"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş

"Bu qədər tək qalmaq üçün nə etmişəm?" - Sevgilisinin dəlixanaya saldırdığı heykəltəraş
8 dekabr 2025
# 14:00

8 dekabr görkəmli fransız heykəltəraş Kamilla Klodelin doğum günüdür.
Kulis.az bu münasibətlə sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.


Kamilla Klodel (Camille Claudel) Fransanın ən görkəmli heykəltaraşlarından biri olmuşdur. O, fransız şair və diplomat Pol Klodelin bacısıdır.

Kamilla uşaqlıqdan sənətə meylli idi; Şimali Fransada Aisnedə doğulan qız, ailəsi Parisə köçəndə orada heykəltəraşlıq sənətinin sirlərini öyrənməyə başlayır.

Hələ uşaq ikən Kamilla evlərinin bağçasında palçıq və gildən cürbəcür fiqurlar düzəldirdi. Lakin evə gətirdiyi işlər anasının ciddi tənqidinə məruz qalırdı. Böyüdükcə heykəltaraşlığa olan marağı daha da güclənir.

O, hələ on üç yaşı olarkən Bismarkın və I Napoleonun heykəllərini hazırlamışdı. Anası Kamillanın bu istedadını qəbul etməsə də, atası qızının sənətinə hörmətlə yanaşır və onu Parisə təhsil üçün göndərir.



1881-ci ildə Kamilla Parisdə qadınların təhsil almağa çətinliklə qəbul edildiyi Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik bir emalatxana kirayələyir və bir müddət sonra məşhur heykəltaraş Ogüst Rodenin tələbəsi olur.

Bu tanışlıq Kamillanın həyatında dönüş nöqtəsi olur: Roden Kamillanın həm sevgilisi, həm də rəqibi olur.



Roden Kamillanın istedadına heyran qalır və düşünür ki, birlikdə böyük işlərə imza ata biləcəklər. Həmin dövrdə Roden məşhur “Cəhənnəm qapıları” əsərini yaradır. Lakin əsərin böyük hissəsi Kamillanın dəstəyi ilə hazırlandığı üçün uğurun yarısı Kamillaya aid sayılır. Tənqidçilər belə hesab edirdilər ki, Rodenin ən yaxşı əsərləri Kamilla ilə işlədiyi zaman ərsəyə gəlmişdir.



1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə tanınır və hörmət qazanır. Lakin Rodenlə birlikdə yaşamaq istəyi ailəsi tərəfindən qəbul edilmir; anası və digər ailə üzvləri ondan üz çevirir. Kamilla Rodendən hamilə qalır, lakin qəza nəticəsində uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurlar yaradır.

Azad ruhlu Kamilla 1898-ci ildə Rodendən ayrılır, Roden isə onu tərk edib başqa qadınla evlənir. Ayrılıq Kamilla üçün asan olmur; onun Rodenlə birlikdə olduğu dövrdə yaratdığı “Vals”, “Ölüm vaxtı”, “İtmiş tanrı”, “Zəvzək qadınlar”, “Sakuntala” kimi əsərləri ayrı-ayrı insanlar tərəfindən heyranlıqla qarşılanırdı, lakin ayrılıqdan sonra əsərləri o qədər də təsir gücünə malik olmur. Roden isə deyirdi: “Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi”.

Kamilla ailəsində kişilərin dəstəyi ilə qarşılaşsa da, qadınlardan, xüsusilə anası və bacısından uzaq, alçaldıcı münasibət görürdü. Atası və qardaşı Pol isə sənətinə hörmət edirdi.

1898-ci ildən sonra Kamilla həm qadın sənətçi kimi yaşadığı sıxıntılar, həm də şəxsi həyatındakı fırtınalı hadisələr səbəbindən ruh düşkünlüyünə yuvarlanır.

Maddi sıxıntılar, paronoya halları ilə birgə 1906-cı ildə şiddətli böhranlar başlayır; o, əsərlərinin çoxunu sındırıb məhv edir və yarısını çaya atır.

Anası və bacısı Rodenin də köməyi ilə Kamillanı ruhi xəstəxanaya yerləşdirirlər. Xəstəxanada olduğu illərdə Kamilla yalnız palçıq və gil ilə işləmək istəsə də, arzusu rədd olunur. O, qardaşı Pola yazdığı məktublarda çəkdiyi əzabları belə ifadə edir:

"Ruhi xəstəxanadayam. Haqqımı itirmişəm… Zülm eləyirlər mənə, bir qadına belə zülm etməzlər, sənəti belə təhqir etməzlər, Pol… Boş yerə xəstəxanaya saldılar. Mənim yaradıcılığımın sərhədlərinə yaxşı bələd idilər. Qurdların gəmirdiyi kələm kimiyəm – hər yetişən yarpağımı çeynəyirlər… Bu qədər tək qalmaq üçün mən nə etmişəm?"

Həyatının ən məhsuldar illərində ruhi xəstəxanaya salınan Kamilla Klodel orada otuz ildən çox qalır. 1943-cü il 19 oktyabrda vəfat edir və Montfavet məzarlığında dəfn olunur.



Kamillanın həyatı Henrix İbsen tərəfindən "Biz ölülər oyanarkən" adlı əsərə, daha sonra isə 1988 və 2014-cü illərdə kino ekranına gətirilib. 2014-cü il filmində Kamilla rolunu aktrisa Jülyet Binoş ifa edir.

Kamilla Klodel sənətdəki istedadı, Rodenlə olan dramatik münasibətləri və otuz illik əsarət həyatı ilə heykəltaraşlıq tarixində unudulmaz bir sima olaraq qalır.

# 118 dəfə oxunub

Oxşar xəbərlər

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı”  seçilib

Qazax şairin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

14:24 8 dekabr 2025
Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

Meksika mədəniyyətinin siması - Rokfeller binasında onun freskalarını niyə dağıtmışdılar?

13:30 8 dekabr 2025
Luvrda su sızması yüzlərlə kitaba ziyan vurub

Luvrda su sızması yüzlərlə kitaba ziyan vurub

13:14 8 dekabr 2025
“Adəmin qabırğası” filminin rejissoru vəfat edib

“Adəmin qabırğası” filminin rejissoru vəfat edib

12:45 8 dekabr 2025
Braziliyada məşhur rəssamların qravürləri oğurlanıb

Braziliyada məşhur rəssamların qravürləri oğurlanıb

12:28 8 dekabr 2025
Xalq yazıçısı Anar Zərdabinin heykəlinin köçürülməsini təklif edib

Xalq yazıçısı Anar Zərdabinin heykəlinin köçürülməsini təklif edib

12:22 8 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər