Qoyungöz – Şahmarın hekayəsi

Şahmar, yazıçı

Şahmar, yazıçı

27 iyun 2022
# 17:00

Kulis.az yazıçı Şahmarın “Qoyungöz” hekayəsini təqdim edir.

Getmək, mütləq getmək lazımdır. Getmək, getmək. İnamla, qəti və ciddi. Kəndə gedirəm, evimizə. Gedim görüm necə yaşayırlar. Baş qaşımağa vaxt yoxdur, vallah. Sabah, ya birigün çıxıram. İnişil getdiyimdir. Neçə dəfə yuxuda anamın səsini eşitmişəm, “gəl” deyir, “gəl”. Səhər çıxsam, günortadan sonra ordayam. Sabah çıxıram, gedirəm sabah. Bir neçə günlüyə əlinizdən, səs-küyünüzdən, dığ-dığınızdan canım qurtarar. Nə var, nə olub, niyə mənə elə baxırsan, təzə görürsən məni, bəlkə, dədənə söymüşəm, hıyy? Bu uşağın dizi harda cızılıb, gözün kordur, görmürsən? Hanı mənim corablarım? Bu, çarpayının altı, bu, şkafın yanı, bu da stulun... Budu mənim corablarım.

Sakit ol, sakit... Niyə hər evinizə gedəndə, ya getmək ərəfəsində kefin pozulur, dilxor olursan, arvad-uşağın qanını qaraldırsan. Bu dilxorluğun yersiz olduğunu qanırsan, qandığına görə də öz-özünü danlayırsan, söyürsən ki, ayə, filan-filan şüdə, belə olmaz, belə yaramaz axı... Əksinə, sən atanı, ananı, qardaşını, daşı, kərpici uşaqlıqdan sənə doğma olan evinizi, eyvanınızı gördüyünə sevinməlisən. Sevinmirəm? Kim deyir sevinmirəm? Sakit ol... Gəlməmişdən, yola düşməmişdən qabaq gələcəyini bilə-bilə niyə səni tutqun hislər bürüyür? Elə ki yola düşdün, bu hislər yolun hər kilometrində – yol isə 400 kilometrdir – artıb ağırlaşır, zindana dönüb ürəyinin başından asılır, dözülməz olur lap. Sən bu hislərin nə olduğunu duymusanmı? Yox! Yalan demə. Duymağına duyuram, amma... (hə, sonra?) əslini bilmirəm. Bəlkə, bilmək istə... Bəli, daha doğrusu, əslini bilmək istəməmişəm. Sənə elə gəlib ki, bu hisləri araşdırsan, bilmək istəsən, bağışlanmaz günah iş tutmuş olarsan. Səndən olsaydı, bəlkə də, getməzdin (elədirmi?), getməliydin, ancaq mütləq getməliydin. İş işdən keçəndən sonra (Allah uzaq eləsin) sinəsi atdana-atdana gələcəkdin və onda qohum-qardaş üzünə tüpürəcəkdi.

Budur, gəlmək istəməsən də, ağır hissələri qar kimi yara-yara gəlmisən. Bu da evimiz. Xoş gördük, xoş gördük, ay mənim atamdan, anamdan da cavan, ancaq onlardan çox-çox qoca divarı çatdaq evimiz! Necəsən? Birdən-birə evimizin doğma görünüşündə əlçatmazlıq, yadlıq duyursan. Duyduğun anda da ana qabağına çıxır, qucaqlayır səni, qəhərlənir, qəhərlənib kövrəldiyinə görə özünə acığı tutur (institutda oxuduğun vaxtlar anan səni qarşılayanda sevincindən ağlayar, göz yaşlarından utanmazdı), harasa yana başıyla “əhh” eləyir, eyvana stul qoyur, pişiyi qovur, üzlü toyuqları kişləyir, təzə yığıb çinnədiyi süpürgənin dəstini bağlayır, hövsələsiz hərəkətləri, köməksiz gözləri gileylidir. “Doğdum, böyütdüm, necə böyütdüm, nə təhər böyütdüm, heç kəsin xəbəri olmadı, xəbərləri olsaydı, neyləyəcəkdilər, əlimin birini od yandırdı, birini sazaq kəsdi, böyütdüm, uçub-getdi, nə dərdimdən xəbəri var, nə sərimdən. Xalxınkılar...”

Gülməli də olsa, başa düşürsən ki, anan qovduğu pişikdə, kişlədiyi toyuqda, çinnədiyi süpürgənin hər çöpündə belə səni görür, sənnəndi işi. Ağlın kəsəndən bilirsən ki, anan səni çox istəyir (indi sən uşaqlarını istədiyintək), istəyib, istəyəcəkdir və hazırda bu istəyə nə vaxtsa sənə yaxşı yaraşan, ağappaq, qar kimi təzə, ancaq indi köhnəlib, bozarmış köynəyintək baxırsan. Sənə olan məhəbbətlərinin bozarıb boyatlaşmasından oğlanlarının xəbəri olacaqdı, görən? Anana olan məhəbbətinin boyatlaşmasından sən ölənə kimi, öləndə də baş tapmayacaqsan.

Əlləri iş görən anan içində hansı bayatınısa deyib gümüldənir, sənsə gücün çatmayan daş kimi oturub atanı gözləyirsən. Hökm kimi, qərar kimi. Beş saat, on saat keçsə də, gözləyəcəksən (nəticəni beşbarmaqtək bilsən də), görən, bugünkü günün sənə nə gətirəcək?

Zoğal mürəbbəsiylə çay içirsən – çay dadsızdır, ya ağzının tamı yoxdur. Siqaret çəkirsən, səhərdən bir-birinin oduna yandırdığından sanki boğazına zəhər yaxıblar. İrəliki vaxtlarda olduğutək çökən axşamın həzin qəribliyinə, tanış səslərin, duyğuların axarına qovuşmaq istəyirsən – bacarmırsan. Ürəyinin başındakı ağırlıq sənə mane olur. Atan gəlir. Küçə qapınız hökmlə, zərblə açıldığından diksinirsən. Sənə elə gəlir, atan gəlişindən ayan olduğu üçün qapını hirslə açır. Bu andan, qapının lovla açıldığı andan sənə elə gələcək ki, atan nə eləsə, nə danışsa, hamısını sənin acığına – bunun mənasız fikir olduğunu qansan da – eləyir, ümidsizlik içində barmaqlarını qıra-qıra anlayırsan ki, bugünkü gün, daha doğrusu, bugünkü günün axşamı sənə heç nə...

Əvvəllər atan səninlə görüşəndə gülür, üzündən öpürdü. Son zamanlar, on ildən çoxdur, o, səni öpmür, riyakarlıqla fikirləşirsən ki, daha oturuşmuş-duruşmuş kişisən, həlbət ona görə (bə nəyə görə?) əl verib görüşür, tutqun üzü daha da tutqunlaşır, ağızucu “xoş gəlibsən” deyir, gah da... demir. O, deyinti dolu səslə, pıqqıldaya-pıqqıldaya qaramattək əyləşir (istəmirsən onu, “oğul, belindən gələn atasını istəməlidir” fikrini başa düşə-düşə istəmirsən onu), köhnə papağını alçaq taxtın üstünə tolazlayır, əyiş-üyüş ayaqqabılarını çıxardır, sağ tayını hirsli-hirsli, kimisə döyürmüş kimi (niyə gəlirdin axı, niyə?) taxtın küncünə çırpmağa başlayır. “Ayağımı haldan çıxardıb, taq-taq... Səlvərə qalmış döyənək eləyib, taaq-taaq... Taxtaya-dəmirə döndərib, taaq-taaq...”

Toz, çürümüş gön və tünd, kəsif ayaq tərinin iyi... Ananın gətirdiyi bir parç suyu başını əyib, diqqət kəsilə-kəsilə nifrətlə içir, əlinin dalıyla dodaqlarını silib “qan kimidir” söyləyir. Sonra bir müddət dabanları yerdə, dimdik dayanmış qoşa ayaqlarının pəncələrinə baxır. Sanki üzünü onlara tutub ürəyində heç kimlə etməyəcəyi söhbəti onlarla eləyir. Vallah-billah, fəhmnən hiss eləyirsən ki, atan ayaqlarının birinin yerində (ya sağ, ya sol), ya elə hər ikisinin yerində səni görür, sənnən gap eləyir (bunu lap dəqiq duyursan). Çünki onun fikri uzun ayrılıqdan sonra gəlib böyründə oturmuş oğlunda da olmayıb harda olasıdır ki? Gücsüz, kövrək, küskün bir hiss duyursan. Bu duyğu sinəndəki ağırlığı yavaş-yavaş əridir. Bax elə bu andan sən atanı sevməyə başlayırsan.

– Oralarda nə var, nə yox? – atanın səsində yorğunluqdan çox, qədimlik duyursan.

– Hər şey əvvəlki kimidir. – Bilirsən, səndən belə cavab gözləmirlər. Bə nə deyəsən? Deyəsən elə döyül, belədir? Axı belə döyül, elədir.

Atan köksünü ötürüb susur. Bu, köks deyil, içindəki qubar yanğısını müvəqqəti söndürmək kimi bir şeydir. Yanına qoyduğu çomağı birdən nifrətlə, qeyzlə eyvanın qaranlıq küncünə atır. O dəqiqə də özünü, varlığını bu çomağın yerində hiss edirsən və fikirləşirsən ki, əgər, işdi-şayətdi, bu çomaq canlı olub, bircə damcı ağlı olsaydı, üstəlik, Allah ona dil versəydi, yəqin, çomaq susmaz (sənsə susarsan), dillənərdi ki, nədir axı mənim günahım? Qırxılmış başı azca əsə-əsə atan – o, sənə baxmadığı üçün sən yandan onun başına cəsarətlə baxırsan və bu dəm ürəyində oyanmış dəli istəklə istəyirsən ki, atanın qocalmış, keşməkeşli, ağarmış başını köksünə sıxasan (balaca oğlun sənin başını qucaqlayıb sığındığıtək, sən də ona sığınasan) və ondan qorxmayasan, o, sənə yad görünməyə, ağıllı, doğma, müqəddəs görünə – bu dəfə ayaqlarına yox, vərdiş etdiyi adətlə yana – qaranlığa baxır, baxır, başı sinəsinə əyilir, yuxu aparır onu, ustub-ustub xorna çəkir və tez də ayılır – sənin ürəyindən keçəni duymuş kimi.

– Əə, – ananı çağırır (o, anana həmişə “əə” deyir, hirslənəndə, dəli qəzəb onu bürüyəndə “aaz” deyir, “aaazz”). – Bir gilə su gətir üzümə vurum, üzüm gönə dönüb.

Səsinin ahəngində elə bir yorğunluq, laqeydlik var ki, indicə yuxusu haqda ağlına gələn fikrinə görə utanıb xəcalət çəkirsən. Ovcundakı suyu da sifətinə könülsüz çırpır. O, bunu sənin acığınamı eləyir? Alababat qurulandığı dəsmalı da papağı atdığı səmtə tullayır. Anan üstünə sarımsaqlı qatıq tökülmüş badımcan çığırtması – evinizin ənənəvi xörəyini gətirir. Atan vəziyyətini dəyişib yanpörtü oturur. Təzə çörəyi boyat çörək kimi etinasız, həvəssiz kəsir, sənə baxmadan anandan:

– Şahmar çörək yeyibmi? – soruşur.

– İndicə yemişəm, – ananın əvəzinə sən cavab verirsən.

Yəqin, atanı sən hamıdan çox istəyirsən. Ancaq nə qədər ki, ondan uzaqdasan, səndəki istək də qəlbinin dərinliyində səndən o qədər uzaqdır. Elə ki gəlirsən, atanla görüşürsən, ürəyinin dərinliyindəki o istək də sarsıntılardan, şübhələrdən süzülüb keçə-keçə üzə çıxır, bulaq suyu kimi durulur, bu da ki əziyyətli və iztirablı bir işdir.

Atan çörəyi iri tikələrlə yeməyə batırıb ağzına aparır, ovurdlarını tərpədə-tərpədə yeyir. Sənin burda, ikiaddımlıqda oturmağın onun iştahasını pozur, deyəsən. Bunun nə dərəcədə doğru olub-olmadığını bilməsən də, lap elə bu fikir ağlına gəldiyinə görə bu, sənə toxunur. Hər dəfə tikəsini ağzına aparanda başını qaldırır, çənəsi uzanır və sən onun yuxarı baxan şişmiş gözlərinin işıltısında sərtlik, yadlıq, ögeylik duyursan. Bəlkə, sənə elə gəlir? Gəldi, gəlmədi, bu duyğu səni üşüdür.

Atan xörəyini yeyib-qurtaran anda qardaşın qoyunları gətirir. Darvazanın şaqqıltısı, mələşmə, şıppıltı, qoyun iyiylə birgə çölün-düzün azad, sərbəst ətri, yun qoxusu həyətə dolur. Hündürboy, qıvrımsaç, qolları uzun, əlləri iri qardaşın qaranlıqdan işığa çıxır.

– Bah, Şahmar, xoş gəlibsən.

Atan burda, yanınızda olduğuna görə qardaş kimi yox, tanış kimi, özü də köhnə tanışlar kimi görüşürsünüz. Qardaşın səni bir-iki dəqiqə özünün isti, ilıq, çoşqun baxışlarıyla süzür, köksünü ötürə-ötürə sevinir (sevinirmi?), falçı kimi baxışları sifətində nəyisə axtarır, axtara-axtara növbəylə gözünə, üzünə, alnına, sonra yenə düz gözlərinin içinə baxır.

Atan sizin görüşünüzdən narazıtək, səsində giley-güzar duyula-duyula qardaşından soruşur:

– Harda otarırdın qoyunları?

– Köhnə dərənin yerində, sonra da taxılın qırağında.

– Yaxşımı otdadılar?

– Həə.

Atan üzünü çevirir. Elə bil qoyunların yaxşı otlamağı da onun ürəyincə deyil. Qardaşın pencəyini çıxarıb, əl-üzünü yumalıdır, oturub çörək yeməlidir, lakin baxışında, duruşunda qəribə bir sirr var. Yönü atana tərəf dayanıb. Atan bunu əlüstü duyur.

– Nə var?

Atanın sərt səsi qardaşının gözlərindəki sirrin parıltısını bir damcı da azaltmır.

– Heyvanları gətirəndə gördüm dərədəki böyürtkənlikdə qoyun mələyir. İrəli gedəndə gördüm bir şişək...

– Nə şişək? – atan altdan dik qardaşına baxır. Qardaşın qaranlıqda qeyb olur. Qoyunlar tərpəşir, hürküşürlər, qardaşının güclü, iti hərəkəti qaranlıqda bilinir və az keçmir, o, qarşımızda dayanır. Sağ əliylə süysünündən yapışdığı, boğazı muncuqlu, özü ağ, dizlərinin gözü, qaşqası qara, gözləri diri şişək, atanla sənin ona birtəhər baxmağından, boynundakı güclü barmaqlarının qorxulu təmasından bu həyətdə, bu qoyunların arasında yad olduğunu duyduğundan həyəcanla, ürkək-ürkək bərkdən mələyir. Atan gözlərini yerə dikən kimi qardaşın şişəyi buraxır.

– Qatdım heyvana, gətirdim mən də, – qardaşının gümrah səsi özgə şey deyir amma. Sən bunu tuta bilmirsən, anlaya bilmirsən.

– Kimindi? – atan bu sualı elə verir ki, elə bil qardaşın qoyunun kimin olduğunu bilməlidir, ya da bilir.

Qardaşının gözlərindəki sirrin parıltısı gözgörəsi artır.

– Cəfər kişinin olacaq, gündüz onun kiçik gədəsi qoyunu oralarda hərrəyirdi.

Ortalığa sükut çökür. Sükut? Niyə? Nə üçün? Nə sükutdur bu? Bu saat burda elə bir mərəkə qopmalıdır ki...

– Sabah, – sənin fikrincə atan gec dillənir, – səhər qoyunları aparanda çağır, xalxın qoyununu ver özlərinə.

Sən tələm-tələsik, səsin tovlana-tovlana (sənə nə olub?):

– Gedib indi demək lazımdır, axtaracaqlar, – deyirsən. Əminsən ki, heyvanı axtaracaqlar və tapmayacaqlar. Cəfər kişi də balaca gədəsini möhkəm döyəcək. Qardaşın, getmək nədir, heç qımıldanmır da. Beləcə, dirək kimi hansı niyyətləsə dayanıb durub, parıltılı baxışlarını atandan çəkmir.

Ondakı bu niyyətin nə olduğunu bilmirsən, amma bilməyə-bilməyə elə indidən ondakı bu niyyətə nifrət eləyirsən.

– Nə var? – atanın səsi kəskindi.

– Axı...

– Nə axı? – atanla birlikdə az qalırsan sən də qışqırasan.

– Keçən il payızda bizim toğlumuzu günortaçağı içəri ötürdüyü yadından çıxıb? – o, atanla tay-tuştək danışır. – Dəfələrlə soruşdum ki, “Cəfər kişi, görməmisən toğlunu?” “Görməmişəm” dedi. Axır kiçik oğlunu tovlayıb, üç manat verəndən sonra dedi ki, dədəm kəsib.

– Deyirsən, indi biz də bu şişəyi kəsib içəri ötürək, eləmi?

Sənə elə gəlir ki, atan həm də bu sözləri sənə deyir, səndən soruşur. Səndən niyə? Gör neçə iliydi ki, sən onların heç birinin işinə qarışmırdın. Qonaq kimi gəlir, qonaq kimi də gedirdi. Bəlkə, böyük oğul kimi sənə gənəşir, fikrini soruşurlar? Qardaşın haqlı kimi ötkəm-ötkəm cavab verir:

– O, bizim toğlumuzu yeyəndə yaxşıdımı bə? Soruşduq, binamus çörəyə, əsgərlikdəki oğlunun canına and içirdi ki, görməmişəm.

– İndi deyirsən, biz də, – dədənin son dərəcə sevdiyin səsində indi kədərdən çox istehza var, – çörəyə əl basaq, oğlumuzun canına and içək?

“Oğlumuzun” – yəni sənin. Sən şəhərə gedəndən, instituta girən gündən evinizin çörəyi, duzu, suyu ilə yanaşı, onların (atanın, ananın, qardaşının) and yeri olmuşdun. “Oğlumuzun” – indi bu kəlmə qulaqlarında vedrə danqıltısına bənzəyir. Gücsüzlükdən çox, çaşqınlıqla qardaşının açıq, qəşəng, kobud sifətinə baxırsan, ta bu sifət gözlərində qaralıb varlığını bürüyən gündən idbar bir şeyə dönənəcən baxırsan və səsin nifrətdən əsə-əsə:

– Sən yad adamın heyvanını necə yeyə bilərsən? – deyirsən. – Günahdır, boğazında qalar, qaytararsan!

– Yeyərəm, lap canını da alaram, – qardaşın gözlərini qıyıb sənə elə baxdı ki, sanki sənin nə deyəcəyini əvvəlcədən bilirdi, bildiyinə görə gözləyirdi (tez sənə tərəf dönməyindən bilindi), gözlədiyinə görə də səsində zəhər vardı. – Üstündən də su içərəm, o yeyəndə yaxşıydı, mən yeyəndə pis?..

Yox, sənin əsəblərin dözməyəcək. Sağ ayağın səndən xəbərsiz başlayır əsməyə. “Su murdarlıq götürmür” deyirlər. On beş ildir sən tapındığın, qısıldığın bir təmizlik içində yaşayırsan. Yaşayırsan? Yaşayırsan da, yaşamırsan da. On beş ildir sən səhərlər yaşadığın ömrü axşamlar yaşamırsan. Səhərlər – isti, şərəfli, ümidli bir istəklə hamını, hər şeyi – hamının, hər şeyin mərhəmətə, sevgiyə möhtac olduğunu duya-duya sevirsən, tapırsan. Axşamlar – fikirdən, yorğunluqdan çox laqeydlik bürüyür səni – hamı, hər şey laqeydliyin boz pərdəsinə bürünür, itirirsən. On beş ildir beləcə – hər ilin öz günləri, günlərin də səhərləri. Bu pisdir, ya yaxşıdır? Əlbəttə, yaxşıdır. Üzünə gələn sabahın da, birigünün də, o biri günlərin də səhərləri olacaq. Bu, elə bir xəzinədi ki, bunun yanında sənin xəstə və deyingən arvadının (səfeh arvad), uşaqlarının taleyini həll edən bəzi mühüm şeylər heç nədir, havayıdır. Rəhmətlik nənən nə deyərdi? Deyərdi: “Odumuz yoxdur, qaç, Xanım xalangildən yanılı kösöv gətir, ocağımızı gətir, ocağımızı qalayaq”. Kösöv gətirməzdin, yox, iri par-par yanan bir közü ovcuna qoyub qaçardın, üfürə-üfürə bu ovcundan o ovcuna, o ovcundan bu ovcuna ata-ata qaçardın, evinizə çatanda nənən əllərini dizinə çırpardı, sənsə gülərdin (o anın xoşbəxtliyini indi yaşaya bilərsənmi?). On beş ildir o təmizliyi əllərində köz kimi üfürə-üfürə qaçırsan. Ancaq bəzən sənə elə gəlir ki, o təmizlik əllərində sönüb (ələlxüsus axşamlar), külə dönüb. Bir də axı o təmizlik göydən düşməyib, sən o təmizliyi burdan, evinizin odundan-ocağından götürmüsən. Yaxşı, bəs hanı o odun-ocağın, o təmizliyin dadı-tamı?

Atan qaranlığa baxa-baxa, səsində qaranlıq qədər sonsuzluq, zinriklik duyula-duyula danışır.

– Günlərin bir günü bir kişi qoyun otarırmış. İki lotu fikirləşirlər ki, necə eləyək, bu kişinin qoyunlarının birini oğurlayıb yeyək. Lotunun biri o birindən bir az biciymiş. Həmən bic olan lotu deyir, mən tapdım. Bic olmayan lotu (o, yəqin, sənsən) soruşur ki, necə, nə təhər? Bic olan qayıdır ki, mən kişinin başını qatacam, o vaxt sən də qoyunun birini xəlvətcə apararsan. Bunu deyib, lotu çıxır bir yalın təpəsinə, başlayır bir ayağı üstdə hoppanıb düşməyə ki, “mən bu işə mat qalmışam, mən bu işə mat qalmışam”. Qoyun otaran kişi də ağzını ayırıb tamaşa eləyir ki, görən, bu nə işdir, nə hoqqadır. Bu vaxt bic olmayan lotu qoyunun birini götürüb aradan çıxır. Kişi, qoyun otaran bədbəxt ayılıb görür ki, qoyunun biri yoxdur. Ora qoyun, bura qoyun, hanı qoyun, yoxdur qoyun, – atan güldü. Sənə elə gəldi ki, atan o qoyun otaranın gicliyinə, səfehliyinə gülmədi, nəsə başqa şeyə güldü. – Sonra başlayır o da (qoyun otaran kişi) bir ayağı üstdə hoppanıb düşməyə ki, “mən də bu işə mat qalmışam, mən də bu işə mat qalmışam”.

İndi, ay bala, vallah, mən də bu işə mat qalmışam.

“Ay bala” – atan bu sözü sənə deyir, sənnəndir.

“Ay bala” (nə var, dədə?). Sən böyük oğultək danışmalı, hər şeyi öz yerinə qoymalısan. Ancaq necə, nə təhər? Sən bir az dərin düşünsəydin (necə düşünəsən?), əsəblərin korlanmasaydı, danışmağa başlayanda ayrı cür danışardın, dava-dava deməzdin. Ancaq sənin əsəblərin çoxdan korlanıb, səbrin də ki tükənib bir tikə qalıb, ya qalmayıb. Ona görə də...

– Ə, vicdansız, – dedin, – şəriətə, qanuna da qalanda özgənin malını yemək bir yana, göz dikmək belə qadağandır, günahdır. Qorxmursanmı, bu, sənin öz başına gələr, qabağına çıxar, bu, ləkədir axı, elə bir ləkə...

– Ləkədir, yuyub təmizləyərəm, arxayın ol. Günaha, şəriətə qalanda da, o günahkardır ki, heyvanımı gözgörəti yeyib, yediyi bəs deyil, yalan da danışıb. Beləsinin heyvanını yemək halal yox, savabdır.

Atan tüpürür, başı əsə-əsə gözlərini yumur.

– Qara qoyunlu, ağ qoyunlu Camal (ata babandı), yaxşı ki, o nur gözlərin tez yumuldu, görmədin, görmədin ki, yurdunda nə göyərir, nə bitir.

Burda sən dəli olursan, öz-özünü tanımırsan. Səndə nəyəsə sadiq qalmaq, tabe olmaq hissi itir, yalnız sənin varlığını bürüyən dəli qəzəb qalır, o da səni hop götürüb irəli tullayır.

– Əə, əclaf, – sən qardaşının yaxasından yapışırsan, – Cəfər kişi, bəlkə, alçağın, binamusun biridir. Sən də ona baxıb onun kimi olacaqsan, özünü onnan ölçəcəksən?

– Bə necə olum, ə? – kükrəyən səsin möhkəmliyini, istiliyini, doğmalığını hiss etsən də, sənə yad olmayan bu sinənin altındakı gücün, qüdrətin, inamın səninkindən qat-qat artıq olduğunu duysan da, buna sevinmək, ucalmaq əvəzinə, nifrət edirsən. Qardaşınamı? Bəli, qardaş olduğunuz üçün, yəni doğulan gündən qardaş olub və birdən, bu andan qardaş olmadığınız üçün. – O, əlindən gələn pisliyi mənə eləsin, mən də əvəzində deyim “çox sağ ol”. Bə o, ürəyində mənə gülməzmi, deməzmi, ə, bu, adam döyül, uyuqdur. Amma o, mənə əyri baxsa, mən də əvəzində qayıdıb ona təpik vursam, bax onda o, məni görəndə tük salacaq, hörmət eliyəcək, qabaq-qənşər gələndə birinci salam verəcək. Belədir, ya belə döyül, a kişi? – birdən o, hövsələsiz atana tərəf qışqırdı. Oğul atadan soruşduğutək soruşmadı, evdə qədir-qiyməti itmək üzrə olan adamdan soruşantək soruşdu. Atan başıaşağı fağır-fağır oturmuşdu. Sorğusuna cavab gözləmədən: – Yaxamı burax, ə, – deyə sənə çəmkirdi, – boğma məni. Sən onu istəyirsən ki, mən də sənin gününə düşüm, sənin tayın olum?

– Nə olub, ə, mənə? – qardaşının sözlərinin təsirindən daha təsirli nə isə yad bir şey səni boğmağa başlayır. – Mən hələlik heç kimin qoyununu oğurlamamışam, oğurlamaq fikrində də döyüləm.

– Ona görə də elə, bu günə qalmısan da, – kiçik qardaş kimi o, sənə bu sözləri deməyəydi gərək. Sən ona dişinin dibindən çıxanı desəydin də, lap təpiyinin altına salsaydın da, o, bu sözləri sənə deməməliydi.

– Nə günə, hansı günə, küçük?

– Korsan, ə, sən. – O, səsi titrəyə-titrəyə güldü, tez də gülüşünü kəsib, səsi bu dəfə gərginlikdən qırıla-qırıla: – Sənin bozarmış şalvar-pencəyinə baxanda az qalıram yerə girəm, – dedi.

Sən işıqlı, ümidli bir şey xatırlamalıydın, ondan yapışmalı, pənah aparmalıydın ona, yoxsa əlindən xata çıxardı, qan tökülərdi ortalığa. Yadındadımı? Əlbəttə, yadındadı. On üç il əvvəl sən institutun sonuncu kursunda oxuyanda evinizə gəlmişdin, anan səhər-səhər sevincindən gülə-gülə deyirdi: “Qardaşın yaman çox istəyir səni. Sən bayır-bacaya çıxanda xəlvətcə dalınca baxır. Bütün qonşuların gözüylə sənin yerişinə, oturuşuna, duruşuna tamaşa eləyir. Abbas kişinin, Məsmə arvadın gözüylə baxır sənə, ağlına kül olmuş (anan utana-utana gülmüşdü) Dəmirin qızı Qəndabın gözünnən də baxır sənə”. Belə məhəbbət, istək sehrində yaşamaq gözəliydi. İndi nə olmuşdu? Aşıq demişkən, mənmi dəyişmişəm, ya zamanamı?

Sən indi yumruqla onun ağız-burnunu dağıdacaq, qanına qəltan eləyəcək, dişlərini tökəcəksən ki, bir də belə qələt eləməsin. Sağ qolunu qaldırıb, onun sifətinə dəhşətli zərbə endirirsən, ancaq qardaşın cəld tərpənir, əlbəəl biləyini tutub məngənə kimi sıxır və bütün gücüylə səni geri itələyir.

– Baxmaram böyüklüyünə, öldürrəm səni.

Dirsəyin eyvanın dirəyinə dəyib bərk ağrıyır. Lakin bir anlığa duyduğun, səni özündən çox istəyən kiçik qardaşında bu kin-küdurət hardandır fikrindən elə sarsılırsan, ağrı yadından çıxır. Bu vaxt atanın səsi eyvanı başına götürür:

– Boğuşun, boğuşun, köpəy uşağı. Ay it, qoyma. Çəmbər, boğ onu, Bozdar, öldür, ayə, qoyma, hay-huy, ayə, su gətirin. Harf, harf, itdər qırdı bir-birini.

Anan südü yerə calanmış qazan əlində qoyunların arasından çıxır, əl atıb üzünü cırır.

– A dəli köpək oğlu, niyə qırdırırsan bunları bir-birinə? Ürəyindən tikan çıxardırsan?!

Atanın gur-gur guruldayan, qeyzli-qəzəbli, özündən güclü səsi hamımızı dondurur.

– Donuz qızı donuz, mən bunları əkmişəm ki, bir-birini qırsınlar?

Bax bu anda qanın üşüyür, bütün qəlbinlə atanı Allahtək sevirsən. Sarsılmış halda fikirləşirsən: sən atanı indiki kimi heç vaxt bu cür aydın başa düşməmisən, anlamamısan.

Səhər ananın şirin səsi səni yuxudan oyadır.

– Dur, qadan alım, ay Şahmar. Dədən qoyun kəsib, dur bir kabab çək.

Durursan. Köynəyinin yaxasını düymələyəndə görürsən ki, barmaqların xoş bir duyğudan titrəyir, əsir. Düşünürsən ki, yəqin, bugünkü günün səhərinə, gələcəyinə ümiddəndir. Eşiyə çıxırsan. Eyvandan aralı qan gölməçəsi var, gölməçənin də qırağında axşamkı qaşı-gözü qara, boynu muncuqlu şişəyin başı. Sən donub-qalırsan, heç cür gözlərini qoyunun şüşətək mənasız, boz, donuq gözlərindən ayıra bilmirsən. İndi yadına düşür ki, kimsə nə vaxtsa sənə eyhamla demişdi: “Qoyungöz”.

# 1241 dəfə oxunub

Oxşar xəbərlər

# # #