"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar

"Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir..." - Nobel mükafatçısı Teodor Mommzenin "Roma tarixi"ndən sitatlar
1 noyabr 2026
# 14:00

Bu gün alman tarixçi, filoloq, hüquqşünas, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Teodor Mommzenin anım günüdür.

Kulis.az onun "Roma tarixi" əsərindən müəyyən hissələri təqdim edir.

Kütlənin şüurunda müqəddəs haqq duyğusunu və qanuna ehtiramı məhv etmək nə qədər çətindirsə, onu yenidən dirçəltmək qat-qat artıq müşküldür.

***

Bəlkə də bu vəziyyətdə - çox vaxt olduğu kimi - ən cəsarətli qərar, eyni zamanda ən tədbirli addım ola bilərdi.

***

Paytaxtın dəbdəbəli həyatı insanların təkcə var-dövlətini deyil, həm də bədən və ruh qüvvəsini tükəndirirdi. Ətirli qıvrım saçlar, dəbə uyğun bığlar və yaxalıqlar dünyası - rəqslərdə, arfa sədaları altında və gecədən sübhədək şərab qədəhləri arxasında nə qədər şən görünsə də öz köksündə əxlaqi və iqtisadi iflasın qorxunc uçurumunu, bəzən gizli, bəzən aşkar ümidsizliyi, dəlicəsinə yaxud alçaqcasına qurulmuş niyyətləri gizlədirdi.

Bu hərc-mərcliyin içində nizam yaratmaq üçün nə parlaq bir təxəyyül, nə də nəhəng güc nümayişi tələb olunurdu - bunun üçün sadəcə Romanın və onun təbəələrinin mənafelərini dərindən anlamaq, zəruri sayılan təsisatları yaradıb qorumaqda qətiyyət və ardıcıllıq göstərmək kifayət idi.

***

Dövlətin təmin etməli olduğu maddi nemətlər - sərhədlərin təhlükəsizliyi, dinc və maneəsiz əlaqələr, hüquqi müdafiə və nizamlı idarəçilik Roma dövlətində birləşmiş bütün xalqlar üçün tədricən yoxa çıxırdı; bərəkət tanrıları sanki Olimpə çəkilərək bədbəxt yeri rəsmi səlahiyyətli yaxud könüllü qarətçi və cəlladların ixtiyarına buraxmışdılar. Dövlətin bu tənəzzülü təkcə siyasi hüquqlara və vətəndaşlıq qeyrətinə malik olanların ictimai bədbəxtliyi deyildi; proletariatın qiyamları, Neapol Ferdinandlarının dövrünü xatırladan quldurluq və dəniz quldurluğu bu süqut duyğusunu İtaliyanın ən ucqar vadisinə, ən yoxsul komasına qədər daşıyır, ticarətlə məşğul olan yaxud bircə buğda çuvalı alan hər kəsə bunu şəxsi bir fəlakət kimi hiss etdirirdi.

***

Bütün Roma mahiyyəti vətəndaşları orta hesabla ləyaqətli və möhkəm şəxsiyyətlər kimi yetişdirməyə, lakin dahi təbiətlərin önə çıxmasına imkan verməməyə yönəlmişdi.

***

Aparıcı dövlət qarşıda duran ağır müharibə ərəfəsində qüvvələrini bu cür səfərbər edərkən, üsyançılar mübarizə gedişində siyasi təşkilatlanmaya nail olmaq kimi daha çətin bir vəzifəni həll etməli idilər. Marsi və Pisente tayfaları arasında o vaxtlar da hakim olan latın dili rəsmi ünsiyyətdə qalmaqda davam edirdi, lakin Cənubi İtaliyada üstünlük təşkil edən samnit dili onunla bərabər hüquqlu mövqeyə qaldırıldı; yeni İtaliya dövlətinin Roma modelləri və Roma standartları əsasında öz adından kəsməyə başladığı gümüş sikkələrdə bu iki dildən növbə ilə istifadə olunurdu. Beləliklə, onlar Romanın iki əsr boyu həyata keçirdiyi sikkə kəsmə monopoliyasını da mənimsəmiş oldular. Bu tədbirlərdən aydın görünürdü — və bu təbii idi ki, italiyalılar artıq romalılardan hüquq bərabərliyi qoparmaq barədə düşünmür, onları məhv etmək yaxud tabe edərək yeni dövlət qurmaq niyyəti güdürdülər. Lakin o da göz qabağında idi ki, onların konstitusiyası Roma quruluşunun dəqiq surətindən başqa bir şey deyildi; başqa sözlə, İtaliya xalqları arasında qədim zamanlardan bəri miras qalan ənənəvi idarəçilik sistemi idi: bir dövlətin konstitusiyası əvəzinə bir şəhərin təşkilatı, Roma komissiyaları qədər yöndəmsiz və faydasız xalq məclisləri, tərkibində Roma senatının oliqarxik ünsürlərini daşıyan idarəedici şura və eyni şəkildə bir-biri ilə uzlaşan ali magistratlar cütlüyünün idarə etdiyi icra hakimiyyəti.

Hətta onun döyüş tərzində belə bu qəfil yetişmiş sərkərdəlik dərhal sezilir; Napoleonun Misir və İngiltərəyə qarşı yürüşləri komandanlığa qədər yüksəlmiş artilleriya leytenantını necə bariz şəkildə əks etdirirsə, Sezarın oxşar yürüşləri də sərkərdəyə çevrilmiş bir demaqoqu eləcə büruzə verir. Düzgün hərbi hazırlıq görmüş bir zabit, Sezarın bir neçə dəfə - ən bariz şəkildə isə Epirə desant çıxararkən etdiyi kimi, o qədər də qəti olmayan siyasi mülahizələrə görə ən möhkəm hərbi prinsipləri bir kənara qoymağa çətin ki, cürət edərdi. Buna görə də onun bir sıra addımları hərbi baxımdan qüsurludur; lakin sərkərdənin itirdiyini dövlət xadimi qazanır.


Roma xarakterinin səciyyəvi cəhəti onu daha çox itələyirdi. Roma əyanlarının yunanların yanında nümayiş etdirməkdən xoşlandıqları o kobud təkəbbürdən, yaxud dar düşüncəli böyük adamların təmtərağından Sullada əsər-əlamət yox idi; əksinə, o, öz yumoruna sərbəstlik verir, həmvətənlərindən bir çoxunun narazılığına rəğmən yunan şəhərlərində yunan libasında görünür, yaxud aristokrat yoldaşlarını oyunlarda arabaları şəxsən idarə etməyə vadar edirdi. Azad konstitusiyalı ölkələrdə hər bir istedadlı gənci siyasi meydana cəlb edən o yarıvətənpərvər, yarıeqoist ümidlərdən onda demək olar ki, heç nə qalmamışdı; halbuki vaxtilə hamı kimi yəqin ki, o da bunları hiss etmişdi. Ehtiraslı sərxoşluqla ayıq oyanışlar arasında yellənən bu cür həyatda xülyalar tez bir zamanda dağılır. Başdan-başa təsadüflərlə idarə olunan və əgər insanlar bir şeyə can atacaqlarsa, bu canatmanın yeganə hədəfinin məhz həmin təsadüf ola biləcəyi bir dünyada arzulamaq və səy göstərmək ona, çox güman ki, axmaqlıq kimi görünürdü.

***

Polad kimi bərk və elastik olmayan bütün xalqları amansızcasına əzib keçən dünya tarixinin bu nəhəng burulğanında belə bir millət öz varlığını uzun müddət qoruya bilməzdi.

***

Lakin bu acı dövrün ən acı cəhəti o idi ki, hətta həqiqəti aydın görən vətənpərvərin belə ümidi və səyi tükənmişdi. Azadlıq günəşi tükənməz nemətləri ilə birlikdə durmadan qüruba doğru enir, hələ də parıltısını itirməmiş o dünyanın üzərinə qürub toranı çökürdü. Bu, vətənpərvərlik və dühanın qarşısını ala biləcəyi təsadüfi bir fəlakət deyildi; Roma dövlətini məhvə sürükləyən qədim ictimai bəlalar - hər şeyin təməlində duran, qul proletariatı tərəfindən orta təbəqənin məhv edilməsi idi.

***

Aristokratiyanın işi artıq bitmişdi; lakin aristokratlar heç vaxt monarxiyaya bağlana bilməzdilər. Bəşəriyyətin ən uca təcəlliləri belə fanidir; bir vaxtlar həqiqət olan din yalana, bir vaxtlar bərəkət gətirən dövlət quruluşu lənətə çevrilə bilər; lakin ötüb keçmiş təlim belə hələ də özünə tərəfdarlar tapır. Əgər belə bir inam diri həqiqətə olan inam kimi dağları yerindən oynada bilmirsə də, son nəfəsinə qədər özünə sadiq qalır; sonuncu kahinlərini və tərəfdarlarını özü ilə birlikdə aparmayınca və keçmişin və faniliyin bu kölgələrindən qurtulmuş yeni bir nəsil gəncləşmiş dünyaya hökmranlıq etməyincə canlılar aləmini tərk etmir. Romada da belə oldu. Aristokratik hakimiyyət nə qədər cırlaşma uçurumuna yuvarlansa da, bir zamanlar möhtəşəm bir siyasi sistem olmuşdu; İtaliyanı fəth edən və Hannibala qalib gələn o müqəddəs alov bir qədər zəifləyib sönükləşsə də, Roma əyanlarının qəlbində onlar mövcud olduqca közərməkdə davam etdi və köhnə rejimin adamları ilə yeni monarx arasında səmimi bir uzlaşmanı qeyri-mümkün etdi.


Dövrün Romasında cırlaşmış oliqarxiya ilə hələ tam formalaşmamış, lakin artıq rüşeymindəcə qurd düşmüş demokratiyanın doğurduğu ikiqat bəlalar məşum bir tərzdə bir-birinə çulğalanmışdı. İlk dəfə bu dövrdə eşidilən partiya adlarına görə, optimatlar ən yaxşıların, populyarlar isə icmanın iradəsini hakim etmək istəyirdilər; əslində isə o dövrün Romasında nə həqiqi bir aristokratiya, nə də öz müqəddəratını həqiqətən təyin edən bir icma var idi. Hər iki partiya eyni dərəcədə xəyallar uğrunda vuruşurdu və sıralarında yalnız ya xülyapərəstlər, ya da ikiüzlülər yer alırdı. Hər ikisi eyni dərəcədə siyasi çürüməyə düçar olmuşdu və əslində hər ikisi eyni dərəcədə heç nə idi. Hər iki tərəf labüd olaraq mövcud vəziyyətin (status-kvo) dustağına çevrilmişdi, çünki nə bu tayda, nə o tayda bundan kənara çıxa biləcək siyasi bir fikir, hələ bir siyasi planı demirik, mövcud deyildi; beləliklə, hər ikisi bir-biri ilə o qədər mükəmməl uzlaşırdı ki, hər addımda həm vasitələrdə, həm də məqsədlərdə kəsişirdilər və partiya dəyişmək siyasi əqidəni deyil, sadəcə siyasi taktikanı dəyişmək demək idi. Əgər aristokratiya xalq seçkiləri əvəzinə irsi növbəlilik tətbiq etsəydi, yaxud demokratiya öz içindən həqiqi bir demaqoq rejimi doğura bilsəydi, dövlət şübhəsiz ki, qazanardı. Lakin yeddinci əsrin əvvəllərindəki bu optimatlar və populyarlar ölüm-dirim savaşına girmək üçün bir-birlərinə həddindən artıq dərəcədə möhtac idilər; onlar nəinki bir-birini məhv edə bilmirdilər, hətta əllərindən gəlsəydi belə, bunu istəməzdilər. Nəticədə isə cəmiyyət həm siyasi, həm də əxlaqi baxımdan getdikcə daha çox öz bünövrəsindən qopub tam süquta doğru yuvarlanırdı.

***

O, bəlkə də cinayət törətməyə qadir olan, lakin itaətsizliyə əsla qadir olmayan adamlardan idi; həm yaxşı, həm də pis mənada o, iliyinə qədər əsgər idi. Görkəmli şəxsiyyətlər qanuna mənəvi zərurət kimi, sıravi insanlar isə ənənəvi gündəlik bir qayda kimi ehtiram bəsləyirlər.

Məhz bu səbəbdən qanunun daha çox vərdiş şəklini aldığı hərbi nizam-intizam özünə tam güvənməyən hər bir kəsi sehrli bir kəmənd kimi buxovlayır.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 135 dəfə oxunub

Oxşar xəbərlər

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

"Ac qalanda kimin qapısına gedim?!" - İsi Məlikzadənin "Duz" hekayəsi

10:00 1 noyabr 2026
Meşə adamı - Herman Hessenin hekayəsi

Meşə adamı - Herman Hessenin hekayəsi

14:00 31 oktyabr 2026
"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

18:40 30 oktyabr 2026
"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

"Xəyallarımızı oğurlayan bizi ölümə məhkum edir..." - Ursula Poznanski

14:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

"Daxilən şahzadə qala bilmək əsl qələbədir..." - İngilis yazardan sitatlar

12:30 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər