“Tehranın damları” haqqında

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

4 aprel 2022
# 11:00

Hər səhifəsində psevdolirikanın, psevdoromantikanın, intellektual pafosun fontan vurduğu “Tehranın damları” kitabının annotasiyasında bu cümlələri oxuyuruq:

“İnsanlıq və dostluq dəyərlərinin önə çəkildiyi əsər Paşa adlı yeniyetmənin dilindən nəql edilir. O, İranın ortabab məhəllələrindən birində yaşayır. 1973-cü ilin yay tətilində vaxtın çox hissəsini dostu Əhmədlə birlikdə damda keçirirlər. Yeniyetmələr zarafatlaşır, oxunmuş kitabları müzakirə edir, gələcəyə dair planlar qururlar. Qonşuluqdakı qız – gözəl Zəri, Paşanın xoşuna gəlir, amma onun hələ kiçik yaşlarından başqasına ərə veriləcəyi vəd olunub. Onların arasındakı dostluq yavaş-yavaş ümidsiz sevgiyə çevrilir.

Hadisələr İran inqilabı ərəfəsində baş verir. Əsərin qəhrəmanları mühitin acı həqiqətləri ilə üzləşirlər. Əxlaq təməllərinin sarsıldığı bir mühitdə yeniyetmələr ölümcül təhlükəli yola qədəm qoyurlar. İnsanlıq ideallarına olan inam onları bütün yol boyu müşayiət edir”.

Kitabın arxa qapağında isə müxtəlif adamlar “Tehranın damları”na bəy tərifi vurublar. Məsələn, Sandra Dallas adlı bir adam yazır:

“Özünün ilk romanında Mahbod Seraci şahlığın amansız son günlərində yaşanan gizli sevgi hekayətinə yumor və insanlıq duyğuları qatır. Paşa və Zərinin İran inqilabına rəvac verən repressiyalar fonunda təsvir olunan məhəbbət hekayəsi göstərir ki, gənclər arasında hətta ən ağır dövrdə də sevgi və ümid çiçək aça bilər. Seraci yeni, çox parlaq istedaddır”.

Bilmirəm bu Sandra Dallas kimidi. Heç maraqlanmağa həvəs də olmadı. Amma hər səhifəsində süniliyin, saxtalığın fontan vurduğu əsəri belə gen-bol tərifləməsinə istinad edərək Sandra haqqında iki əsas qərara gəlmək olar.

1. Sandra Dallas olduqca riyakar, ikiüzlü, yaltaq, iyrənc adamdı.
2. Sandra Dallasın bədii təfəkkürü, ədəbi zövqü yerlə sürünür.


“Tehranın damları” əsərində bir qram da kolorit yoxdur. Təsvirlər qupqurudur. Üstəlik, müəllif bəzi hadisələri gülüşlə, yumorla təqdim etmək istəyib. Guya həyat nə qədər çətin, nə qədər məşəqqətli olsa da, bu adam yumor hissin itirməyib. Guya həyat bizim başımıza nə qədər oyunlar gətirsə də biz yumor hissimizi itirməməliyik, ən çətin anlarda belə gülməyi, hırıldamağı bacarmalıyıq. Heyf ki, müəllif məndən yaşda xeyli böyükdür. Əgər yaşıd olsaydıq müəllifin həyata qarşı bu şit münasibətinə konkret belə reaksiya verərdim:

“Xahiş edirəm, olmayan yumor hissini vur qoltuğuna və dur burdan vızqırt”.

Elə adamlar var ki, hər yerdə, hər şəraitdə zarafat etmək, başqaların güldürməyə çalışmaq onların boyunlarına “bir yük”, “bir missiya” kimi düşüb. Elə adamlar var ki, yerli-dibli yumor hissləri yoxdu, amma hər yerdə, hər şəraitdə zarafat etmək, başqalarını güldürmək istəyirlər. Belə adamlar çox dözülməz olurlar. “Tehranın damları” əsərinin müəllifi də belə dözülməz adamlardan biridir.

Onun hadisələri yumorla, gülüşlə təqdim etmək cəhdləri tipik şitlik, xalis yüngüllükdü. Kişi xeylağının yüngülü, şiti yaman pis olur. Yəqin, kimsə nə vaxtsa müəllifə deyib ki, sən çox zarafatcıl adamsan. Yəqin, kimsə nə vaxtsa müəllifə deyib ki, sənin güclü yumor hissin var. O da bu sözlərə inanıb. Yaxud da ola bilsin müəllif özü-özün inandırıb ki, o, doğurdan da, güclü yumor hissinə malik, çox zarafatcıl adamdı. Çexov deyirdi: “Həyata nifrət etmək olar, amma həyatı təhqir etmək olmaz”. Məncə yumor hissi olmayan, ancaq hər yerdə zarafat etmək istəyən adamlar öz varlıqları ilə həyatı təhqir edirlər.

“Tehranın damları”nda dialoqları oxuduqca sünilikdən, saxtalıqdan, quruluqdan ürəyim sıxılırdı. 355-ci səhifədəki dialoqdan bir hissəyə baxın:

“Qulaq as,oğlum. Həyat yelkəni olmayan qayığa bənzəyir – ona harda minəcəyimizi və ya bizi hansı sahilə çıxaracağını əvvəlcədən bilmək olmur. Hərdən rəbbin müdrikliyinə inanıb və qismətə tabe olub küləyin əksinə getməmək və nə qədər ağır olsa da, vəziyyəti olduğu kimi qəbul etmək daha ağıllı hərəkətdir. Heç kim bizim yaşadığımız iztirablara haqq qazandıra bilməz və heç nə bu ağrını kəsə bilməz”.

Bu nə deməkdir? Bu nə danışıqdır belə?

İndi isə iki sevgilinin söhbətinə baxın. Bu söhbət əsərin sonunda baş verir:

– Əgər darıxsan, – onu yenidən özümə qısaraq deyirəm – səmaya bax, orda bizi birlikdə görərsən.
– Mən sənin ulduzunu tanıyıram, bəs mənimki hansıdır?
– Ən böyüyü, ən parlağı,
– O sənindir, – mənə düzəliş edir.
– O bizim ulduzumuzdur, – pıçıldayıram. – Bizim ikimizin bir ulduzumuz var.


Əyri oturaq, düz danışaq, hansı sevgililər belə düşük tərzdə söhbət edirlər. Hətta belə düşük tərzdə söhbətlər edən sevgililər varsa, onlar belə düşük tərzdə söhbət etdiklərinə görə qələt edirlər, başların da daşa döyürlər. Ulduzlardan danışan sevgililərin məlum yerlərinə ulduzlar soxmaq lazımdı. Ki, qoy ağılları başlarına gəlsin, real söhbətlər eləsinlər, öz dərdlərindən danışsınlar, bir daha göydəki ulduzlarla işləri olmasın.


***

“Tehranın damları”n oxuduqca müəllifin həddindən artıq əzab-əziyyət çəkdiyini hiss edirdim. Nə mənada? O mənada ki, müəllif əsərdə hər vəchlə farsların çox elitar, mədəni bir xalq olduğunu, mədəni, elitar farsların həm şah dövründə, həm də indi yaşadıqları həyata qətiyyən layiq olmadıqlarını göstərmək istəyir. Müəllif əsərdə hər vəchlə göstərmək, sübut etmək istəyir ki, vallah, billah, biz farslar, əslində, çox mədəni, çox elitar bir xalqıq. Bizim qədim, zəngin mədəniyyətimiz var. Biz belə yaşamağa layiq deyilik. Biz farsların belə yaşaması ədalətsizlikdi, haqsızlıqdı. Biz farslar daha gözəl həyata layiqik. Sadəcə bəxtimiz gətirməyib, bəxt bizdən üz döndərib, basaratımız bağlanıb... Müəllifi başa düşmək olar. İddialar və arzular amansız, rəhmsiz, mərhəmətsiz reallıqla üst-üstə düşməyəndə belə əzabların yaranması təbiidir.

Bütün irili-xırdalı qüsurlarına baxmayaraq “Tehranın damları” əsərini oxumağı xüsusən gənc yazıçılara möhkəm tövsiyə edirəm. Sual oluna bilər, axı niyə? Axı sən bayaqdan əsərin qüsurlarından, saxtalığından, süniliyindən danışırsan. Biz niyə bu saxta, süni, koloritsiz əsəri oxumağa vaxt və enerji sərf etməliyik? İndi fikrimi bacardığım qədər əsaslandırmağa çalışacam. “Tehranın damları” ifadə forması düzgün seçilmədikdə mətndə yaranan fəsadları açıq-aşkar görmək, ibrət götürmək, nəticə çıxarmaq üçün əla dərs vəsaitidir. Forma düzgün seçilməyəndə mətndə hansı fəsadların yarandığını görmək istəyənlər zəhmət çəkib “Tehranın damları”n oxusunlar.

Müxtəsər, müəllif lazımsız, yersiz süjet qurmasaydı, axmaq-axmaq, düşük-düşük, şit-şit, səviyyəsiz-səviyyəsiz təsvirlərin, dialoqların əvəzinə öz gördüklərin, eşitdiklərin səmimi, sadə bir tərzdə yazsaydı şah dövrünə aid maraqlı, oxunaqlı, həm də faydalı bir mətn ortaya qoya bilərdi. Yəni, müəllif özündən zərrə qədər də hoqqa çıxarmadan şah dövründə öz gördüklərini, eşitdiklərini, insanların şah dövründə necə yaşadıqlarını, insanların məişətini sadə, səmimi tərzdə yazmalı idi. Vəssalam. Amma bir lənətə gəlmiş məsələ də var ki, sadə və səmimi tərzdə yazmaq, formanı düzgün seçmək hər bir müəllifdən böyük təcrübə, cəsarət tələb edir.

# 4274 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #