Qəriblik - Əli Şirindən şeir-esse

Qəriblik - Əli Şirindən şeir-esse
26 noyabr 2020
# 13:32

Kulis.az Əli Şirin Şükürlünün "Qəriblik" şeirini təqdim edir.

(şeir-esse)

Vağzallarda, limanlarda …
əllərində
ağır-ağır çantalar, çamadanlar:
əllərində
dünyanın ən ağır yükünü – ayrılıqları,
gözlərində qəribliyi daşıyanlar
qürbətdə yaşayanlar.

Əllərində ayrılıqları,
gözlərində qəribliyi yaşadarlar
qürbətdə yaşayanlar.

Limanlarda, vağzallarda …
ayrılıqları
əl edərkən əllərindən,
qəribliyi
dolmuş gözlərindən oxumuşam
qərib doğmalarımın,
doğma qəriblərimin.

Yurddaşlarım, yurddaşlarım -
vətəni qürbətdən sevər,
gəzməyə qərib ölkəni,
ölməyə vətəni seçər.

Yığıb pal-paltarını,
qapıya sarı sürüyürdü çamadanını
gözləri yaşlı Şəhərli Qadın.

Geyinib pencəyini,
götürüb başını gedirdi Şəhərli kişi
fərqinə varmadan,
çırpıb arxasınca yaşadığı mənzilin qapısını.

Öz doğma şəhərində
qəribliyi gözlərində yaşadırdılar …

Qadınlığı qayğılarına qurban verib,
ev-ev gəzib
şüşə balonlarda süd, qatıq satar Səyyarə.
Evə dönərkən
xəstə ərinə araq almağı da unutmaz:
«azarı var, içməsə ölər» – deyir.

Hər gün küçədə
əlində göyərti dolu zənbilləri
avazla çağırar
saralmış pencəyi dizindən aşağı
gödəkboy Qürbət.

Kənddən şəhərə köçüblər
ayrılıqları əllərində …

Aldadıb
şəhərdəki mənzilini alıblar əlindən,
qadını da xəyanət edib ona.
İndi doğma kəndində
havalı-havalı gəzir zavallı Qərib
qəribliyi gözlərində.

Hər səhər çıxıb çadırdan
qərib-qərib boylanar göy üzünə Köçəri
vətəndə vətənsizlik -
“güllələnmiş”, “yaralanmış”… yurd həsrəti
kədərli gözlərində.

Ayrılıqları əllərində,
qəribliyi gözlərində daşıyarlar
qürbətdə yaşayanlar.

Doğmalarım, doğmalarım -
yüz illərcə vətəndə vətənsizlər,
bir nisgil var ürəyimdə silinməyən.
O nisgilin adı nə -
oxumaq istəsəniz
baxın gözlərimə:
ürəyim gözlərimdə …

# 3872 dəfə oxunub

Oxşar xəbərlər

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

15:00 1 fevral 2026
Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

12:00 1 fevral 2026
"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər