Teatr təkcə səhnədəki sehrdən, alqış səslərindən və enən pərdədən ibarət deyil; o, həm də kulis arxasında dayanmadan qaynayan həyat, bitməyən axtarışlar və ən əsası, həssas bir yaradıcı prosesdir. Hər bir aktyor üçün səhnədə olmaq, yeni bir xarakterə can vermək nəfəs almaq qədər həyatidir. Məhz buna görə də teatr truppalarında rol bölgüsü hər zaman ən çox müzakirə olunan, ən incə məqamlardan biri sayılır.
Bəs bu gün ölkənin aparıcı teatrlarında bu həssas proses necə həyata keçirilir? Tanınmış aktyorların səhnədən kənarda qalmaması, istedadların düzgün qiymətləndirilməsi və ədalətli balansın qorunması üçün hansı meyarlar əsas götürülür?
"Azdrama"da yeni mədəni mühit və rotasiya prinsipi
Akademik Milli Dram Teatrında hazırda ciddi yaradıcılıq prosesi gedir.
Teatrdan Kulis.az-a verilən məlumata görə, tanınmış aktyor və aktrisaların rol bölgüsündən kənarda qalması məsələsi xüsusi diqqət mərkəzindədir və prosesə yeni yanaşma tətbiq olunur.
Qurumdan bildirilib ki, ölkə başçısının 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti - 2040” konsepsiyasının əsasında aparılan islahatların nəticəsi olaraq, hazırda Milli Dram Teatrında tamamilə yeni mədəni mühit formalaşıb.
"Son dövrlərdə eyni vaxtda bir neçə tamaşanın – “Kral Lir”, “Dayının yuxusu”, “Atılmış qadın” və “Ölünün diriləri ziyarət etməsi” əsərlərinin məşqlərinə başlanılıb. Eyni zamanda “Aydın” və “LƏNG” tamaşaları uğurla tamamlanaraq təhvil verilib. Bu tamaşalarda rol bölgüsünə xüsusi həssaslıqla yanaşılıb," – deyə teatrın açıqlamasında vurğulanır.
Milli Dram Teatrı bu məsələni rotasiya prinsipi əsasında həll edir. Belə ki, hər bir aktyorun istedadı və səhnə imkanları nəzərə alınmaqla kollektivdəki yaradıcı qüvvələrin mütəmadi olaraq işlə təmin olunması xüsusi diqqətdə saxlanılır.
Musiqili Teatr: Rejissor konsepsiyası və yaradıcı dinamika

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da rol bölgüsü prosesinin spesifik meyarlar əsasında həyata keçirildiyini diqqətə çatdırıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatr kollektiv yaradıcılıq mühitidir və burada aktyorların rollara təyinatı bir neçə mühüm peşəkar faktorla bağlıdır.
Bölgü zamanı ilk növbədə quruluşçu rejissorun yaradıcı konsepsiyası və tamaşanın janr xüsusiyyətləri əsas götürülür. Eyni zamanda, aktyorun tipajı, səhnə uyğunluğu və tamaşanın ümumi bədii balansı mütləq şəkildə nəzərə alınır.
"Teatrın repertuarı mütəmadi olaraq yenilənir və bu çərçivədə aktyor heyətinin layihələrə cəlb olunması rotasiya prinsipi əsasında həyata keçirilir. Bu yanaşma həm teatrda yaradıcı dinamikanın qorunmasına, həm də kollektiv daxilində peşəkar potensialın daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edir," – deyə Musiqili Teatrın açıqlamasında qeyd olunur.
Opera və Balet Teatrı: Təmir şəraitində ədalətli bölgü

Hazırda təmir mərhələsində olan Opera və Balet Teatrında isə vəziyyət bir qədər fərqlidir. Teatr binasında aparılan işlərlə əlaqədar olaraq qurum fəaliyyətini tam repertuarla davam etdirə bilmir. Bu obyektiv səbəbdən səhnəyə qoyulan tamaşaların sayı və çeşidində müəyyən məhdudiyyətlər yaranıb.
Lakin çətinliklərə baxmayaraq, teatr kollektivi yaradıcı heyətin, xüsusən də solistlərin səhnə təcrübəsindən kənarda qalmaması üçün xüsusi səy göstərir:
"Rol bölgüsü aparılarkən kollektivdəki bütün solistlərin məşğulluğu və səhnə yükü çox diqqətlə nəzərə alınır. Əsas məqsədimiz odur ki, hər bir solist imkan daxilində bərabər şəkildə tamaşalarda iştirak etsin. Nə kiminsə üzərinə həddindən artıq ağır yük düşsün, nə də kimsə kənarda, diqqətdən kənarda qalsın".