Kərpickəsən kişinin son dastanı - Şərif Ağayarın yeni hekayəsi

Kərpickəsən kişinin son dastanı - Şərif Ağayarın yeni hekayəsi
26 may 2026
# 14:00

Kulis.az "Hekayə günü" layihəsindən Şərif Ağayarın "Kərpickəsən kişinin son dastanı" adlı yeni hekayəsini təqdim edir.

Qardaşım dədəmə əl qaldırmışdı. Mənə bacım xəbər verdi. Həyəcan içində zəng vurub xeyli danışdı, qışqırdı, ağladı, axırda da məni təcili evlərinə çağırdı. Düzü, bilmədim nəyə daha çox hirslənib: dədəmə qarşı belə bir ağlasığmaz nankorluğa, yoxsa ilin-günün bu vaxtı gözü görməyən yaşlı bir kişiyə baxmaq məcburiyyətinə. Amma heç kimə yük deyildi dədəm, birinci qrup əlil kimi yaxşı pensiya alırdı, yaşadığı evə öyrəşdisə, köməksiz hərlənirdi. Hər barmağının ucunda bir göz vardı; bir göz də daim əlində gəzdirdiyi, irəli uzada-uzada yeriyəndə onu qızılaxtarana oxşadan ağacın ucunda idi. Qulaqları darı dəlirdi, yanında pıçıltı ilə də danışmaq olmurdu, sükutu isə anbaan oxuyurdu.

Bacımgilə özü gəlmişdi. Ən vacib əşyalarını götürüb qonşunun maşını ilə qaçqın qəsəbəsinə yollanmışdı. Əslində, bura da onun öz evi idi. Dövlətdən almışdı. Yadımdadır, ilk gəldiyimiz bu balaca qəsəbədə qaçqınlara əvvəlcə arxa-arxaya quraşdırılmış iki gözlü fin evi verdilər. Adam çox idi. Hər gözə bir ailə nəzərdə tutulurdu. Püşkatmada yaşlı bir qadının yanına düşdük. Qadın bizdən əvvəl gəlib evin bir gözünə yiyələnmiş, artıq-urtuq əşyalarını isə bizim tərəfə yığmışdı. Görəndə dədəmə əyri-əyri baxdı, salamını almadı, arxasını çevirib hökumətin qarasına deyinə-deyinə uzaqlaşdı. Dədəm ona fikir vermədən çırtma ilə yalançı divarların keyfiyyətini yoxladı, dəmir qapını iki-üç dəfə açıb-örtdü, qalın şüşəli eynəyini taxıb bir sağa-bir sola baxdı, tavanı-döşəməni gözdən keçirdi, eynəyini qatlayıb cibinə qoyanda, qəddini şəstlə düzəldib dedi:

“Bu toyuq hinində bir ləçərlə göt-götə yaşayacam?!”

Tərs kimi zəhlətökən bir külək qalxmışdı. Kefqasının dimdiyini alnına sıxıb qətiyyətli addımlarla havanı yara-yara icra hakimiyyətinin binasına doğru tələsdi. Polisin köməyi ilə həyətdəki səs-küyü yatırmağa çalışan başçı dədəmi görəndə səsini qaldırdı:

“A kişi, harda qalmısan, niyə vaxtında gəlib ev-eşiyinə yiyə çıxmırsan?”
Dədəm özünü itirmədi:
“Toyuq hininə ev deyirsiz?”
Başçı əlini qələbəliyə uzatdı:
“O evlərdən ötrü camaat bir-birini qırır, sən naz eləyirsən!”
Dədəm çənəsini hikkə ilə qaldırdı:
“Yaşlı bir arvadla bel-belə yaşamaqdansa, gedib pambıqlıqda yataram!”

Bayaqkı dəqiq, lakin köntöy ifadəni işlətmədiyinə sevindim. Sözünü deyib, gəldiyi kimi də aralandı, bu cavabı gözləməyən başçı arxamızca baxa-baxa qaldı. Ancaq sonralar, dədəmin təbirincə desək, kişilik elədi; bizi iki-üç ilə tikilməsi planlaşdırılan daş evlərin növbəsinə saldı. Hərçənd dədəm inanmırdı ona, yuxarılara şikayət verməyək deyə başımızı piylədiyini düşünürdü.
Həmin vaxt ata-baba dostumuzun Səməd Vurğun kolxozundakı boş evinə yığışmışdıq, pambıqda işləyib birtəhər dolanırdıq, qaçqın qəsəbəsinə gəlmək bizim üçün sərfəli deyildi, lakin dost evində həmişəlik qalmadığımızı da anlayırdıq. Vaxt itirmədən çayırlıqda məhlə yeri götürdük, yay uzunu kərpic kəsib özümüzə daxma tikdik.

Başçı sözünün üstündə durdu. İllər sonra bir gecə icra hakimiyyətindən mobil telefonuma zəng vurub evin muştuluğunu verdilər. Onda mən artıq universiteti bitirib şəhərə gəlmişdim, dədəmgil köhnə kərpic daxmanı buldozerlə düzləyib məhəllənin başında ikiotaqlı daş ev tikmişdilər. Qaçqın qəsəbəsindən aldığımız evi bacımgilə verdik. Yeznə yad adam deyildi – doğmaca əmim oğlu idi. Atam bircə qızını heç kimlə, bəlkə, heç qızın özü ilə də məsləhətləşmədən qardaşı oğluna vermişdi. Anam yanıb tökülürdü. Belə saymazlıq olar? Doqquz ay qarnında saxla, on iki ay döşündən süd ver, ailə qurmaq vaxtı gələndə, səndən heç nə soruşmasınlar!

“Mən cəhənnəm, böyük oğlusan, barı sənə bir kəlmə deyəydi”, – anam məni qızışdırırdı.
“Mənə demişdi!” – ömrüm-günüm evimizdəki söz-söhbəti yatırmaqla keçdi.
Əslində, doğru deyirdim – demişdi, amma necə: “Bacını da verdim”. Vəssalam! Yəni sənin fikrin elə də vacib deyil, məlumatın olsun, yetər. Düzü, mən də dədəmdən bir az incimişdim, ancaq adam bir-birindən uzaqda yaşayanda, belə xırda inciklikləri tez unudur.
“Səni arzulayır, gəl! O əclafın adını da hafizəndən biryolluq sil! Öz atasına əl qaldıran qardaş bizə lazım deyil!” – bacım od püskürürdü.

Mən həm təəccübləndiyimdən, həm də bacımın hadisələri bir az şişirtmək şakərini bildiyimdən əlavə heç nə soruşmadım. Əgər atamı tanıyırdımsa, indiyə ürəyi partlayardı, belə ağır hadisəyə dözməzdi.
Nə qardaşım mənə zəng vurur, nə də mən ona nəsə yazırdım. Barı iki-üç kəlməlik mesaj atsa, məni belə bir rüsvayçılığın baş vermədiyinə inandırsa... Doğma qardaşdan imtina bu qədər asandırmı? Bilmirdim nə qərar verim. Deyəsən, nəsə düz getmirdi. Bacımın çox hirslənməsi məni dərin şübhələrə salmışdı. Bir yandan boş yerə bu qədər hirslənməz deyir, o bir yandan hirsləndiyi üçün belə danışdığını düşünürdüm. İçimə şüşə qırıntıları səpələnmişdi, bir yerdə qərar tuta bilmirdim. Gedib kişini öz gözlərimlə görməsəm, rahatlıq tapmazdım.
Bacımgilin darvazasının altından ağ-xallı bir çubuş çıxıb şit səsi ilə hürərək məni qorxutdu. Telefonum yerə düşdü. Ürəyim necə guppuldadısa, bir neçə dəqiqə özümə gələ bilmədim. Bu balaca, çəlimsiz heyvandan qorxduğuma görə özümü qınadım, ora-bura baxdım – nə yaxşı kimsə görməmişdi.

Əmioğlu hamamda dədəmin üzünü qırxırdı. Elə bu vəziyyətdəcə qucaqladım, zəifləmiş bədəni qollarımın arasında əridi, alnının bir tərəfindən öpdüm.

“Çubuş sənə hürdü?” – qayğı ilə soruşdu.
“Hə-ə”, – yalandan güldüm.
“Sarsaq köpəyoğlunun iti!” – dədəm qorxduğumu anlamışdı.
“Rədd eləyəcəm qapıdan”, – əmioğlu əlini görüşmək üçün uzatdı.
“Yox, – dədəm etirazını bildirdi, – dəymə, sərvaxtdır, balaca canıyla bütün məhləni qoruyur!”

Bacım məni qucaqlayanda özünü saxlaya bilməyib ağladı.

Dörd yaşlı bacıoğlu axsaya-axsaya qucağıma qaçdı.

Dədəm dava-dalaşdan bir kəlmə də danışmadı. Təmiz üzü, qısa kəsilmiş saçları ilə xeyli şux görünürdü. İki-üç ay əvvəl ağır xəstəlik keçirənə oxşamırdı. Əvvəlcə məndən iş-gücümü, ailə-uşağımı soruşdu, sonra ənənəvi mövzulara keçdi, ölkədəki vəziyyətdən, bahaçılıqdan, yerli məmurların özbaşnalığından danışdı, tanrı, din, cənnət-cəhənnəm söhbətlərini yenə axıra saxladı. Dədəm tanrının üstünə çox getməsə də, cənnətə-cəhənnəmə qəti inanmırdı. Axirətin yoxluğuna necə inanmışdısa, söz düşəndə rahatlıqla şaqqanaq çəkib gülürdü. Deyəsən, bununla ölümə meydan oxuyurdu. Sanki cənnət-cəhənnəm yoxdursa, ölüm də yoxdur, cənnət-cəhənnəmə inanmırsansa, ölümə də baş əymirsən. Ağzını dadızdırıb işğal altında qalan kəndimizin şirin ləhcəsində necə danışırdısa, deyirdin, ilahi, heç vaxt susmasın, axşam düşənəcən, səhər açılanacan danışsın, qoy lap səni də dansın, axirətini də yox saysın, susdurma bu kişini.
Dədəm imansızlığın yəqinliyinə çatmışdı.

Din xadimləri haqqında tərəddüdsüz qənaəti vardı:

“Hamısı fırıldaqçıdır!”

İsbatını öz danışdıqları əhvalatdan gətirirdi:

“Yaqub peyğəmbər quyunun yanından keçəndə Yusifin öz qoxusunu almır, yeddi il sonra köynəyinin qoxusunu alır... Ha-ha-ha!”

Bəlkə, min dəfə izah verməyə çalışmışdım:

“Dədə, sən deyən kimi deyil...”
“Necə deyil? Sədi Şirazi “Gülüstan”da yazıb. Öz gözlərimlə görmüşəm!”

Doğru deyir. Eynək taxıb “Gülüstan” oxuduğunun canlı şahidiyəm! Misal çəkdiyi cümlələri kitabda mənə də göstərib, əl atanda rahat tapsın deyə altından xətt çəkib.
İnada hər dəfə başa salmağa çalışırdım:

“Böyük həqiqətlərə çatmaq üçün əzablı yollar keçməlisən... Sədi bunu deyir...”

Məni səbirlə dinləyir, sonra qaşlarını ata-ata fikirləşir, eşitdiklərini ağlının süzgəcindən keçirib qəti qərara gələndə atdı-tutdu oyununu saxlayırdı. Yusiflə bağlı söhbətimizdə dədəmin qaşları dayanmırdı. Demək, izahım ağlına batmırdı. Belə mücərrəd mövzular onluq deyildi. Hər şeyin üstünə arşınla gedirdi. Orta məktəbdəki “Həndəsə” kitabını səmavi kitabların hamısından üstün tuturdu. Di gəl bəzən xəyali mövzulardan danışa-danışa özü də xəyal aləmində ilişib qalır, heç cür yaşadığımız dünyaya qayıtmırdı.

Anam irad tuturdu:

“Nə işin var Allahla, peyğəmbərlə, öz dərd-sərindən danış!”
Yanpörtü baxıb qımışırdı:
“Sənin başın balacadır, arvad, belə söhbətlərə qarışma!”
Əslində, dədəmin Yusif söhbətini unudub təkrar-təkrar danışması məni də yorurdu, amma indi keçmiş xatirələrə dalmasını çox arzulayırdım, qardaşımla dalaşmasından söz salıb əhvalını korlamaq istəmirdim. Danışa-danışa, gülə-gülə özü gəldi mətləb üstünə:
“Get ananı gətir, kişinin arvadı yanında olar!”
Cəsarətimi toplayıb dedim:
“Bəlkə, səni onun yanına aparım!”
Qaşının biri heysizcə yuxarı dartındı, titrəyib dayandı, kədərlə köks ötürüb dedi:
“Yox, burda qalacam!”
Sözü çevirmədim. Üzündəki qüssədən qəlbinin sındığını aydınca görürdüm. Dədəmdə olurdu belə hallar. Qəfil hansısa qohumunun evinə gedib bir neçə gün qalırdı.
Amma daha bu cür yox!

Boynuna almasa da, gözlərinin tutulmasını ürəyinə salmışdı. Düşdüyü zülmətə alışa bilmirdi. Bircə yaxın adamlarla, xüsusən balacalarla deyib-güləndə təskinlik tapırdı. Bacımın anadan nöqsanlı doğulan oğlunu lap çox istəyirdi. Söhbətləri tuturdu. Gah ciddi danışır, gah zarafatlaşır, gah dalaşırdılar. Əminəm, xəlvətə salıb ona Sədi Şirazidən də danışmışdı.
Bacıoğlu çox vaxt dədəmə fikir vermirdi, atasının aldığı rəngli karandaşlarla əlinə keçən dəftərə-vərəqə rəsmlər çəkirdi. Arada çəkdiklərini dədəmə göstərir, dədəm isə hər şeyi görürümüş kimi tərifləyirdi. Necə əminliklə danışırdısa, bacıoğlu bir yana, məni də inandırırdı.
Əmioğlu ilə tutaşmasını nəzərə almasaq, ilk gecəni rahat keçiririk. Nə baş verirsə qəfil alovlanır. Sən demə, yeznənin evində balta yoxmuş. Vay-vay! Dədəm belə şeyləri bağışlayarmı? Əmioğlu vurnuxub məngənədən çıxmağa çalışır:
“Əmi, qaz orda guppagup yanır, balta nəyimə lazımdır?”
Dədəm qızışır:
“Ay fərsiz, bəyəm balta təkcə odun yarmaq üçündür? Bir taxta yonursan, bir budaq kəsirsən, bir samovar qalayırsan... Evində çəkici, kəlbətini, baltası olmayan kişi, kişi deyil!”
Əmioğlu səssiz gülsə də dədəmin darı dələn qulaqlarından yayına bilmir:
“Pis arvadlar kimi hırtıldama! Səhər get dükandan üçünü də al!”
Əmioğlu qıpqırmızı qızarır, “Baş üstə!” – deyib mübahisəyə yekun vurur.

Səhər qalxanda atamı evdə görmədim. Bacımdan soruşdum, dedi, hava yaxşıdır, həyətə çıxıb. Mən də çıxdım. Ağacını yanında divara söykəyib alçaq bir kətildə üzü günəşə oturmuşdu, ağ-xallı çubuş ayaqlarının yanına sərilib ləhləyirdi, bacıoğlu azca irəlidə kaçalkanın qulpu ilə oynayırdı.
Doğrudan da gözəl hava vardı. Qollarımı sövq-təbii açıb əsnədim. Birdən dədəm ömür boyu içimi ocaq kimi közərdən o yanıqlı səsi ilə asta zümzüməyə başladı. Səsi min ilin uzağından, həsrətlərin, ayrılıqların o üzündən gəlirdi. Necə təsirləndimsə, qollarım havadan asılı qaldı. Çubuş şəlpə dilini yığışdırıb ağzını yumdu. Bacıoğlu kaçalkanın şaqqıltısını saxlayıb xeyli qulaq asdı. Dədəmin zümzüməsindəki yanğı onu da ovsunlamışdı. Deyəsən, həm də əzab verirdi uşağa, öz sirli əhvalı ilə onu qorxudurdu. Axsaya-axsaya dədəmə yaxınlaşdı, ehtiyatla qucağına girdi, əlini uzadıb yanağındakı göz yaşını sildi. Dədəm mehriban təmasdan zümzüməsini saxladı, nəvəsini sinəsinə sıxdı, uşaq altdan-yuxarı ona baxıb dedi:

“Baba, ağlama!”
“Ağlamıra-a-m... – boğazındakı qəhəri öskürdü. – Ağlamıram!”
İki-üç dəfə udqunub səsini əvvəlki qətiyyətə köklədi:
“Balam yanıma gələndə axsamadı, kişi kimi yeridi”.
“Yox, axsadım...”
“Axsamadın... Gördüm...”
Bacıoğlu qüsurlu ayağını qaldırıb irəli uzatdı:
“Bax, əyri qalır, o biri ayağım kimi düz açılmır”.
“Açılır, açılır...” – uşağın ayağını sığalladı.
“Sən görürsən ki?”
“Görürəm, əlbəttə, balamı görürəm!”
“O evi də görürsən?” – işarət barmağı ilə qarşıdakı məhləni göstərdi.
“Hansı?”
“Odu e, o evi,” – barmağı ilə birlikdə qolunu da uzatdı.
“Görürəm, əlbəttə, çardağı da görürəm, pəncərəni də, həyətdə oynayan uşaqları da...”

Bacıoğlu diqqətlə qonşu evə, evin həyətində qışqıra-qışqıra ora-bura qaçışan uşaqlara baxdı. Nə fikirləşdisə, şikəst ayağını qaldırıb zərblə çubuşun başına çırpdı. Çubuş zingildəyə-zingildəyə hasarın dibinə qaçdı. Dədəm hirslənib bacıoğlunun salamat yançağına yumşaq bir şillə çəkdi, uşaq kənara atılıb qaqqıltı ilə gülməyə başladı.

Bacım hamımızı səhər yeməyinə çağıranda dədəmə yaxınlaşmağa cəsarət tapdım, qoluna girmək istədim, özünü yana çəkdi, qızılaxtaran cihazı qabağa verib pilləkəni cavanlara xas yüngüllüklə qalxdı. Düzü, bir az pərt oldum. Sanki mənə güvənmədi, yaxud acizliyini görməyimi istəmədi.

İlk övladı idim dədəmin. Məni çox istəyirdi. Yolumu xeyli gözləmişdi. Söhbətindən tutmuşdum – sonsuz qalmaqdan çox qorxub! Mən də vaxtında gəlməmişəm dünyaya. Xeyli gec doğulmuşam. Sevinc gecikirsə, demək böyükdür – gəlişim təkcə ona yox, bütün qohum-əqrəbaya xoşbəxtlik gətirib, mənə üç gün-üç gecə ad günü keçiriblər, bütün kənd toplaşıb məclisə...

Dədəm həmişə məni eyni intizarla gözlədi, görəndə eyni xoşbəxtliyi yaşadı, fəqət mən onu heç vaxt mənə bəslədiyi istəkdən doyura bilmədim. Bəlkə, buna görə indi ondan mənə bir yadlıq, bir ögeylik havası vururdu; deyəsən, nə o əvvəlki ata idi, nə mən əvvəlki oğul.

Kaş xaraba kəndimizin üstündə açan çiçəklərdən mənə necə sevgi ilə danışdığını görəydiniz. Onda anlayardınız nə dediyimi.

Bir yaz dörd yaşlı oğlunu atın qucağına alıb yaylağa qaldırıb, “Təpəl bulağ”ın üstündəki təpəyə çıxanda, qarşı yastanada – “Qaranın yurdu”nda titrəşən çiçəklərə baxıb soruşmuşam:
“Onlar niyə elə eləyirlər?”
Dədəm cavab verib:
“Sən yaylağa gəldiyinə görə sevinirlər!”
Mən inanmışam dədəmə, sevincdən qanadlanmışam.
Belə cavaba kim inanmaz, kim sevinməz?

Dədəm çiçəklərlə söhbətimizi mənə tez-tez danışırdı, fəqət mən o müqəddəs görüşü heç cür xatırlamırdım. İnana bilmirdi. Necə yadımda qalmayıb? Elə söhbəti unutmaq olar? Dörd yaş az deyil axı!
On yaşımda “Qaranın yurdu”na bir də gedirik. Özü də piyada! Keçi kimi qabağa düşürəm. “Təpəl bulağ”ın yoxuşunda qoyun-quzu balaca torpaq topalarının arasından əyri-üyrü cığırlar salıb, yeriyəndə ayağım gah cığıra sürüşür, gah torpaq topasına ilişir, ona görə tez yoruluram, dədəm dəyişməyən asta addımlarla arxadan çatır, isti nəfəsi boynumun arxasına vurur, bir az qorxuram, zarafatla üstümə gəlir – sanki tapdayacaq məni! Bilirəm, ora-bura tullanıb özümü yorduğuma görə belə edir, demək istəyir ki, asta addımla, axıracan addımla!

Yastı təpəyə çıxan kimi çəmənliyin ovsununa düşürəm. Çiçəklər doğrudan da çığıra-çığıra sevinir, mənə əl yelləyir, “Qaranın yurdu” əlvan dənizə dönüb üstümə axır, yaddaşımdan yuxu kimi nələrsə keçir. Üzümə vuran ilıq mehin qoxusundan gözlərimi yumuram, bir anlıq bu qoxuya qarışıb havalanmaq istəyirəm.

Əlbəttə, bu mənzərə o gözəl sual-cavaba ilham verə bilərdi. Amma mən dədəmin çiçək söhbəti ilə Yusif söhbəti arasında ziddiyyət görürdüm: o cür gözəlliyi duyan biri köynək əhvalatına inanmaya bilməz.
“Dədə, mənə əl eləyən çiçəklər yadındadır?” – imkan tapan kimi soruşuram.

Arxaya söykənir, qaşının biri yenə yuxarı qalxıb həssaslıqla titrəyir, eynəkli xatirələrə dalmaq istəyir, gözləri işıq axtarır. Hələ kənddə ikən eynəyi qırılıbmış, bir müddət təmirə apara bilməyib, hər əyiləndə qaşları ilə düzəltməyə çalışıb, beləliklə, qaşlarını atmaq vərdişi yaranıb.

Eynək düzəlib, qaşlar yox!

Bir dəfə bacıoğlu üz-gözünü əyə-əyə soruşmazmı:
“Baba, sən niyə qaşlarını belə-belə eləyirsən?”
Dədəm ciddi-ciddi cavab verdi:
“Arvadı görəndə yerimdə dura bilmirəm, öz-özümə oynaqlayıram!”

Hamımız güldük, bacıoğlu utandı, özünü itirdi, dədəm onu qucaqlayıb alnına tökülən telindən öpənə qədər keyi açılmadı. Mən isə dədəmin bu vərdişini kompüterin axtarış əməliyyatına bənzədirdim. Həmişə çətinə düşəndə qaşlarını oynada-oynada beynində virtual kargüzarlıq işi aparır, çıxış yolunu tapan kimi baş-başa gətirib alnına doğru dikəldirdi.
İndi o qaşlar işıqlı dünyanı axtarmaqdan yorulmuşdu.

Son ümdini üzdüyü anı dəqiq xatırlayıram:
“Deyirlər, Odessada insanın gözünü dəyişə bilirlər!”

Əlacsız-əlacsız susdum. Sükutum çox ağır gəldi dədəmə və mən ömrüm boyu bu ağırlığı aramızdan götürə bilmədim.

Axırıncı eynəyini bacımgilin şkafında görəndə qardaşımdan biryolluq sındığına inandım: dədəm ən qiymətli xatirəsini onun yanında qoymayıb özü ilə gətirmişdi. Kepkası isə heç yerdə gözümə dəymirdi. Son dəfə evimizin hansısa küncündə unudulan görmüşdüm. Kepka dədəmin qanadıydı. Evdən kənara – vacib bir iş dalınca uçmadısa, heç nəyə yaramırdı. O, təkcə gözünü yox, qanadını da itirmişdi. Başıaçıq çox yad gəlirdi mənə, ona heç cür alışa bilmirdim.
“Dədə ilə barışdır məni”.
Telefonun səsini o saat aldı:
“Kimdir zəng eləyən?”
Tutulsam da, tez özümü cəmlədim:
“Zəng deyil, mesajdır”.

Əllərini süfrədə həssaslıqla gəzdirib çayın, pendirin, çörəyin yerini elədi. Fikir vermişdim, elə səliqəli yeyib-içirdi, üstünə adi çörək qırıntısı da düşmürdü.

“Onu niyə incitmisən, əclaf!” – yazıb yaşıl oxu basanda, dədəmin düşdüyü zülmətlə, nəhayət, barışdığına sevindim. Qorxurdum dözməsin. İlk vaxtlar belə idi. Fikir çəkməkdən insult keçirmişdi. Bir müddət yataqda uzanalı qaldı. Vaxt ötdükcə yavaş-yavaş yaxşılaşdı, üzünün əyrisi də, sol yanının keyiməsi də keçdi. Amma hərdən yenə sol əlini yumub-açır, qolunu ovuşdururdu.
“Ağacla məni döydü, mən də sinəsindən itələdim...”
“Gözü görməyən yaşlı bir adam səni necə döydü?”
“Yanında idim... Mübahisə edirdik...”
“Nə üstündə?”
“Ot”.
“Nə ot?”
“Qapıdakı ot tayası. Mən satmaq istəyirəm, qoymur, deyir, satıb içkiyə verəcəksən!”

Doğrudan da, qardaşım son vaxtlar çox içirdi.
“Bəs niyə satırsan?”
“Kreditim var”.

Bilmədim nə yazam. Dədəmin evdəki hakimiyyəti əldən vermədiyini yaxşı bilirdim. Sanki qorxurdu bundan. Yeri düşəndə qınayırdım, deyirdim, hər xırda şeyə görə əsəblərini korlama, ev yaxşı-pis dolanacaq. Eşitmirdi məni. Daha doğrusu, bunu bacarmırdı. Hökmünü yerə qoyduğu gün dünya ilə vidalaşardı.
“Bir az gözlə, gəlib üzr istəyərsən, bəlkə, yumşalar”.

Qardaşım mesajımın altına ağlamaq işarə qoydu, sonra silib təşəkkür smayliki göndərdi.

Amma anamla görüşməyə gəldiyimi eşidib evdən yayınmışdı. Buna ürəyimdə sevindim. Bir tərəfdən də gözüm həyət-bacada onu axtardı. Qardaşımla bacımın balaca, atamla anamın gənc vaxtlarını xatırladım. Qardaşımın bir dəstə qoyunla pambıq tarlasında tutulanda qorxudan ağlamasını, qoruqçu oğlanın universitetə gethagetdə vurub gözümün altını qaraltmasını, anamın danlağından utanan dədəmin həyəcandan yeməyini yeməyib qaşlarını oynada-oynada qalmasını, bacımın xınalı əlləri ilə göz yaşlarını silməsini... Nə qədər ağır günlər keçirsək də, o vaxtlar həyatı daha şirin yaşayırdıq, bir-birimizlə daha səmimi, daha mehriban dolanırdıq. Zaman keçdikcə hər şey dəyişdi, valideynlərimiz yaşlandı, biz böyüdük, hərə özünə balaca bir yuva qurdu, o mehribanlıq, o səmimiyyət yavaş-yavaş itib getdi.
Elə bil dünən idi, kərpic daxmanın arxasında mən qonşunun nağarasına döyə-döyə dilimlə nəsə çalıram, balacalar oynayır. Bəlkə, acıq, bəlkə, susuzuq, ola bilsin, ya bacım, ya qardaşım ayaqyalındır, amma xoşbəxtik.

İndi o günü, o saatı, o anı yaşamaq üçün nələrdən keçməzdim!

İlahi, buralar necə dəyişib! Hər yanı kol-kos, şax-şəvəl basıb. Qonşu ilə aramızda başından azca qurumuş bir qatar qovaq dikəlir. Doğrudan da, çayırlığın şoranında ağaclar çox böyümürmüş. Dədəmin sevdiyi peyvənd alçanın da yarısını zaval vurub, yarpaqların bir azı öləziyib, bir azı saralıb. Yay uzunu içini oyub düz yeddi min kərpic kəsdiyimiz quyunun yeri də bilinmir. Heç o vaxt tikdiyimiz daxmanın qalıqlarını da tapa bilmərəm. Məhlənin ayağı meşəliyə dönüb. İndi Sonyagilin nəinki darvazası, heç evi də görünmür. Necə vurulmuşdum Sonyaya! Kərpic kəsə-kəsə gözüm mavi darvazalarında qalmışdı. Dədəm üst-başım palçıq içində huşa getdiyimi görüb məni haraylayırdı. Deyəsən, tutmuşdu söhbəti. Sonya sevmirdi məni. İmkan düşdükcə lağa qoyur, dalımca danışıb gülürdü. Onu sonuncu dəfə bax elə bu həyətdə, qardaşımın toy mağarında gördüm – qucağında özünə bənzəyən göygöz bir uşaq vardı.

Məni qınamayın, torpaq öz-özünə balacalaşırmış. Bu başından-o başına qəlib sürüdüyümüz o geniş həyət hara yoxa çıxmışdı? Çəpər-çəpər, ağac-ağac, kol-kol, tikili-tikili doğranıb, xırdalanıb qurtarmışdı. Bəlkə, o vaxt taxta qəlibdəki saman-palçığın ağırlığından məsafə mənə uzun gəlirdi? Hər şey bir yana, bu boyda dəyişikliyin fərqinə niyə məhz indi, dədəm buralardan çıxıb gedəndən sonra varırdım. Hər yerdə onun palçıqlı əllərinin, ayaqlarının izini axtarırdım.

Anam bacımgilə gəlmək istəmədi, üstəlik qardaşımın tərəfini tutdu:
“Tayanın yanında səs-küy düşdü, çıxdım ki, bu “vur” deyir, o da ağacı var gücü ilə təpəsinə yendirir... Bir dəfə, iki dəfə... Qışqırdım! Qaç dedim. Nə bu qaçdı, nə də o ağacını saxladı... – iki barmağını cütləyib irəli uzatdı, – Gəlsin, özün gör, başı bax belə zol-zoldur...”
“Ona görə o da kişini vurdu?” – istehzadan çox qəzəblə soruşdum.
“Qələt eləyir onu deyən! Beli sınmış qızım qızışdırır aranı! Yəqin, pensiyasında gözü var!”
“Hə, bütün günah qızdadır, yaşlı kişini perik salıb evindən!”
“Sən dədəni yaxşı tanımırsan, bu evin ən ərköyün uşağı odur, dolanmır heç kimlə, gözləri tutulandan lap dözülməz olub”.
Dinmədim. Anamın haqsız danışmadığını bilirdim, amma nədənsə razılaşmaq istəmirdim. O isə dediyini deyirdi. Bacımgilə gəlməməsi üçün də tutarlı səbəbi vardı:
“Mən yeznə yanında qala bilmərəm, öz qardaşı oğludu, ona rahatdı!”

Sonra səsini alçaltdı:

“O da qalan deyil orda, hirsi keçsin, qayıdacaq!”
Çox arxayın danışırdı. Əslində, mən də belə düşünürdüm. Amma daha şəhərdən buracan gəlmişdim, nəsə bir iş görməli idim. Ona görə anamla razılaşdıq ki, bacımgilə gəlsin, dədəmin hirsi soyuyanda birlikdə qayıtsınlar.

İkinci zəngində bacım birincidən də həyəcanlı danışdı. Dədəm bu dəfə anamla dalaşmış, onu bacımgildən qovmuşdu. Anam veş-vüşünü yığsa da, getməmişdi, məni gözləyirdi. Ən pisi, dədəmin xəstəliyi şiddətlənmişdi; artıq xəyal görməyə başlayırdı. Bir gecə yerindən durub gedirmiş. Guya çay keçir, çəmənliyə çıxır... Yeznə yapışıb qolundan, birtəhər saxlayıb. Bir gecə də taxıl yüklü eşşəklərin dalınca düşüb. Yenə tutub evdən çıxmağa qoymayıblar. Dədəm hirslənib evdəkilərə, eşşəklər çıxıb getdi deyib haray salıb. Həkim gəlib sakitləşdirici iynə vurub, yatızdırıb. Mən gedəndə daş atıb başını tuturdu ki, gözlərim açılmışdı, həkim iynə vurub məni təzədən kor elədi.

Anamla da buna görə dalaşmışdı. Anam küsmüşdü ondan. Danışdırmırdı. Ancaq qarasına deyinirdi:

“Ömür boyu əli pulla oynayıb, qapıda neçə at saxlayıb, kənd xəstəxanasının “Vilis”i baş həkimdən çox bunu gəzdirib, indi gözünə bircə eşşəklər görükür!”

Dil boğaza qoymurdu anam, diqqətlə dinlədiyimi görüb lap qızışır, dediklərini əsaslandırmağa çalışırdı:
“Niyyəti pisdi, ona görə xəyalına yaxşı şey gəlmir!”
“Yaddaşı geri yığılır... Gənclik illərini xatırlayır...” – nə desəm də fikir vermirdi.
Bacımı danışdıranda, işin sirri açıldı. Sən demə, dədəm eşşəklərlə bir yerdə qız-qadın da görüb, hətta bir-ikisinin adını çəkib, necə deyərlər, özünü anamın yanında ifşa edib, anam da əslində eşşəklərə görə yox, qadınlara görə əsəbiləşib.
Səsindəki qətiyyəti zümzüməsindəki həzinlik əvəz etmişdi – zümzümə ilə danışırdı dədəm. Hər danışanda sanki sızıldayırdı. Qulaqları da artıq əvvəlki kimi eşitmirdi. Bərkdən danışmayanda nə dediyimi anlamırdı. Gördüyü vaqeələrə isə əməlli-başlı inanmışdı:
“Çayın o tayındakı çiçəkləri görürdüm... Sapsarı, qıpqırmızı, narıncı çiçəkər... Titrəşirdilər...”
Onu qucaqlayıb danışmağa qoymadım. Bir müddət beləcə qaldıq, sonra qəfil soruşdum:
“Bəlkə, “Qaranın yurdu”ndakı çiçəkləri görmüsən?”
Qaşlarını qaldırıb fikrə getdi, çox gec və könülsüz cavab verdi:
“Orda çiçək bitmir”.
Qulaqlarıma inanmadım:
“Bir yerdə gedib baxmışdıq... Mənim on yaşım vardı...”
“Yəqin, başqa yerə getmişik...”
“Deyəsən, unutmusan... Yaz təzə girmişdi...”
“Yox-yox, biz tərəflərdə bitən çiçəklərin hamısı gözümün qabağındadır, yüzlərlə rəng qalıb yadımda, heç birini unutmamışam, – səsindəki sızıltı azaldı. – Bilirsən niyə?”
“Niyə?”
“Çünki çox baxmışam. Saatlarla. Elə bil ürəyimə dammışdı ki, bir daha görməyəcəm, – köks ötürdü. – Tək bir dəfə səhvə yol verdim... Özümü heç bağışlamıram...”
“Niyə?”
“Mayın əvvəli aşağı çayda narıncı güllər açmışdı, yaylaqda beləsini görməmişdim, heyf, dayanıb doyunca baxmadım, Ağcakəndə toya tələsirdim... Cavanlıq...”
“Yeyib-içməyə tələsirdin, yoxsa oynamağa?” – kədərlənməsini istəmədim.
Dodalqarının ucuna mənalı təbəssüm qondu:
“Orda bir qız vardı, onu görməyə gedirdim!”
“Nə qız?” – təəccüblə soruşdum.
“Tanımırdım. Durbinlə görmüşdüm. Ağ aynəbəndli bir evin pəncərəsində saçlarını darayırdı, əlində çəhrayı daraq vardı...”
“O boyda toy mağarında durbinlə gördüyün qızı necə tanıyacaqdın?”
“Darağını vurub gələcəkdi. O vaxt o əyri daraqlar az tapılırdı. Kimdə vardısa saçının arxasına taxırdı”.
“Başlarını örtürdülər axı”.
“Hə, cavan qızlar xırda güllü yaylıq bağlayırdı”.
“Bəs darağı necə görəcəkdin?”
“Eh! Tanımırsan qızları? Min bir bəhanə ilə dəsmalı salıb saçlarını göstərirdilər”.
Dəhlizdən anamın səsi gəldi:
“Ay kişi, oğlun da burdadır, dur özünü cəmlə, yığışıb gedək evimizə!”
“Qaryağdının yanında mənim bir işim yoxdur!” – dədəmin cavabı hazır imiş.
“Elədirsə, Qaryağdı çxıb getsin, sən niyə gedirsən?!” – anam yenə tutarlı danışırdı.
“Sən get oğlunun yanına, məni də rahat burax!” – dədəm başqa vaxt bu sözləri qışqıraraq deyərdi, indi zümzüməli dedi, həzin dedi, hüznlü dedi, bəlkə, sızıltısını heç anam eşitmədi.
Dalınca sol qolunu ovuşdura-ovuşdura əlavə etdi:
“O evdə ehsanlıq bir danam var, gətirin verin mənə, sizdən başqa heç nə istəmirəm!”
Anam üzüldüyümü görüb məni yan otağa çəkdi:
“Baş qoşma ona, həmişə belədir, hər acığı tutanda ehsandan danışır. Üç gün əvvəl dindirsən, ayrı şey deyirdi...”
“Nə deyirdi?”
“Deyirdi, aparın satın o dananı, Qaryağdını müharibədən saxlayın!”
“Müharibə hardan çıxdı?” – təəccüblə soruşdum.
“Deyirlər, müharibə başlayacaq, köhnə əsgərləri çağırıb siyahıya alırlar, – köks ötürdü. – Qardaşını hamınızdan çox istəyir, bilmirsən...”
Mən axmaq evimizdəki ziddiyyətlərdən heç vaxt baş aça bilmədim.
Qardaşımın adı Qaryağdı deyildi, atam onu alçaltmaq üçün belə deyirdi. Qaryağdını dəqiq tanımırdım. Deyəsən, içib ailə-uşağını incidən, evinə-eşiyinə baxmayan tüfeyli bir kişi idi.
Səhər yerinin içində yeməyini yeyib, üstündən balla çay içir. Fürsət tapıb kefini açmaq istəyirəm. Telefonda çox sevdiyi Aşıq Şakirin “Nərgiz” mahnısını qoyuram, dinləyir, kövrəlir, həmişəki xatirəsini bir də yada salır:
“Bakı fəhləliyinə getdiyim il 9 may günü “Duvannı”da konsert verdi. Konsertdən sonra gedib lap yaxınında dayandım. Çiynimiz bir-birinə dəyirdi. Məndən bax bu qədər qısa idi”, – sağ əlinin üç barmağını çiyninə ölçü kimi qoyur, barmaqları əsir.
“De görüm, çəhrayı daraqlı qızı toyda tapa bildinmi?” – dünənki əhvalat mənə maraqlı gəlib.
“Nə toy?”
“Durbunlə gördüyün qız... Ağcakənddə...”

Qaşları yuxarı dartınmaq istəyir, bacarmır; dünən danışdığı əhvalatı bu gün unudub dədəm.

Bacıoğlu əlində rəngli vərəq axsaya-axsaya babasının üstünə qaçır, çiyninə saldığı yorğanı qaldırıb qucağına soxulur, təzə rəsmlərini ona göstərir: bu anamdır, bu atamdır, bu maşındır... Təbii, dədəm rəsmləri görür, bəyənir və tərifləyir. Bir anlıq ağlımdan keçir – nə ola bacıoğlu dədəmin görmək istədiyi hər şeyi çəkə, o da doyunca baxa: aşağı çayda açan narıncı gülləri, ağ aynabəndli evi, çəhrayı daraqlı qızı...
Ən vacibi, “Qaranın yurdu”nda mənə əl eləyən çiçəkləri...
Onun Yusif yaddaşını yoxlamaq istəyirəm:
“Sədi Şirazi adlı bir İran şairi var...”
Qaşları qalxıb alnının ortasında dayanır, çöhrəsində təbəssüm dolaşır.
“Sən yaşda “Gülüstan” adlı kitab yazıb, dünyanı fəth eləyib!”
Sevinir. Səsini qaldırır:
“He-he-he! Üç dəfə oxumuşam “Gülüstanı”.
“Hə?” – guya indi eşidirəm.
“Çox hikmətli kitabdır. “Quran”ın səhvini tutub!”
“Onu kim deyir?”
“Mən deyirəm! – başını inadkarlıqla qaldırır. – “Quran” yazır ki, Yaqub peyğəmbər yeddi illik ayrılıqdan sonra uzaqdan oğlu Yusifin köynəyinin qoxusunu alır. Sədi də deyir, elə qoxu alandırsa, quyunun yanından keçəndə orda olduğunu niyə bilmədi?”

Mən indi dədəmə “Quran”dan da, Yaqub peyğəmbərdən də, Sədidən də çox inanıram, keçmişdən doğru-yanlış nə xatırlayırsa, həqiqətin ən böyüyüdür.

Gecə anamı yatdığı otağa buraxmadı. Dedi, uzaq dursun məndən, o ki Qaryağdının tərəfini tutur, məni onun ayağına verir, yaxınıma gəlməsin. Ona zarafatla məşhur lətifəni danışdım – səksən yaşdan sonra arvadla qardaş-bacı olmaq söhbətini. Gözləri yaşaranacan güldü. Sonra qəfil ciddiləşdi. Dedi, mən elə deyiləm, bu saat evləndirən olsa, cavan bir xanımla da evlənərəm. İnanmadım. And içdi. Az sonra nəfəsinin dəyişməsindən yuxuya getdiyini anladım.
İşığı söndürüb bacımın yerdən saldığı döşəyə uzandım.

Gecənin bir aləmi dədəmin səsinə oyandım. Anamı çağırırdı. Mən hay verdim. Sakit səslə dedi:

“Dur qapını aç, qardaşın gəlir!”
Qulaq verdim. Çöldən yalnız cırcıramaların cırıltısı eşidilirdi. Qəfildən bir avtomobil zülmətin içindən uğultu ilə keçib getdi. Qəsəbənin gecə sakitliyi yenə cırcırama səsinə qədər endi.
“Heç kim yoxdur axı!” – intizarla dedim.
“Bir az gözlə, indi darvazanı döyəcək”, – səsinin xırıltısında adamı vahiməyə salan bir əminlik vardı.
“Yenə xəyal görür” – deyə düşündüm və sakitcə qalxıb işığı yandırdım.
Üzündə qayğılı bir ifadə vardı. Sol əlini tez-tez yumub açırdı.
Bu an darvaza zərblə döyüldü, mən diksindim, dədəmin qaşları qalxdı, əli dayandı, ağ-xallı çubuş hürdü.
Doğrudan da qardaşım gəlmişdi!
Darvazanı açan kimi boynuma sarılıb hönkürdü.

Ağzından araq iyi necə vururdusa, elə bil mədəsində plastik qab yandırmışdılar.
Əsl konsert isə içəri keçəndə başladı. Gecənin o vaxtına uyğun gəlməyən, sərxoşluğun ifrat sərbəstliyi qarışmış və ağlamaqdan gərləşmiş səsi ilə “sənə qurban olum” deyib dədəmin ayaqlarına döşəndi. Dədəm biz gələnəcən qalxıb yerin içində oturmuş, bacımın axşamdan yuyub-quruladığı, dırnaqlarını tutduğu tərtəmiz ayaqlarını xalçanın üstünə qoymuşdu. Elə bil qardaşımın gəlib onları öpməsini gözləyirdi. Ancaq tövbə mərasimi başlayanda etirazını bildirdi. “Sürük burdan!” – deyib ayaqlarını çarpayının altına çəkdi. Qardaşım ağappaq ayaqlara sarılıb, üzünü sürtə-sürtə öpməyə başladı.
Yuxudan hövlnak qalxan əmioğlu həyəcandan böyüyən gözlərlə, bacım pırtlaşıq saçlarla, bacıoğlu güllü tumuşla dəhlizdən sakitcə baxırdılar. Anam hələ heç nədən xəbər tutmamışdı, yaxud hər şeyi bildiyi üçün özünü yuxuluğa vurmuşdu.

İstənilən hadisənin yaxşı-pis bir finalı olur, amma nə qardaşımın yalvarışları bitirdi, nə dədəmin etirazları:
“Ayağının altında ölüm, keç günahımdan, bir də belə qələt eləmərəm!”
“Rədd ol başımdan, alkaş köpəyoğlu! İt iyi verə-verə nəyə gəlmisən yanıma?!”
Hə, dədəm onu gəldiyinə görə yox, içib gəldiyinə görə bağışlamırdı.
Amma səsi çox yumşaq çıxırdı. Bacım ağlayırdı. Bacıoğlu burnunu bir-iki dəfə qırışdırsa da, baş verənləri tam anlaya bilmədiyi üçün “xoda” düşmürdü. Əmioğlu məndən diri tərpəndi, irəli durub qardaşımı qaldırdı, mehribanlıqla qoluna girib mətbəxə apardı. Üzü ağlamaqdan tanınmaz hala düşmüş, pörtmüş, gözləri şişmişdi. Burnundan selik axırdı. Mətbəxdə də sıqqıldayaraq xeyli ağladı. Dədəm isə heç nəyi vecinə almadan yerinə uzandı, üzünü divara çevirib yorğanı başına çəkdi. Çiyinlərini bir-iki dəfə oynatmasını isə “açılın başımdan” kimi anladım.
Hava ağaran kimi heç kimə heç nə demədən evdən çıxdım. Yolda bacıma qısa mesaj yazdım: “Vacib iş dalınca getdim, sağollaşa bilmədim, salamat qalın!”
Bundan sonra evimizdən heç kimlə əlaqə saxlamadım.
Onlardan da bir müddət səs-səmir gəlmədi.

Anam həmin gün qardaşıma qoşulub qayıtmış, bir həftə-on gün sonra dədəm əmioğlunu çağırıb evə getmək istədiyini bildirmişdi. Bacım bir az pərt olsa da, üzə vurmurdu. Həm də bu aralar daha mühüm hadisələr baş vermişdi. Müharibə başlamış, üstəlik qələbə ilə qurtarmışdı, ancaq nə qardaşımı çağırmışdılar, nə dədəmin ehsanlıq danasını satmağa ehtiyac qalmışdı. Çox keçmədən kəndimizin azad olunduğunu eşitdik. Mən yaz gələn kimi imkan tapıb kədimizə getmək, “Təpəl bulağ”ın yoxuşu ilə “Qaranın yurdu”na qalxmaq, o çiçəklərdən bir dəstə bağlayıb dədəmə gətirmək sevdasına düşmüşdüm.
Amma çatdırmadım. Dədəm ikinci dəfə daha ağır insult keçirdi. Özümü kəndə yetirəndə yalnız quru nəfəsi gəlib-gedirdi. Bir də arada sağ əli ilə sol biləyindən yapışır, onu israrla yuxarı dartaraq özünü ölümün cəngindən qurtarmağa çalışırdı.

Qardaşım da, bacım da, anam da, mən də, əmioğlu da dədəmin başının üstündə dayanıb ağlayırdıq. Qardaşım hamımızdan çox ağlayırdı. Gözümün altından ona baxa-baxa düşünürdüm: “Nə yaxşı barışdılar!”
Üç sistemi qalmışdı. Hər vaxtı çatanda nəfəsi təngiyir, yatağında çırpınır, damarına şəffaf maye yeridilən kimi rahatlayırdı. Sistemlər bitəndən bir-iki saat sonra daha dərindən və daha sürətlə nəfəs almağa başladı. Körük kimi qalxıb-enən sinəsinin hay-harayı evi başına götürdü. Ciyərləri az qala partlayırdı. Dözmədim. Həkiminə zəng vurub yenə sistem qoşmasını istədim. Cavabın soyuqluğu canıma üşütmə saldı:

“Müəllim, özümüzü aldatmayaq!”

Dədəm orda əzab içində çırpınır, mən burda aciz-aciz baxırdım. Əyilib son dəfə sevgi ilə qucaqladım, nəfəsinin tanış istisi boynuma dəyəndə elə bil yuxudan ayıldım: o, “Təpəl bulağ”ın yoxuşunu qalxırdı,

“Qaranın yurdu”ndakı çiçəklərə lap az qalmışdı.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

"Könüldən düşən insan unudulmağa məhkumdur..." - Necip Fazıl Kısakürek

"Könüldən düşən insan unudulmağa məhkumdur..." - Necip Fazıl Kısakürek

12:30 25 may 2026
Telefon zəngləri - Şıxəli Qurbanovun hekayəsi

Telefon zəngləri - Şıxəli Qurbanovun hekayəsi

15:00 24 may 2026
Atam və mən - Nobel mükafatçısının hekayəsi

Atam və mən - Nobel mükafatçısının hekayəsi

12:00 23 may 2026
"Mən müraciət ediləcək son ünvanam..."  - Artur Konan Doyl

"Mən müraciət ediləcək son ünvanam..." - Artur Konan Doyl

18:39 22 may 2026
Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

Adamı nəğməsindən tanımaq olmur - Filip Rotun hekayəsi

14:40 22 may 2026
"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə

"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə

12:40 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər