"Qırmızı ordu başdan-ayağa ermənilərdən ibarət idi..." - Onlar kimi "Türkiyə agentləri" adlandırırdılar?

"Qırmızı ordu başdan-ayağa ermənilərdən ibarət idi..." - Onlar kimi "Türkiyə agentləri" adlandırırdılar?
30 mart 2026
# 10:00

Kulis.az Xəlil İbrahimin "Azərbaycan" qəzeti 31 mart 1919-cu il tarixli 147-ci sayında işıq üzü görmüş "Mart hadiseyi-ələmiyyəsinin müxtəsər tarixçəsi" yazısını təqdim edir.

1914-cü il ibtidalarında Avropa müharibəsi başlanana qədər erməni ictimai dairələri və mətbuatı Türkiyə hökumətinin ermənilərə münasibətində etdiyi vəhşiliklər haqqında səs salıb heç bir şeyi unutmayaraq hər cür iftira və yalanlar ilə Yevropa əfkari-ümumiyyəsini müsəlmanlar əleyhinə qaldırmağa çalışdılar.

"Daşnaksakan" firqəsinin və erməni şovinistlərinin müsəlmanlar əleyhinə xüsusən türklər və müharibə ibtidasından Kavkasya müsəlmanları əleyhinə etdikləri işlər hamıya məlumdur. Yevropada və Rusiyada yaşayan ermənilərin hamısı müttəhüdülqövl bütün dünyaya müraciətən "Ermənistan ermənilərə çatmalıdır" deyə qışqırmağa başladılar. Hər yerdə erməni könüllü dəstələri təşkil edilib Kavkasyaya göndərilirdi.

Bu könüllü dəstələr hər yerdən keçdikdə rus saldatı adilə qabaqlarına gələn müsəlman kəndlərini qarət edib dağıdırdılar. Daşnaklar əfkari-ümumiyyəyi müsəlmanlar əleyhinə qaldırmaq arzusilə özlərini o yerə yetirmişdilər ki, Bakı gömrükxanasından düyü və ceviz aparan arabaları kisələrdə patron və qeyr mühümmati hərbiyyə var bəhanəsilə tutub axtarırdılar. Guya ki, müsəlmanlar silahlanırlar. Bu məftinanə və yalan xəbərləri əhali arasında nəşr etməkdən ötəri ermənilər rus milli komitəsinin müavinətindən istifadə edirdilər.

Türkiyə əsgərləri Kavkasya cəbhəsində geri çəkildikləri zaman Türkiyə erməniləri Kavkasya ermənilərinə qoşulub geri çəkilən Türkiyə əsgərlərinə hücum ilə onları təqib etməyə başladılar. Bir tərəfdən Androniklərin, gidər tərəfdən Dro, Keri və Muradın dəstələri hücum etməkdə idilər. Müsəlman kəndlərinin hamısı qarət edilib dağılmış idi. Dəmir yol xəttinin hər bir nöqtəsində müsəlmanlar silah daşıyır deyə agentlər qoyulmuşdu. Bu agentlər bir çox müsəlmanı da tutub öldürmüşlərdi.

1917-ci il ibtidasında hürriyyət elanından sonra, onlar pərdəni götürüb öz üzlərini aşkara çıxardılar. Rus saldatları hürriyyətdən istifadə edərək müharibəni qət edib evlərinə getdikləri zaman erməni saldatları daşnaklar ilə birləşib rus saldatlarının buraxdıqları mühümmati-hərbiyyəyi cəm etdikdən sonra dəstələr düzəldib, rus saldatı adı ilə müsəlman kəndlərini dağıdıb talan və qarət etməyə başladılar. Rostovdan başlamış Tiflisə qə- dər hər bir stasyonda müftənilər rusları müsəlmanlar əleyhinə qaldırdılar. Bu fitnəkarlıqların nəticəsi olaraq bir çox müsəlman qətl edildi.

Dağılmış və yandırılmış dəmiryol moqifləri bunu gözəlcə isbat ediyor. Xaçmaz moqefində olan facianə hadisələrə gəldikdə onları təsvir etmək mümkün deyildir. Əlbəttə ki, bu hadisələr müsəlmanların qəlbini dağdar edib gəldikcə böyük düşmənçiliyə bais olurdu. Bu zamanda Bakıda əmələ və saldat vəkilləri şurası vücudə gəldi. Sosialist bayrağı altında məzkur şuraya daxil olan daşnaq Şaumyan, Saakyan və Arakelyan müsəlman fəhlələrinin şura heyətinə daxil olmasına hər cür müqavimət göstərməyə çalışdılar. Mədənlərdə və zavodlarda qırmızı ordu (Krasnaya Armiya) təşkil edildi. Bu orduya ermənilər, ruslar və müsəlmanlar da yazılırdılar. Lakin müsəlmanları qəbul etmirdilər. Qırmızı ordu başdan-ayağa ermənilərdən ibarət idi. Bu ordunun başında cəllad Avakyan dayanmış idi.

Bu vaxt müsəlmanlar, gürcülər və ermənilər misali özləri üçün milli ordu təşkil etməyə çalışırdılar. Seymin binagüzarlığına görə Gəncədə duran 216-cı və Bakıda olan 219-cu alaylar özlərində olan mühümmati-hərbiyyəni Gəncə və Bakı alaylarına verməli idilər. Lakin ermənilər nə Gəncədə və nə də Bakıda müsalmanlara heç bir şey vermədilər. Hər bir şeyi yığışdırıb özlərilə apardılar. Bu iş üstə Gəncədə müsəlmanlar ilə ermənilər arasında fəna nəticələr ilə təhdid edən ədavət vücuda gəldi.

Düşmənçilik edənləri barışdırmaq və müsadiməni rəf etməkdən ötəri Tiflisdən-Seym tərəfindən, Bakıdan isə müsəlman və erməni milli şuralarından və "Müsavat" firqəsindən Gəncəyə vəkillər göndərildi. Bir növ ilə bu iş qurtardıqdan sonra müsəlmanlar tezliklə öz qüvvələrini milli ordu təşkilinə sərf etməyə başladılar, daşnaklar var qüvvələri ilə bizə mane olmağa çalışırdılar. Onlar fitnəkarlıqdan və yalandan çəkinib həya etmirdilər. Bu qərar üzrə onlar Seymdə "Müsavat" əleyhinə fitnəkarlığa başlayıb "Müsavat" firqəsini türklər ilə sazişə girməkdə müttəhim etməklə bərabər müsəlmanların özləri üçün ordu düzəltmələrinə məmaniət göstərilməsini təklif ediyordular.

Ermənilər mətbuatda bu cür fikir yürüdüb ələlümdə "Müsavat" firqəsinə və müsavatçılara hücum etməklə bərabər onları Türkiyə agentləri adlandırırdılar. Müsavatçılar isə var qüvvələri ilə cəmaəti sakit etməyə və bu iki millət arasında mehriban münasibət saxlamağa çalışırdılar. Bu məqsəd ilə də bir çox müttəhid mitinqlər tərtib verilib hər iki millətin ruhanilərindən və ziyalilərindən müavinət istənilirdi. Hər iki millət ruhanilər arasında təntənəli qardaşlıqlar vaqe olurdu. Bizi sakit edib inandırırdılar ki, ermənilər bizə dostdular. Amma bununla belə daşnaklar yatmayıb xəlvətcə öz işlərini işləyirdilər.

Həştərxandan, Petrovskidən, Krasnovodskidən gələn ermənilər bu bəhanə ilə Bakıda saxlanılırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər. İrandan və Krasnovodskidən paraxodlarda şura hökuməti adına gətirilən mühümmati-hərbiyyə və qeyri şeylər həqiqətdə isə daşnakların əlinə keçirdi. Bu şeylər etibarlı yerlərə yığılırdı. O cümlədən Mantaşovun zavoduna və qeyri yerlərə. Bunların hamısı ilə bərabər eyni zamanda Şaumyan və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu. Şaumyanın bu münasibətlə yazdığı məktub Gəncə Komitəsinin əlinə keçdi. Bu kağızdan aşkar görünürdü ki, Şaumyan və Avakyan xalis daşnakdırlar. Şura hökumətinə daxil olan müsavatçı fəhlələr Şurada olan bütün qara işləri aşkar görüb dəfələrlə deyib şuraya göstərdilər ki, erməni şovinistləri sosialist maskası altında şurada işləməkdədirlər. Müsavatçı fəhlələr az olduğundan onların sözlərinə etina olunmayırdı.

Müsəlman ərkani-hərbi birinci dəfə Bakıya gəldiyi zaman erməni millətpərətsləri şura adı ilə ərkani-hərb heyətinin hamısını tutub həbs etdilər. Bakı müsəlmanları bu işdən narazı olub həyəcan-artdı. Prosetə olaraq bazar, dükan bağlandı. Müsavatçılar var qüvvələri ilə əhalini sakit etməyə çalışdılar. Axırda həbs edilənlər azad edildilər. Lakin müsəlmanlara sataşmaq davam edirdi. Xüsusən Bakı moqefində başsızlıqlar vücüdə gəlib bir neçə müsəlman tələbəsi qətl edilmiş idi. Bakı moqefində o qədər başsızlıq artdı ki, Zakavkasya dəmir yolu ilə getmək istəyən müsəlmanlar moqefdən qaçıb Heybət moqefinə gedirdilər, oradan qatar ilə yola düşürdülər.

Erməni kəndinə getmək daha təhlükəli idi. Salamat gedən daha qayıtmayıb, xəbər belə olmayırdı. Məlum oldu ki, erməni saldatları məşhur qaniçən Amazaspın kamandasına verilmişdi. Onlar hamısı Şura hökumətini qəbul etdilər. Müsavatçılar məxfi mənbədən xəbərdar oldular ki, ermənilər, erməni kəndində xəndəklər qazıb istehkamat yapmaqdadırlar. "Müsavat" firqəsi öz nümayəndəsi vaistəsi ilə bu əhvalatı qradonaçalnik Terminasyandan xəbər almışdı.

Bu əhvalat daşnaklar vasitəsilə təftiş edildikdən sonra aşkar olmuşdur ki, müsavatın aldığı xəbər doğrudur, üzr istədilər və xəndəklərin doldurulmasına binagüzarlıq olundu. Fəqət bir neçə vaxt keçdikdən sonra bu xəndəklər təzədən qazılmışdı. "Müsavat" firqəsinin bu münasibətlə ikinci dəfə etdiyi protestinə Terminasyan cavab vermişdi ki, bu xəndəkləri ermənilər başqa qəsd üçün deyil, ancaq özlərini müdafiə və mühafizə etməkdən ötəri qazırlar. Bu işlərin hamısı müsəlmanları əsəbiləşdirib həyəcana salırdı. "Müsavat" fraksiyasının əmələ və saldat vəkilləri şurasına dəfələr ilə etdiyi müraciəti nəticəsiz qalırdı. 1918-ci il martıq 14-də Əmirovun kamandası altında Şamaxıya bolşevik əsgəri dəstəsi göndərilmişdi. "Müsavat" firqəsi bu əsgəri dəstəni göndərməkdən məbsep ue olpduğunu sorduqda əmələ və saldat vəkilləri şurası cavab vermişdir ki, bu dəstə uyezddə olan xırda üsyanı yatırmaqdan ötəri göndərilir. Buna qədər Hacıqabuldan Salyana və oradan da Muğana bolşevik qoşunu göndərilmiş idi. Lənkəranda olan Dikiy diviziyanı tərkisilah etmək üçün dəniz təriqi ilə bolşevik dəstələri göndərilmişdi.

Bunlar hamısı erməni milli şurasının xəbəri ilə edilirdi. Göndərilən bolşevik əsgərlərinin hamısı yolda qabaqlarına gələn müsəlman kəndlərini dağıdıb zirizəbər edirdilər. Bu qərar üzrə Astarayadək bolşevik əsgərləri göndərilmiş idi. Astara top atəşinə tutulub qarət edildikdən sonra, əhalinin var-yoxu aparılmışdı. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasında olan hamı müsəlman kəndləri "Aleksandr Candar" paraxodu tərəfindən top atəşinə tutulmuşdu. Stopka Palayevin quldur dəstəsi gecələr müsəlman evlərinə hücum edib ev sahibinin silahını aldıqdan sonra özünü kötəkləyirdilər. Flot matrosları da bu cür hərəkətdə bulunurdular. Yanvar ayından başlamış Mart hadisələrinə qəbər bu hal davam edirdi. Hacı Zeynalabdin Tağıyevin oğlunun cənazəsini Bakıya gətirən 48 nəfər Dikiy diviziya əsgərləri şəhərə gəldikdən sonra, şəhər əhvalı daha da fənalaşdı. Şəhərin hər yerində müsəlmanlar əleyhinə mitinqlər tərtib edilirdi. Əhali həyəcana düşüb hadisələri gözləyirdi.

Müsavatçilar var qüvvələrini bu işlərin hamısının sülh ilə bərtərəf olmasına sərf edirdilər. Lakin daşnaklar yatmırdılar. Fevral ayından başlamış onlar xəlvətcə erməni ailələrini şəhərin müsəlman hissəsindən köçürməyə başladılar. Bununla belə şayiət buraxdılar ki, müsəlmanlar bütün xristianları məhv etməyə hazırlaşırlar, xüsusən müsavatçıları müttəhim edirdilər. Şura hökuməti başında olan Şaumyan, Saakyan və Arakelyan bu qeyri-təbii əhvalın bərtərəf edilməsi üçün heç bir təşəbbüsatda bulunmayırdılar. Müsavatın hər bir müraciətinə onlar cavab verirdilər ki, hər bir işdə müsəlmanlar özləri günahkardılar və işlərin belə olmasına müsəlmanlar çalışırlar. Bunlara baxmayaraq müsəlmanlar fikilərinə belə gətirmirdilər ermənilər ki, Mart hadisatına bais ola biləcək bir nadanlıq edə bilərlər. Bununla belə müsəlmanların bu niyyətlərinə şübhəli baxırdılar. Bu halda Şamaxı hadisələri haqqında Bakıya xəbərlər gəlməyə başladı.

Martın 16-da xəbər gəldi ki, bolşevik saldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqgələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Noxanlı, Qarxunlu və qeyrilərini qarət edib, müsəlmanları qırırlar, müsavatçılar bu kəndlərin müsəlman əhalisini sakit etməyə ça- lışıb onları inandırırdılar ki, müsəlmanlar ilə ermənilər arasında ədavət yoxdur. Eyni zamanda Bakıda olan erməni saldatları körpülərdə olan fəhlələri, hambalları və qeyri-müsəlmanları döyüb incidirdilər. Mart ayının 17-də Bakıya xəbər verildi ki, ermənilərin milli qoşunları Şamaxıyadək yetişmişlərdir və orada ermənilər ilə müsəlmanların əlaqəsi çox kəskinləşmişdir, hətta xırda müsadimələr də vaqe olmuşdur. Ələlmüm Şamaxıdan gələn xəbərlər çox yaxşı deyildi.

Haman gün mart ayının 17-də axşam Avetik paroxodunda bir çox arvad, uşaq, qoca kişilər, müsavat nümayəndəsi və 38 nəfər "Dikiy diviziya" saldatları Lənkərana getməlidirlər. Fəqət Şura hökuməti paraxod komandirinə əmr vermişdi ki, xüsusi icazə almayanadək yola çıxmasın. Heç bir şeydən xəbəri olmayan sərnişinlər bu əhvaldan həyəcana düşürlər. Saat 10 radələrində bir qarqaşalıqlıq olur. Deyirlər ki, erməni saldatları körpünü əhatə etmişlərdir. Əhvaldan xəbər bilmək istəyən müsəllah Dikiy diviziya nəfəratı atəşə məruz qalır. Bu hində kornudə atışma başlar və on beş dəqiqədən sonra qurtarar. "Müsavat" üzvlərindən bir neçələri arayı sakit etmək üçün kör- püyə gələrlər, sonra başlanan atışma nəticəsiz olaraq yarım saat davam edər. Sonra gecə saat üçədək xəndəklərdə əyləşərlər. Sair firqə üzvləri ilə bərabər "Müsavat"çılar Şura hökuməti komitəsinə gələrlər. Oradan bir neçə nəfər alıb körpüyə gəlirlər və məqsəd də bu idi ki, orada olan hadisə bir növlə yatırılsın. Ermənilər bu hadisədən istifadə edərək bütün şəhər içərisində atışmaya başlayırlar. Gecə Şura qoşunu namilə ermənilər Velikokinyajski, Olqenski və Voronsovski caddələrini işğal edirlər. Haman gecə ermənilərin süvari qoşunları küçələri dolaşıb, əhalini daha artıq xof və dəhşətə salırlardı. Müsavatçılar bu yolda çox çalışdılar. Həyəcana düşmüş müsəlmanları sakit edirdilər.

Küçələrdə qalan müsəlmanları evlərinə qaytarırdılar və eyni zamanda Dikiy diviziya saldatlarını vadar edirdilər ki, onlar silahlarını təslim etsinlər. Zira bolşeviklər silah təslimindən sonra onları azad edəcəklərini bildirdilər. Nəhayət, saldatlar silahlarını müsavatçılara verərək bəyan etdilər ki, ortalıq qarışmasın deyə bunları təslim edirlər. Lakin bolşeviklər ilə daşnaqlar yatmırdılar. Bizimkilər pristanda əhatə edildikləri zaman onlar müsəlmanlara hücum etmək istəmişlərdi. Fəqət onlar Şamaxı qoşunlarını gözlədiklərindən bir gün sonraya bu qırğını təxir edirlər. Müsavatçılar İcraiyyə Komitəsindən mart ayının 18-də yekşənbə günü səhər saat 7-də qayıdırlar. Müsəlmanlar saldatların silahlarını aldığını duyaraq həyəcana düşürlər və dükanları bağlayaraq milli komitə iclasına gəlirlər.

Mitinqdə natiqlər etiraz nitqləri deyərək bir neçə nəfər vəkil seçirlər ki, onlar icra komitəsindən tüfəngləri tələb etsinlər və bəyan olunsun ki, tüfənglər qaytarılmadıqca bazarı açmayacaqlar. Müsavatçılar bu mitinqlərdə cəmaəti asudalığa dəvət və üç dəfə intibahnamələr buraxaraq dükançılara dükanlarını açmağı təklif edərlər. Axırıncı intibahnamədə bildirilmişdi ki, icra komitəsi axşam saat 6-da silahları qaytaracaq və üzr dəxi istəmişdir. O zamanki müsavatçılar əhalini asudalığa dəvət edirdilər, eyni zamanda Şura qoşunları, erməni saldatları rast gələn müsəlmanları silah bəhanəsilə axtarırdılar.

Daşnaq saldatları qaravulda duran beş nəfər müsəlman sal- datlarını samosud etmək istəmişsələr də ruslar və müsəlmanlar yetişərək bunları xilas etmişlərdir, bu hində xəbər yetişir ki, şəhərin kənarında və Şamaxı altında Stopka Lalayevin dəstəsi müsəlmanları qırır. Bu xəbərlər və erməni saldatlarının insaniy- yətdən kənar hərəkətləri müsəlmanları fövqəladə bir surətde həyəcana salırdı. Saat 5-də müsavatçılar İcraiyyə Komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir ki, bolşeviklər Şamaxı küçəsində müsəlmanlara hücum edib onları öldürürlər. Axşam saat 6-da bir çox müsəlman vağzalda tofiq edilmişlərdir. Axşam saat 7-də bolşeviklər rastlarına gələn müsəlmanları öldürməyə başladılar. Müsavatçılar dəfaatla icra komitəsinə müraciət etmişsələr də hər dəfə: heç bir şey bilmirik cavabını alırmışlar. Bu vaxt Mars teatrosunun damından pilyomot işləməyə başlar. Saat 10-da məlum olur ki, Velikokinyajski, Olqinski və Маrinski küçələr bolşeviklər tərəfindən işğal edilib şəhərin aşağı hissəsi ilə əlaqə kəsilmişdir. Saat 11-də erməni nümayəndəsi doktor Ter-Zaxaryan müsavat idarəsinə milli komitəyə gəlib demiş ki, erməni milli komitəsi Metropola yığışmışdır ki, müsəlmanlar ilə bir yerdə bolşeviklərin qarşısına çıxmaq üçün şura etmək istəyirlər.

Və əlavə etmişki: Bizim Şura qoşunu ilə heç bir əlaqəmiz yoxdur, bu siyasi bir mübarizədir, çalışmalı ki, bu mübarizə hər iki millətə zərər yetirməsin. Bu zaman müsəlmanlar müavinət etmək... Milli Komitədən Əlimərdan bəy Topçubaşov, Əbdüləlibəy Əmircanovu, Ağahüseyn Tağıyevi, Yusifəli Əliyevi: müsavatdan Əmin Məmmədovu; Səməd bəy Əliisgəndərovu, Əsədulla Əhmədovu oraya göndərirlər. Axşam saat səkkizdə səkkiz nəfər müsəlman bir nəfər erməninin sözünə görə Metropola əzimət edirlər. Müsəlmanlar və erməni milli komitəsi bu yerədək ermənilərə inanırdılar. Vəkilləri erməni saldatları gülləyə basdığından bunlar qayıdırlar, sonra Ter-Zaxaryan telefon ilə Metropola Ter-Mikaelyans və Taqiyanosov ilə danışar və qərar qoyarlar ki, səhər saat 7-də yığışsınlar.

Eyni zamanda ermənilər söz verirlər ki, erməni. hissəsində olan müsəlmanları mühafizə edəcəklərdir. Müsəlman hissəsində olan erməniləri də müsəlmanlar mühafizə etsinlər. Müsəlmanlar bu barədə məhəllələrə əmr verirlər. Saat 5-də bildik ki, bizi aldatmışlardır. Bunlar bir tərəfdən bizimlə danışığa girişdiyi halda digər tərəfdən Şaumyan və eserlər ilə barışığa girmişlərdir.

Bunlar qət etmişlər ki, bizi aldadıb bütün ixtiyarı əllərinə alsınlar. Müsavatın birinci şöbəsindən bildirildi ki, ermənilər hücum edirlər və zirehli avtomobillər Müsavat qarşısında dayanıb onları gülləyə basır və bir neçə müsəlmanı küçəyə çağırıb öldürmüşlərdir.

Müsəlmanlar icra komitəsinə müraciət ilə "Nə üçün belə edilir?" dedikdə: sizə belə lazımdır deyə - Qaraxanyan cavab verirmiş.

"Azərbaycan" qəzeti № 147, 31 mart 1919.

# 122 dəfə oxunub

Oxşar xəbərlər

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

15:00 27 mart 2026
İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

İsmayıl Bəy Qaspıralının Turançılıq ideyası özündə nəyi ehtiva edirdi?

14:30 20 mart 2026
Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

Cümhuriyyətin ilk xarici işlər naziri - Onu kimlər intihara məcbur etmişdi?

15:00 15 mart 2026
Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

Yusuf Akçura millətin inkişafında hansı təməl faktorları önəmli hesab edirdi?

14:10 11 mart 2026
"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..."  - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

"1905-1918-ci illərdə türk əleyhinə çevrilən genosid..." - Yaşar Qarayev Əli bəy Hüseynzadə haqqında nə yazırdı?

12:00 9 mart 2026
“Mənim heç kimim qalmadı...” -  Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

“Mənim heç kimim qalmadı...” - Qacar şahı Əli bəy Hüseynzadəni hansı əsərinə görə ordenlə təltif etmişdi?

12:00 7 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər