Mənim zavallı balam

Mənim zavallı balam
22 oktyabr 2013
# 12:00

Kulis.az tanınmış jurnalist Cəlalə Nəzəroğlunun yazısını təqdim edir.

Qəşəng balam, yenə də tıxaca düşmüşdüm. Yorğun ayaqlarımı güclə sürüyərək evə az qala qaçaraq gəldim. Amma çata bilmədim-bu dəfə də yatmışdın. Məni gözləyə bilmədən yenə də yuxuya gedibsən, körpəm. Bağışla məni, balacam... Hər gün səhər tezdən evdən çıxmağa, gecəyə kimi işləməyə məcburam. Elə bir az əvvəl başqasının körpəsini yatırdıb gəldim. Yatağına yuyub-ütülədiyim, ağappaq örtükləri sərdim. Yerində uzandırıb lay-lay dedim. Sənə deyə bilmədiyim laylaları hər gün başqa bir körpəyə deyirəm. Bəzən gözlərimdən yaş süzülür. Qorxuram, diksinirəm. Görən olsa, nə düşünər? İşsiz qalaram birdən...

Tələsik yan otağa keçirəm, nənəni sorğu-suala tuturam-nə yedizdirdin balama, xəstələnməyib ki, çox ağlamayıb ki... Nənəndən eşidirəm bu gün ilk dəfə kartofun dadına baxdığını. Ağzını büzüb qaşığı geri itələyibsən. Bir az ağlayıbsan. Bəlkə süd istəyirdin? Bağışla məni, körpə balam. Səni bir ananın körpəsinə verəcəyi ən dəyərli hədiyyədən məhrum etdiyim üçün. Cəmi bircə ay süd verə bildim sənə. Dünyalara dəyərdi səninlə keçirdiyim o otuz gün. Səni hər qucağıma alanda hiss etdiklərim inanılmaz bir duyğudur. Ürəyimi yarıb səni orda saxlamağım gəlir. Qoxunu içimə çəkəndə ruhum dincəlir.

Körpəm, necə əzab çəkirəm bir bilsən! Başqa bir körpəyə hər dəfə yemək verəndə bütün fikrim yanında qalır. Deyirəm, görəsən, nənən sənə vaxtında yemək verə bildimi? Yoxsa, sən acından ağlayanda qulağı ağır eşidən anam sobanın yanında büzüşüb dərin yuxuya gedib eşitmədi?

Hər gün o körpənin tər-təmiz yuyub-ütülədiyim paltarlarını əyninə geyindirəndə sənin rəngini çoxdan itirmiş, ömründə ütü izi görməyən, başqalarının nə vaxtsa geyindiyi köhnə paltarlarını yadıma salıram. Gün boyu o körpənin otağını, yatağını, paltarlarını, oyuncaqlarını səliqədə saxlamaq üçün o qədər vurnuxuram ki. Və yenə də sən bir saniyə ağlımdan çıxmırsan. Mitilin üstündə büzüşüb yatdığını xəyalıma gətirdikcə ürəyim sızıldayır.

Nənənin titrəyən əlləriylə birtəhər təmizə çıxardığı qablarda ya soyuq, ya da isti olan, ya dibi yanmış, ya çox qatılaşmış yeməkləri yeyəndə çoxmu inciyirsən məndən? Dayəsi olduğum körpənin yeməyi, meyvə şirəsi içməyi, yatmağı, gəzintisi-hər şeyi rejimlə, saatladır. Sən isə eləcə öz hesabına böyüyürsən. Elə bil həyatınla indidən barışıbsan. Başqa körpələr istədiklərini sözlə deyə bilmədiyi üçün yalnız ağlayır. Sən isə artıq ağlamaqdan da yorulubsan. Dözümü indidən öyrənibsən. Qoca, taqətsiz nənəndən bundan artıq qayğı görməyəcəyini qəbul eləmisən artıq. Can, gözümün nuru körpəm...

Sənin günbəgün necə böyüdüyünü görə bilmirəm. Çox şeyi ancaq nənəndən öyrənirəm. Bir gün əl çalırsan, bir gün iməkləmək üçün dizlərini qatlayıb irəliyə atılırsan, başqa bir gün masanın ayağından yapışıb ayağa qalxırsan. Hər gün yeni bir şey baş verir həyatında. Amma bunların heç biri mənim gözümün önündə olmur.

Bütün günü başqa bir körpəylə bir yerdə oluram. Elə gözəl oyuncaqları var ki! O sənin kimi nənənin qabağına tökmüş olduğu qazan qapağı, su butulkası kimi əşyalarla oynamır. Onun sayrışan işıqları olan, toxunanda müxtəlif səslər çıxaran çoxlu oyuncaqları var. Hər dəfə onunla birlikdə oturub yorulub başqa şey istəyənə kimi oynayıram. Tez dil açsın, nitqi düzgün olsun, ünsiyyət bacarıqları inkişaf etsin deyə onunla çoxlu söhbət edirəm.

Bu gün uşaq yeməyi almağa getmişdim. Yəqin sənin çox xoşuna gələr bu hazır sıyıqlar. Çox dadlıdırlar. İyindən hiss eləmişəm. Dayəsi olduğum körpə ləzzətlə yeyir bunları. Bahalıdırlar. Özümə söz vermişəm ki, bu dəfə maaşımı alanda bir dənə sənə də alacam. Amma sadəcə bir dəfə...

Uşaqlar qısqanc olur axı. Analarını heç kimlə paylaşmaq istəmirlər. Körpəm nə olar, bağışla məni. Acığın tutmasın sənə edə bilmədiklərimi başqa bir körpəyə etdiyim üçün. Onu səhərdən axşama kimi əzizləyib, qulluq etdiyim üçün. Axı, sənə və nənəyə baxa bilmək üçün işləməliyəm. Bir xahişim var, nə olar mən gələnə kimi gözlə, yatma. Qoy, sənə lay-lay çalım, qucağımda yatırdım. Həmişə əlində mənim yaylığımı tutub yatırsan, elə bərk yapışıbsan ki, əlindən ala bilmirəm. Nənən deyir onsuz gözünə yuxu getmir. Can, körpə, zavallı, mənə möhtac balam, səni sevirəm. Yuxun şirin olsun... Lay-lay gözümün nuru, lay-lay evim-eşiyim, lay-lay güllü beşiyim...

# 4751 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #