O adamların maaşından tutulsun

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

17 dekabr 2021
# 11:30

O gün avtobusda, qulağımda qulaqcıq gedə-gedə ölkəmizdəki kitabın vəziyyəti haqda düşünürdüm. Düşünürdüm ki, görəsən, necə bizim insanlara kitabı sevdirmək olar? Yolun yarısına çatanda ağlıma parlaq ideya gəldi. Və avtobusdan çıxıb siqaret yandıra-yandıra bu ideyanı bir az da genişləndirdim.

Azərbaycanlılara kitab oxutmaq üçün nə etməli?

1) Kitab almayanlara cərimə tətbiq etmək. Bu cərimələrin tətbiqi üçün xüsusi komissiya yaratmaq. Kitab almayan adamları siyahıya almaq və onları kitab almaq üçün inzibati resurslardan istifadə etmək.

2) Həbs cəzası. Xüsusilə heç kitab üzü açmayanlar üçün. Həbs müddəti sutkalıq olsa, daha yaxşıdır. Həmin sutkada məşhur romanlardan heç olmasa ikisini oxutdurmaq.

3) Maaşlarından pul tutmaq. Kitab almırsa, heç olmasa maaşından bir azını versin. Əgər hər dəfə maaşından tutulmaq ona xoş gəlmirsə, zəhmət çəkib, gedib kitab alsın.

4) Kitab oxumayanları, kitab almayanları ictimai nəqliyyata buraxmamaq. Məncə, bunun üçün də bir komissiyaya ehtiyac var. O komissiya texnologiyanın bizə verdiyi üstünlükdən istifadə edərək oxumayanları və kitab almayanları tapsın və mümkünsə onları ictimai nəqliyyata buraxmasın. Onları asan yolla da tanımaq olar. Tutaq ki, yola siqaret kötüyü atan, küçələri zibilləyən, təzə açılmış parklarda skamyaları sındıranlar bu kateqoriyanın adamlarıdır.

5) Onlara, bizdən olmayanlara, yəni kitab oxumayanlara ərzaq almaq qadağası. Soruşursan: “Qardaş, bacı, kitab oxumusan?” “Yox”. Onda zəhmət çək, bu gün ac qal. Sənə ərzaq düşmür. Kitab almırsansa, ümumiyyətlə, ərzaq da alma. Çünki ərzaq ala bilirsənsə, kitab da almalısan. Ərzaq necə lazımlıdırsa, kitab da elə lazımlıdır.

Evə çathaçatda ağlımda bu siyahını tutur və üzümdə təbəssüm yaranırdı. Həm də öz-özümə haqq da qazandırırdım. İllər əvvəl, Sovet vaxtı bu xalqa məcbur kitab oxutdurmaq ənənəsi vardı. Hamı zor-xoş kitab oxumağa, kitab almağa öyrəşdi və nəticədə oxucu kütləsi yarandı.

Sonra Sovet hökuməti dağıldı, həmin məcburiyyət aradan qaldırıldı, müstəqil olduq və heç kim kitaba yaxın durmadı. Azərbaycanlılara bəzi şeyləri məcbur elətdirmək lazımdır. Yaxud da bəzi şeylər var ki, onları azərbaycanlılardan uzaq tutmaq lazımdır. Tutaq ki, Tik-Toku. Biz bu Tik-Tokdan yaxşı istifadə etmirik. Yazırıq, pozuruq bu haqda, xeyri yoxdur. Deyirik ki, bir az yavaş istifadə edin də, vəhşisiz, alınmır, daha da vəhşiləşirlər.

Deyirsən, zibil atma, küçələri təmiz saxla, başa düşmürlər. Normal izah olunan, məntiqli arqument heç kimə yaramır. Sözü birbaşa deməyə məcbur olursan. Bəzən bu söz ayıb söz olsa da, yerinə oturur. Yəni zibil atma, mədəni ol demək yüngüldür. Zibil atan, qəsdən hər yeri çirkləndirən adama gərək bu üsulla yox, özünün anladığı dildə danışmalısan. Çünki bunun effekti olur. Təəssüf ki, bizdə əzənə, güclüyə sevgi daha çoxdur, nəinki sayğılı, mədəni birinə.

Və finalda onu demək istəyirəm ki, biz nə qədər yarmarkalar təşkil etsək də, kitab oxunmamağını bar-bar bağırsaq da xeyri olmayacaq. Ona görə də lazımdı ki, kitab oxumağı məcburi hala gətirək. Bilmirəm, izah edə bildim, ya yox. Başa düşdünüz məni?

# 2465 dəfə oxunub

Müəllifin son yazıları

# # #