Günel xanım bu yazıları harada çap edəcəkdi? Barmağımı qatlayıb bircə sayt, xüsusən, oxunaqlı sayt saya bilmirəm. “Kulis”in auditoriyasının daha çox 35-40+ yaşlı adamlar olduğunu nəzərə alsaq, sayt öz reputasiyasını qorumaq naminə bu yazıları çap etməyə də bilərdi. Uzağı 5-10 min baxış sayı itirərdi, vəssalam. Rəylərə baxıram, bir müəllifi söyəndə, bir də saytı söyürlər. Ona görə Kulisə də minnətdar olaq.

İndi isə keçək məktubların içinə.

Azərbaycanda qadın yazıçılar ancaq “qiryətli” qadın obrazları ilə gah nakam məhəbbətdən, gah vətən eşqindən, gah da təbiətdən-zaddan yazıb, özlərini aldadır, yerlə-göylə əlləşirlər. Şəxsən mən qadın yazıçılar içində Günel xanım kimi istedadlı və cəsarətli yazıçıya rast gəlməmişəm. Qadın yazıçılarımız belə “ayıb” mövzulardan yazmağa qorxular. Qorxular ki, ərləri, ataları, qardaşları onları döyər, boşayar, internetə girməyə qoymazlar. Vəziyyət acınacaqlıdır. Qadın yazıçılarımızın öz hisslərindən, öz düşüncələrindən danışmağa, yazmağa cəsarətləri çatmır. İctimai qınaqdan, qohum-qardaşdan çəkinirlər. Belə bir boz mühitdə Günel xanım qələmini süngü eləyib hamıya göstərir ki, yazıçı necə olmalıdır.

Günel xanım adaşı Günel Mövluddan, Samirə Əşrəfdən, Hədiyyə Şəfaqətdən, Sahilə Yayadan qat-qat istedadlı və cəsarətli çıxdı. Bir ara Aysel Əlizadə də belə mövzulara müraciət etmişdi, amma onun da təəssüf ki, nəfəsi-gücü çatmır, belə ağır mövzuları nəsrə çəksin. Adlarını sadaladığım yazıçılar, sən demə, illərdir bizim başımızı mənasız söhbətlərlə qatırmışlar. Günel xanım isə əlini daşın altına saldı, bu rəngsiz mühitimizdə özünəməxsus bir rəngə çevrilməyi bacardı. Özü də cəmi üç məktubu ilə.

Biz Günel xanımla aşağı-yuxarı eyni yaşdayıq, məncə. Həmyaşıdıqsa, deməli, eyni nəslin yazıçılarıyıq. Bizim nəsildən, ümumiyyətlə, qadın yazıçı çıxmamışdı. Hər nəsildə bir-iki imza olsa da, biz də vəziyyət lap faciəvi idi. Birdən-birə ortaya Günel xanım və cəsarətli hekayələri çıxdı, hamımızı sevincə qərq elədi. Bizdən qabaqkı nəsillərin ən cəsarətli və populyar imzası Günel Mövlud idi. Günel Novruz da bizim ədəbi nəslimizin Günel Mövlududur. Nəinki Günel Mövlududur, ondan da o tərəfisidir. O boyda Samirə Əşrəf Günel Novruzun əlinə su belə tökə bilməz ədəbiyyatda.

Məktublar əsl ədəbi nümunədir. Bəlağətsiz, pafossuz, soyuq hisslərlə yazılmış bu bədii mətnlər adama sadəcə zövq verir. Mətn dip-diridir, cümlələrdən həyat fışqırır. Günel xanım belə yazmağı harada öyrənib mat-məəttəl qalmışam. Sizə deyim ki, mən şəxsən özümü Günel xanımdan istedadsız hesab edirəm. Nəinki özümü, Nihat Piri də. Günel Novruz məndən də, Nihatdan da istedadlıdır. Bizim nəsildən onun nəsrinin qabağına çıxarsaq-çıxarsaq Orxan Saffarini çıxara bilərik. O da hələ ala-yarımçıq. Gərək böyür başına Nadir Yalçını, Orxan Həsənini, Əli Zərbəlini də qoşaq güclər bərabərləşsin.

Misalçün, gəlin Günel xanımın ikinci məktubundan bir hissəyə baxaq:

“Mesaj yazmışdı: “Sabahın xeyirli, gülüm. İnşallah, tezliklə birlikdə oyanacağıq! Öpdüm”

Az qala, telefonu ağzımın içinə soxmaq istəyirdim.

O səhər çay da, yumurta da bir başqa cür dadırdı”.

Bəh-bəh-bəh. Necə təbii, necə həyati cümlələr, epizodlardır. “Telefonu ağzımın içinə soxmaq istəyirdim”. Bu boşluğa toxunmaq deyilsə, nədir? Görəsən, bu təsviri necə tapıb müəllif? Mən indiyə qədər Samirə Əşrəfdən belə bir cümlə oxumamışam, nəinki Samirə Əşrəfdən, heç Qismətdən, Ömər Xəyyamdan, Şəhriyar Del Geranidən, Fərid Hüseyndən, Ulucay Akifdən.

Daha bir nümunə:

“Yazdı ki, necə darıxırsan, göndər görüm.

Düzü, ondan belə bir şey gözləmirdim. Ancaq həm də məni görməyini istəyirdim.

Saçlarımı üzümdən çəkdim, dodaqlarımı yalayıb qızartdım. Şəklimi göndərəndən sonra hiss etdim ki, qarnımın içində elə bil burulğan var, içimdə nəsə burulur.

Şəkli görən kimi cavab yazdı: “Offf, necə gözəlsən, gülüm. Dodaqlarını öpmək istəyirəm. Yanında olmaq istəyirəm”.

Onun yazdıqlarını oxuduqca dodaqlarımın içində qarışqalar gəzməyə başladı. Başladım dodaqlarımı gəmirməyə. İstəyirdim, özümə toxunum, sinəmin altındakı burulğanı çəkib içimdən çıxarım”.

Vay-vay-vay. Özünə yazıçı deyib o tərəf-bu tərəfə gedən hansı yazıçı belə bir şey yaza bilər? Şəxsən mən, yaza bilmərəm. Bəlkə, Mirmehdi Ağaoğlu yaza bilər, ona da tam əmin deyiləm.

Günel xanımın bircə qüsuru var. Bəzən sentimentallığın, pafosun sərhədlərinə keçə bilir. Bu da təbii ki, hələlik təcrübəsizlikdən irəli gəlir. Hisslərini şərh etməməlidir. Bəzən dözmür hisslərini şərh edir, nəticədə oxucunun “işinə qarışır”.

Məsələn:

“Uşaqların adları üstdə dalaşırdıq. O istəyirdi ki, oğluna hansısa futbolçunun adını versin, mən isə oğlan uşağının nəinki adı ilə, heç öz varlığı ilə razılaşmırdım. O deyirdi, mən deyirdim, beləcə atışırdıq, sonra da məni qucaqlayırdı, saçlarımı qarışdırırdı. Ovuclarımdan öpürdü.

Ovucdan öpmək… Elə yaxşıdı ki. Ovucdan bir də çiyindən öpmək…”

Təsvirlər çox gözəldir, lakin sondakı şərh artıqdır. Bir az saxta romantikliyə qapılıb. Ovucdan öpmək ola bilər ki, müəllifin xoşuna gəlsin, amma bir oxucu kimi kimsə mənim ovcumun içindən öpsə, narahat olaram, qıdığım gələr. Ona görə yaxşısı budur, şərh verməsin. Mətnlə vəhşi heyvan kimi davranmaq lazımdır, mətnlə pis, kobud rəftar etməlisən, yoxsa mətn adamla pis rəftar edir. Bir pələng nərmənazik ceyranı necə amansızlıqla ovlayıb, yeyirsə, yazıçı da mətnlə elə rəftar etməlidir. Mətnin nazı ilə oynamaq olmaz.

Mənim Günel xanıma məsləhət verməyim düz çıxmaz, çünki aşağı-yuxarı eyni yaşlardayıq, yaxşı bir təklif edə bilərəm. Günel xanım bu mövzularını məktub kimi zay eləməsin. Məktubları bitirəndən sonra oturub bu mövzunu yaxşıca işləsin, roman kimi yazsın. Heç nə lazım deyil, bir az kosmetik düzəlişlər, bir az da normal redaktə, vəssalam. Meydan boşdur. Belə cəsarətli roman həm də yaxşı satılar. Sadəcə öz həyatını, başına gələnləri, hekayəsini yazsın. Necə deyərlər, mən sirri quyuya danışdım, qamış bitər, tütək çalınarmı, bilmirəm.

# 3128 dəfə oxunub

Oxşar xəbərlər

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

Sonanın erməni oğluna Bahadır atalıq edəcək - Ağa Cəfərli

12:00 18 iyul 2024
Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

Ağdam Dövlət Dram Teatrı 101-ci mövsümü başa vurdu

10:29 18 iyul 2024
Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

Varis, yoxsa Seymur Baycan? - Vüqar Van cavablayır

18:20 17 iyul 2024
"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

"Hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür..." - Salam Sarvan

16:00 17 iyul 2024
Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

Bəxtiyar Vahabzadəni ona görə sevirlər ki... - Rəvan Cavid

15:00 16 iyul 2024
Müəllif "qızları ərə verməyə tələsməyin"  demək istəyir? - Hekayə müzakirəsi

Müəllif "qızları ərə verməyə tələsməyin" demək istəyir? - Hekayə müzakirəsi

09:00 16 iyul 2024
# # #