#

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj

Yaddaşını itirib qala tikən bakılı - Yamin qalasından reportaj
20 avqust 2024
# 09:30

Kulis.az Həmid Piriyevin Kürdəxanıdakı Yamin qalasından reportajını təqdim edir.

Avqustun ortasıdır. Hava mülayimdir, külək də əsir. Hazırlaşırıq ki, gedək Yamin qalasını çəkək.

Həftənin əvvəli Ömərə Yamin qalasından danışmışdım. Maraqlı gəlmişdi ona. İnternetdə araşdırıb mətn yazdı. Dedi, təcili gedək çəkək. O təcili, bu təcili, beşinci gün qismət oldu.

Şirkətin maşınına oturub yola çıxırıq. Kürdəxanıya xeyli yol var. Deyib gülə-gülə gedirik, yol gözümüzə görünmür.

Kənddə yol qırağındakı maşın ustasının yanında saxlayıb qalanın yerini soruşuruq.

- Burdan getsəz (qabaqdakı yolu göstərir), uzaq olacaq. Dala qayıdın (arxadakı yolu göstərir), bax, orda maşın dayanıb a, onun qabağından girin, xeyli gedin, yol haçalananda solnan gedin. On metr qabaqdan sağa dönün, xeyli gedəndən sonra qamışlıq görəcəksiz, oranı keçib düz gedin.

Daydayın dediyi yolla gedirik, beş dəqiqə sonra qalanın yanındayıq.

Yamin haqqında birinci dəfə uşaqlıqda atamdan eşitmişdim. Demişdi ki, Yamin çıxıb dayanırdı dayanacaqda, minirdi avtobusa, gedirdi Sabunçu bazarına. Daim papağı əlində olurdu, kisəsi qoltuğunda...

Sonralar iş yerimizdə Bilgəhdən Soltan əmi vardı, o deyirdi ki, Yamin cavanlıqda zammaq olmuşdu, pulu kilonan alıb, kilonan verirdi. Bir dəfə klubda kinoya baxanda oyuncaq tapançaynan qorxudublar onu, başına hava gəlib...

Qalanı bir dəfə görmüşdüm, lap çoxdan. Bəlkə də, iyirmi il olar.

Ömərgil çəkilişə hazırlaşan vaxt qalanın ətrafına dolanıram, içəri girməyə yer axtarıram. Amma Yaminin qapı əvəzi qoyduğu keçidlər çox alçaqdı. Həm də qalanın içi dağılıb, daşlar girişləri tutub. Ona görə qalanın ətrafında gəzinməklə kifayətlənməliyəm. Pəncərələrdən içəri boylanıram, Yamin qalanı tikdikcə iki metrədən bir atmalar atıb. Əsasən, şalbanlardır, dördkünc şpallar da var. Hamısının üstündə mıxlar var, deyəsən, bu şalbanları, şpalları sökülmüş tikililərdən gətirib.

Qalanın ətrafındakı hasar da uçulub, qalanın bir hissəsi də. Daşların arasında zibillər gözə dəyir. Qalanın arxa divarına üstünə “ANASIZ. BURA ZİBİL ATMA” (kiril əlifbasıyla) yazılmış lövhə yapışdırıblar.

Qala qəbiristanlıqla üzbəüz yerləşir. Küçədə iki uşaq oynayır. Qızın, təxminən, ona yaxın yaşı olar, oğlan ondan balacadır.

- Salam, qızım. – Ömər qıza deyir. – Bilirsən, bu nə qaladır?

- Hə, - qız deyir. – Yamin qalasıdı.

- Bilirsən, bu qalanın tarixini?

- Bilirəm. Məktəbdə inşa da yazmışdım.

- Danışa bilərsən?

- Bu qalanı Yamin adlı biri tikib. Cavanlıqda sevdiyi qız olub, qalanı onun xatirəsinə tikib...

Uşaqlar bizdən uzaqlaşır. Ömər çəkiliş yerlərini müəyyənləşdirir. Tək-tük qonşular da çıxıb bizə baxır.

Qonşulardan biri mənə yaxınlaşır:

- Salamməleykim.

- Əleykim salam.

- Qalanı çəkirsiz?

- Hə.

- Çəkin, tariximizdi...

- Yamin yadına gəlir sənin?

- Həri, nöş gəlmir? – Qabağa gedir, məni də çağırır. – Bax, o iki otaq var aa, ora Yaminin eviydi, sonra bu qalanı tikdi. Yayda çıxıb otururdu damda.

- Dama necə çıxırdı bəs?

- Şalbanlardan pilləkan düzəltmişdi. Divardakı deşikləri görürsən?

Başımla təsdiqləyirəm.

- Onlar şalbanların yeridi. Sonra qalanın bu tərəfi aşanda şalbanlar da düşdü.

Ömərgil çəkilişə başlayıb. Onlara mane olmamaq üçün qırağa çəkilirik.

- Yamin dəliydi?- soruşuram.

- Yox, amma tutmaları olurdu. Mən uşaq idim, səninçün danışıram 82-ci ildən. 6 yaşım vardı. O bu qalanı tikirdi. Amma heç kimnən işi yox idi. Gedib gəzirdi, uçulmuş evlərdən-zaddan daşları yığıb gətirirdi. Kənddə-zadda buna pul verirdilər. Hərdən daşı pulnan alırdı, maşınnan gətirirdi.

- Kənddən qırağa çıxırdı?

- Həri. Gedib gəzirdi şəhəri. Bu qalanı elə Qız qalasına baxıb tikib də. Ona oxşadıb. Deyirdi ki, bu da Oğlan qalasıdı. Gedib düşürdü şəhərdə vağzalda, şəhəri gəzirdi. Vağzaldan ermənikənd bazarına tramvay yolu vardı e, orda hamam vardı, Yamin orda çimirdi.

- Kənddə qohumu-zadı var?

- Yox. Şəhərdə olmalıdı, amma bura gəlib-gedən yoxdu. Mən biləni, özü də cavanlıqda şəhərdə yaşayıb. Lotu kişi olub e, vurub-yıxan. Qozdəstəsi veçni belində olub. Qozdəstə, bilirsən də, nədi? O vaxtlar tapança vardı, dəstəsi yumru olurdu, qoza oxşayırdı. Ona qozdəstə deyirdilər. Sonra döyüblər bunu.

- Qəbri kənddədi?

- Həri, de, bu qəbirsannığdadı.

- Göstərə bilərsən?

- Gəl.

Qəbiristanlığa giririk. Gedə-gedə qonşudan soruşuram:

- Adın nəydi sənin?

- Elşən.

- Hə, lap yaxşı. Mənim də adım Həmiddi.

Gedib qəbri tapırıq. Ölüm tarixinə baxıram: 19.01.1990. Yamin Mürtəza oğlu. Doğum tarixi qeyd olunmayıb. Yazıların yuxarısında ərəb əlifbasıynan da yazı var, yəqin, adını hər iki əlifbaya yazıblar.

Çıxıb uşaqların yanına qayıdırıq.

Bu tərəfdən başqa qonşu çıxır.

- Ehtiyatlı ol a, - Ömərə deyir, - oralarda sarı əqrəb var.

Amma çəkilişə mane olmur.

İşi yekunlaşdırıb yığışırıq. Təzədən qəbiristanlığa gedirik, Ömər axırıncı kadrları qəbrin yanında çəkir.

Elşəndən yolu soruşmuşam. Qəbiristanlığın o biri qapısından çıxıb kəndin içinə tərəf getməyə başlayırıq. Yolda bir kişi görürük, səkinin qırağında oturub. Ömər ona yaxınlaşır:

- Salam, dayı. Biz Yamin qalasını çəkirdik. Onun haqqında nəsə danışa bilərsiniz?

- Həri, nöş danışmıram?

Mikrofonu dayının yaxasına sancıb çəkilişə başlayırlar. Dayı aşağı-yuxarı bildiyimiz şeyləri növbəti dəfə danışır. Danışıb qurtarandan sonra adını soruşub telefona qeyd edirəm: Ağagül Əliyev.

Sağollaşanda Ömər soruşur:

- Dayı, Vamiq Məmmədəliyev yaxında yaşayır?

Ağagül əmi o biri küçəni göstərir əliylə:

- De, buraynan gedin, sola dönən kimi göy qapı.

Amma özü də bizimlə gəlir. Ömər qapını döyür, bəxtimizdən qapını elə Vamiq müəllim özü açır.

Ömər nə məqsədlə gəldiyimizi deyir. Vamiq müəllim həyətə dəvət edir bizi. Çox səliqəli, gözoxşayan həyətdir. Elə qapının yanındakı stolda otururuq, Vamiq müəllim Yamin haqqında bildiklərini danışır. İşimizi bitirib getməyə hazırlaşırıq.

- Mənim həyətimə gəlmisiz, çay içməmiş gedəcəksiz? Keçin o biri tərəfə.

Etiraz etmək istəsək də, Vamiq müəllim etiraza yer qoymur. Çardağın altında qəşəng çay süfrəsi açırlar.

Vamiq müəllimlə xeyli söhbət edəndən sonra hər şey üçün təşəkkür edib yola düşürük... üzü şəhərə tərəf...

# 1998 dəfə oxunub

Oxşar xəbərlər

Nəbi Xəzrinin oğlu:  "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

Nəbi Xəzrinin oğlu: "Atam ermənini döydüyünə görə universitetdən qovulub" - Müsahibə

09:00 30 sentyabr 2024
Dörd ilin tükənməz xatirəsi

Dörd ilin tükənməz xatirəsi

09:00 27 sentyabr 2024
Xalq düşməninin nəvəsi:  "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

Xalq düşməninin nəvəsi: "Mircəfər Bağırovu babamın ifadəsinə görə güllələyiblər" - Müsahibə

09:00 26 sentyabr 2024
Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

Tamada nazir, Stalinin şeirləri və həbs edilən qadınlar - "Molotov kokteyli" necə yaranıb?

15:00 21 sentyabr 2024
Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

Penisilin və nüvə texnologiyası burada hazırlanıb - SSRİ-nin ən sirli adası

12:00 20 sentyabr 2024
Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

Sevdiyi qıza görə sürgün edilən şair - Onun Azərbaycana gəlişinə kim mane oldu?

21:00 18 sentyabr 2024
# # #