Kulis.az Sevinc Mürvətqızının “QadınVari” layihəsində Vəfa Qəhrəmanla müsahibəsini təqdim edir.
Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim etməyi qarşısına məqsəd qoyur. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.
Bu səyahətdə növbəti yol yoldaşım filoloq, həyat kouçu, alpinist, təlimçi, Everesti fəth edən ilk azərbaycanlı qadın Vəfa Musayevadır. O, qadın varlığının zərifliyini və gücünü dünyanın ən sərt təbiət qüvvələri ilə üz-üzə gətirib, inamı fəthə, əzmi isə zəfərin təntənəsinə çevirməyi bacarıb. Onun misilsiz yolçuluğu sadəcə zirvəyə qalxmaq deyil, həm də insanın öz ruhunun dərinliklərinə enib oradan yenidən doğulmaq hekayəsidir. Özünün dediyi kimi: “Bu, təkcə hündürlük deyil, həm də dərinlik məsələsidir...”
- Alpinistliyə marağınız necə yaranıb? Sizi bu riskli, ekstremal sahəyə sövq edən nə idi?
- Həyatda gördüyüm bir çox işlər var ki, onlara baxanda başa düşürəm: məsələn, müəllim və ya kouç olmaq mənim hədəfimə çevrilmişdi. Amma dağlar haqqında danışanda deyirəm ki, mən Everesti özümə hədəf qoymamışdım. Everest özü məni “çağırmışdı”. Və bu mənim üçün, əslində, təhlükəli və qorxulu bir çağırış idi... Mən o çağırışın mistik tərəfinə də inanırdım. Sanki Everestin ruhu məni səsləyirdi. Ümumiyyətlə, ədəbiyyatda da belə miflər, inanclar var. Mən isə bunu birəbir yaşadım, birbaşa şahidi oldum. Son iki ildə işimi-gücümü atmışdım, tamamilə Everestə fokuslanmışdım. Mənim evim, ailəm, iki övladım var. İkinci övladım körpə idi - onun mənə ən çox ehtiyacı olan vaxtı idi. Özü də mən uşaqlara qarşı çox həssasam, fikirləşirdim ki, uşağı qoyub belə bir riskə getmərəm. Amma dağlar səni çağıranda qəlbin və ruhun bunu ölçə bilmir. Bir də baxırsan ki, artıq qərar vermisən, yola çıxmısan.
-Yəni siz işinizi də bu məqsəd uğrunda tərk etdiniz?
- Bəli. Bir də baxdım ki, ərizəmi yazıb işdən çıxmışam. Standart rutinim, komfort zonam var idi - işə gedib gəlirdim, uşaqlarla məşğul olurdum. Bir gün gördüm ki, artıq həyat getmir, dirənmişəm. Müəlliməm, yay ərəfəsində yeni əmək müqaviləsini bağlamalıyam, bağlaya bilmirəm. Evdə dedim ki, “Mən artıq işə gedə bilməyəcəyəm”. Düşünürdüm ki, həyatımda hər şeyi dayandırıb sadəcə arzuma fokuslanmalıyam. Beləcə, işdən çıxdım və ciddi şəkildə dağlara getmək üçün hazırlığa başladım.
- Yeni ana olduğunuz bir dönəmdə belə qərar vermək çox çətin olardı...
- Həm də necə... Körpəmə südvermə dövründə idim. Amma fikirləşdim ki, heç nəyi uzatmağın adı yoxdur. Bir tərəfdən evdə uşağa baxır, böyüdürdüm, digər tərəfdən dağçılığa hazırlaşırdım, evdə idmanımı edirdim. Yaşadığım bina 16 mərtəbəlidir və qapımın ağzında həmişə 20 kiloluq çantam olurdu. Ayaqlarıma 5 kiloluq ağırlıq bağlayıb 16 mərtəbəni düşüb çıxırdım, bu, mənim məşqim idi. Böyük qızım balacanın yanında dayanırdı, mən 40 dəqiqə ərzində çıxıb düşürdüm. Ya da anamı çağırırdım, gəlirdi, deyirdim: “Otur, nəvənlə oyna”, mən də həmin vaxt evin ətrafındakı parkda özümə müəyyən etdiyim cığırda qaçır, məşq edirdim. Kənardan baxanlar deyirlər: “Əzminizə heyranam” və məndən bu gücü haradan aldığımı soruşurlar. Amma düzünü desəm, özüm də bunu bilmirəm. Elə bil bir qüvvə vardı, yorulanda da məni ayağa qaldırırdı. Mən o qüvvənin adını nə qoyum, bilmirəm... Görünür, bu, Everestin gücü idi. Həyat məni bu yolla hərəkətə gətirirdi. O vaxt yaşadığım çətinliklərə indi çevrilib baxanda fikirləşirəm ki, ilahi, doğrudan da bəzi şeylər insanın özündən asılı olmadan, sanki qeyri-ixtiyari baş verir. Bəzi şeylər tale məsələsidir. Sanki taleyimə yazılmışdı və mən sadəcə həmin yazının ardınca getdim. Ciddi qrafiklə hazırlaşırdım, amma bu artıq sadəcə ekstremal idman deyildi, ruhani bir səfərə, missiyama çevrilmişdi.

- Ana, həyat yoldaşı və alpinist rollarını bir arada daşımaq necə mümkün olur?
- Yaradan qadını elə güclü yaradıb ki, məncə, məhz buna görə öhdəsindən gəlirəm. Amma bunu şəxsi gücüm hesab etmirəm - bu, Yaradanın və yaradılışın gücüdür. Bəzən kənardan baxıb özümə deyirəm: “Doğrudan, bu necə yaradılışdır? Yaradan qadını necə mükəmməl yaradıb!”
- Səfərdən əvvəlki düşüncələriniz nədən ibarət idi?
-Everest məni ovsunlamışdı, sanki o, mənə pıçıldayırdı ki, “qorxma, sağ-salamat gedib qayıdacaqsan”. Əminliyin verdiyi güc səni qoruyur. Demək olar ki, hər gün məşq edirdim, Azərbaycandakı bütün marafonlarda və qaçışlarda iştirak edirdim. Özümü o səfərə hazırlayırdım. Amma həqiqətən o qədər dəhşətli olacağını bilmirdim. 35 günün hər dəqiqəsi çox çətin və əzablı idi. Amma qarşına məqsəd qoyanda o zirvəyə gedib çıxırsan. İnsanlar Everestdən enəndə mən artıq ikinci 8 minlik zirvəyə necə qalxacağımın planını qururdum.
- Everesti fəth etmək təkcə mental-psixoloji deyil, həm də maddi baxımdan ciddi hazırlıq tələb edir. Kimlər sizə dəstək oldu?
- Çox kiçik bir məbləğlə başlamışdım, amma bilirdim ki, artıq bu il mütləq getməliyəm. Ailəm və dostlarım maddi-mənəvi dəstək oldular. Bilirdim ki, sırf məbləğə görə bu arzumu həyatın ümidinə buraxmamalıyam. Banklardan biri də müəyyən qədər sponsorluq etmişdi. Everest səfərinin ümumi xərcləri - uçuş, geyim, avadanlıq və s. təxminən 100 min dollara qədər məbləğ tuturdu. Bank müəyyən bir hissəni ödəsə də, bu da mənim üçün çox sevindirici idi. Çünki bir var sən təkbaşına bir iş görürsən, bir də var arxanda ölkən, dövlətin, bir qurum dayanır. Səni gözləyir, inanır, missiyana sərmayə qoyur. Və buna dəyərdi. İnsanlar mənə çox mənəvi dəstək oldular. Məhz bu dəstək sayəsində 2025-ci il mayın 15-də dünyanın ən uca zirvəsini fəth edən ilk Azərbaycan vətəndaşı qadın oldum. 2–3 gün sonra isə 8516 metr yüksəkliyi olan, Himalay və Nepal sərhədində yerləşən, dünyanın ən hündür 4-cü zirvəsi - Lhotzeni də fəth edən ilk azərbaycanlıyam. Bu iki zirvənin ardıcıl fəthi həm çox nadir, həm də olduqca riskli idi. Oraya yalnız şerpa bələdçi ilə qalxmaq mümkündür. Mənim bələdçim Nepaldan olan Dava adlı bir şerpa idi. Şerpalar əsasən Nepal və Tibet bölgəsində yaşayan etnik qrupdur. Onlar uzun illər yüksək dağlarda yaşadıqları üçün nadir fiziki adaptasiyalara sahibdirlər: az oksigenli yüksək hündürlükdə nəfəs almağa vərdiş ediblər. Bu xüsusiyyətlərinə görə onlar dağçılıq ekspedisiyalarında ideal bələdçi olurlar. Everest zirvəsinə çıxmaq da məhz şerpaların bələdçiliyi və dəstəyi ilə mümkün olur. Everestdə bir neçə “ölüm zonası” var ki, orada ölməmək üçün şerpalara qulaq asmalısan. Ölüm zonasında oksigen yoxdur, dərin çatlar var. Elə olmuşdu ki, ekspedisiyada tanıdığım adamlardan biri 4-cü “ölüm zonası”nda oturub dincələrkən, elə yemək əlində, yorğunluqdan dünyasını dəyişmişdi. Everestdə başa düşdüm ki, ora getmək üçün təkcə fiziki və maddi deyil, mental hazırlıq da çox vacibdir.

- Yəqin ki, “qadının nə işi var dağ-dərədə?” fikirləri ilə qarşılaşırdınız. Elə Everestə çıxmaqdan az çətin olmayan bu stereotipləri necə qırdınız? Ailəniz, doğmalarınız Everestə getmək qərarınıza necə yanaşırdı?
-Düz deyirsiniz. Everestə çıxmaq bir başqa məsələdir, bir də bizim mentalitet var. Amma mən heç vaxt bu cür yanaşmalara əhəmiyyət vermədim. O stereotipləri qırmağın yeganə yolu - çox çalışmaqdır. Everest üçün çalışmağımı və qətiyyətimi görən hər kəs anladı ki, mən onlardan “gedim, getməyim?” - deyə icazə istəmirəm. Onlar gördülər ki, hər şeyə rəğmən, hətta övladımın olmasına, südvermə dövrünə baxmayaraq mən çalışıram, məşq edirəm. Əzm insanlarda yaxşı mənada qorxu yaradır. Hamı gördü ki, mən artıq arzuma qarşı dayana bilməyəcəyim bir nöqtəyə gəlmişəm. Anam, həyat yoldaşım, övladım - hamısı başa düşdü ki, mən bunu o qədər istəyirəm ki, bu istək qarşısında heç nə dayana bilməz. Məni yola salanda hamının gözündə bir sevinc vardı. Elə bil, “axır ki, gedir, bunu edəcək və hamımız rahatlaşacağıq” (gülür). Amma səfərdən geri qayıdandan sonra gördülər ki, bu, təkcə zirvəyə çıxmaqla bitmir. Everest özü boyda bir missiyanın başlanğıcı imiş.
- Zirvədə olduğunuz an Yaradana nəsə demək ürəyinizdən keçdimi?
- Əlbəttə, mənim üçün o an sonra bir şeirə çevrilmişdi:
Gərək Bodhi ağacını seçərdim Budda kimi,
Tam 49 gün əyləşərdim, sakit...
Bəlkə, mən də oyanardım,
Tapardım həyatın mənasını — onun kimi...
Amma olmadı,
Mən ki, o deyiləm.
Qədərimə - getmək, dağlara sarılmaq düşdü
Yanımda heç kim olmayanda,
Ayaqlarımın altına nərdivan qoyub
Göylərə qalxmaq, buludlara toxunmaq düşdü...
Ey Yaradan,
Buradayam,
Sənə daha yaxınam,
Eşidirsən?...
-Deyilənlərə görə, Everestdə xeyli sayda yolu yarımçıq qalan alpinistlərin cəsədləri var, onlarla qarşılaşmaq sizdə hansı duyğuları oyatdı?
- Getməzdən əvvəl Everestin xəritəsinə baxmışdım — ağappaq fon, üstündə də çoxlu qırmızı bayraqlar. Xəritənin üzərində yazılmışdı ki, bu qırmızı bayraqlar qarın altındakı cəsədlərin sayını göstərir. Əksəriyyətinin üzərinə sonradan qar yağıb örtüb, çoxunu görmürsən. Amma bəzilərini görmək olur. Everestin zirvəsinə qar yağsa da, orada daim güclü külək əsdiyi qar oturmur. Zirvəyə yaxın bir cəsədlə qarşılaşmışdım - elə oturaq vəziyyətdə, kəndirə bağlı idi. Mən onun üstündən atlanıb keçəndə bir az əyilib yaxından baxdım: Papağının altından ağ-boz çallaşmış saçları çıxmışdı, külək onları yellədirdi. Gözləri çəkilib çuxura düşmüşdü... Amma orada o qədər ekstremal vəziyyətdəsən ki, belə mənzərələr səni çox da sarsıtmır. Çünki sən də orada ölümlə mübarizə aparırsan. Zirvədə başqa bir reallıq hökm sürür. Orada başa düşürsən ki, cəld tərpənməlisən, yoxsa sən də onun kimi ölə bilərsən. Bu, müharibə kimidir: necə ki, müharibədə ən yaxın dostun, silahdaşın yanında ölür, sən isə onu ağlamağa belə imkan tapmadan silahını götürüb yola davam edirsən, burada da elədir. Sən heç nə edə bilmirsən, sadəcə irəli getməlisən ki, öz mübarizəni davam etdirəsən. Bəziləri soruşurlar: “Necə yəni, bu düşür, o donur, ölür, sən keçib gedirsən - bu qeyri-insani deyilmi?”. Amma o onsuz da ölüb və ya ölüm ayağındadır. Sən o anda heç kimə kömək edə bilmirsən. Heç olmasa, özün sağ qalmağa çalışmalısan. Orada qurtuluş olmadığına görə, ən doğru qərar budur: özün özünə kömək etməlisən. Amma mən o cəsədi burada görsəm, oturub ağlayaram. Dağlarda isə fərqli qanun var. Ekstremal şərait öz şərtlərini diqtə edir, sən orda o sən olmursan.

- Zirvəyə doğru hər addımda, xüsusən “ölüm zonasında”, hansı mənəvi və ruhani dəyişiklikləri yaşadınız?
- Everestdə çox qiymətli dərslər aldım. Hazırda da konfranslarda, forumlarda, tələbələrlə görüşlərdə, demək olar ki, 7-dən 70-ə qədər insanlara həmin o dərsləri, orada yaşadıqlarımı hekayələr şəklində paylaşıram. Bəzən özüm də heyrətlənirəm — orada öyrəndiklərimi həm özüm-özümə eşidəndə, həm də insanlarla paylaşanda başa düşürəm ki, bir dağ insana nələr öyrədə bilərmiş. Mən geri dönəndən sonra belə bir qənaətə gəldim ki, Everest mənim əsl ustadım idi. Həyatda hər kəs bir ruhani müəllim, bir ustad axtarır. Mənim ruhani müəllimim isə Everest oldu.
- O dərslərdən ən vacibləri hansılardır?
- Ən böyük dərslərdən biri budur: Atdığın hər addıma güvənməlisən. Mən bəzən orada addım atanda çox ölçüb-biçirdim: “Birdən yıxılaram, ayağım sürüşər”. Elə düşünəndə doğrudan da elə olurdu. Amma nə vaxt ki, ayağımı güvənlə yerə basırdım, inanırdım ki, yer buz olsa da, keçdiyim nərdivan məni saxlayacaq, onda həqiqətən də saxlayırdı. Yəni həyatda da belədir: Addımına güvənməlisən, ayağını basdığın yerə inanmalısan. Nəticə bəzən istədiyin kimi olmasa belə, yenə də inamla irəli getməlisən. Everestdə “ölüm zonasındakı” səssizlik mənə çox şey öyrətdi. Oksigen maskası taxandan sonra demək olar ki, danışmaq mümkün deyil. Səsin qısılır, nəfəsinin səsi oksigen maskasında əks-səda verir. Everest mənə öyrətdi ki, həyatda çox danışmadan da dərin təsir buraxmaq olar. Heç kimə çox izah vermədən, sübut etmədən də sadəcə baxış, bir işarə, bir jestlə hər şeyi çatdırmaq mümkündür. Səfər boyu şerpa ilə bərabər idik — 35 gün demək olar ki, yan-yana irəlilədik. Bəzən əsəbiləşirdi, acıqlı danışırdı, aqressiv olurdu. Çünki şərait çox gərgin idi, bəzən nəyisə etməməli olduğumu tapşırırdı. Mən də o anlarda çalışırdım özümü izah edim: “Bunu ona görə etdim...” Sonra başa düşdüm ki, izah etməyə ehtiyac yoxdur, bəzən sadəcə susmaq lazımdır. O əsəbiləşəndə mən sağ əlimlə onun çiyninə yüngülcə vururdum, başımla işarə edirdim: “Sən haqlısan, sakit ol”. Və görürdüm ki, bu, sözlərdən daha çox təsir edir. Everestdə öyrəndim ki, bəzən bir fincan çay təklif etmək, “haqlısan, otur, dincəl” demək, uzun izahlardan daha dəyərlidir. Çünki mübahisə edərkən, didişərkən həm vaxtımızı, həm enerjimizi, həm də ən vacib olan oksigenimizi itiririk. Halbuki o oksigen bizi həyatda saxlayır. Mən o anlarda özümə deyirdim: “Vəfa, unutma, sən bura niyə gəlmisən - zirvəyə çatmaq üçün. Qalan hər şey hekayədir...”.
- Bu sözləriniz nəfəsin nə qədər dəyərli olduğunu bir daha xatırlatdı. Həyatın içində necə əhəmiyyətsiz şeylərə boşuna nəfəs tükəndirdiyimizi indi yenidən fərqinə vardım. Halbuki nəfəs bizə eynən o oksigen maskanızda olduğu kimi limitli verilib...
- Eynən. Zirvədə nəfəsin dəyərini anlayırsan. Nəyisə izah etməyə çalışanda düşünürsən: “Nəfəsimi niyə tükəndirim ki? Bu nəyə lazımdır?”
O anlarda oksigen maskamı yenidən ağzıma keçirirdim və işarə ilə bildirirdim ki, “Təsliməm, tamam, davam edək”. Yəni - “sən haqlı ol, mən zirvəyə getmək istəyirəm...”. Zirvəyə çatmaq üçün bəzən haqlı olmağa ehtiyac yoxdur... Sənin yolçuluğunda əsas olan nədirsə, onu unutmamalısan. İzaha, özünü sübuta ehtiyac olmadan yoluna davam etməlisən. Həyatda çox vaxt enerjimizi “haqlı olduğumuzu sübut etməyə” sərf edirik. Halbuki o enerjini məqsədimizə çatmaq üçün sərf etməliyik.

- O qədər çətinliyin içində sizi motivasiya edən nə idi? Heç olubmu ki, “artıq bəsdir, geri qayıdım” deyəsiniz?
- Hətta ən çətin anlarımda, bəzən ölüm riskinə rəğmən, o fikir bir saniyə də olsun ağlıma gəlmədi. Mənim sağımda da, solumda da dünyanın dörd bir yanından olan alpinistlər vardı. Onların çantalarının, qollarının üzərində öz bayraqları vurulmuşdu. Görürdüm ki, hər ölkədən 2–3 nəfər var, amma o boyda dağda Azərbaycan bayrağını daşıyan tək mənəm. Özümə dedim: “Vəfa, hətta orada ölsən belə, bu yolun geri dönüşü yoxdur”. Çox əmin idim ki, zirvəyə çıxacağam. Fikirləşirdim ki, bu dağ məni çağırıbsa, deməli, məni qəbul edəcək. Bu çətin yolda motivasiyam mənim bayrağım idi.
- Zirvədə Azərbaycan bayrağını qaldıranda nə hiss etdiniz?
- Həmişə televiziyada görürdüm ki, idmançılarımız bayrağı qaldıranda kövrəlirlər, ağlayırlar. Mən həmişə bunu onların şəxsi nailiyyətlərinin qürurunu yaşaması kimi başa düşürdüm. Everestdə zirvədə bayrağı qaldıranda anladım ki, bunun şəxsi nailiyyətlə əlaqəsi yoxdur. Sadəcə, qürur yaşayırsan ki, sənin bayrağın zirvədədir və sən birinci olmusan! Oradan geri dönəndə mənəvi və fiziki cəhətdən o qədər əziyyət çəkmişdim ki, müharibədən qayıdan insanları anladım. Everest və Lhotze mənim üçün müharibə kimi idi. Çünki sən orada özünlə mübarizə aparırsan və o mübarizədə qalib olub geri gələndən sonra elə bil içində intəhasız bir boşalma olur. Everest səfərindən sonra “mübarizədən qayıdıb gəlmək” hissini anladım. Heç demə, əsgər olmaq, hansısa ali ideal uğrunda mübarizə aparmaq, bu imiş. Mənim də cəbhəm Everest idi. Cədvələ baxanda görmüşdüm ki, orada azərbaycanlı adı yoxdur və mən bu cəbhədə mübarizə aparmalıyam. Bu, mənim missiyama çevrilmişdi. Sonra mən Lhotze zirvəsinə qalxdım. Orada artıq dünya siyahısında ilk onluğa düşmək mənim üçün böyük məna kəsb edirdi. Bu, mənim üçün təkcə şəxsi uğur deyildi - Azərbaycan uğrunda mübarizə idi. Everestdən qayıdanda anladım ki, bu, sadəcə zirvəyə çıxmaq deyil, bu, döyüşmək və bayrağı zirvəyə sancmaq deməkdir.

- Zirvəyə çatanda hiss etdiyiniz o xoşbəxtlik duyğusunu necə ifadə edərdiniz?
- Qəbul edilməyin xoşbəxtliyini yaşadım. Yaradana və Everestə həm məni çağırdığı, həm də məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağçılar arasında belə bir söz var: “Dağ səni qəbul edərsə, onun zirvəsinə çıxa bilərsən, qəbul etməzsə, yox”. Orada bu duyğunu dərindən yaşadım. “Xoşbəxtlik” sözü o an üçün az idi. Mənim həmin vaxt bir videom var.
Sonra baxanda gördüm ki, dilimə gətirirəm: “Azərbaycan bayrağını qaldırıram və fəxr edirəm ki, azərbaycanlıyam, sevinirəm ki, bayrağı buraya çıxarmışam”. Sonra dayanıb baxıram və nitqimdə başqa söz tapmıram, sadəcə bir cümlə gəlir: “Mən xoşbəxtəm” Xoşbəxtliyin tam olaraq nə demək olduğunu o zirvədə yaşadım. Xoşbəxtlik varmışlıq hissidir. Əslində, çox sözə ehtiyac da yoxdur. Mən Everesti fəth etməklə həm də daxilimdə olan bir yolçuluğa varmışdım. Təbii ki, ondan sonra da yollar var, yol bitməz... Tam zirvəyə çatanda ayaqüstə şəkil çəkdirmişdim. Sonra gördüm ki, küləyin sürəti o qədər güclüdür ki, ayaq üstə dura bilmirəm, oturmalı oldum. Elə bil təyyarənin uçduğu nöqtədəsən, amma ora ayağınla çıxmısan. Ətrafa baxdım, elə bir başgicəllənməsi yaşadım ki... Çünki tam buludların üstündə idim, ətrafda da qarlı Himalay zirvələrindən başqa heç nə görünmürdü... Orada başa düşdüm ki, İlahi, mən burada mahiyyət etibarilə bir zərrəyəm! Eyni zamanda bu kainatın vəhdətinin bir parçasıyam — zərrə olsam belə...
- Adətən bu tipli ekstremal səfərlərdən qayıdandan sonra psixoloji reabilitasiya alırlar, almısınızmı?
- Xeyr, almadım. Amma indi çıxış etdikcə, danışdıqca, düşüncələrimi paylaşdıqca elə bil ki, terapiya keçirəm. Hiss edirəm ki, o səfər mənim üçün yüngül bir yolçuluq deyilmiş. İndi bunun fərqinə varıram. Danışıram, paylaşıram, yazıram, bölüşürəm - bütün bunlar məni şəfalandırır.
- Kişilərin üstünlük təşkil etdiyi bir sahədə qadın olmaq, həm də Azərbaycandan ilk qadın olmaq necə hiss idi?
- Çox gözəl bir hiss idi. Orada başqa qadınlar da vardı, amma nisbət çox az idi. Məsələn, hər komandada təxminən 5–6 kişi, bir qadın olurdu. Bəzən isə ümumiyyətlə qadın olmurdu. Azərbaycanlı olaraq tək idim - nə qadın, nə də kişi həmvətənim yox idi. Ekspedisiyada kişilərlə bərabər olmağın üstünlüklərindən biri budur ki, onlar fiziki cəhətdən qüvvətlidirlər. Qrupda tək qadın olanda daha çox səni qorumağa, qayğına qalmağa çalışırlar. Amma bu, yalnız bir yerə qədərdir. 3–4 min metrdən sonra artıq həyat uğrunda mübarizə başlayır. 5 min metrdən yuxarıda artıq qadın–kişi söhbəti bitir. Orada sən sadəcə sağ qalmağa çalışan bir fərdə, canlıya çevrilirsən.
- Həmcinslərinizə “QadınVari” mesajınız nə olardı?
- Hardasa iki gün əvvəl dağçı dostlarımdan biri ilə bir veriliş hazırlayırdıq. O, mənim haqqımda özümün də bilmədiyim bir şeyi dedi: “Vəfanın zəif cəhəti odur ki, o, dağlarda çox “nazlı-qəmzəlidir” özünü qız kimi aparır. Əslində, dağlarda qız kimi olmamalısan...” Cavab verdim ki, fərqi yoxdur - dəniz səviyyəsindəyəm, yoxsa dağdayam, mən həmişə qadınam. Qadın yaradılışımın əleyhinə getmək istəmirəm. Hətta dağçı da olsam, dünyanın ən hündür zirvəsini fəth eləsəm də, qadın zərifliyi, incəliyi Everestdən də ötə bir anlayışdır. Həmcinslərimə tövsiyə edərdim ki, qadın zərifliyini itirməsinlər. Ən böyük güc elə qadın kimliyidir. Bəzən qadını daha güclü göstərmək üçün “kişi kimi qadın” ifadəsini işlədirlər. Amma mən belə hesab etmirəm. Əslində, bu ifadə qadının gücünü bir az kiçildir. Kişinin kişi qüvvəti var, qadının isə qadın gücü. Qadın öz qadınlıq gücünə fokuslanmalıdır ki, ondan tam bəhrələnə bilsin, onda o gücün həm dərinliyini, həm də gözəlliyini görəcək. Qadın kimi qadın da olub, gücünü ən dərin qatına qədər təcrübə edib yaşaya bilərsən. Ona görə də qadınlara tövsiyəm budur: Kişi məfhumlarını, dəyərlərini özlərinə yığmağa çalışmasınlar. Bu, onları gücləndirməyəcək, əksinə, kiçildəcək. Qoy, kişi kişi olsun, qadın da qadın kimi qalsın...
- “Qəhrəman” təxəllüsünüzün hekayəsini də bilmək maraqlıdır...
- Təxəllüsüm haqqında danışmaqdan həmişə çəkinirəm. “Qəhrəman” mənim özümə verdiyim təxəllüs deyil. Yəni bu, “mən qəhrəmanam” anlamında deyil. Dostlarım çoxdan mənə “Qəhrəman” deyirdilər, mənim üçün bu təxəllüs bir hədiyyə idi. Sadəcə, adımın yanında yazmışdım. Fikirləşirdim ki, yəqin ki, bu, nə zamansa özünü göstərəcək və o zaman “Qəhrəman” parıldayacaq. Everestdən sonra insanlar mənə deməyə başladılar: “Sən əsl qəhrəmansan, kim verib bu təxəllüsü sənə?” Elə bil, “Qəhrəman” təxəllüsüm də Everesti gözləyirmiş. Dünənə qədər “Qəhrəman” təxəllüsü adımın yanında sakit dayanmışdı, Everestdən sonra fəallaşdı. “Qəhrəman” elə bil yenidən dünyaya gəldi və özünü doğrultdu. Özümün də özümə qibtə edəcəyim bir həyatı yaşamağa niyyətliyəm. Mən düşünürəm ki, yaxşı yaşamağa çalışmağın özü də qəhrəmanlıqdır.

- Bundan sonra sırada hansı dağ var?
- Plan olaraq yazılı şəkildə də var, vizual olaraq da - həm dəftərimdə, həm kompüterimin ekranında, həm də divarımda. Hansınınsa konkret adını deməyə bir az çəkinirəm. Onların içərisindən hansı dağ məni “çağırsa”, onun görüşünə gedəcəyəm.
- Tibetin uzaq qərbində buddizmdə müqəddəs hesab olunan məşhur Kailaş dağı var, çox hündür olmasa da, ruhani baxımdan ora çıxmaq mümkünsüz sayılır. Heç oraya getmək ağlınızdan keçibmi?
- Bəli, dini inanca görə, Kailaş heç kimi özünə buraxmır. Kailaş da mənim gedəcəyim yerlərdən biridir. Ora ruhani bir yerdir, xüsusi ritualı var, təbii ki, getmək istəyərdim. Dağların enerjisini və ruhunu hiss etmək baxımından bunu da təcrübə etmək arzusundayam. Amma bayaq da dediyim kimi, yenə deyirəm: mən Everesti özümə hədəf qoymamışdım. Məsələn, Lhotze zirvəsi də nə planımda, nə də ağlımda yox idi. Buradan insanlarla sağollaşıb gedəndə “Everest” deyib getmişdim, amma qayıdanda Lhotzeni də fəth etmişdim. O, mənim üçün də bir sürpriz olmuşdu. Everestə zirvəyə gedən yolda ay işığında Lhotzeni gördüm və o, mənim qəlbimə doldu. Dərindən hiss etdim ki, o dağa çıxacağam, amma bilmirdim ki, bu, Everestdən enəndən dərhal sonra baş verəcək. Ona görə də bilmirəm ki, bundan sonra nə olacaq. Bildiyim odur ki, nə qədər ki, həyatdayam, dağlar mütləq şəkildə mənim həyatımda olacaq. Mən şəhərdə yadplanetli kimi gəzirəm - burada yaşayıram, fəqət aid olduğum yer dağlardır. Oraya gedib özümü bərpa edirəm, geri qayıdıram. Bu mənə yaşamağa, yaratmağa motivasiya verir. Çünki dağlardan ilham alıram, “qidalanıram”. Vaxtaşırı ora gedib “o qidanı” qəbul etməliyəm, yoxsa yaşamaq mənim üçün çox çətin olar...
- Qızlarınızdan hansısa dağlara getmək istəsə, münasibətiniz necə olar?
- Bir neçə gündür ki, evdə bu mövzuda söhbət gedirdi. Qızım Sara Nur dedi: “Həqiqətən, dağlara getmərəm, bəlkə də səninlə hansısa dağa gedərəm, amma dəqiq bilmirəm. Mən dağ adamı deyiləm...” Açığı, ürəyimdə bir rahatlıq hiss etdim, düşündüm ki, “nə yaxşı, bu, elə bir şey istəmir”. Amma eyni zamanda da bilirəm ki, bu dağdır, bilmək olmaz, 5–10 ilə nələr ola bilər... Ona görə də bu haqda heç düşünməyə dəyməz. Çünki bu çağırış gələcəksə, o, gedəcək. Bu taledir, qismətdir. Əlbəttə, mən də bütün analar kimi — elə öz anam kimi, balamın təhlükəyə getməsini istəmərəm. Övladım böyüdükcə, anamı indi daha gözəl başa düşürəm. Amma bir insan kimi də anlayıram ki, hər kəsin öz yolu var və ona heç vaxt mane olmaq olmaz, hətta övladın olsa belə...

- Səfər haqqında kitab yazmağı düşünürsünüz?
- Bəli. Hal-hazırda kitabla bağlı iki istiqamətdə iş aparıram. Böyüklər üçün yazdığım kitab dağlar, eləcə də Everest və Lhotze səfərim haqqındadır. Everestdən qayıdandan sonra o hissələrin üzərində işləyirəm. Uşaqları çox sevirəm. Dağlardan uşaqlara olan mesajlarım var, onları da hekayə formasında yazıram, tezliklə işıq üzü görəcək.
- Dağların uşaqlara “ünvanladığı” əsas mesaj nədir?
- Biz uşaq olanda hamımız nələrsə arzulayırıq, xəyallar qururuq. Lakin böyüdükcə uşaqkən dediyimiz “mən edəcəyəm, mən gedəcəyəm” cəsarətini unuduruq. Qızlarımız böyüyüb yuva quranda, ana olanda əsl kimliklərini, xəyallarını çox tez unudurlar. Bütün arzularını övladlarına və ailəsinə bağlayırlar. Bu da gözəldir, amma bununla yanaşı unutmamalıdırlar ki, qadın, həyat yoldaşı, ana olmaqla bərabər, onlar həm də uşaqlıq arzuıarı olan şəxsiyyətdirlər. Dünənki uşaqlıq arzularını, xəyallarını xatırlasınlar. O kitabda bütün uşaqlara, əsasən də qız balalarımıza dağların mesajı belədir: Arzularınızı, xəyallarınızı unutmayın. Sabah həyatda hansı rolda olsanız da, əsl kimliyinizi, dünyaya niyə gəldiyinizi, qurduğunuz xəyalları unutmayın. Onlar sizin həyatınızın və missiyanızın bir parçasıdır, arxasınca mütləq gedin.

- Sonda nə demək istərdiniz?
- İndi mənə kənardan baxıb deyirlər ki, “getdi, dünyanın ən uca zirvəsini fəth elədi gəldi”. Yəni, məsələ təkcə zirvə fəth eləmək deyil. Bəzən elə insanların həyat hekayələrinə qulaq asıram ki, onlar heç dünyanın hündür dağlarına getməyiblər, amma ömürlərinin ən uca zirvələrini fəth ediblər. Bizim alimlərimiz, müəllimlərimiz, analarımız, atalarımız elə işlər görürlər ki, Everestdən daha uca zirvədədirlər. Ona görə də insanlara demək istəyirəm: Öz Everestinizi tapın. Bu, təkcə hündürlük deyil, həm də dərinlik məsələsidir... Özünüz üçün zirvə müəyyən edin və onun üçün çalışın. O hissi, o duyğunu mütləq şəkildə bu dünyada yaşayın, arxasınca gedin. Madam ki, dünyaya gəlmişik, maraqlı yaşamalıyıq, ömrümüz boyu əlimizdən gələnin ən yaxşısını etməyə çalışmalıyıq...