Orxan Pamukun qapısında yatan azərbaycanlı

Orxan Pamukun qapısında yatan azərbaycanlı
13 dekabr 2019
# 10:40

İstanbula gəlməkdə bircə məqsədim vardı: Orxan Pamuku tapmaq və ona öz romanımı oxutmaq.

Şəhərin bitib-tükənməyən maşın səslərini, gəmi uğultularını qulağımda daşıya-daşıya, soyuq nəfəsini üstümdə gəzdirə-gəzdirə gedirdim. Özü də hara gedəcəyimi bilmədən...

- Abi, Pamuk...

Birini saxlayıb soruşuram:

- Pamukmu almak istiyorsun?

- Yox, yox... Orxan Pamuk...

- Azerimisin?

- Evet...

- Ne yapacaksın Pamuku?

Elə də sirli gözlərlə baxır ki... Sanki Pamuka nəsə eləsəm, qarşısını alacaqmış kimi... “Sənə nə e...” – içimdəki cümlənin mədənisini dilə gətirirəm:

“Azerbaycandan geldim. Qazeteciyim. Röportaj için...”

Gülümsünür və ünvanı deyir:

- Bak, arkadaşım...

Nağıl dili yüyrək olar: mən artıq Pamukun qaldığı evin girəcəyindəyəm. İnni-cinni yoxdur burda. O boyda Nobeli alan adamsan, bir qulluqçun olsun da...

Yaxınlıqdakı skamyada oturub gözləyirəm.

Gözlərimi açanda hər yer qaranlıqlaşmışdı və eynəkli bir adam məni durmadan silkələyirdi.

- Ne yapıyon burda?

Diqqətlə baxıram: hə, Orxan Pamukdur, bizim Orxan abi, Nobeli alan ilk türk yazıçısı.

Qucaqlamaq istəyirəm, məni əli ilə geri itələyir, təzədən yerimə otururam.

- Kimsin sen? Dilencimi?

Elə də qulağa yatımlı türkcəsi var ki, dilənçi deməyi belə məni qəzəbləndirmir. Heç bir qram da (məhz bir qram) gülümsəmir amma, üzü buz kimidir. Bəlkə də təzə roman yazdığındandır, gərginliklə dop-doludur.

- Mən yazıçıyam. – dedim. – Gənc yazıçı. Daha doğrusu, yazıçı olmaq istəyən...

Gülümsündü, qırışığı açıldı.

- Elindeki ne?

- Yeni romanım.

- Yeni? Kaç romanın var ki?

- Aslında ilk diyecekdim.

Bir polis kimi diqqətlə üstümə-başıma baxdı və əli ilə gəl işarəsi verdi, mən də sadiq it sayaq arxasınca düşdüm.

Küçəyə çıxdıq. Bayaqkının əksinə küçədəki boz, solğun rəngli, səssiz və düşüncəli insanların yerinə hərəkətli, əyləncəli bir qrup gənc oynaya-oynaya yanımızdan keçib getdi.

- Mənim üçün yazarlığın sirri haradan gələcəyi bəlli olmayan ilhamda deyil, inadda və səbirdədir. – Orxan Pamukun qaranlıqdakı səsi daha əsrarəngiz gəlirdi.

- Hər gecə küçələrdə uzun-uzun yerimək artıq bir alışqanlıqdan çox ehtiyaca çevrilib. Gecə küçələrdə uzun-uzun yeriməsəm xəyal gücüm, düşüncələrim zəifləyər. – bu da gəzməyimizin qısa özəti.

- Yazmaq yaşanmamış həyatdan intiqam almaqdır.

- Hə, hə... – monoloqunu dayandırmalıydım, həm indi yazdığım yazı maraqsız olardı, camaatı darıxdırardı, həm də ki, özüm sıxılırdım - Mənim də bir fikrim var. Olar deyim? Nolsun ki, Nobel almamışıq.

Ciddiyyətlə və bir o qədər də eqoistcə baxdı:

- De görək...

- Yaradıcılıq insanın tənhalıq ərazisidir.

- Nasıl?

Bir daha təkrarladım.

- Supermiş.

Əlindəki bloknota qeyd etdi.

- Amma məndən yaxşı deyə bilməzsən. – gülümsədi. – Heç nə həyat qədər heyrətamiz ola bilməz. Yazıdan başqa.

- Hə, ədəbiyyat böyük təsəllidir. – neyləyək e, o boyda Nobel mükafatını almış adamla dilləşəsi ha deyilik ki.

Şəhərdə qaranlıqlar çoxalırdı, işıqlı küçələrin sayı bitmək üzrəydi və artıq biz də səssizcə Orxan Pamukun evinə getməkdəydik.

- Mənim romanımı oxumayacaqsız? – bayaqdan əlimdə tutduğum qovluğu ona uzatdım.

“Sən nə yaza bilərsən” tonu ilə dedi:

- Bi ara bakarız...

Evlərinin yanında ayrıldıq. Mən bayaqkı skamyada günün yorğunluğundan yuxuya daldım. Elə təzəcə çimir eləmişdim ki, səs gəldi:

- Hey! Sən getmədinmi?

Gözlərimi ovuşdurub eyvandakı eynəkli adamı gördüm.

- Gedəcək yerim yoxdu.

Məni evinə dəvət etdi, çay dəmlədi, oturub susduq. Heç qarşımızda buğu çıxan çayı da içə bilmədik. İkimiz də çox yorğun idik.

Nə zaman yuxuya getmişəm, yadımda deyil. Onun çığırtısına oyandım.

- Muhteşem! Muhteşem! – deyə-deyə yanıma gəlirdi.

- Nə? – yuxudan kal oyanmışdım, nəyisə başa düşməyim üçün bir az vaxtın keçməsi lazım idi.

- Romanını diyorum... mükemmel!

Və iştahla, sevgiylə romandan danışmağa başladı.

- Türkçesi iyi çevrilmiş. Dil akıcı...

Mən də sevincdən uçurdum. Lap o Türkiyənin uzaq kəndlərindən gəlib qazinolarda oxumaq üçün təklif alan bığ yeri təzəcə tərləmiş gənclərə oxşayırdım.

O gün Pamuk qəzetlərdə bu roman haqda danışdı, məni türk televiziyalarına çağırdı, çox məşhur oldum...

Axşam rakı alıb evə gəldik. Yaxşıca içdik, yarısərxoş haldaydıq. Pamuk məni silkələdi:

- Oğlum, uyan, uyan, rüyadasın.

- Ne rüya?

- Rüya görüyorsun. Senin rüyandayız.

# 3561 dəfə oxunub

Müəllifin son yazıları

# # #