“Şeir sevmirəm” - MÜSAHİBƏ

“Şeir sevmirəm” - MÜSAHİBƏ
18 aprel 2011
# 11:34
LAYİHƏ: KİTAB SÖHBƏTİ Kulis.az tanınmışlardan standart suallarla kitab haqqında müsahibələr alır. Bu dəfəki qonağımız politoloq, millət vəkili Rasim Musabəyovdur.


- Heç kitab oğurladınızmı?

- Məktəb illərində evimizdə kitabxana kitabları olurdu, lakin xatırlamıram onları mən, yoxsa bacım unutmuşduq kitabxanaya təhvil verməyi. Ola bilsin ki, hansısa kitabı götürmüşük oxumaq üçün, sonra da qaytarmamışıq. Mənim dostlarım, qohum və tanışlarım da bizdən çoxlu kitab aparıblar və qaytarmayıblar. Bu kimi adi halları mən günah hesab etmirəm.

- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?

- Evdə elə kitablar var ki, mənim üçün maraqsızdır, lakin arvadım və ya qızımın xoşuna gəlir. Və ya əksinə.

- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?

- Yox. Həyat daha rəngarəngdir və onu hər hansı kitaba bənzətmək, ya da kitabda yaşamaq istəməzdim.

- Məktəbdə, universitetdən dərs kitablarınız dururmu?

- Yox. Axı həmin müddətdən 40-45 il ötüb artıq.

- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?

- Mənim üçün oxumaq həmişə rahat, xoş və maraqlı olub, nəyinki yazmaq.

- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?

- Uşaqlıq dövründə kitab səhifələrini qatlayırdım. Lakin, uzun müddətdir ki, kitabların arasına nişan qoymalardan istifadə edirəm.

- Əzbərinizdə neçə şeir var? Bəs kitabxananızda?

- Şeiri bir o qədər də sevmirəm. Yaddaşımda məktəb proqramlarından olan şeirlərin parçaları qalıb. Kitabxanamda isə Nizami, Füzuli, Puşkin, Lermontov, Yesenin, Blok, Lorka və başqa kitablar var.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yox. Düşünürəm ki, ilk oxuduğum kitab - nağıllar olub.

- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?

- Bəli, və onların sayı bir deyil. Hətta Kant, Hegel, Nitşe, Freyd kimi mürəkkəb mütəfəkkirlərin əsərləri ilə yaxından tanışam. Politoloq olsam da, fəlsəfə elmləri namizədiyəm.

- Kiməsə kitab bağışlamısınızmı?

- Əlbəttə, O cümlədən öz yazdığım kitab və ya məqalələrim olan kitabları da bağışlamışam.

- Ən sevdiyiniz film kitab olsaydı onu oxuyardınızmı?

- Bir çox sevdiyim filmlərin mənbəyi kitab olub. Onları həm oxumuşam, həm də zövqlə filmlərinə baxmışam. Lakin, bunlar ayrı-ayrı duyğulardır.

- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?

- Qarabağ problemi ilə bağlı yüzlərlə kitab oxumuşam. Bu mövzuda müəllifi olduğum çoxsaylı məqalələr kitab və dərgilərdə dərc olunub.

- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?

- Əlbəttə, maraqlanmışam, İncili oxumuşam, buddizm, zərdüştülik, bəhaizm, yahudi dinlərinin əsasları ilə tanış oldum.

- Elektron kitab oxumusunuzmu?

- Son dövrlər əsasən elmi və bədii əsərləri elektron formada toplayıram. Kompyuterin monitoru üzərindən nəyisə oxumaq mənə daha rahatdır.

- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?

- Çətinlik çəkirəm bu sualı cavablandırmağı.

- Axırıncı dəfə nə zaman kitab oxumusunuz?

- Hər gün 100-200 səhifə oxuyuram - qəzet məqalələri, elmi-analitik materiallar. Lakin, bədii ədəbiyyata da çalışıram diqqət yetirim, xüsusən də səs salmış kitablara. Bədii ədəbiyyatı əsasən rus dilində mütaliə edirəm. Bunların sırasında bizim həmvətənimiz olan və Moskvada yaşayan yazıçı Eduard Bağırovu qeyd edə bilərəm.

- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?

- Avtobusdan istifadə etmirəm – avtomobillə hərəkət edirəm ya da piyadə gəzirəm. Lakin, hər hansı bir gəncin kitab oxuduğunu görəndə sevinirəm.

- Yandırdığınız kitab olubmu?

- Yox. Kitab yandırmaq vəhşilikdir.

- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?

- Çox olub. Xüsusən də, gənclik dövründə bir gün ərzində fasiləsiz 500 səhifədən çox oxuya bilərdim.

- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?

- Güman edirəm ki, bu kitablar sırasına Quran, İncil və ya bəlkə Tolstoy, Qandi, Russo kimi dahi mütəfəkkirlərin əsərlərini aid etmək olar.
# 1214 dəfə oxunub

Oxşar xəbərlər

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

Bu da bu cür həyatdır – Elçinin hekayəsi

09:05 13 may 2024
Qatarda - İsi Məlikzadənin hekayəsi

Qatarda - İsi Məlikzadənin hekayəsi

11:20 12 may 2024
Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

Tənhalıq vay, ayrılıq vay, ölüm vay... – Musa Yaqub

17:00 10 may 2024
"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

"Ondan Allahın özü də qorxurdu" - Mir Cəfər Bağırov məşhur yazıçıya niyə hirslənmişdi?

12:00 10 may 2024
Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

Dahi olmağın yolu - Peyğəmbər özündən niyə çıxmışdı?

09:02 10 may 2024
"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

"Mənim adımı qurultay nümayəndələri siyahısına salmadılar" - Əyalətdən dünyaya boylanan şair

17:00 8 may 2024
# # #