Britaniya modernist rəssamlığının görkəmli nümayəndələrindən Vilhelmina Barns-Qremin yaradıcılığı Teyt Sent-Ayvs muzeyində geniş retrospektiv sərgi ilə təqdim olunur.
Kulis.az xəbər verir ki, sərgi rəssamın səkkiz onilliyi əhatə edən yaradıcılıq yolunu izləyir və onun uzun müddət sənət tarixində arxa planda qalmış mövqeyinə yenidən diqqət çəkir.
Şotlandiyada doğulan Barns-Qrem sonradan İngiltərənin Sent-Ayvs şəhərində formalaşan modernist sənət mühitinin mühüm simalarından biri olub. Lakin həmin sənət dairəsinin tarixçəsi uzun müddət əsasən kişi rəssamların adları üzərindən təqdim edilib. Yeni sərgi onun bu mühitdəki yerini, fərqli yaradıcılıq mərhələlərini və abstrakt sənətə gətirdiyi yenilikləri ön plana çıxarır.
Rəssamın 1949-cu ildə İsveçrənin Qrindelvald bölgəsindəki buzlaqları görməsi onun yaradıcılığında dönüş nöqtəsinə çevrilib. Təbiətin quruluşu, işıq və buzun həndəsi formaları sonrakı abstrakt əsərlərinə təsir edib. Sərgidə bu işlərlə yanaşı, Vyetnam müharibəsi və rəssamın şəxsi həyatındakı dəyişikliklərin yaradıcılığına təsiri də izlənilir.