Rus alimlərin “top-tüfəng”lə hücum etdiyi kitab - Məşhur şairi Türkiyədə niyə siyahıdan çıxardılar?

Rus alimlərin “top-tüfəng”lə hücum etdiyi kitab - Məşhur şairi Türkiyədə niyə siyahıdan çıxardılar?
18 may 2026
# 12:00

Bu gün görkəmli qazax şair və yazıçı Oljas Süleymenovun doğum günüdür.

Kulis.az Xalq yazıçısı Anarın "Oljas elə Oljasdır" yazısını təqdim edir.

Qazax xalqının mərd oğlu, görkəmli şair, dəyərli alim, ictimai xadim və diplomat, Azərbaycanın səmimi dostu və şəxsən mənim əziz dostum Oljas Süleymenov müdriklik yaşındadır. Yaşanmış ömrünün böyük hissəsi Türk dünyasının şeirinə, tarixinə və ədəbiyyatına təmənnasız xidmətlə keçib, sözdə yox, əməldə xalqların, ilk öncə də slavyan və türk xalqlarının yaxınlaşmasına sərf edilib. Bu iki uyqarlığın (sivilizasiyanın) dərin bilicisi Oljas hələ çox gənc yaşlarında yazdığı şeirlərinin birində bəyan etdiyi müdrik kəlama ömrü boyu sadiq qalıb:

"Dağları alçaltmadan Çölləri yüksəltmək" - Oljasın bütün poeziyası ucsuz-bucaqsız çöllərin, yazıların nəfəsi və rayihəsiylə doludur, amma eyni zamanda o dağların əzəmətinə də heyrandır. Bu ikili düstur onun elmi araşdırmalarının da mayasındadır. Mənimçün çox qiymətli olan avtoqraflarla bəxş etdiyi fundamental elmi kitablarıyla - "Tarixdən öncə türklər", "Yazının dili" adlı əsərləriylə tanış oluram - müəllifin geniş erudisiyasına, tədqiqatının dərinliyinə, mövqeyinin dəqiqliyinə qibtə ediləsidir.

"Türk günəşinin tüluu və qürubu" adlı məqaləsini Oljas bu cümləylə başlayır: "Dostlarım Anar, Elçin və Namik Kamal mənə "Dədə Qorqud haqqında yazmağı təklif etdilər". Dədə Qorqud haqqında az yazılmayıb, amma Oljasın adı keçən yazısı türk xalqlarının epik ənənəsinə, özəlliklə iki ölməz dastanda - "Kitabi-Dədə Qorqud" və "Koroğlu"da əks olunmuş ənənəsinə tamamilə yeni və orijinal baxışıyla fərqlənir.

Oljasla şəxsən tanış və dost olmazdan qabaq onu qiyabi tanıyırdım, Altmışıncılar nəslinin şeirində xüsusi koloritiylə seçilən poeziyasına bələd idim. Az sonra onun böyük qalmaqala səbəb olan "Az i Ya" kitabı nəşr edildi və bu əsər Çöllə Rus arasında münasibətlərin işıqlandırılmasında çevriliş törətdi...

Mühafizəkar düşüncəli rus alimləri - onların arasında nə yazıq ki, yüksək elmi nüfuza malik olanlar da vardı - kitabı top-tüfənglə qarşıladılar. Onlar Turk mədəniyyətinin slavyan mənəvi dəyərlərinə bərabər tutulmasının qəti əleyhinə idilər. Yalnız bir neçə alim və onların sırasında L.Qumilyov (yeri gəlmlşkən, Qumilyov Oljasın atasıyla sürgün qonşusu olub) ənənəvi və bəsit baxışların fövqündə duraraq Oljasın kitabını layiqincə qiymətləndirə bildilər.

"Az i Ya" kitabından əvvəl Oljas "Komsomolskaya pravda" qəzetində (31 oktyabr 1970) "İssık yazısı" adlı məqalə çap elətdirmişdi və bu məqalə atamın diqqətini cəlb etmişdi. Rəsul Rza bu münasibətlə Oljasa təqdir məktubu yazmışdı. 1975-ci ildə "Az i Ya" çıxanda Oljas kitabını atama aşağıdakı avtoqrafla göndərmişdi:

"Hörmətli Rəsul ağa! Minnətdarlıq hissiylə mənim bir məqaləmlə ("İssık yazısı" haqqında) bağlı mənə göndərdiyiniz məktubu xatırlayıram. Qoy bu kitab sizin xoş arzularınıza cavabımın başlanğıcı olsun. Sizin Oljas 20 iyul 75".

"Az i Ya" kitabına hücumlar başlarkən Rəsul Rza Oljasa yenə məktub göndərərək onu dəstəklədiyini bildirdi. Mənə xoşdur ki, bəzilərindən fərqli olaraq Oljas bunu minnətdarlıqla hafizəsində yaşadır və Rəsul Rzanın vəfatından sonra onun haqqında səmimi esse yazdı...

Ümumiyyətlə, Oljasın Azərbaycana münasibəti əsl dostluğun və qardaşlığın etalonudur. O bizim böyük klassiklərimizin - Nizaminin, Füzulinin, Səməd Vurğunun yubiley təntənələrinin daimi iştirakçısıdır. Moskvada Nəriman Nərimanovun yaşadığı evdə xatirə lövhəsinin açılışından xəbər tutan kimi Oljas ora gəlib tədbirə qatılmış, çıxış etmişdi. Rəhmətlik Prezidentimiz Heydər Əliyevə Oljas oğul mehribanlığı duyurdu və Heydər Əliyev də qazax şairinə böyük rəğbət bəsləyirdi. Oljas mənə danışırdı ki, Qazaxıstanın rəhbəri D.Kunayev (onu da deyim ki, "Az i Ya"ya hücumlar zamanı Kunayev onu müdafiə etmişdi) Oljasa da, bütün qazax xalqına da vəsiyyət edibmiş ki, Heydər Əliyevə həmişə böyük hörmətlə yanaşsınlar, çünki H.Əliyev Siyasi büro üzvlərindən yeganə şəxs imiş ki, Kunayevin Qazaxıstan MK-nın Birinci katibi vəzifəsində Kolbinlə əvəz olunmasına etiraz edib.

Oljasın bizim çağdaş poeziyamızın patriarxı Bəxtiyar Vahabzadəyə böyük ehtiramının da şahidiyəm.

Moskvada Ədəbiyyat İnstitutunda təhsil illərində Oljas Fikrət Qoca, Əkrəm Əylisli, Alla Axundovayla dostlaşıb. Daha sonralar onun azərbaycanlı dostları sırasında - Yusif və Vaqif Səmədoğlular, Maqsud və Rüstəm İbrahimbəyovlar, Elçin, Sabir Rüstəmxanlı, Kamal Abdulla, Çingiz Abdullayev; rəssamlardan Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov; musiqiçilərdən Arif Məlikov, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və başqalarının adlarını çəkmək olar.

Şumerə ortaq maraq, türk dillərinin mənşəyi haqqında axtarışlar onu mərhum dilçimiz Aydın Məmmədovla yaxınlaşdırırdı. Vaxtsız itirdiyimiz mahir tərcüməçi Natiq Səfərov "Az i Ya"nı dilimizə çevirib və kitabın Türkiyə nəşri də bu nəşrdən tərcümə edilib. 2005-ci ildə Bakıda akademik Nizami Cəfərovun Ön sözüylə Oljasın şeirləri və elmi işlərindən ibarət kitab nəşr edildi. Bu kitabı istedadlı şairlərimizdən Elxan Zal və Akif Əhmədgil çevirmişlər. Rejissor və ssenariçi Ramiz Fətəliyev şairin yubileyilə əlaqədar onun haqqında sənədli film çəkir.

Mən Oljasla şəxsən Moskvada - Asiya və Afrika ölkələriylə Həmrəylik Komitəsinin iclasında tanış oldum. İkinci və hər ikimizin yaddaşında qalan görüşümüz isə yenə də Moskvada, Yazıçıların Qurultayında oldu. Oljas qurultayda hesablayıcı Komissiyanın sədri, mən üzvü seçilmişdik. Səsləri hesablayanda gördüm ki, türk respublikalarından olan nümayəndələrin əleyhinə hər yerdə eyni miqdarda səs verilir, "ermənilərdir" - dedim. Oljas əvvəl inanmaq istəmirdi, amma əleyhimizə verilən səslərlə Ermənistan nümayəndələrinin sayını tutuşduranda tamamilə üst-üstə düşdüyünü gördük və şübhə qalmadı. Bir dənə də olsun istisna yoxdu.

Amma Oljasın xalqımıza qardaşlıq hisslərini mən SSRİ Ali Sovetinin iclaslarında və SSRİ Xalq deputatlarının Qurultaylarında daha bariz şəkildə hiss etdim. Oljas türk respublikalarından, bəlkə də yeganə nümayəndə idi ki, bizi Qarabağ məsələsində də, bütün başqa məsələlərdə də qeydsiz-şərtsiz dəstəkləyirdi. Ermənistanda zəlzələdən sonra ora yardıma uçan dikuçarda həlak olanlar və getdikləri ölkədə adlarının üstündən sükutla keçilməsi barədə Oljasa dedim, bununla bağlı ona lazımi məlumatları verdim. Oljas Qurultayın kürsüsündən bu barədə böyük həyəcanla söz dedi.

Bakıda rahat oturub Azərbaycan deputatlarının işini hər cür gözdən salmağa çalışan bəziləri bunu da bizə irad tutdular: "Niyə bu barədə siz özünüz demirdiz?" Belə adamlara necə başa salasan ki, bizə biganə, bəzən də bədxah münasibət bəsləyən auditoriyada dərdimizi özümüzün deyil, başqa respublikanın nümayəndəsinin çatdırması daha böyük təsir gücünə malik idi.

1990-cı ilin Qara Yanvarında Oljasın Bakıya gəlməsini necə unudasan? Bu faciəmiz haqqında ona telefonla Bəxtiyar Vahabzadə xəbər verdi və Oljas soyuqlamasına və yüksək hərarətinə baxmayaraq dərhal uçub Bakıya gəldi. "Azərbaycan" mehmanxanasında xəstə yatırdı. Ona dəyməyə gəldim. Mehmanxana dəniz tərəfdən atəşə tutulurdu. Bütün bunları cəsarətlə mehmanxananın eyvanından lentə alan gənc operator atılan güllələrin gilizlərini Oljasın nömrəsinə gətirib ona yadigar verdi. O günlərdə Oljasın televiziya və mətbuatda çıxışları bizə böyük dəstək idi və xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Sonralar Oljasla dəfələrlə Bakıda və İstanbulda, Moskvada və Parisdə görüşdük. Fransız paytaxtında simpoziumda yerli türkoloqlardan biri Oljasa irad tutdu ki, rusca yazır, dərhal onu yerində oturtdum və bu bəsit düşüncəli fransıza izah etdim ki, "Az i Ya" və Oljasın başqa əsərləri rus dilində yazılıbsa da, türk xalqlarında milli şüurun oyanışında ana dilində yazılan yüzlərlə kitabdan daha böyük önəm daşıyır. Hələ onu demirəm ki, bizim həqiqətləri başqa dildə oxuyanlara çatdırmaq öz dost-tanışlarının, soydaşlarının arasında söyləməkdən az əhəmiyyətə malik deyil və sonunculardan fərqli olaraq daha təhlükəli işdir. Bu yalançı vətənpərvərliyin başqa bir örnəyiylə də Türkiyədə rastlaşdım. Türk ədəbiyyatları seriyasından çıxan kitabların Qazaxıstana aid cildində Oljas Süleymenovun olmaması məni həm təəccübləndirdi, həm qəzəbləndirdi. Çağdaş qazax ədəbiyyatının ən parlaq şəxsiyyətinin bu kitaba düşməməsini də onun rusca yazmasıyla izah edirdilər.

Əlbəttə, bunlar o qədər də vacib deyil, Türkiyədə də, dünyanın başqa ölkələrində də Oljas Süleymenovu yetərincə tanıyır, sevir və qiymətləndirirlər. O, Dialoq Avrasiya platformunun yaradıcılarından və fəal iştirakçılarındandır. Platformanın "DA. Dialoq Avrasiya" jurnalında tez-tez çap olunur və həmin təşkilat İstanbulda onun ayrıca kitabını da nəşr edib.

Qazaxıstan müstəqilliyini qazanandan sonra Oljas Süleymenov dünyanın iki ən gözəl şəhərində - Romada və Parisdə ölkəsinin səfiri işləyib. Mənə deyirdi ki, İtaliyada səfir olmağa Etrusklara görə razı olub. Etrusklar İtaliyanın qədim sakinləridir və Oljasın fərziyyəsinə görə genetik olaraq əski türklərlə bağlıdırlar. Yəni, diplomat işində də Oljas elmi axtarışlarının bu yönünü unutmur və yeni əsərləri üçün material toplayır. İndi Oljas Parisdə, Qazaxıstanın "YUNESKO"da səfiridir. Bəzən deyirlər ki, Oljas Süleymenovun da, Brüsseldə Qırğızıstanın səfiri Çingiz Aytmatovun da bəxti gətirib - belə qarışıq vaxtda yazıçı əməyi üçün əlverişli olan sakit, rahat şəraitdə yaşayıb yaradırlar. Amma məncə, Oljasın da, Çingiz Aytmatovun da öz ölkələrini hər kəsdən artıq təmsil etməyə layiq olduqlarını etiraf etmək daha ədalətli fikirdir.

Oljasla Parisdə son görüşlərimizdən birini xatırlayıram. Məni Bulon meşəsində restorana, nahara dəvət etmişdi. Oljasın son illərdə ortaya qoyduğu sanballı elmi işləri lazımınca qiymətləndirərək, niyə axır vaxtlar şeir yazmamasıyla maraqlandım. Zarafatla: - Qafiyə tapa bilmirəm, - dedi. Mən də zarafatla: - Qafiyəsiz yaz, - dedim, - indi qafiyəsiz şeir daha çox dəbdədir. Ya bəlkə haçansa yazdığın misraya riayət edirsən, "Bütün şeirlər artıq yazılıb".

Gülümsünür. Bu təbəssümdə şairin yalnız özünə agah olan bir sirr var. İlham pərisinin haçan, necə və nə sayaq təşrif buyuracağını yalnız şair özü bilər.

Oljasın köhnə və köhnəlməyən sətirlərini xatırlayıram:

Çöl yolları

Salnamə misralarıdır.

Mən bu cığırları oxuya bilirəm.

Karvanlar ötür,

Göllərdə təşbehlər qoyub gedərək.

(mən də bu misraları ruscadan qafiyəsiz, vəznsiz, sətri çevirdim)

Yaxud belə misralar:

Biz arxayınıq.

At belində çapan

bizlər yüyürərək yaşamaqdan usandıq.

Atlarımızı yorduq,

İndi piyada qayıdırıq

Və nəhayət, səmimi bir etiraf:

Belə davranırdım, and olsun,

Yardım istəyənlərin hamısına

yardım edə bilmədim

Axı Allah deyiləm.

Tənha şairin əlindən nə gəlir ki?!

Bütün suallara cavab tapmadım.

Amma insanlara yalan demədim.

Halbuki deyə bilərdim.

Oljas belə Oljasdır.

Paris. Bulon meşəsi. Restoran pəncərələrinin ardında bu tarixi parkın füsunkar təbiəti. Parkdan dışarı çıxanda isə məşhur bulvarlar, meydanlar, evlər və məhəllələr - hər biri epoxaları yaşadan, əsrlərin ətriylə nəfəs alan yerlər... Pikassonu, Heminqueyi, Erenburqu, Nazim Hikməti hafizəsində yaşadan kafelər şəhəri... Şairlər və rəssamlar, sevişənlər və qiyamçılar şəhəri...

Paris elə Parisdir...

Oljas elə Oljasdır...

30 avqust 2006

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Çətin həyat yolu keçən rəssam - Güllü Mustafayeva

Çətin həyat yolu keçən rəssam - Güllü Mustafayeva

12:20 18 may 2026
Milli Kitabxanada ənənəvi və virtual sərgi təşkil edildi

Milli Kitabxanada ənənəvi və virtual sərgi təşkil edildi

12:19 18 may 2026
Azərbaycanda Onlayn Kredit Sisteminin İnkişafı və Rəqəmsal Maliyyə Dəyişikliyi

Azərbaycanda Onlayn Kredit Sisteminin İnkişafı və Rəqəmsal Maliyyə Dəyişikliyi

11:37 18 may 2026
Polyak ədəbiyyatının üsyankar səsi - Ona niyə Nobel mükafatı verilməmişdi?

Polyak ədəbiyyatının üsyankar səsi - Ona niyə Nobel mükafatı verilməmişdi?

11:30 18 may 2026
Qazax yazıçı: "Özbəkistanda yazıçılara 7 bina hədiyyə edilib"

Qazax yazıçı: "Özbəkistanda yazıçılara 7 bina hədiyyə edilib"

11:29 18 may 2026
“Maşın” şou  uzun fasilədən sonra başlayır

“Maşın” şou uzun fasilədən sonra başlayır

10:51 18 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər