"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə
3 noyabr 2026
# 16:00

Bu gün tanınmış Avstiya əsilli amerikalı psixiatr, psixoanalitik Vilhelm Reyxin anım günüdür.

Kulis.az onun "Kiçik adam" əsərindən bəzi hissələri təqdim edir.

Kiçik adam, sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən: böyük adam da vaxtilə çox kiçik bir adam idi, lakin o, mühüm bir keyfiyyət inkişaf etdirdi - öz fikir və əməllərinin kiçikliyini, məhdudluğunu dərk etdi. Onun üçün böyük məna kəsb edən bir vəzifənin təzyiqi altında o, öz kiçikliyinin və xırdaçılığının xoşbəxtliyini necə təhlükəyə atdığını görməyi öyrəndi. Başqa sözlə, böyük adam nə vaxt və hansı şəkildə kiçik adam olduğunu bilir. Kiçik adam isə kiçik olduğunu bilmir və bunu bilməkdən qorxur. O, öz xırdaçılığını və məhdudluğunu güc və böyüklük xəyallarının, başqasının gücünün və böyüklüyünün arxasında gizlədir. O, özü ilə yox, özünün böyük generalları ilə fəxr edir. O, özünün gəldiyi ideyaya yox, ağlına belə gəlmədiyi bir ideyaya heyran olur. Bir şeyi nə qədər az anlayırsa, ona bir o qədər möhkəm inanır. Bir ideyanı nə qədər yaxşı anlayırsa, ona bir o qədər az inanır.

***

Yaşamaq sənə təhlükəsizlikdən, sevgi puldan, azadlığın ictimai və ya partiya rəyindən daha çox məna kəsb edəndə, Motsartın, Bethovenin və ya Baxın musiqisinin əhval-ruhiyyəsi bütün həyatının əhval-ruhiyyəsinə çevriləndə, təfəkkürün hisslərinlə ziddiyyətdə deyil, ahəngdə daxilində olanda, böyük cəlladların cinayətləri ilə deyil, böyük müdriklərin düşüncələri ilə istiqamətlənəndə, övladlarına dərs deyən kişilərə və qadınlara siyasətçilərdən daha yaxşı haqq ödəyəndə, həqiqətlər sənə ilham verib, boş formulalar sənə nifrət doğuranda, xarici ölkələrdəki əməkdaşlarınla diplomatlar vasitəsilə deyil, birbaşa ünsiyyət quranda yaxşı, təhlükəsiz bir həyatın olacaq.

***

İnsanlarda təbii sevgi qabiliyyətinin azad olunması onların sadist dağıdıcılığına qalib gələ bilər.

***

Əgər "azadlıq" sözü boş bir siyasi şüardan daha artıq bir məna kəsb edəcəksə, insanın bilmək, öyrənmək, sorğulamaq, səmimi səhvlər etmək və insan emosiyalarını araşdırmaq hüququ nə olursa-olsun qorunmalıdır.

***

Əsrlər boyu böyük, cəsur, tənha insanlar sənə neyləmək lazım olduğunu deyiblər. Sən dəfələrlə onların təlimlərini korlamısan, kiçiltmisən və dağıtmısan. Dəfələrlə onların ən zəif nöqtələrinə vurulmusan, böyük həqiqəti deyil, hansısa xırda səhvi özünə rəhbər tutmusan. Kiçik adam, xristianlıqla, suveren xalq təlimi ilə, sosializmlə, toxunduğun hər bir şeylə etdiyin məhz budur. Niyə belə etdiyini soruşursan? Mən inanmıram ki, sən həqiqətən cavab istəyirsən. Həqiqəti eşidəndə ya qan-qada qışqıracaqsan, ya da onu törədəcəksən. Nitsşe ilə fövqəlinsan zirvələrinə ucalmaqla, Hitlerlə insanaltı dərinliklərə batmaq arasında seçimin var idi. Sən "Hayl! Hayl!" deyə qışqırdın və insanaltını seçdin. Lenin demokratik konstitusiyası ilə Stalinin diktaturası arasında seçimin var idi. Stalinin diktaturasını seçdin. Freydin psixi pozğunluqlarının cinsi nüvəsini bəyan etməsi ilə onun mədəni uyğunlaşma nəzəriyyəsi arasında seçimin var idi. Sən cinsəllik nəzəriyyəsini atdın və səni havada asılı qoyan mədəni uyğunlaşma nəzəriyyəsini seçdin. İsa və onun əzəmətli sadəliyi ilə keşişlər üçün subaylığı və sənin üçün ömürlük məcburi nikahı təklif edən Pavel arasında seçimin var idi. Sən subaylığı və məcburi nikahı seçdin, övladını yalnız və yalnız sevgi üçün dünyaya gətirən İsanın anasının sadəliyini isə unutdun. Marksın təkcə əmtəələrin dəyərini yaradan canlı əmək qüvvəsinin məhsuldarlığı haqqındakı uzaqgörənliyi ilə dövlət ideyası arasında seçimin var idi. Canlı əmək enerjini unutdun və dövlət ideyasını seçdin. Fransa inqilabında qəddar Robespyer ilə böyük Danton arasında seçimin var idi. Qəddarlığı seçdin, böyüklüyü və yaxşılığı gilyotinə göndərdin. Almaniyada bir tərəfdən Qerinq və Himmler, digər tərəfdən Libknext, Landau və Müzam arasında seçimin var idi. Himmleri polis rəisi etdin və böyük dostlarını qətlə yetirdin. Yulius Ştrayxer və Valter Ratenau arasında seçimin var idi. Ratenaunu qətlə yetirdin. Lodj və Vilson arasında seçimin var idi. Vilsonu məhv etdin. Qəddar İnkvizisiya ilə Qalileyin həqiqəti arasında seçimin var idi. İxtiralarından hələ də bəhrələndiyin böyük Qalileyə işgəncə verdin və onu alçaltdın, indi isə iyirminci əsrdə İnkvizisiya üsullarını yeni bir çiçəklənmə dövrünə gətirdin. Sənin hər bir kiçik və rəzil hərəkətin insan heyvanının sonsuz səfalətinə işıq salır. "Niyə belə faciəvi?" soruşursan. "Bütün şər üçün özünü məsuliyyətli hiss edirsən?" Bu cür ifadələrlə özün özünü məkum edirsən. Əgər sən, milyonlarla insan arasındakı kiçik adam, məsuliyyətinin zərrə qədər hissəsini öz üzərinə götürsəydin, dünya çox fərqli bir yer olardı. Sənin böyük dostların sənin kiçikliyin yüzündən vurulub həlak olmazdı.

***

Yaşamaq həzzı ilə orqazm həzzi eynidir. Həddindən artıq orqazm təşvişi ümumi həyat qorxusunun əsasını təşkil edir.

***

Siyasi ideologiyaların maddi reallıqlar olması onların həyati dərəcədə zəruri olmasının sübutu deyildir. Bubon taunu da fövqəladə dərəcədə güclü bir sosial reallıq idi, lakin heç kim onu həyati dərəcədə zəruri hesab etməzdi.

***

On və ya iyirmi il əvvəl baş verənləri xatırlamadığın üçün hələ də iki min il əvvəlki cəfəngiyyatı təkrar edirsən. Ən pisi odur ki, "irq", "təbəqə", "millət" kimi absurdluqlardan və bir dinə əməl etmək, sevgini boğmaq öhdəliyindən bütün gücünlə yapışırsan.

Bilirəm ki, sənin "Tanrı" adlandırdığın şey həqiqətən var, lakin düşündüyün formada yox. Tanrı ilkin kosmik enerjidir, bədənindəki sevgidir, sənin ləyaqətindir, daxilindəki və xaricindəki təbiəti qavramağındır.

***

Dostunun nə vaxtsa böyük bir şey edə biləcəyinə inanmırsan. Hətta xüsusən də öz ləyaqətini qorumağa çalışanda belə, gizlincə özünə nifrət edirsən. Özünə nifrət etdiyin üçün dostuna hörmət edə bilmirsən. Bir süfrə arxasında əyləşdiyin, yaxud bir evi bölüşdüyün birinin böyük uğurlar qazanmağa qadir olduğuna özünü inandıra bilmirsən. Bütün böyük insanların tənha olmasının səbəbi budur. Sənin əhatəndə düşünmək çətindir, kiçik adam. İnsan yalnız sənin "haqqında" və ya sənin "xeyrinə" düşünə bilər, səninlə "birlikdə" yox, çünki sən bütün böyük, səxavətli ideyaları boğursan.

***

Sevgi həyəcanın yoxluğudur.

***

Evinizi qranit üzərində tikin. Qranit dedikdə, işgəncə verərək öldürdüyünüz təbiətinizi, övladınızın bədənindəki sevgini, həyat yoldaşınızın sevgi xəyalını, on altı yaşınızda olan öz həyat xəyalınızı nəzərdə tuturam. Xəyallarınızı bir zərrə həqiqətə dəyişin. Siyasətçilərinizi və diplomatlarınızı kənara atın! Taleyinizi öz əlinizə alın və həyatınızı qaya üzərində qurun. Qonşunuzu unudun və öz daxilinizə baxın! Qonşunuz da minnətdar olacaq. Bütün dünyadakı işçi yoldaşlarınıza deyin ki, artıq ölüm üçün deyil, yalnız həyat üçün işləməyə hazırsınız. Edamlara axışmaq və "ura, ura" qışqırmaq əvəzinə, insan həyatının və onun nemətlərinin qorunması üçün qanun qoyun. Belə bir qanun evinizin söykəndiyi qranit bünövrənin bir hissəsi olacaq. Balaca uşaqlarınızın sevgisini şəhvətli, məxrumiyyət içində olan kişilərin və qadınların hücumlarından qoruyun. Bədxah qoca qadının ağzını yumun, sevgiyə həsrət olan gənclərin əvəzinə onu ictimaiyyətə ifşa edin və ya islah məktəbinə göndərin. Əgər ağa olmaq şansınız varsa, öz istismarçınızı istismarda üstələməyə çalışmayın. Frakınızı və silindr papağınızı atın, qadınınızı qucaqlamaq üçün lisenziya almaq üçün müraciət etməyi dayandırın. Bütün ölkələrdə öz növünüzlə qüvvələrinizi birləşdirin, onlar yaxşıya da, pisə də sizin kimidirlər. Uşağınızın təbiətin (və ya "Tanrının") nəzərdə tutduğu kimi böyüməsinə imkan verin. Təbiəti təkmilləşdirməyə çalışmayın. Onu anlamağı və qorumağı öyrənin. Döyüş yarışına yox, kitabxanaya gedin, Koni Aylendə yox, xarici ölkələrə gedin. Və hər şeydən əvvəl, düzgün düşünün, nə etməli olduğunuzu deyən daxili fısıltınıza inanın. Həyatınız öz əlinizdədir, onu başqa heç kimə, xüsusən də seçdiyiniz liderlərə həvalə etməyin. ÖZÜNÜZ OLUN! Bir çox böyük insan bunu sənə deyib.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 115 dəfə oxunub

Oxşar xəbərlər

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

Türkiyəli repçi xəstəxanaya yerləşdirildi

15:30 3 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

14:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər