Xəyalən toyunda oynayan şəhid - İlyas Əzimov

Xəyalən toyunda oynayan şəhid - İlyas Əzimov
19 may 2026
# 13:35

Kulis.az İlyas Əzimovun "Xəyalən toyunda oynayan şəhid" yazısını təqdim edir.



Qobustan rayonunun ən gənc şəhidi Fədail Nadirovun (23 iyul 1999--26 oktyabr 2020) əziz xatirəsinə ithaf edirəm.


Oğlan döyüşə gedirdi... Qohum-tanışlar onu yola salırdılar. Anası başına dolanıb hönkür-hönkür ağladı, nitqi tutulmuşdu, danışa bilmirdi:

-...Qurbanın olum ay bala, özünü gözlə... Qardaşları boynunu qucaqladı. Atası kövrəlsə də biruzə vermədi:

- Bala o qaniçənləri diz çökdürün, məhv eləyin!

Maşına minəndə arxadan qohum qadın səsləndi:

- Sağ-salamat qayıt gəl ay bala, əhd eləöyirəm kişim məni söysə də, döysə də, lap elə boşasa da sənin toyunda ayaqyalın-başıaçıq, sındıra-sındıra şıdırğı oynayacam!

Hamı gülüşdü.
Maşını qardaşı sürürdü. Beyləqan yoluna çıxanda oğlan sevdiyi qızla gecə görüşünü xatırladı. Ayrılanda qız göz yaşı tökdü:

- Hər gün sənə dua edəcəm ki, salamat qayıdasan! Qulağına söz deyim... Oğlan başın əyəndə qız çəpərin o biri tərəfində keçi kimi tullanıb onun üzündən öpüb qaçdı... Yaxındakı ağacın arxasına keçib başını çıxardı, əl edib güldü:

- Gözləyəcəyəm səni... Məni unutma haa!

Dönüb evlərinə tərəf kəpənək kimi uçdu. Oğlan gecəni səhərə kimi yatmadı...

Yenə qohum qadının səsi gəldi qulaqlarına:

- Şıdırğı oynayacam... Toyu olacaqdımı? Axı müharibəyə - Qarabağ uğrunda döyüşə, od-alovun içinə gedirdi... Orda əlillik-şikəstlik də, itkinlik də, ölüm də vardı. Darıxdı. İxtiyarsız əlini üzünə aparıb busənin yerini sığalladı, qorxdu... Utanıb qardaşına baxdı. Onun diqqəti yolda idi, sakitləşdi. Yenə toyunu düşündü və birdən...hər şey gözü önündə canlandı!

...Axşamdan xeyli keçmişdi. Oğlan eyvanda var-gəl edirdi, gözü telefonda idi. Nəhayət ki, zəng gəldi, tez telefonun üstünə şığıdı.

...Qız həyəcanlı idi:

- Axşamın xeyir, muştuluğumu ver, atamgil sizinkilərə "həri"mi verdilər!

Oğlan az qaldı qanad açıb uça, səsi titrədi:

- Əzizim, şad xəbər olasan, öpürəm səni!

Telefonda qız kəsik-kəsik nəfəs alırdı:

- Mən də, mən də - dedi və hıçqırdı. Sevincdən ağlayırdı... - Ay aman, kimsə gəlir, gecən xeyrə!- deyib telefonu söndürdü.

...İndi də qardaşından zəng gəldi:

- Ayə hardasan? Şad xəbərlə gəlirik, darvazanı aç!

Maşın həyətə girdi. Atası da, elçi gedənlər də onu təbrik elədilər. Anası boynunu qucaqladı:

- Ay bala, qurbanın olum gözün aydın, qız sənindir, toya hazırlaşaq!

Bu da toy... Xoş anlar, saatlar gedir... Qohum-tanış, kənd adamları onları təbrik edirlər, deyib-gülürlər, oynayırlar, arabir bəylə-gəlini çağırıb birgə oynadırlar... "Toyunda oynayacam" deyən qadın qohumu əri ilə ortalıqda ayaqyalın-başıaçıq quş kimi süzürdü. Çox keçməmiş əri yorulub tərini silə-silə kənara çəkildi:

- Arvad məni "abqon elədi", əldən saldı...1-0 arvadın xeyrinə!

Gülüşdülər...Toyun sonunda hamı xorla səsləndi:

- Bəylə-gəlin oynasın!

Oğlan ayağa durub gəlinin qolundan tutdu...
...Maşını sürən qardaşı arabir gözaltı ona baxırdı. Oğlan bərk fikrə getmişdi, dalğın idi, gözləri uzaqlara dikilmişdi, nədənsə birdən-birə canlandı. Dik oturdu, özündə deyildi, aramsız gülümsəyirdi, qəflətən əlini qapıya atdı.

Qardaşı diksindi, tez maşını kənara sürüb saxladı. Fədail tələsik düşüb maşının önünə keçdib asfalt yola çıxdı və qollarını qaldırıb gülə-gülə oynamağa başladı. Qardaşının gözləri böyüdü, baxa-baxa qaldı, oğlan elə bil həqiqi toyda oynayırdı...

...Bəylə-gəlin "Vağzalı"nın sədaları altında mağardan çıxıb pilləkənlə yuxarı qalxdılar. Qohumları şən, zarafatcıl gəlin onu saxlayıb güldü:

- Fədail o...olmaaz! Sən yen aşağı uşaqların yanına, bir az gözlə, gəlini içəri aparıb rahatlayaq, sonra gələrsən.
Oğlan tay tuşları ilə danışsa da. fikri yuxardaydı.
Eyvanda qız-gəlinlər deyib gülə-gülə hazırlıq görürdülər. Birdən ana səsləndi:

- Ay qızlar başımı qatdınız, uşağı gözlətdik. Ay bala qadan alım, gəl yuxarı!

Zarafatcıl gəlin qohumu yenə onun qabağına çıxdı:

- Ay bəy gəl da...a bə! Ayrı vaxt hər axşam şalban kimi qızgilin evlərinin böyründə bitirdin, çəpərlərinin dibini su yolu eləmişdin, qızla elə hey pıça-pıç söhbət edirdin, indi noolub ayaqlarını sürüyürsən?! - əllərini belinə vurub gözlərini süzdürdü, nazlandı:

Evlən deyiləndə yaman gülürdün,
Bəyliyi də sən əfsanə bilirdin.
O bəylik bu gecə gəldi bir kərə,
Bu gündən subaylıq - şirin xatirə!


Tez ol, yarın gözləyir səni...yəqin ki, indi ürəyi döyünür: Fədail indi gələr, bir azdan gələr, indi gələr, bu saat gələr...

Qız-gəlinlər gülüşdülər. Oğlunu qucaqlayıb öpən ana da şirinlik elədi:

- Ay gəlin canın yanmasın, uşağı karıxdırma, gedib içəridə də karıxar!

Qız-gəlinlər uğunub getdilər, pörtmüş Fədaili xəfifcə itələyib içəri saldılar:

- Qoşa qarıyasınız, di get, yarına yiyə dur!
Qapını möhkəm örtdülər.

Bu da zifaf gecəsi...İlahinin insanlığa bəxş etdiyi sözlə, rəsmlə, heç nəylə təsviri mümkün olmayan möhtəşəm anlar, vüsal dəmi... Güzgü önündə özünə sığal verən gəlin səsə döndü. Şamların işığında yanaqları lalə kimi alovlanırdı, gəlinlik paltarında ağ göyərçinə oxşayırdı, o qədər gözəl idi ki, o qədər gözəl idi ki... Elə bil heç yer adamı deyildi, göylərdən enmişdi... Baxışdılar, ürəkləri döyündü, Fədailin səsi titrədi:

- Əzizim, xoş gəlmisən, ömrümüz boyu xoşbəxt olaq!

Gəlinin sevincdən gözləri doldu:

- Amin, əzizim!

...Sanki yuxu görürdülər, əsrarəngiz bir yerdəydilər, üfüqdən təzə qalxmış üzü xallı ay nur ələyirdi, ulduzlar xumar-xumar göz vururdu..."Karvan yolu" dəvə karvanı kimi baş alıb sonsuzluğa gedirdi. Başı qarlı dağlar qürurla durmuşdular. Şəlalə özünü qayadan atmışdı, bulaq yuxulayan körpə uşaq kimi mışıldayırdı. Çay suları zümzümə ilə axırdı, göylərə güzgü tutmuşdu, quşlar cəh-cəh vururdu, meşə ahəstəcə uğuldayırdı.

Elə bil dünyada insan yox idi, bir onlar idi, bir də milyon illəri yola salmış həmişəcavan qoca dünya. Əsən ətirli meh də məhəbbətə köklənmişdi. Yer də, göy də əbədi məhəbbət nəğməsi oxuyurdu. Oğlan qeyri-ixtiyari qollarını açıb yarına tərəf yeridi. Çatar-çatmaz birdən elə bil güclü zəlzələ oldu, yer titrədi, gurultu qopdu...

Oğlan səksənib özünə gəldi, key-key baxıb məəttəl qaldı, maşın siqnal verirdi, özü isə asfalt yolun ortasında qol götürüb oynayırdı. Şütüyən maşınlardakı adamlar maraqla ona baxıb əl edirdilər. Nə vaxt maşından düşüb bura gəldiyini kəsdirə bilmədi...

Yenə siqnal səsi gəldi, qardaşı pəncərədən səsləndi:

- Fədail, oynadığın bəsdir, gecikirik, gəl gedək!

Oğlan qollarını endirdi, kirimişcə gəlib maşına mindi, şirin bir yuxu görürmüş kimi köksünü ötürdü, yavaşdan ah çəkdi. Axı indicə bəy otağında idi, gəlin də yanında... Gözucu qardaşına baxıb qızardı, ancaq o heç nə başa düşməmişdi, sakitcə maşını sürürdü...

Füzuli uğrunda silahdaşları ilə şir kimi vuruşurdu. Ağır mühasirəyə düşmüş döyüş yoldaşlarını mühasirədən təkbaşına çıxardı. Döyüş meydanında yaralı və şəhidi buraxmazdı. Qubadlıda yaralansa da döyüşü tərk etmədi. Qırmızı Bazarda üç gün dayanmadan döyüşdülər, çoxlu düşmən əsgərini məhv elədi. Evləri ilə son dəfə danışarkən-qardaşımın oğlu olsa Fədail qoyarsınız adını -demişdi. Füzulinin 40 metr deyilən ərazisində tabor komandiri ilə birlikdə erməni istehkamını məhv edərkən 26 oktyabrda qəhrəmancasına şəhid oldu...

Yəqin ki, ölümqabağı əlini üzünə - busənin yerinə apardı, toyunu xatırladı, kədərlə gülümsədi, axı xəyalən də olsa öz toyunda oynadı, zifaf gecəsini gördü !
Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhun şad olsun Fədail! ALLAH Sənə, şəhid Toğrula, şəhid Əkbərə və bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanınız cənnət olsun, amin! Xalqımızın qəlbində əbədi yaşayacaqsınız, qiyamətə qədər indiki və gələcək nəsillərə əbədi nur saçan günəş oldunuz!

Rahat uyu Fədail! Sevdiyin qız nə vaxtsa lap elə valideynlərinin, qohumlarının təkidi ilə ailə qursa da səni ömrü boyu rəhmətlə, kədərlə, həm də fəxrlə, qürurla anacaq!

Əminəm ki, gözəl şair Ofelya Hacıyeva sənin-qəhrəman şəhidin nakam məhəbbətini ömrü boyu qəlbində ən qiymətli əmanət kimi saxlayacaq sevgilinin ürək çırpıntılarını illər əvvəl hiss edib görübmüş... Axı deyirlər şairlərin bəsirət gözü açıq olur...

Bahar çiçəklərdən xalı toxuyur,
Bülbül qızılgülə nəğmə oxuyur.
Təbiət bənövşə, lalə qoxuyur,
Qəlbim kövrəlibdi bir uşaq kimi.
Hər yanda, hər yerdə göyərib izim,
Yanıb bu yollarda bir çıraq kimi,
Səni gözləyirəm, səni əzizim.


...Yollar dolaşıqdı, mənsə piyada,
Kimsə də çatmayır yollarda dada.
Bir ömür atmışam dünyada oda,
Tutub xəyalımın ətəklərindən,
Mən öz taleyimi izləyəcəyəm,
Yanıb ulduzların bəbəklərində,
Səni gözləmişəm, gözləyəcəyəm!


P.S. İlk dəfə videoya baxarkən şəhidin məhz öz xəyali toyunda oynadığını mən gördüm! Çox duyğulandım, fikirləşirdim yazım, ya yazmayım?! Nəhayət, qərara gəldim ki, yazım, duyğularımı paylaşım, mən gördüyüm xəyali toyu... qoy hamı görsün !

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Əbədiyyətə qovuşan "həvari" - Bir şair bir ölkənin tarixini necə dəyişdi?

Əbədiyyətə qovuşan "həvari" - Bir şair bir ölkənin tarixini necə dəyişdi?

14:05 19 may 2026
19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı - Bu məxsusi tarix necə yarandı?

19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı - Bu məxsusi tarix necə yarandı?

12:40 19 may 2026
Müasir dünyaya nifrət edən baron - Faşistlərin belə qorxduğu filosof kim idi?

Müasir dünyaya nifrət edən baron - Faşistlərin belə qorxduğu filosof kim idi?

12:20 19 may 2026
“Kitabı daha yaxşı idi” mifini darmadağın edən 5 film

“Kitabı daha yaxşı idi” mifini darmadağın edən 5 film

11:00 19 may 2026
“Space FM”ə yeni direktor təyin olundu

“Space FM”ə yeni direktor təyin olundu

10:01 19 may 2026
Mətanətlə, dəyanətlə qoşam mənim, Şuşam mənim! - Günün şeiri

Mətanətlə, dəyanətlə qoşam mənim, Şuşam mənim! - Günün şeiri

09:50 19 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər