"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid
26 may 2026
# 11:40

Kulis.az ədəbiyyatşünas alim Mətanət Vahidin "Həyat yoxsa sənət?" yazısını təqdim edir.

Uşaqlar çox vaxt hər şeyi öz rəngində deyil, gördükləri rənglərdə təsvir edirlər; məsələn, günəşi qırmızı, səmanı yaşıl, yarpaqları mavi… Görünür, sənətkarlar da bu mənada, böyüməyən uşaqlardır – iç dünyalarındakı rənglər dış aləmin rənglərindən fərqlidir – məsələlərə münasibətləri də həmçinin. Onların öz gerçəkləri və deməli, öz rəngləri, öz duyumları var…

Yəqin az adam tapılar, müəyyən yaşa çatsın, başqalarının saxtakarlığından, ikiüzlülüyündən şikayətlənməsin. Biz başqalarının rol oynadığını bəzən sezir, bəzən fərqində olmur, yaşa dolduqca isə çox vaxt sadəcə, göz yumuruq. Çünki bilirik, biz də oynayanlar arasındayıq, zira “həyat böyük bir səhnədir, insanlar da aktyorlar.” Bunu vaxtilə [guya] Şekspir deyib, insanlar yaşadıqca (və oynadıqca) bu fikri təkrar-təkrar isbat etmiş olurlar. Bu sətirləri oxuyub “yox, mənə aid deyil, mən heç oynamıram” deyə etiraz edən isə hamıdan daha çox rol oynayır – özümüzlə səmimi ola bilərik axı…

Somerset Moemin “Teatr” (1937) romanının qəhrəmanı aktrisa Culiya Lembert ömrü boyu yalnız səhnədə deyil, həyatda da məharətlə oynayır. Onun sevgisi də, nifrəti də oyundur, elə bütün həyatı kimi. Əri Maykl şəhərin ən yaraşıqlı kişisi hesab olunsa da, özünü tamamilə işinə həsr etmiş, karyerist bir adamdır. O heç vaxt Culiyanı sevməyib; evliliyini, sadəcə, uğurlu seçim hesab edib. Hətta sonradan dostuna sevinə-sevinə deyir ki, Culiya əvvəllər ehtirası və diqqəti ilə məni yorurdu, şükür, artıq bütün marağı işinədir. Maykl üçün işindən, “Siddons” teatrının gələcəyindən vacib heç nə olmadığı kimi, Culiya üçün də özünün karyerası hər şeydən önəmlidir. Bu cür ailənin Rocer kimi düşüncəli oğlu olmasını isə valideynlərini az-az görməsi, müəyyən qədər kitablar oxuması, dünyagörüşünün nisbətən fərqli formalaşması ilə bağlamaq olar.

Culiya o qədər istedadlı oyunçudur ki, ömrünün 20 ili boyunca onunla yaşayan əri də, illərdir dostluq etdiyi adamlar da oynadığının fərqində ola bilmirlər. Yalnız 17 yaşlı oğlu Rocer anasını maskasız, qrimsiz görə bilir. O ürək ağrısı ilə deyir: “Sənin üçün qurulanla qurama arasında heç bir fərq yoxdu. Sən həmişə oynayırsan. Bu artıq səndə vərdişdi, həyat tərzidi. Sən qonaqları qəbul edəndə də oynayırsan. Bu hələ harasıdı, sən qulluqçularla, atamla, mənimlə də oynayırsan. Mənim qarşımda sən nəcib, güzəştə gedən, məşhur ana obrazındasan. Sən özün yoxsan. Sən büsbütün oynadığın həmin o saysız-hesabsız rollar yığnağısan. Tez-tez özümdən soruşuram: görən nə vaxtsa özün olmusanmı, yoxsa lap əvvəldən yalnız təsvir elədiyin personajlara gerçək həyat verməkdən ötrü bir vasitə olmusan? Sən boş otağa keçəndə hərdən mən oranın qapısını taybatay açmaq istəyirəm, amma ürək eləmirəm, qorxuram, orada adam tapmayam.” (Tərcümə: Yaşar)

Culiya haqqında bütün gerçəklər oğlu tərəfindən deyilmiş bu bir neçə cümlədə əksini tapır. Amma onun öz gerçəkləri var; hamıya məxsus ümumi həqiqəti qəbul etmir. Xüsusən, Rocerin dilindən deyilmiş sonuncu cümləni oxuyanda adamı dəhşət bürüyür, övladın öz anasını hər zaman yalnız “səhnədə” görməsi, onun əsl özünü arayıb tapa bilməməsi çox ürəkyaxıcıdır. Lakin Culiya oğlunun bu sözlərini özünə elə də böyük dərd etmir, bu barədə yüngülvari fikirləşsə də, dərhal fikri dağılır, düşüncələri yenə onu səhnəyə aparır. Culiyanı hətta qınamaq da olmur, çünki o, bütünlüklə sənət sevgisi və şövqü ilə yoğrulmuş bir insandır. O, qadından daha artıq aktrisadır; həyat yoldaşı, ana olmaqdan daha çox yaratdığı obrazlarıdır. Necə ki, Striklənd üçün rəssamlıq sənəti hər şeydən, o cümlədən, ailəsinin rifahından daha önəmli idi.

Somerset Moemin “Ay və qara qəpik” romanında Çarlz Striklənd aiəsini atıb gedir, nə həyat yoldaşı, nə də övladlarının taleyi onu narahat edir. Hətta maddi imkansızlıq da vecinə deyil. Daxilən keçirdiyi müəyyən bir mərhələdən sonra cəmiyyət qanunları Strikləndə təsir etmir. Onu ümumun fikri, münasibəti maraqlandırmır, bütün varlığına yalnız bir istək hakim kəsilib: rəsm çəkmək. Striklənd nə məşhur olmaq, nə varlanmaq, nə özündən sonra ad-san qoymaq arzusundadır. O yalnız şəkil çəkir, çünki çəkməyə bilmir. Tamamilə başqalaşır, bütün dünya gözündə əhəmiyyətini itirir, vicdan, məsuliyyət hissləri ona tamamən yadlaşır.

Strikləndin istedadına inanan yeganə insan Dirk Stryovun bütün yaxşılıqlarına baxmayaraq, ona etdiyi pisliklər üçün əzab çəkmir, xəyanətindən utanmır. Sənətinin zirvəsi saydığı əsərləri yaşadığı evin divarlarına çəkir və onları yandırmağı vəsiyyət edir. Oxucu onu əxlaq kodeksinə görə günahlandıra da bilər, amma günahlandırmır: çünki sənət Strikləndi adi insan olmaqdan uzaqlaşdırır. O, fərqlidir – hər addımında səhvlər, qəddarlıqlar, insana yaraşmayan xüsusiyyətlər var. Amma ona nifrət etmirik, bəlkə hələ haqq da qazandırırıq. Çünki Çarlz Striklənd sənətkardır və onu anlamağa, olduğu kimi qəbul etməyə çalışırıq.

Bu məqamda məşhur “hər bir sənətkarın içərisində bir şeytan gizlənib” deyimi ilə razılaşmamaq olmur. Sənətkar, adətən, öz dəyərini bilir, başqalarının maraqlarını öz maraq və istəklərinə qurban verməyi daha rahatlıqla bacarır. İstisnaları nəzərə alsaq da, ümumən, nələrdənsə sənəti üçün vaz keçməyi bacarmayan insan əksər hallarda əsl sənətin zirvəsini fəth edə bilmir, uzaqbaşı, zirvəyə yaxın hündürlüklərdə dolaşmağa nail olur.

Bu qurban ailə də ola bilər, xarakter də, insanlıq da, maddi imkanlar da, ictimai mövqe də, sağlamlıq da, bütün ömür də… Ən önəmlisi isə insanın içindəki mənini yenməsi, komplekslərinə qalib gəlib öz gücünə inanmasıdır. “Mən bacaracağam” deyə öz qüvvəsinə inanmayan insan həqiqi sənətin zirvəsinə yüksələ bilmir. Çünki bəzən zirvəyə gedən yolda insanın tək düşməni o özüdür – qalan hər kəs və hər şey bəhanədir. Gerçək sənət fədaisi, nə olursa olsun, bütün maneələri dəf etmək gücündədir və bu gücü ona sənətə sevgi və ehtiras verir. Gərəkirsə, həyatla sənətin sərhədləri silinir. Necə ki, rejissor D.Aronofskinin “Qara qu quşu” filmində əsas rolu oynamaq yanğısı ilə balerina Nina kompleksli, utancaq, sözəbaxan Ninanı yenib ona qalib gəlməyi bacarır. Anlayır ki, ona bu işdə mane olan xüsusiyyətlərini içində məhv etməyincə yenisinin yaranması mümkün deyil. Zira bu halda, sənət fədaisi içimizdəki insanın küllərindən yaranır.

…Və əgər Striklənd yaratmaq üçün təkliyi, hətta tənhalığı seçirsə, Culiyaya, əksinə, sənətini nümayiş etdirə biləcəyi, gözləri qamaşdıracağı publika lazımdır – bu auditoriyasız Culiya da yoxdur. O hətta bir gününü belə, təkbaşına yaşamır, otağına qapanıb təkcə qalmağa ehtiyac duymur. Onun üçün həyat qonaqlıqlarda, böyük məclislərdə, onu sənət və gözəllik ilahəsi hesab edən ətrafının pərəstiş dolu baxışları və alqışlarındadır. Culiya geyimi, maneraları, jestləri ilə nümunədir – qadınlar onun kimi geyinmək, davranmaq arzusundadırlar. O isə ara-sıra heç də bu adamların hesab etdiyi qədər istedadlı olmadığını, sadəcə, özünü istedadlı kimi təqdim etməyi bacardığını düşünür. Həyatda da belədir: insanın həqiqi dəyərindən artıq özünü necə təqdim edə bilməsi daha çox rol oynayır.

Culiyanın mahiyyəti özündə saxlanandan deyil, onun üzdə göstərdiyindən ibarətdir. Ümumiyyətlə, aktrisalara birmənalı münasibət olmasa da, bu ümumi fikir hər zaman Culiyadan yan keçir, çünki o, özünü təmiz və ərinə sadiq qadın kimi təqdim etməyi bacarır. Qatarda adını belə bilmədiyi əcnəbi ilə keçirdiyi gecə üçün özünü zərrə qədər qınamır. Düşünür ki, bu, hər bir qadının həyatında baş verə biləcək bir şeydir və əhəmiyyətsizdir. Onun üçün vicdanı qarşısında hesab vermək deyil, insanların gözündə yarada bildiyi görüntü vacibdir.

Özündən 25 yaş kiçik Toma aşiq olması qəfil və gözlənilməz olur. Çünki hər hansı macəra yaşamaq, necə deyərlər, hisslərini yeniləmək fikri Culiyanın ağlına belə gəlmir. Məqsədi, sadəcə, ona aktrisa kimi heyranlıq duyan Tomun sevgisi qarşısında lütfkarlıq göstərmək olsa da, oğlan onu ilk dəfə öpdükdən sonra qadın aşiq olduğunu anlayır. Culiya, adətən, sevgi romanlarında kənarda macəra yaşayan qadınlar kimi vicdan əzabı çəkmir; düşünür ki, yaxşı həyat yoldaşı, yaxşı ana olmağı bacarırsa, niyə də öz istəklərindən vaz keçməlidir?! Hətta Tomla tez-tez müxtəlif məclislərdə görünməsinə görə reputasiyasına xələl gələcəyindən də narahat olmur. Bir növ, məşhur filmin qəhrəmanı demişkən, “reputasiyam o qədər təmizdir ki, onun ləkələnmək vaxtı çoxdan çatıb” düşüncəsində olur.

Məsuliyyətsiz və təmənnalı Tom üçün Culiya kübar cəmiyyətə ayaq açmaqdan ötrü pasportdan başqa bir şey deyil. Sonradan Culiyaya da bəlli olduğu kimi, Tom ona həmişə xəyanət edir, çünki qadını sevmir, ondan istifadə edir. Bəzən aktrisanın bahalı hədiyyələrini qəbul etməyi izzəti-nəfsinə yedirdə bilməsə də, zaman keçdikcə bunlara alışır, tamamilə təbii qəbul edir. Culiya Tom üçün həmişə sadəcə, bir pillə daha qalxa bilməkdən ötrü nərdivan rolunu oynayır.

Bununla belə, Culiyanın sevgisi də nümunə deyil, ən məhrəm hislərində belə xudpəsəndlik var. O, Tomu qısqandığı halda, emosiyalarını içində basdırıb hiylə işlədir: baxmayaraq ki, onun üçün gənc və gözəl qıza aşiq olmuş sevgilisi artıq bütün əhəmiyyətini itirir, lakin həmin qızdan qisas almağı qarşısına məqsəd qoyur. Bunun üçün uzun müddət soyuqqanlı halda planladığı işləri səbirlə həyata keçirərək ruhi müvazinətini qoruyur, heç kim, hətta 20 ildən artıq onu tanıyan əri belə, Culiyanın o qıza nifrətini sezə bilmir.

Juliya Tomun sevdiyi Evisdən qisası da əsl aktrisa kimi alır, onu səhnədə məhv edir: debüt oyununda elə edir ki, yenə də parlayan, göz qamaşdıran, diqqətləri üzərinə cəlb edən özü olsun, Evis isə gəncliyinə və gözəlliyinə rəğmən kölgədə qalır və kimsənin diqqətini çəkmir. Tom yenidən yanına qayıtsa da, o artıq Culiyaya lazım deyil. Culiyanın sevgidə uğursuzluğa düçar olması başqa qadınlar kimi, onu depressiyaya salmır, çünki o, bu uğursuz təcrübədən də səhnədə faydalanmağı bacarır – tamaşada atılmış, tənha qadın obrazını oynayarkən, əslində, ilk dəfə olaraq, rola girmədiyini özünə etiraf edir. Həyatda büruzə verə bilmədiyi emosiyalarına səhnədə azadlıq verir və necə deyərlər, ürəyini boşaldır. Başqa sözlə, düşdüyü hər bir situasiyadan karlı çıxan yenə aktrisa Culiya Lembert olur.

Onun yeganə övladına münasibəti də qəribədir. Maykl da, Culiya da daha çox özləri ilə məşğuldurlar, Rocer üçün sadəcə təhsil planı qurur, onun ən prestijli məktəblərdə oxumasını təmin edirlər. Övladın psixoloji durumu, daxili təlatümləri, nə düşündüyü heç vaxt onlara maraqlı deyil. Bu teatr aşiqləri üçün hər şey zahiri qatdan ibarətdir: sanki dünyaya gətirdikləri övlad da ömürləri boyunca oynadıqları tamaşanın bir rekvizitidir və harada qoysalar, orada da durmalıdır. Əksini ağlına belə gətirməyən Culiya oğlunun fikirlərini eşidəndə onun tezliklə çıxıb getməsini arzulayır və çalışır ki, sonralar da mümkün qədər az görüşsünlər. Çünki həqiqətlə üz-üzə qalmaq ona xoş deyil və üstəlik, Culiyanın gerçəkləri bambaşqadır: onun həqiqəti elə oyundur, səhnədədir və həyatı da böyük səhnəyə çevirməkdən ibarətdir. Əgər o bunu əvvəllər bilərək edirdisə, indi artıq hər şey təbii axarı ilə belə alınır. Oğlunun dilində səslənən “həqiqət” kəlməsi ona elə anlaşılmaz görünür ki: “Heç vaxt belə aciz olmamışdı, bu dəfə Culiya vəziyyətdən heç cür çıxış yolu tapa bilmirdi. O, tanımadığı nəsə bir şeylə toqquşmuşdu – nəsə sirli və vahiməli bir şeylə. Bəlkə, həqiqət deyilən də elə budur?” İnsan bilmədiyindən qorxar, Culiya üçün də həqiqət onun kəşf edilməmiş adası idi; onu aramağa da cəhd etməmişdi, buna ehtiyacı olmamışdı.

Sonda səhnədə böyük uğur qazanan, tamaşaçıların səngiməyən alqışları ilə qarşılaşan Culiya bu qələbəni təkbaşına qeyd etməyi qərara alır və özünü çox xoşbəxt hiss edən aktrisa yenə öz həqiqətinə sadiq qalır: “Rocer təkid eləyir ki, biz aktyorlar həyatda mövcud deyilik. Amma tam əksinə, mövcud olan elə bizik. Onlar, sadəcə, kölgədirlər və biz o heçliyə bədən geyindiririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz mübarizənin rəmzləriyik. Və gerçək olan da elə rəmzlərdi. Deyirlər, oyun bir yalandı. Amma gerçək olan təkcə elə bu yalandı.”

“Teatr” romanını oxuyarkən Somerset Moemin qadın psixologiyasına dərindən bələdliyi heyrət doğurur və alqışa layiqdir.

Bu əsər oxucunu hələ uzun zaman düşündürmək, bəzən cavab tapa bilmədiyi suallar qarşısında qoymaq gücündədir: çünki uydurma olsa da, gerçək sənətdir.

# 98 dəfə oxunub

Oxşar xəbərlər

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

Rüstəm Dastanoğlu xalqın ağrılarına biganə qalmayan nasirdir - Nağdəli Zamanov

16:00 19 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər